Bir bütövün parçası  

İRAQ TÜRKMAN LƏHCƏSİNİN TƏDQİQİNDƏ ƏTA TƏRZİBAŞI MƏRHƏLƏSİ

 

Böyük yaradan seçilmiş bəndələrinə kəskin ağıl, zəka, təfəkkür, istedad, yazıb-yaratmaq şövqü əta edir. Əta Tərzibaşının yaradıcılığına nəzər salmaq kifayətdir ki, onun yaradanın sevimli bəndələrindən olduğunu görəsən.

Əta Tərzibaşı folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində böyük bir elmi-tədqiqat institutunun görə biləcəyi işi təkbaşına görmüşdür. Hər iki sahədə məktəb yaratmışdır. Əta Tərzibaşı təzkirəçi və mətnşünasdır. Ədəbiyyat və mətbuat tarixçisidir. Füzulişünas alimdir. İraq türkman ədəbiyyatında elmi publisistikanın əsasını qoyan və inkişaf etdirən tədqiqatçıdır. Ədəbi-elmi məktublar ustasıdır, tənqidçidir, nəzəriyyəçidir. O, Füzulidən bu yana bütün İraq türkman şairlərinin tərcümeyi-halını yazıb, şeirlərini toplayıb, tədqiq edərək 13 cilddə "Kərkük şairləri" və üç cilddə "Ərbil şairləri" adı altında çap etdirib. İraq, Türkiyə və Azərbaycanda Kərkük folklorunun janrları üzrə cild-cild kitabları çap olunub.

Bu yazımızda indiyə qədər heç kəsin toxunmadığı bir mövzudan - Əta Tərzibaşının dilçilik fəaliyyətindən bəhs edəcəyik. Əta Tərzibaşı folklor və ədəbiyyatşünaslıq sahəsində olduğu kimi, dilçilik sahəsində də diqqətəlayiq tədqiqatlar aparmışdır. Araşdırıcı 65-70 il bundan əvvəl ortaq türk əlifbası məsələsini gündəmə gətirmişdi: "Könül çox istər ki, yazı dilində ümumtürk dilinə uyğun qaydalar tətbiq edilə!"

Bilmək maraqlıdır ki, 100 il bundan əvvəl Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda latın qrafikası əsasında ortaq türk əlifbasına keçid məsələsi ilk dəfə müzakirə edilmişdi.

Günümüzdə ortaq əlifba məsələsi türk dövlətləri səviyyəsində nəzərdən keçirilir. 2021-ci ildə Türk Xalqları Dövlət Başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən sənəddə TDT-yə üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün ortaq əlifba və terminologiyada birliyə nail olunması qarşıya hədəf qoyulub.

Zirvə toplantısının qərarını əsas tutaraq Komissiya Türk dünyasının ortaq əlifbası üzrə 2023-cü il may ayının 29-da Astanada 1-ci, 6 may 2024-cü il tarixdə isə Bakıda 2-ci iclası keçirilib.

Beynəlxalq Türk Akademiyasının, Türk Dil Qurumunun, Azərbaycan Atatürk Mərkəzinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən 2-ci iclasda ortaq türk əlifbasının yaradılması yolunda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıldı. Komissiyanın tərkibində terminologiya üzrə qrupun yaradılması qərara alındı.

Maraqlıdır ki, Əta Tərzibaşının dilçilik fəaliyyətində ortaq əlifba ilə bərabər, əsas yerlərdən birini terminologiya məsələsi tutur.

Bir çox alimlər İraq türkman ləhcəsinin Azərbaycan dili ilə üst-üstə düşdüyünü qeyd edirlər.

Hələ keçən əsrin əvvəllərində türk alimi Fuad Köprülü "İraq türkmanları, yəni oğuzcanın azəri ləhcəsində qonuşan türklər" - deyə qəti qənaətə gəlmişdir.

Əta Tərzibaşı tarixilik baxımından termin məsələsini ortaya qoyur. "İraq türkman ədəbiyyatına toplu bir baxış" məqaləsində bu münasibətlə yazır: Başda professor Fuad Köprülü olmaqla (İslam ensiklopediyası. Cüz 12, s.119, sütun 2) müasir ədəbiyyat tarixçiləri İran, İraq, Qafqaz, hətta cənub-şərqi Anadolu türkləri arasında əsrlərdən bəri zəngin bir ədəbiyyat yaradan "ədəbi ləhcə" üçün "Azəri" ifadəsini uyğun görür, əski tarix yazarları isə bu ölkələrdə yaşayan türk qövmləri (elat) üçün hər zaman "Türkman" sözündən (terminindən) istifadə ediblər.

Əta bəy haqlıdır. Qaraqoyunlular, Ağqoyunlular, hətta Nadir şahın vaxtında biz azərbaycanlılar da "türkman" adlanmışıq.

Əta Tərzibaşı "İraq türkman ədəbiyyatına toplu bir baxış" məqaləsində türkman ləhcəsindən danışarkən "XV əsrdə İraqda hökm sürən Qaraqoyunlu dövlətinin rəsmi dili türkmanca olduğunu göstərməklə dil birliyimizə işarə edir.

Əta Tərzibaşı "İraqda Türkman ədəbiyyatı tarixinin başlanğıcına dair araşdırmalar" məqaləsində isə açıqca dil birliyimizdən söz açır: "İraqda yaşayan türk toplusu üçün əsrlərdən bəri etnik bir termin olaraq işlədilən "türkman" sözü filoloji baxımdan İraq türklərinin danışıq dili üçün işlədilən bu ləhcə ən çox azəri ləhcəsinə bənzəyir.

Dil birliyimizdən, kök birliyimizdən, milli kimliyimizdən, eyni milli-mənəvi dəyərlərin daşıyıcısı olduğumuzdan söz açan ilk İraq türkman alimi Əta Tərzibaşı "Yazı dili, qonuşma dili" məqaləsində bu münasibətlə yazmışdır: "Bizim türkman ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir. Yəni bu ləhcələrdə cəmiyyətin nümayəndələri öz aralarında asanlıqla bir-birini başa düşür və bununla bağlı hər hansı bir maneə ilə qarşılaşmırlar.

Əta Tərzibaşı "İraq türkman ədəbiyyatına toplu bir baxış" məqaləsində isə yazır: "Türkman və azəri ləhcələrini bu gün üçün əkiz ləhcələr olaraq qəbul edirik".

Azərbaycan dili tarixi üzrə mütəxəssi, professor Hadi Mirzəzadə Əta Tərzibaşının "Kərkük xoyratları və maniləri"ndən bəhrələnərək yazdığı və BDU-nun Elmi Xəbərlərində (1961, №4) çap etdirdiyi "İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi qeydlər" adlı sanballı məqaləsində bu münasibətlə yazır: "XVI əsrdə İraqın Osmanlı hakimiyyəti altına düşməsindən sonra az da olsa yazı dili ünsürləri özünü göstərmişdir. Lakin türklərin xalq dilinə olan nüfuzu o qədər də qüvvətli olmamışdır".

Yeri gəlmişkən, Əta Tərzibaşı "Şimali Azərbaycanda türkmanoloji araşdırmalar" məqaləsində də bu məsələyə toxunmuş, Rəsul Rzanın, Mirzağa Quluzadənin, Hadi Mirzəzadənin, Məmmədhüseyn Təhmasibin, Əbdülkərim Əlizadənin, Sinan Səidin, Ayaz Vəfalının və mənim məqalələrimi təqdir etmişdir. 1968-ci ildə Rəsul Rza ilə birgə çap etdirdiyim "Kərkük bayatıları" kitabından, "Elm və həyat" jurnalında (1967, №4) çap olunan "İraq azəriləri" məqaləmdən, "Ədəbiyyat və incəsənət qəzeti"ndə (11.01.1969), "Molla Nəsrəddin Kərkükdə" məqaləmdən, "Ulduz" jurnalında (1968, №7) çap olunan "Kərkük şairləri" məqaləmdən bəhs etmişdir. Tədqiqatçı dil məsələsinə həsr olunan məqaləm üzərində xüsusi dayanmışdır: "Paşayev İraq türklərinin ləhcə xüsusiyyətlərinə həsr olunmuş "Kərkük dialektində səslərin əvəzlənməsi" adlı elmi yazısını da Azərbaycan Elmlər Akademiyasının "Xəbərləri"nin "Ədəbiyyat, dil və incəsənət" seriyasının 1968-ci ilin ikinci sayında 70-77-ci səhifələrdə çap etdirmişdir. Müəllif bu qiymətli yazısında, təəssüf ki, Kərkük ləhcəsində verdiyi nümunələrdə transkripsiya qaydaları baxımından bir çox yanlışlıqlardan uzaq qala bilməmişdir. Paşayev bu günlərdə "Kərkük dialekti" adlı bir əsər hazırlayır".

Əta Tərzibaşı və Qəzənfər Paşayev. Kərkük. 10 aprel 2010-cu il

Əta Tərzibaşı Hadi Mirzəzadənin "İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi qeydlər" məqaləsini yüksək qiymətləndirmiş, alimin onları azərbaycanlı adlandırmasına etiraz etməmiş (Ad olaraq biz türkman deyirik, başqaları azəri deyir), lakin türkman deyil, türkmən termini işlətməsini məqbul saymamışdır.

Türkman etnoniminin yazılışının və oxunuşunun fərqinə varmamaq bir yandan "Kitabi-Dədə Qorqud"u, digər tərəfdən də İraqda yaşayan soydaşlarımızı istəsək də, istəməsək də, bizdən uzaqlaşdırmağa yönəlmiş olur. Nəticədə türkmən qardaşlarımız İraqda yaşayan soydaşlarımızı, dahi Nəsimini və "Kitabi-Dədə Qorqud"u özününküləşdirmək iddiasına düşürlər.

Demək olar ki, heç bir əsərində türkmənlərdən söz açmayan Əta Tərzibaşı "Türkmü, türkmənmi,  ya da "türkman" adlı məqaləsində bu münasibətlə yazır ki, bu etnik adların əsası və inkişafı haqqında tədqiqatçılar tarixin dərinliklərinə enərək geniş məlumatlar vermişlər. Mənsə-mənlik olmasın - burada mövzuya başqa bir istiqamətdən nəzər salmaq istəyirəm. Yazılarımda həmişə türkmən sözünün əvəzinə türkman işlətməyimin səbəbini bu məqalədə müəyyən mənada izah etməyə çalışmışam.

Mənim yazılarımda türkmən və türkman sözlərindən axırıncıya üstünlük verməyimin səbəbi ana-atamın, qonşularımın, bir sözlə, bütün soydaşlarımın danışıq və söhbətlərində həmişə türkman sözünü işlətmələrinə istinad etməyimdir. Hətta bu adı yaranmasından bəri fars, ərəb və Avropa xalqları belə əsərlərində həmişə (-manlı) kimi işlədirlər.

Həqiqətən də tarixə nəzər saldıqda bütün mənbələrdə türkman etnonimi ilə bağlı eyni mənzərənin şahidi oluruq. XI əsrdə yaşamış məşhur dilçi alim Mahmud Kaşqari (1005-1102) fundamental "Divani lüğət-it-Türk" əsərində "türkman" etnonimi və türkmanlar haqqında əsaslı məlumatlar vermişdir. Abidənin girişində Mahmud Kaşqari türkmanları oğuzlarla eyniləşdirir. Türkmanlardan söz salanda "bunlar oğuzdurlar" - deyir. Oğuzlardan bəhs edəndə "Oğuzlar türkmandırlar" hökmünü verir.

Mahmud Kaşqariyə qədər və sonra da zəmanəsinin görkəmli alimləri Şəmsəddin Məhəmməd Məqdisi (945-991), Əbu Reyhan Büruni (973-1050), Əbülfəzl Beyhəqini (vəfatı - 1077), Şərəfiddin Tahir Mərvəzi (1056-1124), Nizamülmülk (1018-1092) türkmanlardan söz açmışlar. Hətta Nizamülmülk "Siyasətnamə" əsərində türkmanlara qısahəcmli fəsil ayırmış, onların dövlət qulluğuna girməsi üçün proqram təklif etmişdi.

"Kitabi-Dədə Qorqud" boylarında da bu etnonimə tez-tez təsadüf edilir.

"Qanlı Qoca oğlu Qanturalı boyu"nda oxuyuruq: "Bəli, canım baba, eylə istərəm! Pəs varasın, bir cici-bici türkman qızını alasan" (VI boy, səh.85) və ya IX boyda (səh.108) işlənən "Oğuzun arsızı türkmanın dəlisinə bənzər", bu qəbildəndir.

Dil faktı da "türkman" etnoniminin qədimliyinə dəlalət edir. Tədqiqatçılar bu sözün "ulu türk", "əsl türk", "böyük türk", "qüdrətli türk" mənasını verdiyini vurğulayırlar. İndinin özündə belə, ədəbi dilimizdə və İraq türkman ləhcəsində işlək olan "azman", "qocaman", "orman", "ataman", "asiman", "daraman" (nəhəng), "batman" (böyük çəki vahidi), "kərtman" (böyük toxa), "şişman" (kök), "keçəman" (böyük kərtənkələ) və s. kəlmələrdə "man"ın ulu, böyük, əzəmətli anlamına gəlməsi dediklərimizi təsdiqləyir.

Əta Tərzibaşı çox əhəmiyyətli bir məsələyə də toxunur. Tədqiqatçı yazır ki, xalqının yazı dilində olan bir sözün imlasında öz dilinə müraciət edərək fikir birliyi ilə işlənən müştərək sözlərdən faydalanması düzgün olardı. Elmanı, alma, kardeşi, qardaş kimi yazmaq uyğun və daha münasibdir. Xalqın təmiz dili sözlük dilindən daha vacibdir, çünki sözlüklər əsasən xalqın dili üzərində qurulmuşdur.

Əta Tərzibaşı "Kardeşlikmi, Qardaşlıqmı?" məqaləsində bu məsələyə daha ciddi yanaşır. Tədqiqatçı yazır: İraq-türk ləhcəsində işlənən heç bir sözdə "a", "ı", "o", "u" hərflərindən biri "e", "i", "ö", "ü" hərfləri ilə əvəzlənməz. Hətta yerli şivəmizdə istifadə olunan ərəb və fars sözləri də qalın-incə (ahəng) qanununa tabe olur. Ahmed-Əhməd, ateş-atəş... şəklində olur. Türkcə sözlər də bu cürdür. Elma yerinə alma, ela yerinə ala, kardeş yerinə qardaş, kardeşlik yerinə qardaşlıq işlədilir.

Tədqiqatçı "ortaqmı", "ortaqlımı?" sözünün işlənmə məqamına da xüsusi diqqət yetirmişdir. Əta Tərzibaşı yazır: "Türk Dil Qurumu yanlış olaraq bu sözü ismi məruf olan "müştərək" anlamında işlədir, "Ortaq bazar" kimi.

Bizə görə bunun ən düzgünü "ortaqlı"dır. Bu söz türk lüğətində istifadə olunmasa da, xalq danışıq dilində geniş işlədilir. Belə ki, İraq türkmanlarında "ortaqlı mal, ortaqlı mülk yararsız" ifadəsi və "Arvadın ortaqlı olsun, malın ortaqlı olmasın" atalar sözü tez-tez işlədilir.

Könül çox istər ki, yazı dilində ümumtürk dilinə uyğun qaydalar tətbiq edilə!

Göründüyü kimi, Əta Tərzibaşı doğma dilin yerinə hətta çox yaxın olsa belə, başqa bir dilin ədəbi dil kimi qəbul edilməsini məqbul saymır.

Əta Tərzibaşının etirazına səbəb olan məsələlərdən biri də ədəbi dildə türkman əvəzinə türkmen yazılmasıdır.

Əta Tərzibaşı bu münasibətlə yazmışdır:

"Bir millətin yazı dili danışıq dilinə nə qədər bağlı, nə qədər yaxın olsa, o qədər qiymət ifadə edər. Yazı dilinin xalq dilindən uzaq qalması isə həmin dil üçün uğursuzluq olar, çox çətinliklər və ciddi problemlər yaradar.

Ərəblərin müxtəlif ləhcələrini özündə birləşdirən şəhər (qarışıq) ləhcəsi Qurani-Kərim ilə təkmilləşdirilmişdir. Bu müqəddəs kitab ərəb dili üçün bir ana kitabı olmuş, ərəb dilini digər sami dillər kimi silinib getməkdən qorunmuşdur.

Mənim fikrimcə, türkcə üçün nümunəvi bir ana kitab axtarılarsa, bu ehtiyacı nəsr sahəsində "Kitabi-Dədə Qorqud", şeirdə isə Yunus Əmrənin "Divan"ı aradan qaldıra bilər. Bundan altı yüz il əvvəl bizim türkman ləhcəsinin mənsub olduğu bayat-oğuz şivəsi ilə yazılmış bu kitab yazı dilimizin əsasını qoymaqda və dil qaydalarını qorumaqda orijinal bir əsər olması etibarilə həmişə göz önündə tutulmaqla türkcə yazı dilinin gələcəyinə də əminliklə baxa bilərik. Hər dövrdə başqa bir yazı dilinə bağlanmaqdansa, sadə və təmiz bir türkcə ilə yazılmış, həm də dil və qrammatikanın əsaslarını olduğu kimi saxlayan bu kitabı bir qayda, bir qanun hesab edərsək, dili parçalanmaqdan qorumuş olarıq".

Əta Tərzibaşı "İraq türkman ədəbiyyatına toplu bir baxış" məqaləsində İraq türkman və azəri ləhcələri və bununla bağlı Nəsimidən danışarkən yazır: "Bağdada bağlı "Nəsim" adlı köydə doğulduğu deyilən, həyatının böyük bir qismini Bağdadda və daha sonra Hələbdə keçirən, İraq türkman ədəbiyyatında yeni bir cığır açan, sevənləri kənarda azəri, İraqda türkman şairi hesab edilən dəyərli şair Nəsimi Əlişir Nəvainin diqqətini cəlb edib. "Nəsim əl-muhübbə" ("Məhəbbət mehi") əsərində Nəsimini İraq və Anadolu xalqının bənzərsiz şairi saydıqlarını, türkmani və rumi dillərində şeir yazdığını bildirir".

Əta Tərzibaşı xoyratlardan danışanda milli kimliyimizdən söz salır. "Xoyratın kökləri İraqda türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı inkişaf edərək sonralar İraqdan Türkiyəyə, İranın quzeyinə, xüsusən də əhalisi türkman olan Təbrizə və eləcə də azəri və ya Azərbaycan deyə adlandırılan və türkmanlardan ibarət Azərbaycan torpaqlarına yayılmışdır".

Yeri gəlmişkən, Əta Tərzibaşı yazır ki, "dilin inkişafının tarixi və coğrafi baxımdan öyrənilməsində xoyrat, mani, atalar sözləri, xalq havalarını əhatə edən mətnlər ədəbi dildə deyil, yerli şivələrdə yazılsa, fayda verə bilər. Bu baxımdan 1955-1957-ci illər arasında yayımladığımız "Kərkük xoyratları və maniləri" kitabına işarə etmək yerinə düşər. Bu əsərdən yararlanaraq 1961-ci ildə Bakıda Hadi Mirzəzadə Elmi əsərlər jurnalında (sayı 4) İraq türkmanlarının fonetik, morfoloji və lüğət tərkibi baxımından ləhcə   xüsusiyyətlərini ətraflı şəkildə araşdırmışdır. Yenə adıçəkilən xoyrat kitabına dayanaraq eyni mövzuda bir araşdırma aparan prof. Saədəddin Buluçun (türk alimi - Q.P.) tədqiqatı olduqca önəmli olmuşdur. Bundan əlavə bakılı gənc mütəxəssis Dr.Qəzənfər Paşayevin də bu yöndəki elmi çalışmaları əksliklərilə bərabər təqdirə şayandır".

Əta Tərzibaşı "İraq türkman ədəbiyyatına toplu bir baxış" məqaləsində təəssüf hissi ilə qeyd edir ki, İraq türkman ləhcəsi haqqında toplu bir əsər yazılmayıb.

Mənəm-mənəmlik olmasın, ustadımın arzusunu "Kərkük ləhcəsinin fonetikası" (1969-cu il) əsəri ilə yerinə yetirdim. Sonralar AMEA-nın Dilçilik İnstitutunda Dialektologiya şöbəsində iştirakımla hazırlanan və maddi dəstəyimlə çap olunan fundamental "İraq-türkman ləhcəsi" (Bakı, 2004, 422 səh.) əsəri işıq üzü gördü. Zenfira Rüstəmovanın "İraq türkman ləhcəsinin tədqiqi tarixi və dil xüsusiyyətləri" (Bakı, 2018, 144 səh.) və Kübra Quliyevanın "İraq türkman ləhcəsinin leksikası" (Bakı, 2022, 312 səh.) kitabları, akademik Tofiq Hacıyevin, professor Qəzənfər Kazımovun mükəmməl məqalələri çıxdı.

Z.Rüstəmova və K.Quliyevanın böyük elmi əhəmiyyət kəsb edən kitablarına geniş ön söz yazmışam.

Ustadımın ruhu şad olsun. "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" adlı monoqrafiyam Bakıda 2016-cı ildə, Dr.Mustafa Ziya və Dr.Şəmsəddin Küzəçinin sayəsində  Kərkükdə 2016-cı ildə, Ankarada 2017-ci ildə işıq üzü gördü.

Monoqrafiyada Əta Tərzibaşının həm dilçilik, həm folklorşünaslıq, həm tarixilik baxımından böyük əhəmiyyət kəsb edən "Arzu-Qəmbər" dastanından xüsusi söhbət açmışam.

Onu da deyim ki, Əta Tərzibaşının bir dilçi alim kimi tanınmasında "Arzu-Qəmbər" dastanını yaşlı bir kərküklü qadının dilindən lentə köçürərək çap etməsi və elm aləminə təqdim etmsi də az rol oynamamışdır. Bu dastan Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan, ondan həm folklorşünaslar, həm də dilçi tədqiqatçılar - dialektoloqlar qədərincə bəhrələnə bilərlər. Odur ki, çəkinmədən deyə bilərik ki, Əta Tərzibaşı dialektologiya elminə dəyərli töhfə bəxş etmişdir.

Əta Tərzibaşının dilçilik fəaliyyəti İraq türkman ləhcəsinə bələd olan türk, Azərbaycan, İraq türkman, eləcə də görkəmli dünya alimlərinin bu elatın ləhcəsinin Azərbaycan dili ilə üst-üstə düşdüyü, bir kökdən olduğu barədə qənaətini təsdiqləmiş olur.

Deyilənlərə Ulu öndər Heydər Əliyevin "Sonralar tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" - tarixi sözləri dayaq olur.

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

525-ci qəzet.- 2024.- 28 may,№93.-S.12;13.