Molla Pənah Vaqif:
deyilənlər, yazılanlar, gerçəklər
II MƏQALƏ
Klassik ədəbiyyatımızın Molla Pənahı
- Qazax mahalında doğulan Pənah Mehdi ağa oğlu Vaqif
Şuşa şəhərinə niyə getmişdi? Orada
yüksəlməsi, nüfuz sahibi olması təbiidir. Bunu
Vaqif fitri istedadı, ilhamlı qələmi, dərin zəkası,
məntiqi təfəkkürü, siyasi diplomatik
düşüncəsi, ruhani hissiyyatı-öncəgörənliyi
ilə qazanmışdı. Bəs nədən orada
öldürülmüşdü? Ədəbiyyat tarixindən
oxuduqlarımı və Vaqifi yetişdirən, milli dəyərlərimizi
yüzilliklərdən minilliklərə ötürən
Qazax müdriklərindən eşitdiklərimi
oxucularımızla bölüşmək niyyətindəyəm.
Vaqifin Qazaxdan Qarabağa getməsinin səbəbi və
nəticəsi haqqında yazmazdan əvvəl Molla Pənah
Vaqifin taleyində mühüm rol oynayan ustadı Şəfi
Əfəndini yad etməliyik. Ş.Əfəndi elm-mərifət,
iman sahibi, uca bir ideoloq idi. Əslən Yuxarı Salahlıdan
olan Vaqif Daş Salahlıda mədrəsədə dərs deyən
Ş.Əfəndinin ocağında şəyird dayanır.
Vaqifin alimi-üləma Şəfi Əfəndinin sevilən,
seçilən şəyirdi olmasını gözü
götürməyənlər də var idi. Bir gün
ustadın qızı ilə gəlini bağçada gəzərkən
belə insanlardan biri Vaqifi çağırır, nədən
bu gözəllərə şeir yazmadığını soruşur.
Əsl şairliyin istənilən anda, istənilən şəraitdə
və istənilən mövzuda yaza bilmək
bacarığı olduğunu söyləyir. Vaqif fikrə
gedir. Niyyəti bəd olan insan oxu hədəfə düz
vurduğunu düşünür və tez Vaqifdən
aralanır. Vaqif bir şeir yazır:
Səhər-səhər həsrət ilə gəzirdim,
Cüt qoşa nar gördüm iki sinədə.
Birisi qız idi, birisi gəlin,
Can qurban eylərəm ikisinə də.
Gəlinin yaxası qızıl düyməli,
Qızın yaxasıdı polad iynəli,
Hər ikisin gərək gözəl öyməli,
Can qurban eylərəm ikisinə də.
Gəlinin dodağı Təbrizin məti,
Əlli-altmış tümən qızın qiyməti,
Belə gözəl sevən neylər cənnəti,
Can qurban eylərəm ikisinə də.
Kababım olaydı, közüm olaydı,
Yar yanında ötkün sözüm olaydı,
Vaqif deyir, iki gözüm olaydı,
Baxaydım bunların ikisinə də.
Vaqif şeiri yazıb bir daşın altına qoyur.
Gözəllər daşın altından görünən
şeiri götürüb oxuyurlar, Şəfi Əfəndiyə
verirlər. Bir versiyada isə, həmin insan uzaqdan Vaqifi
güdürmüş. Şair gedəndən sonra, şeiri
götürür və Ş.Əfəndiyə
çatdırır. Ustadın hadisədən xəbərdar
olması Vaqifin orada qalmasını mümkünsüz edir.
Köç vaxtı olduğundan, yaylağa gedən karvana
qoşulub gedir. Azərbaycan ədəbiyyat tarixinin
böyük alimi Firudin bəy Köçərli "Azərbaycan
ədəbiyyatı" kitabında yazıb: "Molla Pənah
Daş Salahlıda məşhur Şəfi Əfəndidən
elm, təhsil edir imiş. Daş Salahlıda molladan bir xəta
üz verməyə görə orada artıq qala bilməyib,
gedir yaylağa. Çün o vaxtı yaylaq mövsümü
imiş".
Karvan Gəncə karvansarayında əylənir.Taleyin
ümidinə qalan Pənah bir mollaxanaya uğrayır.
O,çox kamil biri idi. Hüsnxətti gözəl bilirdi. Quran
oxuyurdu. Şeir yazırdı. Onu mədrəsəyə məktubdar
götürürlər. Bir hücrəyə yerləşir,
məktubdarlıqla məşğul olur, onunla dolanır. Bir
gün Qazaxdan bir kimsəsiz qadın Gəncəyə gəlir,
bildirir ki, onun oğlunu günahsız tutub Gəncə
qazamatına salıblar. Məktub yazdıraraq Gəncə
xanına çatdırmaq niyyətindədir. Vaqif xana təsirli
bir məktub yazır. Qadına deyir ki, xan bu məktubu oxuyanda
soruşsa kim yazıb, mənim yazdığımı demə.
Qadın söz verir. Saraya gəlir. Xan qadının oğlunu
azad etmək əmri verir, məktubu yazanı soruşur.
Qadın əvvəl demir, sonra mədrəsədə oturan
mollanın yazdığını deyir. Xan, Vaqifi sarayına gətirdir.
Ona deyir ki, bundan sonra sarayda məktubları sən yazacaqsan, əvəzində
bir qızıl alacaqsan. Beləliklə, Vaqif Gəncə
xanı üçün məktublar yazmaqla məşğul
olur. Bir gün Qarabağ xanı İbrahimxəlil xan Gəncə
xanına qonaq gəlir. Söhbət əsnasında ona qabil
bir mirzə lazım olduğunu deyir. Xan Vaqifi məsləhət
bilir, özünə də deyir ki, bundan sonra Qarabağ
xanının mirzəsi olacaqsan. Nəticədə, Vaqif
Qarabağa gəlir. Vaqif ruhani biliyə, diplomatik təfəkkürə,
güclü intuisiyaya, geniş dünyagörüşünə
malik bir insan idi. O, Qarabağ xanlığının baş vəziri,
eyni zamanda, indiki anlamda desək, xarici işlər naziri olur.
Firudin bəy Köçərli yazır: "Axund Vaqif öz
fitri qabiliyyəti sayəsində az vaxtda şöhrət və
hörmət kəsb edib, Qarabağın əyan və əşrafı
arasında mötəbər və ləyaqətli adamlardan
birisi hesab olunur".
İbrahimxəlil xan Vaqiflə məsləhətləşmədən
heç bir iş görməzdi. Hətta ailə məsələlərində
də... İbrahimxəlil xan qızı Ağabəyim
ağanı qardaşı oğlu Məhəmməd bəy
Cavanşir istəyəndə Vaqifdən fikrini soruşur.
Vaqif deyir ki, xan sağ olsun, qızı vermə, Məhəmməd
bəyin sol gözündə boz damar var, o, sonsuz olacaq.
İbrahimxəlil xan Vaqifə o qədər inanırdı ki,
qızını vermir. Məhəmməd bəy Cavanşir
bunu unutmur.
Tarixən məlumdur ki, Qacar Şuşaya hücum edəndə
İbrahimxəlil xan ailəsiylə birlikdə Car Balakəndə,
qaynı Əmmə xanın sarayındaydı. İşləri
qardaşı oğlu Məhəmməd bəy yönləndirir
kimi görünsə də, Vaqif Qarabağda idi və baş
vəzir idi. "...Molla Pənahdır ki, tədbirli və
kamallı, məşhur baş vəzir idi və İranda
Rumda olduqca şöhrət tapmışdır" (F.K.) Qacar
Vaqifi zindana saldırır, elan etdirir ki, 40 min əsgərin kəlləsindən
qala yapdıracaq, ən uca yerinə də Vaqifin
başını qoyacaq. Nədən Vaqifin başını? Səbəb
nə idi, niyə qırx min?
Araşdırmaçı jurnalist Şəmistan Nəzirli
arxivlərə müraciət edərək belə bir fakt əldə
edib: "1795-ci ildə Ağa Məhəmməd şah Qacar
85 minlik qoşunla Qarabağa hücum edəndə Vaqifin
böyük xidməti oldu. Kömək üçün
İrəvana gedib, oradan qoşun gətirdi. O vaxt Qarabağ
xanlığında cəmi 15 min qoşun var idi". Demək,
Vaqif 85 minlik Qacar ordusuna müqavimət üçün 40 min
əsgər toplaya bilir. Qacarın "40 min kəllədən
qələ yapdırıb, ən uca zirvəsinə Vaqifin
başını qoymaq" əmri buradan qaynaqlanır.
Oğlu Əli bəylə birlikdə zindana atılan Vaqif
buradan sağ çıxacaqlarını deyir oğluna.
"Buna görə rəml atıb, çox diqqətlə
hesaba baxanda ona yəqin oldu ki, şah gərəkdir haman gecə
qətl olunub, bir də ...günün şəfəqlərini
görməyə. Ürəyi təskinlik tapıb, zindan
böyüyündən soruşdu ki, şəhərdə təzə
bir əhval yoxdur ki?" (F.K.) Axırıncı dəfə xəbər-ətərin
olub-olmamasını soruşanda zindanbaşı deyir ki, gecə
Qacarın başını kəsiblər. Vaqif deyir, mən elə
bunu soruşurdum."Molla Pənah dəxi səlamət
zindandan çıxdı" (F.K).
Vaqif tutulanda Qacarın yavəri onu
tanıyıbmış. Bir vaxt İran dövləti Azərbaycana
hədə-qorxu göndərəndə İbrahimxəlil xan
Vaqifi İrana göndəribmiş, münasibətləri
qaydaya salsın deyə. Orada İran mollaları cavan
görünən, üzü təraş edilmiş Vaqifə
sataşırlar, istehza ilə "Ağa, sizdə atı
neçə yaşarda qırxırlar" deyə
soruşurlar. Vaqif çox arifanə, diplomatik cavab verir. Deyir:
"Ağa, atın cinsinə baxır, iki yaşar da
qırxarlar, üç yaşar da. Amma eşşəyə,
qatıra qırxlıq vurmazlar". Yavər həmin adamı
- Vaqifi tanıyıb, ona sonu çatdığını
söyləyir. Vaqif deyir ki, onu fələkdən başqa kimsə
bilməz.
Vaqif tutulmazdan əvvəl Şuşanın baş dəmirçisinə
40 min mıx düzəltmək əmri verilmişdi. Hər
mıxa bir hərbçi kəlləsi keçirilib, təpə
düzəldəcək ən uca yerinə isə Vaqifin
başını taxacaqdılar. Ustaya göstəriş verən
yavər deyib ki, sabaha qədər bu mıxları düzəltməsən,
boynun vurulacaq. İndi Qacar qətlə yetiriləndə həmin
ustanın qapısını döyürlər. Usta kəlməyi-şəhadətini
gətirir, qapını açır. Gələn adam tabuta
vurulmaq üçün mismar istəyir. "Mıxı mismar
eləyən Allah var" deyimi oradan yaranır.
Vaqif azad olunmağına baxmayaraq, Məhəmməd bəy
Cavanşir ondan əl çəkmir. "O, sonsuz olacaq"
deməyinin heyfini Vaqifdən alır. Onu oğlu ilə birlikdə
Cıdır düzündə edam etdirir. Qazaxlılar Vaqif
üçün, yana-yana "Qarabağlı sonlu öldü
sənə nə, sonsuz öldü sənə nə"
deyirlər. Qazaxda günü bu gün də işlədilən
bu el məsəli Vaqifin ölümü haqqında olan
üç versiyanın ən düzgünü bu olduğunu
göstərir. Vaqifin ölümü ilə bağlı
F.Köçərli yazırdı: "Vaqifin özündən
çox kiçik və gözəl olan qadını Məhəmməd
bəyin xoşuna gəlirdi. O, Vaqifi öldürtdürüb
xanımına sahib olmaq istəmişdi". Həmid Araslı
isə "17-18-ci əsrlər Azərbaycan ədəbiyyatı"
kitabında "Vaqifin ölümünü qadın məsələsi
ilə əlaqələndirənlər yanılırlar,
çox böyük səhv edirlər. Tarixi faktlar Vaqifin cahil
Məhəmməd bəyin hakimiyyəti əldə saxlamaq məqsədilə
şairi öldürtdüyünü aydın göstərir"
yazır. Ş.Nəzirli isə "Nüfuzlu nəsillər
tarixindən" kitabında bildirir: "Vaqif Məhəmməd
bəy Cavanşirin baş vəziri olmaqdan imtina etmişdi, ona
görə onu edam etdirmişdi". Yuxarıda dediyimiz el məsəli
isə birmənalı olaraq Vaqifin edamının Məhəmməd
bəyə sonsuz olacaq deməyinin nəticəsi olduğu
ehtimalını gücləndirir.
Qacarın Şuşada qətlindən sonra İranla
münasibətləri düzəltmək üçün
Ağabəyim ağanı Qacarın qardaşı oğlu Fətəli
xana kəniz göndərirlər. Ağabəyim ağa Fətəli
xana könül vermir. Fətəli xan onun gözəlliyinə,
ağlına böyük qiymət verir, ona toxunmur. Ağabəyim
ağanın vətən həsrəti çəkdiyini
görən Fətəli xan Şuşadan karvan-karvan torpaq
apartdırıb orada Qarabağda bitən bütün güllərdən,
çiçəklərdən, ağaclardan bir bağ
saldırır. "Vətən bağı"
adlandırılan bu bağda təkcə Xarıbülbül
bitmir. Ağabəyim ağanın məşhur beytində
"Vətən bağı al-əlvandı, Yox içində
Xarıbülbül" deyilir.
Nəsil-şəcərə ilə bu sətirlərin
müəllifinə qohum olan Şəfi Əfəndi Vaqifin
getməyini münasib bilsə də, çox təəssüflənir.
"Şəfi Əfəndi Molla Pənahın getməyindən
xəbərdar olub, izhari-təəssüf edir.., öz
arvadına deyir ki, sən axırda eşidərsən ki, Molla
Pənah böyük bir şəxs olacaqdır. Çünki
o, çox zirək, maddəli və cövhərli
adamdır" (F.K).
Vaqif çox böyük adam oldu. Anadilli şeirimizi ərəb-fars
təsirindən qoruduğuna görə ədəbiyyat
tariximizdə, bir şairin baş vəzir, nüfuz sahibi olma səviyyəsinə
görə ictimai fikir tariximizdə, qonşu dövlətlərlə
uğurlu siyasət apara bildiyi üçün diplomatiya
tariximizdə, Quranı əzbər bildiyinə, öncəgörən
olduğuna görə din tariximizdə, natiqliyi ilə mədəniyyət
tariximizdə iz qoyan unikal şəxsə çevrildi.
Natəvan DƏMİRÇİOĞLU
525-ci qəzet.- 2024.- 28 may,№93.-S.15.