İntellektual ədabazlar
Öz sərhədlərini bilmək
Esse
Əvvəlcə gözlərimi süzdürdüm,
sonra üzümü turşutdum, bir neçə dəfə yönümü
dəyişdim... Gördüm xeyri yoxdur. Axırda məcbur
qalıb dilləndim: - “Ay xanım, çox xahiş edirəm,
yavaş danışın. Axı tamaşa gedir”. Cavab ləngimədi.
Əvvəlcə sarısaçlı, sonra isə
qaraşın xanım dedi ki, əgər səsdən narahat
oluramsa, yerimi dəyişim. Çünki onlar da mənim kimi
bilet alıb gəliblər.
İzah etməyə çalışdım ki, biz
futbolda deyilik, tamaşadayıq. Əgər birincidə
olsaydıq, onların qışqırmağını da, hətta
çılğın azarkeşlər kimi söyməklərini
də keçə bilərdim. Ancaq biz stadionda yox,
teatrdayıq və hər yerin özünəxas
davranış qaydaları var. Qaraşın xanım bu dəfə
nisbətən daha mülayim tərzdə bildirdi ki, tamaşa
maraqsız gəldiyi üçün öz aralarında
deyib-gülürlər. İstədim deyəm ki, bəs onda
niyə gəlmisiniz? Gözüm səhnəyə tərəf
tuşlanmış telefona sataşdı. Daha dillənmədim.
Dişim bağırsağımı kəsə-kəsə
sonadək oturdum.
Teatr mövsümünün bitməsinə az
qalıb. Təkcə bu mövsüm dəfələrlə
bu kimi hallarla qarşılaşmışam. Özü də
təkcə teatrda yox, muzeydə, sərgidə, kinoda...
Sözügedən situasiyaların baş qəhrəmanları
da çox vaxt bir-birinə bənzər adamlar olub. Bu
yazımda onların ümumiləşmiş obrazından
söz açmaq istəyirəm.
Əyninə böyük olan pencək geyinəndə
çiyinlərin səni necə nişan verirsə, aid
olmadığın məkandakı davranışların da o
cür nataraz görünür. Nə qədər gizlətməyə
çalışsan da, gec-tez mimikandan belə vəziyyət
aydın olur. Ümumiyyətlə, intellektual ədabazlıq
görünən dağa taydır. Bəzi mövzularda saxta
görüntü ilə özün haqqında fərqli təəssürat
yarada bilərsən, ancaq üç-beş kitab oxuyub,
dört-beş filmə baxmaqla intellektual obrazı oynaya bilməzsən.
Cəhdi belə çox vaxt uğursuzluğa düçar
olur. Əslində, nə o xanımları, nə də onlar
kimi davrananları qınayıram. Bu, son dövrün trendidir,
deyəsən. Dərd orasındadır ki, intellektual ədabazları
təkcə tamaşa zalında yox, az qala hər yerdə
görə bilərik.
Xüsusilə də, sosial şəbəkələrdə.
Çünki virtual dünyada fərqli obraz yaratmaq çətin
məsələ deyil. Bir həftə teatrdan şəkil
paylaşırsan, o biri həftə hansısa klassik əsərdən
hikmətli söz, ya da alayarımçıq
baxdığın filmin adını. Beləcə olursan,
intellektual adam.
Bu obrazın tamlığını qorumaq
üçün ara-sıra teatra, sərgiyə getmək
lazım gəlir ki, iki-üç şəkil
üçün bəzən saatlarla işgəncəyə
qatlanmağa məcbur olursan. İşgəncə
sözünü təsadüfən seçmədim,
çünki ağlı çayxanada qalan adam
üçün saatlarla operada oturmaq asan məsələ
deyil.
Fikir vermişəm, bu obrazı geyinənlərin
çoxu əksərən imkanlı təbəqədən
olurlar. Xüsusilə də, pulla sonradan tanış olan
adamlar. Baxın, onlar bir çox hallarda özlərini
başqa cür göstərmək üçün dəridən-qabıqdan
çıxırlar. Çünki kasıb insanların o qədər
məişət qayğısı olur ki, çox vaxt belə
özünütəsdiq vasitələrinə ehtiyac duymurlar.
Əslində, bir tərəfdən bu, faydalıdır,
çünki nəticə etibarilə sənət qazanır.
Bir biletin artıq satılması maddi olaraq teatra dəstək
olduğu kimi, dolu yerlər də səhnədəki aktyora
stimuldur. Ümumi prosesə töhfəsini nəzərə
alsaq, sözügedən məsələni tənqid əvəzinə
təqdir etməliyik.
Ancaq fərdi nöqteyi-nəzərdən baxsaq,
insanın özünü tanıması, potensialını
bilməsi olduqca önəmli məziyyətdir. Həyat tərzi
də çox vaxt bu bilgilərin üzərində qurulur.
İntellektuallıq əmək istəyir, zaman istəyir, səbir
istəyir. Bəzən bir tablonun mənasını anlamaq
üçün aid olduğu cərəyanın xeyli
xüsusiyyətini bilmək lazım gəlir. Yaxud da rejissorun
tamaşada verdiyi hansısa mesaj başqa bir əsərdən
çıxarış olur. Muzeydə gördüyün
eksponatların mahiyyətini yalnız qırx beş dəqiqəlik
ekskursiya ilə dərk etmək mümkün deyil. Əgər
mövzuya yadsınızsa, bir sərgi, bir tamaşa, bir muzey
ziyarəti sizə heç nə qazandırmayacaq. Əsl sənət
təması sevir. Məsələn, bəzən bir rəssamın
üslubunu tam şəkildə anlamaq üçün dəfələrlə
sərgisinə getməli olursan. Bu isə öz növbəsində
zaman tələb edir. Ümumiyyətlə, intellektual istirahətdən
zövq almaq üçün zəngin bilgi baqajın
olmalıdır.
Ən əsası, hamının intellektual olmaq kimi
bir öhdəliyi yoxdur. Təbii ki, cəmiyyətdə
savadlı şəxslərin sayı nə qədər
çox olsa, bir o qədər yaxşıdır. Təkcə
cəmiyyət üçün yox, elə fərdin
özü üçün də. Ancaq bəzən olmayanda da
olmur.
Sərhədlərini bilmək, özünə
qarşı səmimi olmaq çox vacibdir. Əvvəllər
mən də o qızlar kimi darıxdığım
tamaşalarda az oturmamışam. Ancaq bu gün özümə
qarşı daha səmimiyəm. Hansısa tamaşanı mənimsəməkdə
çətinlik çəkirəmsə, sakitcə durub
çıxıram. Ədabazlığa nə hacət?
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 25 may,¹92.-S.10.