“Heç vaxt təkəbbürlü,
eqolu olmadım” - Xalq artisti Gülyanaq Məmmədova
Bu sənətə gəldinsə,
gözün və nəfsin tox olmalıdır”
Azərbaycanın və Özbəkistanın Xalq
artisti, müğənni Gülyanaq Məmmədova ilə
söhbət
- Gülyanaq xanım, kiçik yaşlarımdan sizi
necə görmüşəmsə, indi də eləsiniz - sadə
və səmimi. Bunun sirri nədədir?
- 30 ildən çoxdur səhnədəyəm. Kənddə
böyümüşəm, təbii ki, hər kəs kimi mənim
də arzularım olub və bu arzularla sənətə qədəm
atmışam. Çox şükür, arzuma nail oldum. Hardan
hara gəldiyini, hansı çətinliklərdən
keçdiyini unudan adam gələcəyini görə bilməz.
Uşaqlığım kənddə, zəhmətkeş
insanların arasında keçib, həm dərslərimi
oxuyur, həm də tədbirlərdə iştirak edirdim,
çalışırdım - təsərrüfatı
işləri, dərslərim, bir də sənətə
sevgim. Məni bu sənətə istək, sevgi gətirib. Kənddən
gələndə Allaha əl açdım ki, qəbul olunum,
oxuyum, arzuma çatım. Heç vaxt təkəbbürlü,
eqolu olmadım. Tələbəlik illərini başa vurdum,
Bakıda yaşadım, sənətdə gələndən 5
il sonra Ulu öndər tərəfindən Əməkdar artist
adına layiq görüldüm.
- Kənd yerlərində, xüsusilə də o
vaxtlar bir çox valideynlər
övladlarının bu sənətə gəlmələrinə
qarşı çıxırdılar. Sizdə necə idi vəziyyət?
- Valideynlərim müasir, oxumuş,
dünyagörüşlü insanlardır. Atam özü
musiqiçi olduğu üçün övladlarının
da bu sənətdə olmasına etiraz etmədi. Müsabiqələrdən
həmişə qalib kimi gəlirdik, atam çox sevinirdi. Hətta
böyük bacımı öz istəyi ilə Bakıya gətirdi
və Asəf Zeynallı adına musiqi məktəbinə qəbul
olundu. Atam bizə cığır açdı. Lakin kənd
yeridir, qızlar böyüyən kimi elçilər
düzülürdü. Atam və anam da bundan ötrü bir
az narahatlıq keçirirdi. Atamız daha çox ali təhsil
almağımızı düşünürdü. Valideyn
kimi adımızın təmiz olmasını istəyirdilər.
Bəzən tərəddüd içərisində olurdular
ki, qız uşaqları Bakıya gedib təkbaşına nə
edəcəklər? Ailə qurub sonra oxumaq dalınca getməyimizi
istəyirdilər. Amma o da mümkün deyildi. Mən bu işə
gəlib yiyələnmədən ailə qursaydım, hər
şey bir kənarda qalacaqdı. Ona görə mən öz
inadkarlığımla öz karyeramı qurdum.
- Yəni dediyinizdən belə çıxır ki,
karyera ilə ailə hər ikisi eyni anda ola bilməz?
- Hər ikisi gözəldir. Lakin birinci sənətə yiyələnib,
ağıl və istedad ilə yerini tutub sonra ailə sahibi
olmaq lazımdır. Bu sənətə gəldinsə,
gözün və nəfsin tox olmalıdır. Kasıb
günlərim də olub, elə olurdu 3-5 ay kirayə pulunu verə
bilmirdim. Bunlar təbii haldır. Amma buna baxmayaraq, heç bir
zaman tez parlayım və önə gedim demədim.
- Siz həm də Özbəkistanın Xalq artistisiniz.
Ordakı fəaliyyətiniz nə yerdədir? Konsertlərdə,
tədbirlərdə tez-tez iştrak edirsiniz?
- Bəli, Özbəkistanın bütün şəhərlərində
konsertlərdə olmuşam. Özbəkistanın və Azərbaycanın
Xalq artisti adını aldığım üçün
özümü çox şanslı hesab edirəm, bununla
qürur duyuram. Sənətimə verdikləri bu qiymətə
görə hər iki dövlətin başçısına
minnətdaram. Çalışıram fəaliyətimi daha da
genişləndirim. Eyni gündə neçə yerə
qaçıram. İnsanlar bəzən idman edib-etmədiyimi
soruşurlar, mən hər gün sənət yolunda
qaçaqaçdayam.
- Bu yaxınlarda Türk Dünyası Beynəlxalq Tələbə
Tamaşaları Festivalında iştirak etmisiniz. Sizcə, belə
festivallar nə dərəcə əhəmiyyətlidir?
- Düşünürəm ki, türk xalqları
üçün belə festivalların təşkili önəmlidir və alqışa layiqdir. Bir
çox türk xalqlarının milli
mahnılarını oxuyuram. O
xalqları sevdiyim üçün mədəniyyətlərinə
və musiqilərinə böyük dəyər verirəm.
Biz hamımız millət olaraq bir- birimizi sevməliyik.
- Övladlarınızdan sizin yolunuzu davam etdirmək
istəyən varmı?
- Övladlarımın hamısının səsi və
istedadı var. Amma nədənsə səhnədən uzaq
qaçırlar. Qızımın gözəl səsi var,
lakin özünü bu sənətdə görmür.
- Bəs siz necə, istəyərdinizmi?
- Bəli, istəyərdim.
- Bir çox sənətkarlar istəmir amma.
- Mən istəyərdim.
Oğlumun rejissorluğa həvəsi var. Hətta bir film
çəkmişdilər, bizi ağlatmışdı.
Üç qardaşının da obrazını gördüm
o filmdə. O qədər gözəl işlər
görür ki, uşaqlarımın istedadına heyranam. Amma nədənsə
rejissorluğun dalınca getmək istəmir. Atası
futbolçudur, onun yolunu seçib.
- Son illər həddindən artıq estetik əməliyyatlara
üstünlük verən ifaçıları efirlərdə
tez-tez görürük. Sənətdən çox xarici
görünüşləri ilə gündəmdə olmaq istəyirlər
sanki. Sizin münasibətiniz necədir belə
ifaçılara?
- Hələlik estetik əməliyyat elətdirməyi
düşünmürəm və edənlərə də pis
baxmıram. Amma vaxtından tez də etməsinlər gərək.
25-30 yaşında qızlar bunu edirlərsə, bəs 40-50
yaşında necə olacaqlar? Ehtiyac varsa, qədərində
etmək olar. Həddindən artıq şişirtməyə
ehtiyac görmürəm. Hamısı bir-birinə
oxşayır, elə bil eyni ata-ananın
övladlarıdır. Hər şeyin azı da zərərdir,
çoxu da, qədərində olanda gözəldir.
Xanımlara gözəllik yaraşır. Həkimlərimizi də
alqışlayıram, belə bacarıqlı həkimlərimiz
var. Görürsünüz, hərtərəfli
düşünürəm bunları. Amma özümdə hələ
buna ehtiyac duymuram. Üzümdə heç bir dolğu yoxdur.
Üzümə qulluq etsəm, daha gözəl görünərəm.
Sadəcə mən buna vaxt tapa bilmirəm.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2024.- 25 may,¹92.- S.17.