"Bir məscid tikək bu səngərlərin
yerində..."
AĞDAMIN PİRHƏSƏNLİ-KƏNGƏRLİ
KƏNDİNDƏ, MƏŞHUR HACI ABBAS OCAĞINDA
GÖRÜB-EŞİTDİKLƏRİM
Ömürlərinin son otuz ilini məcburi
köçkünlükdə keçirən Rüstəmli
qardaşlarının çox mühüm bir arzusunun
ardınca Ağdama yola düşdük. Dan yeri sükan
arxasındakı Elbrus əminin və yanında əyləşən
böyük qardaşı Şahmalı əminin sevinci ilə
birlikdə söküldü:
- O gün "Qaçqınkom"dan zəng eləyiblər,
- Şahmalı əmi dedi.
- Nə deyirdilər, - Elbrus əmi sükanı,
maşını, yolu yaddan çıxarıb maraqla
soruşdu.
- Deyirlər, kəndinizdə yaşamağa
qayıdacaqsınızmı? Dedim, çantam qapının
ağzında qalıb, - Şahmalı əminin sözündən
də, gözündən də fərəh
yağırdı.
Elbrus əmi kəndlərindən hər
danışanda fikri yoldan yayınırdı. Fotoqraf dostum
Fazillə mən bundan narahat olur, onu daha az
danışdırmağa can atırdıq. O isə
Ağdamdan söhbət açılanda danışmaya
bilmirdi. Sözünü kəsməsən, elə hey kəndlərini,
arzusunu izah etmək üçün dayanmadan dil-dil ötərdi...
Quzanlı qəsəbəsindən keçəndə
Şahmalı əmi hər tərəfi dörd gözlə
süzdü. Köçkünlük vaxtı burda məskunlaşıbmış.
25 il olar, Bakıya köçüb. Elbrus əmi gülə-gülə:
"Tanış gəlirmi bu yollar?" - deyib göz vuranda da
Şahmalı əmi heç bir söz demədi,
razılıq əlaməti kimi başını yellədi.
Şahmalı əmi Əhmədağalı kəndində
alaq basmış taxıl zəmisini görüb özündən
çıxdı:
- O alağı əlimlə bir-bir təmizləyərdim...
Çinarlı kəhrizinin yanından keçəndə
maşın dayandı, muzeydəki əşyaları
eksponatlara təqdim edən bələdçitək
qardaşlar da iki cavan oğlanı bu yerlərlə
tanış etmək üçün hər şeydən
xırda-xırda bəhs etməyə can atırdılar. Dedilər,
bu sudan mütləq içmək lazımdı. Elə bil,
söhbətimizin yaxşı alınması üçün
Çinarlı kəhrizinin suyu sehrli iksir idi.
Bulağlar çaya qovuşmağa can atan kimi,
qardaşlar da öz doğma kəndlərinə - Pirhəsənli-Kəngərliyə
tələsirdilər. Yolda ordan-burdan müxtəlif söhbətlər
salırdılar ki, zaman tez ötsün, mənzil
başına yetək. Şahmalı əmi dedi ki, ay Elbrus, o
gün filankəs kişini gördüm, heç dəyişməyib
e, elə bil dağdan indicə gəlib.
Qardaşlar da sanki Pirhəsənli-Kəngərlidən
dünən çıxmışdılar. İndi
köçkünlüyün ağrısından
simalarında zərrə nişanə yox idi.
Əfətli postundan keçəndə dayandıq,
polis maşına yaxınlaşdı:
- Salam-əleyküm. Qonaqsız?
Şahmalı əmi tez dilləndi:
- Qonaq deyilik, Kəngərlidənik.
- Hansı?
- Pirhəsənli Kəngərlisi, - Elbrus əmi dilləndi.
Sənəd-sünəd işləri, bir az
danışıq-filan, nəhayət, polis dedi:
- Məscidin yanında sizi gözləyəcəklər.
Tanıyırsız?
Şahmalı əmi bayaqkı intonasiya ilə cavab
verdi:
- İstəyirsən, səni gözübağlı
aparım...
Ağdamın mərkəzinə yol aldıq. Əfətlidən
o tərəfə Sarıcalı kəndidir. Deyirlər,
buralar hamısı üzüm bağları olub...
Suallarımın ardı-arası kəsilmir, qardaşlar da təmkinini
pozmur.
- Bax buralar ermənilərin səngəri olub, - Elbrus əmi
dedi.
- Vaxtilə! - Şahmalı əmi yaxşı redaktor
ola bilərdi, çünki hər kəlməbaşı məxsusi
düzəlişləri olurdu.
- Bax, görürsüz sökülən evləri? -
Elbrus əmi əlavə etdi.
- Sökülən yox, dağıdılan, -
Şahmalı əmi iti redaktor zehnini korşalmağa qoymurdu.
Ağdam Cümə məscidinin yanında dayandıq.
Maşından enib polislərlə görüşdük.
Sürətlə gedən quruculuq işləri, əzəmətlə
ucaldılan binalar, şəhərin baş planı barədə
söhbətləşdik. Ağdamın mərkəzində
insanlar qarışqa kimi işləyirdilər. Uzaqdan
damları ağaran evlər şəhərin təzliklə
insanlara qucaq açacağından, yaşayış məskəninə
çevriləcəyindən xəbər verirdi... Cümə
məscidinin minarəsindən səslənən Azan səsi
dualarımıza "Amin!" dedi...
Maşına minib şəhərin
yaxınlığındakı Pirhəsənli-Kəngərli
kəndinə yollandıq, özü də Kəngərli
adının qarşısına ismi həkk olunmuş Pirhəsən
kişinin törəmələri, Hacı Rüstəmin nəticələri,
Hacı Abbasın nəvələri, Abbas kişinin
övladları Şahmalı və Elbrus Rüstəmlilərlə
birgə...
Pirhəsənli Kəngərlisində gördüklərimi
və eşitdiklərimi nəql etməmişdən əvvəl
kəngərlilər barədə qısa məlumat vermək
yerinə düşər. Kəngərlilər Azərbaycan
türklərinin etnogenezində iştirak etmiş türk mənşəli
tayfalardandır. Onlar Səfəvi imperiyası dövründə
əsas Qızılbaş tayfalarından biri olan
ustaclıların bir tirəsini təşkil ediblər.
Tayfanın tarixi barədə müxtəlif mənbələrdə
fərqli məlumatlar öz əksini tapır. Bütün məlumatların
ortaq nöqtəsi odur ki, sözügedən tayfa uzun tarixi yol
keçib və Azərbaycan tarixinə böyük şəxsiyyətlər
bəxş edib. Səfəvi dövrünün bir çox məşhur
sərkərdəsi Kəngərli tayfasına məxsus olub.
Nadir şah imperiyasının parçalanmasından sonra
Şimali Azərbaycanda əsası qoyulan xanlıqlardan biri də
Naxçıvan xanlığıdır. Xanlığın əsasını
qoyan Heydərqulu xan Kəngərli tayfasına məxsus idi.
Xanlıq sonradan Rusiya imperiyası tərəfindən
işğal edilib, xan ailəsinə məxsus olan şəxslər
Rusiya imperiyası ordusunda yüksək rütbəli zabitlər
kimi xidmət etməyə başlayıblar. Kəngərlilərin
ən tanınmış nümayəndəsi Naxçıvan
xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərlidir.
Onun oğlanları Şeyxəli xan Kəngərli və Ehsan
xan Kəngərli, onların da oğul və nəvələri
Kəlbəlixanovlar və Naxçıvanskilər olublar. Bu
ailədən göstərdiyi rəşadətə görə
yüksələn, məşhurlaşan şəxsiyyətlər,
generallar çıxıblar. Bunların sırasında sonuncu
Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu tam
süvari generalı Kəlbəli xan Naxçıvanskini, onun
oğlu tam süvari qoşunu generalı, Rus İmperator
Ordusunda ilk və yeganə müsəlman general-adyutant
Hüseyn xan Naxçıvanskini, qardaşı tam süvari
qoşunu generalı İsmayıl xan Naxçıvanskini, Cəmşid
Naxçıvanskini, Ehsan xan Naxçıvanskini və
başqalarının xüsusi yeri var.
Kəngərlilər, Naxçıvanla yanaşı,
Azərbaycanın digər ərazilərinə də
yayılıblar. 1604-cü ilin iyun ayında
qızılbaşların Naxçıvanı ələ
keçirməsindən qısa müddət sonra Maqsud Soltan Kəngərli
I Şah Abbas tərəfindən buranın hakimi təyin
olunub və növbəti il böyük Osmanlı hücumu
başladığı zaman I Abbas Maqsud Soltana əyalətin əhalisini
tez bir zamanda Arazın cənubuna köçürməyi əmr
edib. 1921-ci ildə Məhəmmədhəsən bəy Vəliyev-Baharlı
yazırdı ki, Göyçay, Cavanşir və Şuşa ətrafında
kəngərlilər yaşayırlar. Oberlinq onların I Abbas
dövründə Arazın cənubuna keçməyə məcbur
edilmiş, lakin II Abbasın dövründə sərhəd
bölgələrinin yenidən əhali ilə məskunlaşdırılması
siyasətinin izlənilməsindən sonra köhnə yerlərinə
qayıtmış kəngərlilərin varisləri hesab edir.
Hazırda Azərbaycan Respublikasının ərazisində bir
çox yer adları kəngərlilərlə
bağlıdır. Bunlara misal olaraq Naxçıvanda Kəngərli
rayonunu, Ağdam rayonunun Salahlı-Kəngərli və
Qızıl Kəngərli kəndlərini, Tərtər və
Ağdam rayonlarındakı Kəngərli kəndlərini,
Kürdəmir və Tərtər rayonlarındakı Bala Kəngərli
kəndlərini, Kürdəmirdəki Böyük Kəngərlini,
Ağsudakı Kəngərli kəndini nümunə göstərmək
olar.
Tarixə kiçik ekskursiyanın ardınca
Ağdamın Pirhəsənli-Kəngərlisinə gəlişimiz
barədə rahat danışmaq olar.
Kəndə girən kimi qardaşların xatirə dəftəri
varaqlanmağa başladı; bura İslam əmigilin evidir, bura
Arazın... Qara Yusufun evi, Sərxan kişigil...
Kəndin keçmiş xəritəsini çəkə-çəkə
gəlib çıxdıq həmin məşhur ocağa -
Hacı Abbasın evinə. Qardaşlar babaları Hacı
Abbasın həyətində əvvəlcə dinməz-söyləməz
gəzişdilər. Sükut uzun çəkdi... Sonra bir vaxt
oğlu ilə birlikdə repressiyanın qurbanı olmuş,
böyük nəslin davamçısı, Kəngərli
tayfasının törəməsi, xeyirxah, dindar, el
ağsaqqalı və nəhayət, vaxtilə tikdiyi ev
işğal dövründə dağıdılmış, həyətində
ermənilərin səngər qazdığı
(qardaşların təbirincə, "akop" tikdiyi) Hacı
Abbas barədə, bu ocağın qüdsiliyi haqqında
söhbət elədik.
Şahmalı əmi köhnə günləri yada
saldı: "Əmioğlu Novruzla yaşıd idik. Məktəbə
bir gedib-gəlirdik. Dərsdən evə gələn kimi də
qoyun-quzu dalınca gedirdik. Dolanışığımız
ondan çıxırdı. Bu həyətdəki evi babam
Hacı Abbas tikmişdi. Səkkiz otağın birini
qardaşı Sadıxa, birini böyük qardaşı
Hacı Pirhəsənə, birini Yetim Həsən ləqəbli
qardaşına, birini böyük oğlu Şükür əmimə
veribmiş... Həmin evin daşı ilə indi mən ev
tikdirmək istəsəm, kran zorla qaldırar. Çox
böyük daşlar idi. Divarın eni iki metr idi... Hacı
Abbasın ilxıları, dəvə qatarları, on-on beş
min qoyunu olub. Babam dövlətli adam imiş. Onun sürüləri
ilə indiki Aran qəsəbəsi deyilən yerdə bir sovxoz
yaranıb".
Hacı Abbasın oğlu, Şahmalı əmigilin
atasının da adı Abbas imiş. Oğluna öz
adını verməsinin səbəbini maraqlandım.
Elbrus əmi eşitdiklərindən
danışdı: "Bəli, atamızın adı Abbas
olub: Hacı Abbas oğlu Abbas. Atam Abbas kişi altı
aylıq olanda Hacı Abbas atı minib harasa qonaq gedib. Hacı
Abbasın birinci arvadı Mələk nənə baxıb
görür ki, uşaq nəsə qurdalanır. Keçi
südü ilə yumurtanı mayalandırır. O vaxtı da əmzik
yox imiş. Qoyunun bağırsağı ilə
uşağı əmizdirir. Hacı Abbas evə qayıdanda
görür ki, atam Mələyin qucağında dinməzcənə
yatıb. Həmin gün Hacı Abbas babam atamın
adını Abbas qoyur, deyir ki, uşaq elə mənim
adımı daşısın".
Hacı Abbasın İslam dininə
bağlılığı, Həcc ziyarəti, ümumiyyətlə
bu ocağın dinə münasibəti barədə
maraqlandım. Axı o vaxtlar Həcc ziyarətinə getmək
müşkül imiş...
Şahmalı əmi babasından fərəhlə bəhs
edir: "Hacı Abbas babamız 1916-cı, 1917-ci illərdə
iki dəfə altı ay müddətində Məkkəni
ziyarət edib, bu uzun yolları atla, dəvə ilə qət
edib. O vaxt Həcc ziyarətinə getmək istəyənin vəziyyətini
yoxlayırmışlar ki, məsələn, görək bu
Abbas Həccə gedib-gələn vaxt ərzində onun ailəsinin,
çobanlarının azuqəsi bəs edəcəkmi? Ondan
sonra icazə kağızı verirmişlər... Hacı Abbas
özü də, balaları da namaz-oruc əhli olub. Sovet
hökuməti hakimiyyətə gələndən sonra da
İslama sadiqlik bu ocaqda davam edib... Köçəri camaat
İmamqulubəyli kəndində məskunlaşıblar. Həmin
torpaqlar da babamın yeri olub. Qurban bayramı vaxtı Hacı
Abbas babam adam göndərirmiş, qurban kəsməyə
imkanı olmayanları siyahıya alırmış. Həmin
adamlara erkək heyvan paylatdırırmış... Aşura
vaxtı bu ocaqda gündüzlər ehsan verilib, axşamlar mərsiyələr,
nohələr oxunub. Gecə yerə ağac basdırır, o
ağacın başına da əl formasında bir şey
bağlayırdılar, yəni ələm... Bir də
Düldül atı var idi. Bilərsən, imam
övladının atı olub Düldül. Hə, gecə
saat 1-ə qədər sinə döyüb həmin ələm
ağacının başına dolanırdılar. Bir dəfə
məhərrəmlik vaxtı Hacı Abbasın oğlu
İslam əmimin qulan atını Düldül atı elədilər.
Adamı yaxınına qoymayan həmin kəhər qulanın,
canın üçün, qarnının altından keçib
quyruğundan tuturduq. Denən, dəbərirdimi?.. Həmin
atı qətl sınan günü bir nəfər
oğurladı. Bu söhbətin üstü
açıldı, oğurlayan bəlli oldu. Əmim İslam
düşdü həmin adamın arxasınca. Hacı
Abbasın balalarının bir andı var idi: "Dədəm
getdiyi Məkkə haqqı..." Əmim bu andı içib
dedi ki, o Düldül atı geri qayıtmasa,
yediyim-içdiyim haramım olar. Çox əziyyət
bahasına atı tapıb qaytardı".
Elbrus əmi Hacı Abbas ocağının sirli cəhətlərindən
söz açır: "Bir dəfə inəyimiz əkiz
doğdu. Atam Abbas kişi onun erkək balasını İmam
Hüseyn yolunda qurban dedi. Vaxt keçdi, həmin buzov
böyüyüb elə həddə yetişdi ki, on adam tutub
yıxa bilməzdi. Ehsan üçün onu kəsmək istəyəndə
başından bağladılar, ayağını cütlədilər,
özü ehmalca yatdı yerə. Mehric kişi xəncəri
çəkdi. Heyvan heç çabalamadı da... Bu ocaqda belə
möcüzələrin sayı-hesabı olmayıb".
Hacı Abbasın birinci arvadı Mələk
xanımdan Şükür, İslam, Məhəmməd
adında oğlanları, Sərəncam, Göyçək,
Ayna adında qızları dünyaya gəlib. İkinci
yoldaşı Ayna nənədən isə Şahmalı əmiglin
atası Abbas, Musa, Rüstəm, Müseyib adında
oğlanları, Tavad adında qızları doğulub. Bu iki
arvad bir yerdə, işğal vaxtı
dağıdılmış bax bu ocaqda yaşayıblar.
Qardaşlar deyirlər ki, Hacı Abbasdan əlavə,
oğlanları Musa və Şükür də sürgün
olunub. Bu sürgünlərin səbəbini xəbər
aldım.
Şahmalı əmi belə cavab verdi: "O vaxt sovet
hökumətinə qarşı döyüşən
qaçaqlar var imiş. Musa əmim həmin qaçaqların
içində olub. Onu bunun üstündə tutub
sürgün ediblər. Şükür əmimin də taleyi
keşməkeşli olub. Kəlbəcərin yaylağında
Bakıda gələn adamları qaçaqlar atəşə
tuturmuşlar. Hay gəlib Hacı Abbas babama çatır. O da
Şükür əmimi həmin yerə yollayır. Ora
çatanda Şükür əmim beşatılandan göyə
iki dəfə atəş açır. Qaçaqlar deyir ki,
bu, Şükürün gülləsinin səsidir. Ondan sonra
geri çəkilirlər. Hacı Abbas babam Bakıdan gələnləri
üç gün evində qonaq saxlayır. Şükür əmim
qonaqları İstisudan maşına mindirib Bakıya yola
salır. Həmin qonaqlardan biri Mir Cəfər Bağırovun
yanına gedir. Deyir, bizi qırırdılar, Şükür
qoymadı... Düzü, Hacı Abbas babamın
özünün qaçaqlarla əlaqəsi olmasa da,
Şükür əmimin də, Musa əmimin də əlaqəsi
varmış. Bağırov da çoxbilmiş olub axı,
deyib ki, əgər qaçaqlar sizi buraxıblarsa, deməli,
Şükürü də, Musanı da yaxşı
tanıyırlar, onlara ehtiramları var, onda bu Hacı Abbas təhlükəli
adamdır, bəlkə də, elə işin başında o
özü dayanır... Babamı şərləyib tuturlar,
1933-cü ildə sürgün olunur, qəriblikdə
öldürülür. Babamdan sonra oğlanlarını da
sürgün ediblər. Şükür qayıtmayıb. Musa
isə sağ-salamat qayıdıb".
Elbrus əmi daha bir məlumatı
bölüşdü: "Hacı Abbas babamın bir qolu yox
imiş. Bunun da öz tarixçəsi var. Bir gün Hacı
Abbas babamla Şükür əmim qış
yatağını hərlənəndə görürlər
ki, bir kişi yatağı sökür. Şükür əmim
atdan düşür, bu kişiyə bir şillə çəkib
tüfəngini də əlindən alır. Hacı Abbas babam
oğluna deyir ki, kişinin tüfəngini qaytar, işin olmasın,
qoy çıxıb getsin. Ata-bala çönüb gedəndə
o əclaf silahını qaldırır, Hacı Abbas
babamın kürəyini nişan alıb
qışqırır ki, al gəldi!.. Bu sözü eşidən
kimi babam geri çevrilir, güllə sağ qolunu dirsəkdən
aparır".
Qardaşlar yolda Çayçı Musadan
danışırdılar. O da Hacı Abbasın Ağcabədidəki
həyat yoldaşından olan oğlu imiş. Ondan necə xəbər
tutduqlarını soruşdum.
Şahmalı əmi maraqlı əhvalatı təfsilatı
ilə nəql etdi: "Bir nəfərə güllə dəyir,
söz-söhbəti bağlamaq üçün Hacı Abbas
babamı çağırırlar. Ağcabədiyə gedir,
üç gün qalır, qanlılıq haqq-hesabını
yoluna qoyur. Elə həmin vaxt Ağcabədidə
şuşalı bir dul qadınla kəbin kəsdirir. Həmin
qadından bir oğlu dünyaya gəlir, adını qoyurlar
Musa. Həmin Musa sonralar Ağcabədidə
Çayçı Musa ləqəbi ilə tanınır.
Hacı Abbas babam o qadını heç vaxt imkansız,
köməksiz qoymayıb. Babam sürgün olunandan sonra həmin
ailə ilə əlaqə kəsilir. Sonralar o qadın
yaşlananda oğlu Çayçı Musanı
çağırıb deyir ki, sənin atan Ağdamın Pirhəsənli-Kəngərlisində
yaşayan Qızıllı Hacı Abbasdır... Bizim kənddə
Savalan var idi. Mühasibat işini yaxşı bilirdi.
Günün birində onu Ağcabədiyə yoxlamaya göndərirlər.
Günorta naharında Çayçı Musanın yanına
gedir. Ordan-burdan söhbət eləyirlər.
Çayçı Musa onun hansı kənddən gəldiyini
biləndə soruşur ki, Hacı Abbasın uşaqları
sağdırlarmı? Savalan da çoxbilmiş olub. Deyir ki,
hamısı ölüb, qalan elə mənəm. Ağcabədidə
Savalanı çox xətirli tuturlar, yaxşı qulluq edirlər...
Günün birində Savalan rəhmətə gedir.
Çayçı Musanın qızı Zəhra yasa gəlir.
Mənim bibilərim də yas yerində olurlar. Bibilərim
görürlər ki, bir nəfər Hacı Abbas babamı dil
deyib ağlayır. Ağlaşma qutarandan sonra Zəhraya
yanaşıb soruşurlar ki, a qız, sən kimsən ki,
bizim dədəmizi dil deyib ağlayırsan? Zəhra deyir ki,
Hacı Abbas mənim babamdır, bu rəhmətə gedən
Savalan demişdi, Hacı Abbasın bütün balaları
qırılıb, qalan bircə mənəm. Orda söhbətin
üstü açılır və atamgillə, bibilərimlə
çayçı Musanın balaları arasında gəliş-gediş
yaranır".
Hacı Abbasın portretini olduğu kimi canlandırmaq
üçün qardaşlar yadda qalmış bütün əhvalatları
danışmaq istəyirdilər. Odur ki, söhbətimiz
geniş, təfərrüatlı alındı.
Elbrus əmi Hacı Abbasın sözünün
çəkisindən söhbət saldı: "Ağdamda
Qızıl Kəngərli kəndi də var... O vaxt
Qızıl Kəngərli ilə Kolanı üzbəüz
imiş. Kolanıdan olan Zallar Araz, Qızıl Kəngərli
camaatına silah qaldırıb kənddən
çıxardırmış. Hacı Abbasa soraq gəlir ki, məsələ
belədir. O da Güllücə bəylikliklərinə xəbər
yollayır ki, otuz atlı ilə silahlanıb gəlsinlər
Qızıl Kəngərliyə. Hacı Abbas babam həmin yerə
çatanda Zallar Araz gəlir onun yanına. Babam deyir ki, Araz, sən
bilmirsən, Qızıl Kəngərlilər mənim əmim
uşaqlarıdır? Zallar Araz cavab verib ki, bilmirdim, indi bildim.
Babam sərhəd çəkir, oranı qazdırır, əmin-amanlığı
bərpa edir... Güclü, sözükeçən adam olub
Hacı Abbas..."
Elbrus əmi çəkil ağacının kölgəsində
namaz qıldı. Əlini açıb Allaha dua elədi,
salavat çəkdi, babasının əziz adını bir də
anıb ruhunu sevindirdi. Uzun illər sonra ilk dəfə idi ki,
bu ocaqda namaz qılınırdı...
Çəkil adını ilk dəfə eşidirdim.
Bar gətirməyən tut ağacına çəkil deyirlərmiş.
Erkək tut bəhrə vermirmiş. Şahmalı əmi
deyir, bircə bu həyətdə ağac qalıb. Ermənilər
kənddə bir ağac qoymayıblar.
Həyətdə dörd-beş "akop" var idi.
Elbrus əmi deyir, ermənilər bu "akop"lardan Çəmənli
kəndini müşahidə edirlərmiş.
Birdən soruşdum ki, ay Şahmalı əmi,
heç it-pişik gözümə dəymir, deyəsən,
ümumiyyətlə heyvan yoxdur. Qüssəli-qüssəli məni
süzüb dedi:
- İt-pişik insan olan yerə gələr, bala.
Burda heyvan nə gəzir?.. Amma olacaq. Biz bu kəndə
qayıdacağıq. Onda bura it-pişik də ayaq açacaq.
Görürsən, heç yazın günü quş da
oxumur... Ağaclar əkəcəyik. Quşlar da budaqlarda yuva
qurub nəğmə oxuyacaq...
Pirhəsənli-Kəngərli kəndinin qəbiristanlığına
getdik. Elbrus əmi babasının və atasının
adını oğluna veribmiş. Heyif, balaca Abbas uşaq olarkən
dünyadan köçüb. Övladının məzarını
ziyarət edən ata nə dindi, nə danışdı.
Kövrəldiyini gizlətmək üçün
üzümüzə də baxmadı.
Şahmalı əmi kəndin işğal olunduğu
günü xatırladı: "Hamı mənim kənddən
çıxmağımı gözləyirdi. 93-cü il iyulun
22-də uşaqları maşına mindirdim, gecə saat 1-də
kənddə çıxdıq... Pərən-pərən
olduq. Kiçik qardaşım Fazil Bakıda olurdu.
Arvad-uşağı Bakıya, Fazilin yanına apardım. Mənə
demişdilər ki, Ağsunun Pirhəsənli kəndi var,
camaatı bizim kənddən getmədi, gör bizə orda
yaşamağa şərait yaradarlar? Bakıdan Ağsuya qədər
gözümdən yaş gəldi. Orda Yediyar adında bir adama
rast gəldim. Dedi, üç otağım var, ikisini verirəm
sənə, gəl yaşa. İki camışım, bir inəyim
var. Bir camışı, bir inəyi verirəm sizə,
sağın... Amma bizi bu rayonda sıxışdırırlar.
Dedi, bir qaratikanın pöhrəsi, bir də ilan bizim
mal-qaranı qırır, Şamaxının ermənilər
yaşayan kəndləri var, qalıb boş, gedin orda məskən
salın... Qardaşlarımın hərəsi bir tərəfə
dağıldı. Şamaxıya gedəsi olmadım.
Ağdamın Quzanlı kəndinə
yığışdım. Birtəhər ev tikib
yaşadıq. 2000-ci ilin oktyabrında Bakıya
köçdüm... Amma ildə bir-iki dəfə ora getməsəm,
ürəyim partlayardı. Pirhəsənli-Kəngərlinin
iyini ordan alırdım".
Əvvəldə qeyd elədiyim kimi, bu səfərə,
əslində, Hacı Abbasın nəvələrinin vacib bir
arzusunun ardınca çıxmışdıq. Bu barədə
mənə danışmışdılar. Amma Hacı Abbas barədə
eşidəndən sonra bu istəyin əbəs
olmadığını başa düşdüm.
Elbrus əmi qardaşların hamısının
arzusunu dilə gətirdi: "Möhtərəm Prezident,
Müzəffər Ali Baş Komandanımız cənab
İlham Əliyev şanlı ordumuzla bərabər, ata vəsiyyətini,
Ulu öndərimizin istəyini layiqincə yerinə yetirdi.
Bizim də torpaq, yurd həsrətimizə son qoydu.
Alnımızdakı didərginlik ləkəsini təmizlədi,
Qarabağ camaatının şanını özünə
qaytardı. 30 illik tənədən, xəcalətdən xilas
olduq... Atamız Hacı Abbasın oğlu Abbas kişi məcburi
köçkün düşəndən sonra bərk
sarsılmışdı. Ölənə yaxın bizə vəsiyyət
elədi ki, atam Hacı Abbas imanlı, xeyirxah, güclü
kişi olub, adı-sanı hər yana yayılıb, torpaqlar
azad olunanda onun ocağının yerində bir Hacı Abbas Məscidi
tikilsin... İndi biz də ata vəsiyyətimizin yerinə
yetirilməsini arzulayırıq. İnanırıq ki, cənab
Prezidentimiz səsimizə səs verəcək...
Göründüyü kimi, bu müqəddəs
ocağımızı erməni işğalçılar
dağıdıblar, burda səngər qazıb,
"akoplar" tikib bizim həyətdən azərbaycanlılara
qarşı silah qaldırıblar. Ona görə də gərək
bir məscid tikək bu səngərlərin, "akop"ların
yerində. Onda həm atamız Abbas kişinin vəsiyyəti
yerinə yetər, həm də bu baba yurdumuzun
ağrı-acısı tamam çəkilib gedər..."
Geri qayıdanda Fazilin çəkdiyi fotolara baxıb
sevindim. Yaxşı şəkillər çəkdiyini
düşünürəm... Quzanlıdan keçəndə
Şahmalı əmi köçkünlükdə ilk məskən
saldığı evin yanında düşdü.
Qapının açarları Bakıda qalıbmış.
Çəpər boyu gəzişib həyətə
boylandı. Hasardan boylanan qızılgüllərdən bir
topa yığıb maşına əyləşdi.
Qızılgülləri Fazillə mənə uzadıb dedi:
- Quzanlı camaatı halal adamlardır,
qızılgüllərə dəyməyiblər... Ağdam
gülləridir, özünüzlə aparın. Hacı Abbas
məscidi tikilsə, bu güllərdən oranın həyətində
də əkib özüm qulluq edəcəm...
Belə nəcib arzuların havası, onların
çin olacağı ümidi ilə qanadlanıb Ağdamdan
Bakıya üz tutduq.
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 25 may,№92.- S.18-19.