Cəsur generalın ev-muzeyində

55 ildə bu məkanı bir milyon nəfərdən çox insan ziyarət edib

 

Azərbaycanın igid oğlu, əfsanəvi sərkərdə, tank qoşunları general-mayoru Həzi Əhəd oğlu Aslanovun ev-muzeyinin açılışı 1969-cu il mayın 9-da olub. Lənkəran ictimaiyyəti üçün bu, əsl bayram idi. Yaşlı nəslin nümayəndələri həmin unudulmaz hadisəni bu gün də böyük qürur hissi ilə xatırlayırlar.

İndi həmin vaxtdan düz 55 il keçir. Bu müddət ərzində muzeydə kimlər olmayıb. Nəinki Azərbaycan vətəndaşları, hətta keçmiş sovet respublikalarından, xarici ölkələrdən də gələn qonaqlar burada görkəmli sərkərdənin xatirəsini ehtiramla yad ediblər. Ötən illər ərzində muzeyin ümumilikdə bir milyon yarıma yaxın ziyarətçisi olub.

Həzi Aslanovun ev-muzeyində 30-dan çox xatirə kitabı saxlanılır. Ziyarətçilər eksponatlara baxarkən onları bürüyən hissləri ifadə edərək təəssüratlarını bu kitablara yazıblar. Muzeyin açılışı günü xatirə kitabında ilk sözləri Azərbaycanın görkəmli yazıçıları - Həzi Aslanovun döyüş yolundan bəhs edən "General" romanının müəllifi Hüseyn Abbaszadə və Əli Vəliyev yazıb.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinə giriş pulsuzdur. Binanın içərisində və həyətdə ideal səliqə-səhman var. Burada hər şey insanda sevinc hissi oyadır. Yamyaşıl bitki örtüyü arasında diqqəti cəlb edən innabi ağacı əraziyə özünəməxsus gözəllik verir. Ağacın dəyəri ondadır ki, onu gələcəyin generalı və qəhrəmanı 8 yaşında ikən öz əlləri ilə əkib. 106 yaşlı innab bu gün çoxsaylı qonaqları əzəmətlə qarşılayır.

İlk əvvəllər muzey yalnız iki otaqda yerləşirdi. Sonradan, daha dəqiq desək, 1983-cü ildən eksponatların sayı artdığından muzeyə daha üç otaq əlavə edildi. Hazırda burada 2500-dən çox eksponat toplanmışdır. Bunlardan 450-si orijinal, 2050-si elmi-köməkçi hesab olunur. Eksponatların sayı hər il artır. 2003-cü ildə qəhrəmanın oğlu Arif Aslanov muzeyə 4 orijinal eksponat bağışlayıb. Təkcə ötən il 7 orijinal, 22 elmi və yardımçı eksponat saxlanmaq üçün təhvil verilib.

Ev-muzeyin ilk direktoru qəhrəmanın ömür-gün yoldaşı Xavər xanım Aslanova olub. Sonra muzeyin fəaliyyətinə Tamara Fətullayeva rəhbərlik edib. Tamara xanım, demək olar ki, bu mədəniyyət ocağı yaranandan burada işləyib. O, əmək fəaliyyətinə adi işçi kimi başlayıb, direktor vəzifəsinə qədər yüksəlib.

Hazırda muzeyə təcrübəli mədəniyyət işçisi Həcər Nəsirova rəhbərlik edir. Onun sözlərinə görə, hər il əfsanəvi qəhrəmanın ev-muzeyini minlərlə insan ziyarət edir: "Hər il muzeyimizə 25-30 min ziyarətçi baş çəkir. Rusiya, Belarus, ABŞ, Norveç, Kanada, Fransa, Bolqarıstan, Latviya, Litva, Kuba, Rusiya, Polşa, Türkiyə, Pakistan, Hindistan və digər ölkələrdən bizə çoxlu qonaqlar gəlir".

Həcər Nəsirova deyir ki, belə muzeylər gələcək nəsillərin vətənpərvərlik ruhunda böyük rol oynayır: "25 ildən çoxdur ki, bu muzeydə çalışıram. Hər gün buraya gələn tələbələrə və qonaqlara Həzi Aslanovun keçdiyi şərəfli döyüş yolundan danışır, qəhrəmanlığı haqqında geniş məlumat veririk. Generalın geyimi və onunla bağlı sənədlər burada saxlanılır".

Qeyd edək ki, 2010-cu ildə açıq eyvanlı 5 otaqlı muzeydə əsaslı təmir-bərpa işləri aparılıb. Ev-muzeydə 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş tank ekipajlarından birinin, eləcə də 44 günlük Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş əsgərin geyim forması da mühafizə olunur.

Bu günlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 114-cü ildönümü ərəfəsində qəhrəman eloğlumuzun adını daşıyan ev-muzeyinin 55 illiyi qeyd olundu. Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri və Həzi Aslanovun ailə üzvləri əvvəlcə Ulu öndərimizin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini və əfsanəvi qəhrəmanın Xatirə Parkındakı abidəsi önünə əklil qoydular, qərənfillər düzüb, xatirələrini ehtiramla yad etdilər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani II Dünya müharibəsinin igid sərkərdələrindən olan Həzi Aslanovun mənalı həyatı, şərəfli döyüş yolu və qəhrəmanlığı barədə ətraflı məlumat verdi.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxışlarında qeyd etdilər ki, adı hərb tariximizə qızıl hərflərlə yazılmış, xalqımızın qəhrəman oğlu Həzi Aslanovun döyüş yolunun öyrənilməsi, bu cür tədbirlərin keçirilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyət daşıyır.

Şəhid tank komandiri Yusif Xəlilovun həyat yoldaşı Gülnar Xəlilova, "Azərbaycan Bayrağı" ordenli hərbi qulluqçu İslam Yusublu bu gün Müzəffər Azərbaycan Ordusunda yüzlərlə, minlərlə "Aslanovçular"ın olduğunu iftixarla dilə gətirdilər.

Qəhrəmanın ad və soyadını daşıyan nəvəsi, polis general-mayoru Həzi Aslanov ailə üzvləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və babası ilə bağlı tədbirlərin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Tədbir zamanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar, səslənən şeirlər iştirakçılara kövrək anlar yaşatdı.

Daha sonra ev-muzeyini ziyarət edən tədbir iştirakçılarına buradakı eksponatlar, qəhrəmanın keçdiyi həyat və döyüş yolunu əks etdirən fotosənədlər barədə geniş məlumat verildi.

Sonda qonaqlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, xalqımızın igid övladı Həzi Aslanov haqqında ürək sözlərini xatirə kitabına yazdılar.

 

Ağaddin BABAYEV

Lənkəran

525-ci qəzet.- 2024.- 28 may,№93.-S.14.