İrfan Çiftçi: “Tərimiz quruduqca təfəkkür edəcəyik”

 

Hörmətli redaksiya!

İrfan Çiftçi - Azərbaycanın sadiq dostlarından biri kimi tanınan, ehtiramla anılan adlardandır. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım üzrə keçmiş müşaviri vəzifəsini tutarkən geniş dünyagörüşü, vətənpərvərliyi, dostcanlığı, mədəniyyətlərimizi yaxınlaşdırmaq yolunda göstərdiyi yorulmaz səylərə görə ölkəmizdə özünə dostlar qazanmışdı. Xatirəsi əziz tutulur. May ayının 27-si İrfan bəyin doğum günüdür.

Şəxsi arxivimdə onun illər öncə, təxminən 2007-ci ildə Türkiyədən ünvanıma adi poçtla göndərdiyi məktubunu saxlayıram. Müəllif türk-müsəlman coğrafiyasında İslam dininə münasibətin necə şəkillənməsi zərurəti ətrafında inanclı bir ziyalı kimi öz qənaətlərini mənimlə, özünün fikir ortağı hesab etdiyi şəxslə bölüşürdü. Hazırda türk dövlətləri arasında strateji bağların möhkəmləndiyi, mədəniyyətlərin toqquşması labüdlüyü ideyası siyasətlərə alət edildiyi çağdaş siyasi reallıqlarda onun qənaətləri aktual səslənir. Bu baxımdan yazdıqlarını oxucularınıza da təqdim etməkdə fayda gördüyümdən istərdim həmin məktubu dilimizə uyğunlaşdırılmış variantda qəzetinizdə dərc edəsiniz.

Hörmətlə,

Nəriman Qasımoğlu

Çox möhtərəm Nəriman bəy!

Bugünkü Azərbaycana Tanrının bəxş etdiyi təbiət, həyat, insan gözəllikləri arasında sizin uca yeriniz var və xoşbəxtlikdən buna bir qədər toxuna bilirəm.

Gördüyünüz işin böyüklüyünə və müdrikliyinə görə də sizi salamlayır və təbrik edirəm. İnsan öz əməlinin hansısa şəkildə qarşılığını umur, gözləyir, buna ümid edir. Kamilləşdikcə şöhrətlənmək arzusu azalır, amma bunu necə isə hiss etmək də istəyir. Çünki tanınmaq/fərqlənmək/sevilmək istəyi insanın fitrətindədir. Siz, həqiqətən də, Azərbaycanın dərin təfəkkürünə yetərincə qavranılıb qavranılmamağınızdan asılı olmayaraq zamanın haqqını da, töhfənizi də verirsiniz. Sizin “Azərbaycan” jurnalının 2007-ci il, 2-ci sayında Bəsti Əlibəyli ilə son müsahibəniz də öz janrında Azərbaycan təfəkkürü və mənəviyyatına yeni qapılar açır. Təbii ki, ürəyimdə gülsəm də, molla qəbilindən üləmalar bunları oxusunlar, deməyəcəyəm. Çünki sizin bu söhbətiniz, idrakınız ümumilikdə indiki Azərbaycanın və bir çox cəhətdən dünyanın digər üləma-molla-akademik-kardinal-intellektual zatları üçün kifayət qədər başadüşülən deyil. Onlarn könül gözləri, başlıcası da ağılları kor olduğundan öz sxolastik dünyalarında yenə iqtidar oyunlarını oynamağa davam edirlər... Bu səbəbdən də tövhid (birlik) içində deyillər, daim təslisi (üçlüyü) çoxaldırlar və vəhdət yerinə kəsrətdə israrlarını sürdürəcəklər.

Çox dəyərli Nəriman bəy, insanlar və toplumlar dövlət idrakına millət məfhumunu yetərincə təcəssüm etdirib tərəqqiyə yüksəldikdən sonra çata bilirlər. Dövlət idrakına çatmadan isə tövhidə, dolayısıyla Allah inancına, insan-i kamil, yəni “adəm”/adam olma bilincinə yiyələnə bilməzlər.

Bu mənada Allah da insanlara əqidə və əxlaqı, yəni Özünün elmi olan dinini, yəni əzəldən (totemizmdən bütpərəstliyədək, bu günümüzədək) bir olan Allah dini haqqında öz xüsusiyyətlərindən yaratdığı insanına yenə Öz varlığının sirlərini müxtəlif üsullarla, müxtəlif şəkillərlə və mükəmməl bir estetik nəzakətlə anladır (Ayədə buyurduğu kimi, Mən sizi nəyi sevirsinizsə, ona doğru da yönəldərəm. Yəni istəsəydi, hər kəsi əvvəldən Hz.Məhəmməd, yaxud Neron xilqətində yaradardı. Halbuki Kəlikulanı da, Qövsi Əzəm Əbdülkadir Geylanini də öz istedadlarının istiqamətinə və sevdiklərinə doğru irəlilətmişdir).

Bütün bunları müsahibənizdə bugünkü İslam düşüncəsində bir inci kimi sirlənmiş məfhum olan “Allahın dini” anlayışını gündəmə gətirdiyinizi təqdir etmək üçün yazıram... Din mövzusu bu şəkildə qavranılmazsa (yəni onların dini, bizim dinimiz, müsəlman-kafir qarşıdurmaları, dualizm müstəvisində qavranılarsa), nə sivilizasiyaların toqquşması tələsini, nə də biz-başqası səpkisində təqdim edilən məsələlərin anlaşılması mümkün deyil (bu mövzuda ayrıca bax: İrfan Çiftçi, “Mədəniyyətlər niyə toqquşa bilməz”, III. Sektor jurnalı, Azərbaycan). Zatən bu şəkildə anlaşıla bilmədiyi üçün özəlliklə İslam dünyasının sadəlövh ziyalıları belə düşünürlər ki, Hantinqtondan Lavinaya, Qəddamerdən Bodriyara qədər post-modern dövrün mütəfəkkirləri İslam dini və sivilizasiyası haqqında çox gözəl sözlər deyirlər. Və fərqində də olmadan post-oriyentalizm tələsinə düşürlər. Xüsusən də İslam dünyasında İran və Pakistan əsilli ziyalılar və onların yolu ilə gedən digərləri. Halbuki yüksək intellektual bazaya sahib, əksəriyyəti qatı yəhudi olan bu cin fikirli adamların dərdi Aralıq dənizinin hər iki tərəfindəki İslam və Xristian dünyasının sivilizasiyalarını toqquşdurmaqdır. Başqa sözlə desək, onların intellektual platformada gördükləri iş İsrail dövlətinin etdiklərindən heç də fərqli deyil.

Dövrümüzün mürşid-i kamili və bu məsələləri ən mükəmməl şəkildə açıqlamış olan bir zatın uyğun mövzuda bir kitabını sizə göndərirəm. Ümid edirəm, çox diqqətlə oxuyaraq yetərincə faydalanarsınız. Belə kitablar bazarda alınıb-satılan kitablardan deyil, bəlirli səviyyələrdə məqamlaşan şəxslərə hədiyyə edilən əsərlərdir. İnşallah, bu hədiyyə sizin üçün də məqbul olar...

Bu dövran, bu xaos beləcə şəkildən şəklə, haldan hala keçərək sürəcək. Belə zamanlarda ara-sıra özümüzlə baş-başa qalmaq üçün mənəviyyatımızın nə qədər dərinlərinə enə bilsək, ruhumuzun köklərinə nə qədər çəkilə bilsək, o qədər də gur və gümrah qüdrətlə irəliyişə nail ola bilərik, elə deyilmi?

Nə edək ki, zaman az, dostlar yuxuda, düşmən qəvi... (Füzuli daha gözəl söyləmiş). Odur ki, çalışacağıq, həm də durmadan daha çox çalışacağıq, tərimiz quruduqca, qurusun deyə təfəkkür edəcəyik, sonra yenə çalışacağıq, daha sonra da təvəkkül edəcəyik... Bunu bilək ki, sadiq bəndələrini darda qoymaz rəhman və rəhim Allahımız... Bu iman məqamına çatanların sayı nə qədər artarsa, o millətin ümumən taleyi də o ölçüdə gözəl və qəvi olar. Mən illərcə oxumuşdum, amma Mövlanəni qatarla Konyaya (böyük bir bozqırdan keçərək) getdiyim zaman anladim. Xoca və Qoca Yasəvini Çimkəndə, Türküstan şəhərinə o zalım çölü keçərkən anladım... Bir də Metenin o “taha tengiz/taha müren” (daha çok deniz, daha çok at) deyən  sədasını insan o şşlde anlayır. Heç bir oyun oynanmayan və kondisionerli avtomobillə belə içindən keçərkən insanın bir müddət sonra ilğım olarak quru kəllələr görməyə başladığı o çölden çıxmaq ancaq Tatar yayı kimi gərilməyi, yəni nüvə enerjili, yəni tamamən riyasız bir imana yiyələnməyi şərtləndirir... Dərdimiz də, dərmanımız da budur.

Yazışaq, danışaq, tanış olaq, ünsiyyət quraq... Azərbaycan türkcəsində Allahın dinini, buna səhra kimi susamış xalqımıza tərənnüm etdirdiyinizə, bu böyük əmək və xidmətinizə görə sizi təbrik, gördüyünüz bütün işlərin ilahi dərgahda qəbul olması üçün dua edirəm. Sağ olun, var olun. Nə demiş bütün zamanların türkcə ən böyük söz qaynağı Yunus:

 

Gelin tanış olalım,

İşi kolay kılalım.

 

Hər zaman salam və sevgilərimlə...

Qeyd: Bu məktubu yazarkən çox dəyərli dostum Sait Başer mənə zəng etdi və xeyli söhbətləşdik. İndi sizə təqdim etdiyim, hələ burada dərc olunmamış məqaləsini mənə göndərdi. Maraqlı bir təsadüf, mövzunu açdığımız yerdən dəstək gəldi. Surətini çıxarıb sizə və Bəsti xanıma göndərirəm. Hər halda diqqətlə oxuduğunuzda o məqalədə də paralel fikirlər görəcəksiniz. Çünki bütün feyzlərin qaynağı eyni mərhəmət məqamıdır.

 

İrfan ÇİFTÇİ

525-ci qəzet.- 2024.- 25 may,¹92.-S.11.