Ədə­bi köşk: Nə var, nə  yox?

 

Ədəbiyyat dostlarından birini də itirdik

Ramiz Əskərin vəfat xəbəri elm cameəsi ilə yanaşı, yazıçı və şairləri də sarsıtdı. O, ədəbiyyatın dostu idi. Sabir Rüstəmxanlı kədərini belə ifadə edib:"Köhnə dostum, əqidədaşım, Türk xalqları ədəbiyyatlarının böyük araşdırıcısı və tərcüməçisi, əziz Ramiz Əskərin ölümünə sarsıldım. Həm milli mətbuatımızın inkişafında, həm də türkçülük məfkurəsinin gəlişməsində onun misilsiz xidmətləri olmuşdur. Təkcə Kaşqarlı Mahmudun "Divani Lüğət-it-türk" əsərinin müasir Azərbaycan türkcəsinə tərcüməsini xatırlamaq yetərlidir. Qərbi Azərbaycanda rəhmətlik atası Baxşəli müəllimin qonağı olmuş, ailələrini tanımışdım. Birgə səfərlərimizin xatirələri unudulmazdır... Ramiz Əskər yorulmadan çalışan, yaradıcılıq eşqi ilə dolu, gözəl bir insan idi. Onun gedişi böyük itkidir. Yeri həmişə görünəcək... Bütün sevənlərinin, yaxınlarının başı sağ olsun..."

 

"Qoca zarafatlar" tənqid hədəfində

 

Xeyrəddin Qoca ilə 3-4 il əvvəl polemikamız olmuşdu. Feysbuk xatırlatdı ki, həmin söhbətin ildönümüdür. Ardınca gördüm, Ömər Xəyyamla Nihat Pir qılınc çəkib Xeyrəddin Qocanın qocafəndi zarafatlarının üstünə. Nə işiniz var, ağsaqqal adamdı. Heç xəclət çəkmirsiz?..

Ömər Xəyyam yazır:

"Ədəbiyyat qəzeti" "Ürəkdən gülmək istəyirsinizsə..." başlığıynan Xeyrəddin Qocanın zarafatlarını dərc edir. Demək olar, bütün zarafatları oxumuşam. Çox bayağı mətnlərdir. Xeyrəddin müəllim səfir işləyib, deputat olub, "91-lər"in üzvüdür. Min yaşı var. Kaş memuar-zad yazaydı. Zarafatlardan biri belədir: "Xeyrəddin Qoca səhər tezdən evini təmir edən ustaya zəng vuraraq zarafatla deyir:

 

- Usta, mənə iki milyon dollar lazımdır.

Usta yuxulu-yuxulu sanki həmin məbləğin bir hissəsini verəcəkmiş kimi, soruşur:

 

- Çox deyil?

Xeyrəddin Qoca dillənir:

- Yaxşı, milyon yarım olsun!

Usta zarafatı başa düşüb xeyli gülür..."

Xeyli güldüm, Ömər bunu niyə bəyənmir axı?

Hələ Nihat Pirə baxın:

"Xeyrəddin Qoca "Ədəbiyyat qəzeti"ndə yeni rubrika açıb. Qısa hekayələr yazır. Adına gülməli deyir. Mən oxudum, xəcalət təri basdı məni. Üçüncü yazını oxuyanda o yan-bu yana baxdım ki, birdən görən olar. Utandım. Ayıbıma gəldi. Görünür, yaşla bağlıdır. Ya da nə bilim. Belə ad verməkdə çətinlik çəkirəm. Əhvalım yaxşı idi bu gün. And olsun, bütün əhvalım korlandı. İkrah hissinə bələndim. Xeyrəddin Qoca o yazılara hekayə deyirsə, onların gülməli olduğunu düşünürsə, onda mən feysbuk statuslarımdan gərək kitab düzəldəm. Boş yerə itib-batır burada".

lll

Yazıçıya görə ayağını sındırdı - şok!

Yazıçı Varisin fanat ordusundan bir nəfər yaralanıb. Əsl fədai belə olar. Mən əsgərlikdə olanda gördüm hamı Varisi oxuyur. Onların burnu belə qanamadı. Gəl ki bir tədbir salonunda belə bir hadisə...  Şəfalar olsun...

Varis bəyə gələn məktub: "Salam Varis bəy. 9 may tarixində Naxçıvanda oxucularla görüşünüzdə sevgi ilə bağlı söylədikləriniz məni məndən aldı və vaxtilə eşq etiraf etdiyim qız da orada idi, mənim arxamda əyləşmişdi. Bir neçə dəfə arxaya dönərək ona baxdım. Tədbirin sonunda fotoşəkil çəkdirdikdən sonra isə səhnədən enəndə yıxılıb ayağımı sındırdım. Unudulmaz bir xatirə oldu. Təhmin Əsgərli".

Varis bəy deyir ki, mən çox pis adamam, bu mesaji oxuyunca anladım. Vaqif Bayatlının misrasını xatırladım: "Mən zalım adamam, kamança!"

lll

Həbsxanada ölən şair kim idi?

Şairlərin bəxti gətirmir. Yazıçılar nisbətən yaxşı yaşayırlar. Ümumiyyətlə, qələm adamı üçün yaşamaq daha çətindi. Ehtiyac sənətlə məşğul olmağın qarşısını alır. Bu gün belədir. Bəlkə də, keçmişdə belə olmayıb.

Fərid Hüseyn bəxti gətirməyən bir şair barədə söhbət açıb: "O, cəmi 27 il yaşayıb və o 27 ilin də 9 ilini həbsxanada keçirib. Cəmi 18 il asudəcə dünyaya baxmağa, ömürdən kam almağa tale fürsəti tapıb. Həbsxanada 66 gün quru aclıq edib. Axırı da məlum: ÖLÜM. Amma o az ömür içərisində elə şeirlər yazıb, elə duyğularını sözə çevirib ki oxuyandan sonra heyrətlənməyə bilmirsən. Söhbət irland şairi Bobbi Sandsdan gedir. Məsələn, anasına həsr etdiyi şeirdə diqqətədəyər bir məqam var, anasına xitabən yazır ki, "sən heç zaman mənə gecikmədin". Ananın həmişə vaxtından əvvəl övladının karına gəlməsini, dadına yetməsini qəribə bir hissiyyatla sonradan anlayan bir adamın dili ilə canlandırır. İnsan bu misranı oxuyarkən düşünür ki, həqiqətən də analar çox zaman bütün vaxtını övladına uyğun nizamlayır, nəyinsə onun üçün gecikməsini, ləngiməsini istəmir və bunu təkrar-təkrar, illər boyunca etməkdən usanmır..."

lll

"Mən şeir yazıram, sən şey eləyirsən"

Sərdar Amin yazır: "Biz yeni yazmağa başlayanda Aqşin Yeniseyin, Şərif Ağayarın, Seymur Baycanın dalından əl çəkmirdik. İndisə görürsən, biri hardasa üçcə cüt esse yazıb, "qiymət görmədiyindən" ədəbi mühitə küsüb. Təsadüfən rastlaşanda da deyir, siz özünüzü bəyənirsiz, dostluq göndərmişəm, qəbul eləmirsiz. A dost, sən Xankəndidə ölən ağ göyərçin deyilsən ki, başından tanıyım. Nəsə elə də".

Bu "nəsə elə" sözündən sonra tərcüməçi Firidun Ağazadənin bacısı oğlu Vüqar Vana yazdığı şeirdən bu parçanı xatırldım:

 

"Darıxma, işin də olacaq,

Hər şey qabaqdadı hələ.

İntəhası bir az şey elə...

Gördün - ikimiz də işsiz deyilik,

Şeir də elə şey kimidir,

Mən şeir yazıram, sən şey eləyirsən..."

Bildiniz də, Sərdar da bunu deyir, nəsə eləyin.

lll

Əsərinə görə mükafat alan və həmin il özünü öldürən yazıçı kimdir?

Orxan Həsəni yeni mütaliəsinin təəssüratını bölüşüb: "Ədəbiyyatın qəmli, nostalji dolu, lirik qəhrəmanı Cesare Pavesenin "Yalqız qadınların arasında" romanını çox sevdim. Pavesenin nəsrində həyat qaynayır, hadisələr sürətlə bir-birini əvəzləyir və bu möhtəşəm tamaşaya heyranlıqla baxırsan. Səthi münasibətlər, intihar, tənhalıq, özgələşmə, nihilizm, sinizm, qayıdış; roman yaşamağın yolunu bilməyənlər, inanmağa heç nə olmadığı üçün bəxtə inananlar haqqındadır. Pavesenin vətənə qayıdan daha bir qəmli qəhrəmanı. Romanda Antonioninin filmlərindəki kimi hamı daim danışır, lakin heç bir həqiqi əlaqə və ya ünsiyyət yoxdur. Qəhrəmanların hamısı tənhalıq baloncuqlarında məhbəsdir. Tənhalıq əsas qəhrəmandır, adamların içində gəzişir və onları idarə edir. Pavesenin nəsrində hüdudsuz bir kədər var... Cesare Pavese 1950-ci ildə "Yalqız qadınların arasında" romanına görə Strega mükafatını qazanır. Lakin elə həmin il öz qəhrəmanı kimi otel otağında intihar edir. O, öləndə 42 yaşı var idi".

lll

Şeir kimi roman

İlham Əziz son vaxtlar çox oxuyur. Ədəbiyyata gec gəlib güc gələn yazıçının yaradıcılığına bu mütaliənin təsiri çox maraqlıdır. O yazır: "Dünyanın 3-4 ölkəsində yaşamışam, hər dəfə başqa ölkəyə gedəndə mənə elə gəlib ki, yerli adamlar bizdən fərqlidi, başqa şeylər danışırlar, başqa problemləri var, dərd-sərləri başqadı. Bir müddət yaşayırsan, azdan-çoxdan dillərini öyrənirsən, məlum olur ki, elə həmin dərddi, həmin problemdi, həmin can çəkişməsidi. Uilyam Folknerin "Avqust işığı" romanını oxuduqca bir daha mənə ayan olur ki, harda yaşayırsan yaşa, ayrılıq ayrılıqdı, kədər elə həmin kədərdi. Əsəri tərcümədən oxumağıma baxmayaraq, məni poeziya, şeir təəssüratı bürüyür. Yapon adamı romanda içində danışır, amerikalı dərdinə hətta yol qırağında "çömbəlib oturan" kişiləri, arabaçını da qonaq edir. Oxumaq gözəldir. Ədəbiyyat hər şeydən nəfisdir. Gününüz uğurlu olsun!"

lll

 

Sovetin tərcümələri yaxşı deyildi?

Xan Abdulla sovetin tərcüməsindən gileylənir. Cavid Qədir də bu barədə ara-sıra yazır. Dəhşətlisi odur ki, gileylənsələr də, indiki tərcümə ilə müqayisədə çox yaxşı olduğunu deyirlər. Biz niyə sürətlə geri getik?

 

X.Abdulla yazır: "Sovet dövründə tərcümə olunmuş çox məşhur bir əsəri redaktə edirəm. İnsanlar elə bilirlər ki, o vaxtın tərcümələri çox yaxşıdı. Əslində, belə deyil. Sadəcə, dil təmiz Azərbaycan dilidi, türk dilinin korlamadığı dildi, vəssalam. Yeganə yaxşı cəhət budu. İxtisarlar nə qədər desən, var. Müəllif Sodom (Bibliyada adı çəkilən şəhərdi, əhalisi pozğun olduğundan Tanrı bu şəhəri yerlə-yeksan edib) şəhərinin adını çəkib. Görünür, tərcüməçi başa düşməyib nədi, tərcümə etməyib. Bir yunan allahının adı çəkilir; tərcüməçi elə bilib ki, bu adam adıdı, o cür tərcümə edib. Hər dörd-beş cümlədən bir məna xətası, məntiqsizlik var. Bu günə qədər camaat bəh-bəhlə oxuyub bu əsəri. Amma indiki tərcümələrin doxsan beş faizi ilə müqayisədə çox yaxşıdı. Heç olmasa məna xətalarını düzəldirsən, dil səni incitmir".

lll

Təzə nə var?

Firuz Mustafanın yeni kitabı çap olunub. Kitaba müəllifin Azərbaycan yazıçılarının 13-cü qurultayında dramaturgiya ilə bağlı məruzəsinin mətni ("Dramatik pauzalar: əvvəl və sonra. Azərbaycan dramaturgiyası qurultaylararası dövrdə"), habelə bioqrafiyası və biblioqrafiyası daxil edilib

 

lll

Səlim Babullaoğlu Tatarıstanın yüksək hökumət nümayəndəsinə Quran hədiyyə edib: "Tatarıstan Respublikasının Baş nazirinin müavini hörmətli Leyla Fazleyeva Muhammədyar adına Beynəlxalq Türk Ədəbiyyatı Festivalının iştirakçılarını qəbul etdi. Hörmətli xanım vitse-premyerə Azərbaycanda nəşr olunmuş Quran hədiyyə etdim. Kitabın hər səhifəsində 2 QR kodu vardı ki, onların vasitəsi ilə ərəb və Azərbaycan dillərində Quranın dörd müxtəlif qiraətini dinləmək olar. Əziz dostum Rashid Cholaka bu nəfis və orijinal nəşrə görə təşəkkür edirəm... "

lll

Qismət Rüstəmov deyir ki. "Sim-sim" yenidən canlanır: "Hekayələrə, esselərə geri dönürük... İtalyan hekayə ustası Alberto Moravia ilə başlayırıq. Təqdim etdiyimiz hekayədə obsessiv kompulsiv pozuntusu olan bir kişinin özünə asan, başqalarına çətin görünən həyatıyla tanış oluruq. Hekayəni dilimizə Sənubər Heydərova tərcümə edib. Oxuyaq, paylaşaq, düşünək".

 

Hazırladı: Nadir YALÇIN

525-ci qəzet.- 2024.- 25 may,№92.-S.13.