“Dərdimizə dərman” tapana qədər...

 

Onun zəngindən başlamışdı hər şey... Dedi ki, son kitabını çapa vermək istəyir. Düzü, belə əmanəti mənə etibar eləməyindən təsirləndim. İllər öncəni xatırladım - çoxumuzun ustadı Hüseyn Əfəndidən gözləmədiyim zəng gəlmişdi, demişdi ki, “Sədi, filan nəşriyyata gedərsən, kitabın son vəziyyətinə özün baxarsan, sən bəyənsən, demək yaxşıdır”.

O vaxt da qəribə gəlmişdi -  Hüseyn müəllimin sadəlövh kənd uşağına etibarı xeyli təəccüblüydü. Və həmin zəngdən təxminən 5-6 saat sonra böyük Hüseyn Əfəndi gözlərini əbədi yummuşdu... Səhər bu xəbəri eşidəndə düşdüyüm halı sözlə ifadə eləmək çox ağırdır... Tarixsə öz işindəydi - məşhur “Domino” kitabı çapdan çıxdı və həmişəlik qaldı.

Bu dəfə İsa Sevər zəng elədi, “son kitabın çapında sənin də iştirakını  istəyirəm” dedi. Telefonun o başında müəlliminin sonrakı sözlərini eşitmədim. Xeyli danışdı. Məni soyuq tər aparırdı. O an mənə elə gəldi ki, 5-6 saatdan sonra başqa xəbər də gələcək (həmin gün telefondan uzaq durdum, qəsdən zənglərə gecikdim)...

“Çap xərcini özüm çəkəcəm” - İsa Sevərin ötkəm əlavəsi məni bu dünyaya qaytardı. Öldüm-dirildim... Ustada “hə” deyib, tez söhbətin bitməsini istədim. Bu söhbətin, bu tapşırığın altından necə çıxacağımı hesablamadan “hə” dedim.

“Dilədim dərdimə dərman” kitab şəklində artıq müəllifdədir, o da həvəslə dost-tanış üçün imzalayır...

“Dilədim dərdimə dərman...”

Kitab səmimiyyət qoxuyur. İsa Sevərin özü kimi... Çoxlu şairlə görüşmək, ünsiyyətdə olmaq qisməti olub, onun kimisini heç görmədim, sözü özünə çox oxşayır. Şeirləri İsa Sevərlə birlikdə kədərlənir, sevinir, xoşbəxt olur, ölür, dirilir.

“Yaxşı şeir necə olur?” sualına cavabı mən ilk onda tapmışam. Doğrusu, indi də bunun necə baş verdiyini başa düşmürəm. İstənilən şeirə bir dəfə qulaq asmaq və oxumaq kifayətdir ki, onu cızma-qaradan ayırım. İsa Sevər öyrədib.

Dünyanın unudulmuş ucqarında balaca kənddə böyüyən şairə Allah vergisidir poeziya... Onun dərdləri də doğmalarıdır. Məncə, onun şeirlərində həm də dərd doğmadı:

 

Müşfiqi öldürdülər!..

Sən də sözünü öldürmə!

Bülbültək köksünü tikana toxu,

Mahnını ürəklə oxu!..

Səhər işə mahnıyla başlayıram,

Çiynimi əyən yüküMahnıyla daşıyıram.

 

Sən pul qazanırsan,

 

Amma

 

Mahnıyla mən yaşayıram!

Nəğməni öldürmə, zalım!..

 

Sözü süzüb başına çəkmək istəsən, bəlkə də, İsa Sevərdən heç nə tapmazsan. Onun şeirləri sussuz torpaqlar kimi cadar-cadar, yamyaşıl bağlar kimi həyat doludur. Onu oxumaq üçün elmin bəs eləməz, gərək həyatın hər üzünü görəsən, sözün hansı ağrıdan, hansı sevincdən doğulduğundan xəbərdar olasan...

 

...Al məndən qəpiyi, tez al!

Daş daşıyıb qazanmışam,

Quru odun verməyiblər,

Yaş daşıyıb qazanmışam!

Halalı harama qatma!..

Alma hər pulu, dilənçi!

 

Bir də Telman dədə demiş, “İsa Sevgili” var. Bu dərdin, bu kədərin, bu ağrının içində yana-yana, qovrula-qovrula işartıları görən, onlardan yapışan, işığa can atan böyük şair var:

 

Oxu,

Alimin qızı,

Oxu!..

Nənəm xalı toxuyanda

Oxuyardı,

Anam inək sağanda

Oxuyardı...

Türk gözəl olur, qızım,

Xalı toxuyanda,

İnək sağanda,

Alim balası kimi oxuyanda...

Mən kitabdan danışa bilmirəm, ustadın özünə də demişəm. Lazım olsa, onun kitabını sizə əzbər söyləyərəm. “Şeirdən yazı yazmazlar” düşüncəsindəyəm.

Bu cızma-qaranı isə sadəcə xatırlatma hesab eləyin. “Dərdimizə dərman” tapana qədər...

 

Sədi MƏMMƏDOV

525-ci qəzet.- 2024.- 25 may,¹92.- S.17.