Müəllifini
unutdurmayan zəngin bədii irs
İlyas Əfəndiyev-110
Xalq yazıçısı İlyas Əfəndiyev
dedikdə gözlərimiz önündə XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli klassiki, nəsrimizin
və dramaturgiyamızın ən parlaq simalarından biri
canlanır.
İ.Əfəndiyev "mən necə
yazıçı oldum?" sualına belə aydınlıq
gətirirdi: "Qaryagində coğrafiya müəllimi
işlədiyim vaxtlar yadıma düşür. Uzun
qış gecəsi idi, çöldə qar-çovğun
vardı. Adətim üzrə mütaliə edirdim. Birdən
elə bil ilahidən məndə bir fikir yarandı ki,
buradakı həyatımı, ürəyimi əzən,
sıxan düşüncələrimi şəhərdəki
bir dostuma məktub formasında yazım. Bu güclü hissin
qarşısında davam gətirə bilmədim. Özüm
də bilmirəm nə iş idi, bir də gördüm ki,
hekayə yazıram. Növbəti gün də, ondan sonra da
belə oldu..."
Klassika anlayışı hər epoxa ilə bir yenilənsə
də, müəyyən kanonlar dəyişməz olaraq
qalır. Klassiklər kitabları oxunan yox, təkrar-təkrar
oxunan müəlliflərdir. Klassik statusu elmi tədqiqatlarda,
akademik nəşrlərdə, məktəb proqramlarında
möhkəmlənir. Bu təriflərə əsaslansaq,
İ.Əfəndiyev nəsrimizin klassiki adını hələ
sağlığında haqq etmişdi. 60 ildən artıq
müddətdə oxucuların, ədəbi tənqidin diqqətində
qalmaq hər qələm sahibinə nəsib olmur. Zəngin
yaradıcılığı, özünəməxsus
istedadı, əqidəsinə sədaqəti və xəlqiliyi
onu hələ sağlığında ədəbiyyat olimpində
bərqərar etmişdi. Haqqında namizədlik, doktorluq
dissertasiyaları, monoqrafiyalar yazılıb, nəsr və
dramaturgiya üzrə "İlyas Əfəndiyev
mükafatı" təsis edilib. Adı İçərişəhərdə
və digər bölgələrdə küçələrə
verilib, xatirəsinə 1997-ci ildə poçt markası da
buraxılıb.
İ.Əfəndiyevin oxucu auditoriyası geniş idi.
Onun üçün "oxucu kütləsi" deyilən bir
anlayış yox idi. Oxucuya ehtiram onun yazıçı məsləkiydi.
Bu səbəbdən də, əsərlərini mütaliə
edən özü yazıçı olmaq istəyirdi. Xalq
yazıçısı Elçin İ.Əfəndiyevin
oxucularına münasibəti barədə yazır: "Tam səmimi
deyirəm və istəyirəm ki, oxucular buna inansınlar...
İ.Əfəndiyevin özü haqda yazılanları
axıracan oxumağa hövsələsi çatmasa da,
oxuculardan gələn qalaq-qalaq məktublara həssas
münasibəti ilə seçilirdi".
İ.Əfəndiyev nəsrinin əsas qolunu onun
"janrı gözəl bildiyi" romanları təşkil
edir. O, bənzərsiz romançı idi. Romanlarının əsas
tematikası isə əbədi-əzəli mövzu olan məhəbbətdir.
Onun romanlarınının mövzusunu nə konkret kəndə
aid etmək olur, nə şəhərə. Yazıçının
qəhrəmanları birmənalı şəkildə nə
kəndlidir, nə şəhərli.
Ədibin həyatının əsas və böyük hissəsi
şəhərdə keçsə də, burada yaşayıb
yaratsa da, içərisindən çıxdığı kənd
daim onunla idi.
İ.Əfəndiyevdən mənim oxuduğum ilk əsər
"Söyüdlü arx" romanıdır. Bu,
yazıçının ilk romanı olub, nəsrimizdə
"lirik-psixoloji təmayülün
başlanğıcı" sayılır. Həmin romanı
tam zamanında - yetkinlik yaşına çatanda oxumuşdum.
Ola bilsin ki, bir neçə il əvvəl, ya sonra, roman mənə
başqa cür təsir edərdi... Onda isə, mən də
romanın qəhrəmanı Nuriyyə ilə bir vaxtda
buraxılış imtahanlarına hazırlaşırdım.
Həm buna görə, həm də, xarakterlərimizdəki
başqa oxşarlıqlara görə bu əsər məni
belə həyəcanlandırmışdı. Onun hisslərinin
təsviri necə də tanış idi. Bəlkə də,
bu, yaşın aludəçilik duyğusu idi... Amma Universitetə
daxil olub arxayınlaşandan sonra ilk işim İlyas Əfəndiyevi
əvvəldən axıra oxumaq oldu.
"Söyüdlü arx" hisslər, duyğular
romanıdır. Çünki İ.Əfəndiyev özü
"hisslər, duyğular bolluğu ilə
yazıb-yaradan" yazıçı idi. Hətta mən deyərdim
ki, bu roman təkrarsız İ.Əfəndiyev
lirikasının zirvəsidir.
"Dağlar arxasında üç dost"
İ.Əfəndiyevin ən gözəl romanlarından
biridir. "Söyüdlü arx"da olan kimi, burada da
müasir kənd modeli, onun tərəqqisi problem kimi
götürülür. Kitabın mütaliəsi zamanı
onun klişe sovet romanlarından biri olmadığı qənaəti
yaranır. Əsərin adında 3 dost vurğulansa da, bu, bir
fon olaraq qalır. Bu, uca, sərt
və əzəmətli dağlar arasında başlayan bir məhəbbət
romanıdır. Lakin İ.Əfəndiyevin bütün
obrazları Nuriyyə, Səlimə qəlbində, ruhunda,
sentimentallığında deyil. Necə ki, bağçada
qızılgül də yetişir, qara tikan da. Bu
"bağçanın" Gülnisəsi də var... Elə
ilk gündən Səliməyə şübhə ilə
yanaşır, oğlunu ona qısqanır, iki gəncin
arasındakı emosional münasibəti bir qadın, ana
intuisiyası ilə onların özündən də qabaq
hiss edir və refleksləri gecikmir.
Səlimə bir az Nuriyyəyə bənzəyir. Zəhmətkeşdir,
xalqa, millətə canla-başla xidmət onun həyat
kredosudur. "Dünyada yalnız bir fərəh var: yaratmaq, həmişə
yaratmaq"... Səlimə də bu həvəslə
yaşayır.
Yazıçı bizim bənzətməyimizi gözləməyib
özü Səlimə ilə Nuriyyəni rəfiqə qərar
verir. Əlbəttə, Səlimənin rəfiqəsi Nuriyyə
olmayıb kim olacaqdı ki? O özü bu barədə deyir:
"Bakıda olan yoldaşım Nuriyyəyə məktub
yazıb xahiş edəcəyəm ki, mənə təzə
vallar alıb göndərsin". Bu qızlar nə edirlərsə,
ürəkdən, sevə-sevə edirlər. Ən xırda
şeylərdən heyrətlənməyi, ən sadə
şeylərdən xoşbəxt olmağı bacarırlar.
Onları yazıçı belə yaratmışdı.
"Körpüsalanlar" İ.Əfəndiyevin ən
çox müzakirə edilən əsəri olub fərqli qəhrəmanı
ilə inqilab etdi. Əsərdə yazıçının
şəxsiyyət azadlığı arzusu duyulur,
insanın öz
davranışlarında müstəqil olmaq hüququ önə
çəkilir. Romanın episentrində qədim-qayım məhəbbət
üçbucağı dayanır ki, onun da əsas
bucağı 19 yaşlı Səriyyədir. Cəmiyyətdəki,
mentalitetdəki bütün stereotipləri dağıdan bu gənc
qadın artıq formalaşmış, ütülü həyatını,
rəis ərini, onun perspektivli gələcəyini atıb
buldozerçi Qəribcanla davam edir. Doğrudur, ola bilsin ki,
buldozerçi ona Adilin mənsub olduğu kübar həyatı
verə bilməsin, (əslində, Səriyyə də elə
bundan bezib), lakin yeraltı kökləri, ruh
yaxınlığı, daxili azadlığı onu Qəribcana
doğru çəkir. Və oxucu onun nə vaxtsa peşman
olacağını düşünmür. Çünki qəhrəmanın
tərəddüdünü, öz-özü ilə
mübarizəsini görmür... Əgər
meşşanlığını, karyeristliyini, təkəbbürünü
bir tərəfə qoysaq (həqiqətdə, bunlar da az
deyil), heç Adil də pis adam deyil; işini biləndir, həyat
yoldaşını sevir, məsuliyyətli və səbirlidir
(Bəlkə də karyeristliyidi səbrini basan). Səriyyə
isə həyat yoldaşına münasibətdə soyuq,
dedi-qodulara qaya kimi möhkəmdir. Heç bir çərçivəyə,
ölçüyə sığmayan, özbaşına bir
qadın təsiri bağışlasa da, saxtakarlıqdan
uzaqdır. Hissləri onu uzağa aparsa da (emosional xəyanət
də deyə bilərik), ərini aldatmır, nə qədər
parodoks səslənsə də, bu, yüksək əxlaqın
göstəricisidir. Onun bir alibisi var; Qəribə
qarşı gecikmiş məhəbbəti...
İnsana xas heç bir xüsusiyyət bu
"üçbucağa" yad deyil (Əslində, romantik
üçbucaq heç də Bermuddan az təhlükəli
sayılmır). Hər kəs özünün olanını
qoruyur, sevdiyi uğrunda mücadilə edir. Günümüz
üçün bu mövzu hər gün eşitdiyimiz hadisələrdən,
ailə dramlarından biridir. Qadın emansipasiyası az qala təbliğ
edilir, gender bərabərliyi rəğbətləndirilir, hər
küncdə-bucaqda feminizmin təşviqi gedir. (Dərindən
düşünəndə emansipasiya qadınları yox,
kişiləri qoruyur). Tərəqqinin tənəzzülü...
Cəmiyyətdə qadınların rolu, mövqeyi, onlara
münasibət baş verən qlobal hadisələrlə əlaqədar
sürətlə dəyişir. Amma uzaq 60-larda belə cəsarət
sahibləri az qala daşqalaq olunurdular. Onların arxasında
isə İ.Əfəndiyev kimi yazıçı dayanır,
"tutduqları yoldan geri dönməmələrini təvəqqe
edirdi". Çünki onlara inanır, xoşbəxt
olmaqlarını istəyirdi.
"Geriyə baxma, qoca"dakı Yaqut da
yazıçının sevimli "qızlarından" idi.
Yaqutda da emansipasiyanın əlamətləri kifayət qədərdir.
İ.Əfəndiyev sevimli qızlarını əzizləməyi,
ərköyün etməyi sevirdi. Qarabağın say-seçmə
gözəllərindən olan Yaqut ictimai mənşəyinə,
həyat tərzinə görə İ.Əfəndiyevin digər
sevimli obrazı Şahnaza bənzəyirdi. Ümumiyyətlə,
nəsil-nəcabət, soy-kök anlayışı
İ.Əfəndiyevin əsərlərində hələ
sovet vaxtından qabardılırdı.
İki il ara ilə yazılmış
"Sarıköynək..." ilə "Geriyə baxma,
qoca" romanları nağıl-rəvayətvari üslubu ilə
bir-birinə bənzəyir və əvvəlki
üçlükdən mövzusu, dəst-xəttiylə fərqlənir.
"Valehlə Sarıköynəyin toya
hazırlaşmaları və
başqa əhvalatlar" ilə "Cavan Bayramla gözəl
Fatmanın əhvalatı" iki ayrı romanın fəsilləridir.
Bu da, zaman keçdikcə İ.Əfəndiyevin
yaradıcı ampluasının dəyişməsindən xəbər
verərək yaddaşda qabaran keçmişin
yaradıcılığa köçməsinə şərait
yaradırdı.
İ.Əfəndiyev cəmiyyətdəki və insan
mənəviyyatındakı qüsur və eybəcərliklərə
qarşı öz əsərləri ilə mübarizə
aparırdı. İnsan haqlarının pozulması və
taptanılmasına, hər cür mənəviyyatsızlığa,
əxlaq pozuntusuna qarşı barışmaz mövqedə
idi. Zəhmət, əmək, ailə, dostluq onun
üçün müqəddəs nəsnələr, əsərlərinin
də baş mövzusu idi. "Sarıköynəklə
Valeh..." yazıçının digər romanlarından fərqlənir...
Bir az da, ondan bəhs edək... Əgər
"Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar
arxasında üç dost" 60-ların əvvəllərini
əhatə edirdisə, "Sarıköynək..." sosial,
məişət və ictimai problemləri ilə sırf 80-lərə
aiddir. "Sarıköynəklə Valeh..." İ.Əfəndiyevin
əvvəlki romanlarından deyildir. Bu, dövrünün məhəbbət
dastanıdır. Burada gördüyümüz xoşbəxt
cütlüklə ədibin başqa romanlarında
qarşılaşmırıq. Romanda uşaqlıqdan bir-birini
sevən iki gəncin çətin taleyi və saf məhəbbəti
fonunda dövrün çatışmazlıqları,
haqsızlıqları əks olunur.
1960-80-ci illər ədibin
yaradıcılığının məhsuldar, müəllif-oxucu
əməkdaşlığının intibah dövrü idi.
İ.Əfəndiyevin ailəsi sovet hakimiyyətindən nəyi
var çəkmiş - ciddi təqiblərə məruz
qalmış, müflis edilmiş, əzab-əziyyətə
düçar olmuş, ailəsindən həbs edilib güllələlənlər
də olmuşdu. Bütün bunları o uşaqlıq xatirələrindən,
böyüklərin söhbətlərindən keçirərək
1980-ci ilə gətirmiş, "Geriyə baxma, qoca"
romanında təsvir etmişdi. Əsər ona görə belə
səmimi alınmışdı ki, balaca Muradın prototipi
yazıçının özüdür. Ədibin
özünün mənsub olduğu "Əfəndi
uşağı"nın əsərdə adı keçir,
İstanbulda ruhani təhsili almış Əfəndi babadan
danışılır. İ.Əfəndiyev Şuşa
gimnaziyasını bitirib dövlət idarələrində məmur,
"Müsavat"ın vaxtında Şuşada qəza rəisi
vəzifəsində işləmiş babası Bayram bəyi
öz adı ilə romanına gətirmiş, təbii cizgilərlə
təsvir edib obraz səviyyəsinə
qaldırmışdı. Yazıçı bundan əvvəl
də, hələ 1971-ci ildə "Mahnı dağlarda
qaldı" tamaşasında Böyük bəyin adı ilə
Bayram bəyin obrazını yaratmışdı. Hətta
romanın təhkiyəçisi balaca Murad da
yazıçının özü kimi tacir oğlu idi.
Qaçaq Bahaduru da "Geriyə baxma, qoca"ya "Mahnı
dağlarda qaldı"dan gətirmişdi.
İ.Əfəndiyev müasir ruhlu yazıçı
idi, keçmişə yanaşması da yenilikçi tərzi
ilə seçilir, o: "Keçmiş mənim
üçün bəyilə-xanıyla, fəhləsiylə,
Qarabağ mövzusu qaçaq-qulduruyla keçmişdir",
- deyirdi. İ.Əfəndiyevin
yaradıcılığında mühüm yer tutur.
Soy-kök, "genlərin kədəri", vətəndaşlıq
mövqeyi, yazıçı ağrı-acısı müxtəlif təzahürlərdə
özünü ifadə edir. Buna görə də tənqidçi
Y.Qarayev İ.Əfəndiyevin
yaradıcılığını səkkizinci
"Qarabağnamə" adlandırır, "sənətkarın
şəxsiyyəti və təbiəti ilə
doğulduğu mühit arasında bilavasitə əlaqə
olduğunu" təsdiqləyirdi.
Xalq yazıçısı İ.Əfəndiyev ömrünün sonuna qədər
yazıb-yaratdı, ədəbiyyata xidmət etdi. Onun
çoxşaxəli yaradıcılığı nəsillərə
örnəkdir.
Dilarə ADİLGİL
525-ci qəzet.- 2024.- 25 may,№92.- S.16.