DAHİ AKTYORLA
QAYDASIZ OYNAYAN CIĞAL HƏYAT
Yeni yol açmaq həmişə çətindir.
Hansısa yollardan ilk dəfə keçmək həmişə
sınaqlıdır, müşküldür. Çünki təzə
yol açmağın, ilk dəfə hansısa yeni yolla
addımlamağın ardında gözlənilən və
gözlənilməyən imtahanlar var. Təzə yol adətən
heç vaxt rəvan və rahat olmur. Birinci dəfə
keçilən yolun üzdə və dərindəki kələ-kötürlükləri,
həndir-hamarlıqları var. Hansısa yollardan ilk dəfə
keçmək istəyən insan o yolların vəd etdiyi əziyyətlərə
də tablaşmağa gərək hazır ola.
Özü də böyük yol açanlardan olan Cəfər
Cabbarlı dünənləri yaşadığı dəyişən
və sürətli zamanın hündürlüyündən
seyr edərək düşünürdü:
"Qarşıdakı yol yoxuş, sərt, ağır idi.
İrəlidən ağır məşəqqət
daşları yağırdı. Tam bu aralıq ortaya bir-birinin
dalınca iki mübariz çıxdı. Onlar bu ayaqlara
dolaşan, yerdə iməkləyən, sürüklənən
və tanınmayan köməksiz cocuğa yanaşdılar,
iki qüvvətli əl onun əllərindən tutdu, cocuq bir
körpə təbəssümü ilə gülümsəyib
ayağa qalxdı. Bu iki qüvvətli əli uzadanlardan biri
Hüseyn Ərəblinski, o biri isə Abbas Mirzə Şərifzadə
idi. Cocuq bu iki qüvvətli ələ söykənmiş
olaraq artıq öz mini-mini ayaqları ilə
yürüyürdü. Mənzilbaşına hələ
çox qalmışdı. Qarşıdan bir cəlladın
sapandından atılan amansız bir daş Ərəblinskini
bu cocuqdan ayırdı".
Əslində mənzilbaşına aparan o yolun sonu
heç vaxt olmayacaq. Çünki "mənzilbaşı"
deyilənin özü heç vaxt olmayacaq. Bu, Azərbaycan
teatrının, Azərbaycan səhnəsinin, Azərbaycan
aktyorunun yoludur ki, şeir kimi, musiqi kimi, rəsm kimi... nə əvvəli
bilinir, nə axırı görünür. Elə yollar ki,
getdikcə gedəcək, irəlilədikcə də sonsuz
üfüqlərdə sayrışan davamı yeni-yeni nəsilləri
alıb aparacaq.
Ancaq nə xoşbəxtik ki, yollarımızın
dünənində o cür qüvvətli əl sahibləri
olub və hər biri dərslər yadigar qoyub getməyi
bacarıb. O insanlar ki, ən düyünlü zamanlarda da
bütün sarsıntılara dözərək mətanətlə
irəliləyiblər, sənətimizi addım-addım
yüksəldiblər. Böyük Cəfər
Cabbarlının "Hüseyn Ərəblinskinin yolu
yarımçıq qırıldı" söylədiyi
vaxtdan bir əsr keçir, XX yüzil - ikinci minillik bitib,
üçüncü minillik, XXI əsr başlayıb.
Hüseyn Ərəblinski yenə sağdır, yenə
sıralarımızdadır, yenə irəliləyir. Onun əfsanəvi
tamaşalarından, səhnədəki misilsiz oyunlarından
bir neçə dəqiqəlik belə kinolent yadigar
qalmayıb. İnsanları riqqətə gətirən, ruhu tərpədən
təsirli səsi bir valda da olsa, günümüzə gəlib
çatmayıb. Hüseyn Ərəblinskini biz
ayrı-ayrı insanların heyran xatirələrindən, bir də
köhnə illərin mətbuatından tanıyırıq.
Ancaq o yaddaşların və yazıların içərisindəki
Hüseyn Ərəblinskinin boyu o qədər ucadır ki, bu
gün də bizə canlı kimi gəlir (bu sözün həm
"görünmək", həm də "ölmək"
mənalarında), mənəviyyatımız var olduqca və
incəruhi ehtiyaclar durduqca elə beləcə də qalacaq.
...Onlar səhnə ilə, teatrla nəfəs alan
insanlardılar və onlara özünüifadə
üçün daha geniş meydan gərək idi. Azərbaycanda,
Bakıda tamaşalarını verirdilər, ancaq istəyirdilər
ki, bir az kənara da çıxsınlar və 1909-cu ilin
mayında Hüseyn Ərəblinskinin
başçılığı ilə 10 nəfərlik dəstə
İrəvana gəlmişdi. O truppaya Cəlil Bağdadbəyov,
Yusif bəy Ağayev, İsmayıl Fani, Xəlil Hüseynov,
Süleyman Səlimbəyov, Ruhulla Axundov, qadın
rollarını ifa edən, azərbaycanca yaxşı bilən
xanım Məlik-Şahnəzəryan və digərləri
daxildi. Bu gəlişdən 40 il sonra o səfərdə
iştirak edənlərdən biri - Ruhulla Axundov (bu, sonralar hər
kəsin Sidqi Ruhulla kimi tanıyacağı həmin məşhur
aktyordur) olub-keçənləri belə
xatırlayırdı ki, bu onun Ərəblinski ilə etdiyi
ilk qastrol səfəri imiş və daha sonra Naxçıvan,
Tiflis, Batum, Vladiqafqaza yollanmaları nəzərdə
tutulubmuş. Ruhulla yada salırdı ki, biz İrəvana
yetişdikdə Ərəblinski faytonçuya nəsə dedi
və o da bizi müsəlman məhəlləsindəki Hacı
Kərimoğlu mehmanxanasına apardı, amma mehmanxanaya
düşdükdə bu mənə çox qəribə gəldi,
çünki eşitmişdim Ərəblinski hansı şəhərə
getsə, mehmanxanaların ən yaxşısında yer
götürür.
Ruhulla təəccübünü gizlətməyərək
niyə bu mehmanxanaya düşmələrinin səbəbini soruşur
və o da cavabını verir.
Hüseyn Ərəblinski hər işində son dərəcə
səliqəli olub (Sadəcə səliqəli yox, məhz
ifrat səliqəliliyini vurğulayıramsa, səbəbsiz
deyil. Ən yaxın dostlarından olmuş Mir Mahmud
Kazımovski xatırlayırdı ki, Ərəblinski heç
vaxt küçəyə ütüsüz şalvarda
çıxmazmış, hər səhər
şalvarını özü ütüləyərmiş, həm
də evə gəlib təzədən şəhərə
çıxası olardısa, dübarə şalvarına
ütü çəkərmiş).
Çalışırmış ki, özü də, digər
aktyorlar da yalnız səhnədə möhtəşəm
görünməsinlər, elə küçədə,
insanlar arasında, gendən baxınca da onların sıradan
adam olmadığı hiss edilsin - geyim-kecimindən, hərəkətindən,
davranışından, danışıq tərzindən.
Müasirləri xatırlayırlar ki, çox təmizkarmış,
həmişə zövqlə geyinər, başına qara
şlyapa qoyardı. Əynindəki kostyum çox da baha
olmayan parçadan tikilsə də, ona yaraşardı, bədəninə
kip oturardı, ağ manjet, bir qat boyunluq - varatnik taxar,
varatnikinin altından da ağ bant görünərdi.
Şalvarının aşağısı çəkmələrinin
ucunu örtəcək qədər gen olar, çəkmələrini
də tez-tez silərmiş ki, par-par yansın. Və
küçədə addımlayanda da şax yeriyər,
vüqarlı görünüşü ilə gendən
insanların diqqətini cəlb edərmiş. Və qastrollara
gedəndə də, - istər Gürcüstan olsun, istər
Volqaboyu, istər Orta Asiya, - ona görə ən yaxşı
mehmanxanalarda yer götürməyə
çalışarmış ki, aktyorların, teatrın, sənətin
dəyərini insanların gözündə bir az da
artırmış olsun. Ona görə də Ruhullanın da,
digər aktyorların da niyə məhz İrəvandakı
birinci dərəcəlilərdən sayılmayan bu mehmanxanada
yerləşmələrinə heyrətlənmələri əsaslı
imiş.
O vaxt Ruhullanın sualına verdiyi cavab bir daha sübut
edir ki, Ərəblinski hər verəcəyi tamaşaya,
ümumən teatrdakı hər işinə bir bütöv
kimi yanaşırmış və onunçün ikinci dərəcəli
heç nə yoxmuş -aktyorların geyimi və oyunu,
ifanın hər cəhəti, mizanlar, səhnədəki
irili-xırdalı detalların öz yerində, amma
tamaşanın səhnəyəqədərki yolunun da
bütün təşkilati təfərrüatlarına dəqiqliklə
fikir verirmiş. İrəvanda da deyibmiş ki, biz hələ
burada heç kimi tanımırıq, mehmanxananın sahibi
Abbasəli isə buralarda məşhur adamdır, bizim
üçün xeyirli olacaq, bilet satışına da kömək
edəcək, həm də bura şəhərin müsəlman
məhəlləsidir, biz hər dəfə küçəyə
çıxanda hamı bizi görəcək.
Ərəblinskinin zənni, bəlkə də
ehtimalından daha artıq - ağıllı hesablaması nəticəni
çox gözlətmir - bəhrəsini də belə verir
ki, hər səhər mehmanxanadan çıxıb
küçələrdən keçəndə insanlar onlara
xüsusi maraq göstərir və ilk tamaşa günü də
zal ağzınacan dolu olur.
Bu səfər əsnasında irəvanlılar
"Nadir şah"ı ilk dəfə
görmüşdülər (Kiminsə əlinə
düşər 1949-cu ildə Bakıda "Azərnəşr"in
buraxdığı Hüseyn Ərəblinskiyə həsr
edilmiş xatirələr toplusu, orada Sidqi Ruhullanın
yazdıqlarını oxuyar və müqayisə edib görər
ki, tamaşaların göstərilməsi
ardıcıllığı ilə bağlı mənim
yazdıqlarımla onun göstərdikləri düz gəlmir
və bunu səhvimiz kimi qavrayar. Həqiqətsə bundan ibarətdir
ki, proqramlar və afişalar, dövrün qəzetləri elə
mötəbər sənədlərdir ki, illər keçdikcə
nələrisə qarışdırması təbii olan insan
hafizəsindən hər halda daha bel bağlanasıdırlar.
1909-cu il 10 may tarixli proqram qalır, bundan inanımlı
şahid olmaz ki: "İrəvanda şəhər klubu
teatrında birinci dəfə mövqe-i tamaşaya
qoyulacaqdır "Nadir şah Əfşar". Nadirin rolunu
ifa edəcəkdir Hüseyn Ərəblinski". Və ya
Ruhulla Axundov "Zorən təbib"i orada verdikləri ikinci
tamaşa kimi xatırlayır və yanılır. Tamaşa 18
mayda göstərilib, sıraca da 4-cü imiş. Yəni biz dəqiqləşdirmələri
etibarlı mənbələrə əsasən aparır,
mümkün xətaları təshih edir, doğrusunu
yazırıq) və baş rolda Hüseyn Ərəblinski
çıxış etmişdi. Hər dəfəki kimi, yenə
tamaşaçıları valeh qoymuşdu. Ona görə
növbəti tamaşaya da biletlər tez satılıb
qurtarmışdı.
Sidqi Ruhulla aktyor idi və söz yox, sıravi
tamaşaçıdan bir fərqi də bu idi ki, səhnədə
cərəyan edənlərin şərtiliyini yaxşı
anlayırdı, o özü də baxanları təsiri
altına salmağı bacaranlardan idi. Ərəblinskinin
ifasının hansı müstəsna gücə malikliyinə
İrəvanda "Bəxtsiz cavan" oynanarkən Sidqi
Ruhullanın o tamaşada iştirak edənlərdən biri
ola-ola duyğulanması dəlalət edir: "Ərəblinski
Fərhad rolunu o qədər məharətlə və təsirli
oynadı ki, dördüncü şəkildə Fərhadın
yoldaşı Musa bəydən ayrılan yerini o qədər
real, o qədər inandırıcı apardı ki,
tamaşaçılar arasında hönkürtü ilə
ağlayanlar oldu, hətta mən Musa bəy rolunda
oynadığım halda özüm də ağladım. Bu
vaxt bir gimnaziya müəllimi səhnə arxasına gələrək
"Canım, bu camaatı qırmayacaqsınız ki!" deyə
pərdənin bağlanmasını xahiş etdi".
Ərəblinski belə Ərəblinski imiş və
bənzər yaddaşların hər biri yenidən təsdiq
edir ki, bu qəbil ifa dahiyanəliklərinin dürüst təsvirini
verməkdə sözlər acizdir, nəhəngliyi olduğu
kimi duymaqçün gərək bütün bunları o
havanın içərisində gözünlə görəydin.
Nümayiş etdirəcəkləri "Zorən təbib"
tamaşası ilə bağlı yaranmış çətinliyi
Ərəblinskinin tezcə necə həll etməsindən də
söz açan Sidqi Ruhulla yada salırdı ki, bu pyesdə
iki qadın surəti vardı. O rollardan birini ifa edəcək
aktyorumuz vardı, ancaq ikinci rolu oynayacaq adam yoxdu. Belə olanda
Hüseyn Ərəblinski yaxınlaşdı mehmanxananın
sahibi Hacı Kərim oğlu Abbasəliyə, onunla nə barədəsə
söhbət etdi, ertəsi gün bizim məşqlərə
bir cavan gəldi. Hüseyn Ərəblinski onu dəstəmizə
təqdim edərək dedi ki, tamaşamızdakı ikinci
qadın rolunu da bu cavan oynayacaq.
Hələ İrəvanda bir neçə tamaşada
oynayıb, sonra Naxçıvana yola düşəcəkdilər.
İrəvandakı söhbətləri tamamlamamış bir
anlıq keçirəm Naxçıvana. 1909-cu il may
ayının 24-də "Molla Nəsrəddin"
jurnalının o il üçün 21-ci sayı işıq
üzü görmüşdü və orada Məşədi
Mozalan bəyin məqaləsi yer almışdı. Məşədi
Mozalan bəy hər kəsin tanıdığı Əziz Şərifin
(1895-1988) atası məşhur Qurbanəli Şərifov
(1854-1917) idi. Yazırdı ki, Ordubad camaatı Hüseyn Ərəblinskinin
teatr dəstəsinə məktub göndərərək təvəqqe
eləyiblər ki, oraya 20 dəfə teatr gətirsin və hər
dəfəsinə də 800 manat vəd eləyirlər, ancaq
Ərəblinski də razılaşmayaraq 1200 manat istəyir və
güman var sövdələri baş tutar. Əlavə də
edir ki, Əylis camaatı ordubadlıların gözlərinin
belə açılmasına paxıllıq edirlər.
Özünə xas neştərləməsini davam etdirərək
Məşədi Mozalan bəy guya ciddi danışaraq, amma əlbəttə
ki, rişxəndlə yazırdı ki, Ordubada gələndə
o dəstənin özü ilə qadın rollarını
oynayacaq artistkalar gətirməyə ehtiyacları yoxdur,
çünki ordubadlı qızlar qadınların mükalimələrini
özləri ifa edəcəklər. Və sonrakı cümləsi
ilə məqalə müəllifi lap gül vururdu:
"Ordubaddan sonra dəstənin xəyalı Danabaş kəndinə
təşrif gətirməkdir. Amma buranın teatrı
Ordubadın teatrından da mükəmməldir".
"Molla Nəsrəddin"in də, Mozalan bəyin də
istəyi bu kinayə ilə deyilənlərin gerçəyə
çevrilməsi, Ordubadda da, Nehrəmdə də,
Naxçıvanın hər guşəsində əhalinin mədəniyyətə,
maarifə, teatra daha yaxın olması idi.
Bəs həqiqətdə Naxçıvandakı
işləri necə getmişdi, onları necə
qarşılayıb, necə yola salmışdılar?
Naxçıvana iyunda gəlib çıxmışdılar,
"Bəxtsiz cavan"ı oynamışdılar, vur-tut bircə
tamaşadan sonra çıxıb getmişdilər və
Ərəblinski sonralar bir daha Naxçıvana qastrola gəlməmişdi.
Yerli qaragüruh tərəfindən qorxudulmasından,
ölümlə hədələnməsindən tutmuş təqib
edilmələrinəcən cürbəcür şayiələr
dolaşsa da, sübutlu-dəlilli bir şahidlik ortada yoxdur.
Ancaq elə bircə tamaşa göstərəndən sonra
Ərəblinskinin dəstəsi ilə bərabər tələm-tələsik
çıxıb getməsi, ömrünün sonrakı 10
ilində də bir daha o tərəflərə
qayıtmaması pıçıldayır ki, deyəsən, hər
halda üzünə yaxşı baxmayıblarmış...
Sənət tariximizin dünəni haqqında bu hekayətlər
millətin xoş yuxusudur, yuxudasa heç vaxt sərt çərçivələr
olmur - zamanın bu layından obiri təbəqəsinə, bir
mərtəbəsindən digər layına asudəcə
keçirsən. Elə mən də İrəvandan
Naxçıvana maydan iyuna asanca gəldiyim kimi, eyni
rahatlıqla da qayıdıram maya, İrəvana, o
çağın qəzetlərinə."Tərəqqi"
mayın 26-da İrəvan camaatının tamaşa
zalını ləbələb doldurmasını
"şayan-i fərəh" - sevinməyə layiq hadisə
adlandırır, "Sağ olsun Ərəblinski" deyərək
uğurla keçən belə tamaşaların əhalinin
intibahı və gözünün açılmasında
böyük rol oynayacağına inamını ifadə edirdi.
İyunun 4-də isə Ərəblinski
truppasının bu qastroldakı
çıxışlarına "Zaqafqaziya" qəzeti qiymət
verirdi, həm də Bakıdan gəlmiş aktyorların
ifasına xüsusi diqqətin əlaməti olaraq bir nömrədə
iki yazı dərc edilmişdi. "Teatr və musiqi"
bölməsindəki məqalədə məşhur tragik
Hüseyn Ərəblinski truppasının iyunun 9-da
Y.Çirikovun "Yəhudilər" pyesini oynayacaqları xəbər
verilir, "İrəvanda tamaşa" adlı yazıda isə
"Bəxtsiz cavan"ın "layiq olduğu parlaq müvəffəqiyyət
qazanmış" tamaşası tərif edilirdi və
müxbiri daha artıq heyran qoyan zalın doluluğu idi:
"Gözlənildiyindən də çox
tamaşaçı gəlmişdi və zalın
tutduğundan da çox adam vardı".
Əgər beləymişsə, zalda bircə boş
yer yoxmuşsa, bu, bir tərəfdən Bakı
aktyorlarının gözəl oyunu ilə bağlı idisə
də, digər yandan Ərəblinskinin tədbirliliyi,
uzaqgörənliyi ilə əlaqədardı - o,
truppasını elə məhəllədə yerləşdirmişdi
ki, aktyorlar sabahkı tamaşaçılarına lap yaxın
idilər, onlar ikibir-üçbir mehmanxanadan
çıxıb küçələrdə addımlayanda
sabah onları səhnədə seyr edəcək insanlar
dayanırmış, uzun müddət onların sadəcə
necə keçib getmələrini izləyirlərmiş.
Aktyorların küçədə, meydanda hərəkətləri
belə onlara elə səhnədəki
çıxışları kimi maraqlı gəlirmiş.
Ərəblinski truppasının qastrolları
"Zaqafqaziya"nın daimi diqqətindəydi və qəzetin
17 iyun sayında mühüm mətləblərə toxunan bir
məqalə də işıq üzü
görmüşdü. Yazanı XX əsrin əvvəllərində
rusdilli Bakı və Tiflis mətbuatında imzası tez-tez
görünən, vətənpərvər və mübariz
jurnalist, publisist, araşdırıcı Hüseyn Minasazovdu
(1881-1932). O, "Müsəlmanların səhnəyə
münasibəti" adlı essesində Ərəblinski
truppasının İrəvanda verdiyi tamaşaları
ayrı-ayrılıqda təhlil etmirdi. Minasazovun tamaşalara
da, ifalara da münasibəti müsbət idi, çünki
sonrakı aylarda və illərdə də dəfələrlə
Hüseyn Ərəblinskinin özü haqqında da,
truppasının tamaşaları barədə də dönə-dönə
məqalələr yazır, ürək genişliyi ilə
onları göylərə qaldırır. Ancaq Minasazovu bu məqaləsini
yazmağa vadar edən qəlbindəki bir ziyalı
narahatlığı idi. Məqaləsini belə
başlayırdı ki, müsəlmanların adətən
çox getdikləri üç yer var: hamam, məscid, bir də
teatr. Davam edirdi ki, ziyalılar məscidə çox getməz,
hamama da ara-sıra baş çəkərlər və
onların məscidə getməməklərini də, hamama da
yollarını hərdən-birdən salmalarını
başa düşmək mümkündür. Amma nədəndir
ki, onlar teatrdan da uzaq qaçırlar, Allaha and olsun ki, bunu
anlamaqda acizəm.
"İlk peşəkar müsəlman artist"
adlandırdığı Hüseyn Ərəblinski haqqında
yazırdı ki, gələcək nəsillər ona
"sağ ol" deyəcək, amma hələ ki, müasirlər
onu başa düşmür və qiymətləndirmirlər".
"Nadir şah" tamaşasından söz
açırdı ki, İrəvan şəhər klubunda
göstərilən həmin pyesə gedib baxdım, zal saya
adamlarla ləbələb idi, ancaq tamaşaçılar
arasında ziyalılar gözə dəymirdi. Köhnəlməz
sözlərdir, olduğu kimi iqtibas gətirirəm: "Teatr
ruhi tələblərə müəyyən qədər də
olsa cavab verirsə, təəccüb etməli olursan ki, nədən
xalqın yuxarı təbəqəsindən daha çox
aşağı təbəqəsi bu ehtiyaclarının ödənməsi
üçün can atır".
Bu məqamda yenə Ərəblinskinin bir cəmiyyət
və insanşünas kimi necə itifəhmli olmasını
qeyd etmək lazım gəlir. Sidqi Ruhulla həmin İrəvan
qastrolları haqda xatirələrində bunu da yazır ki, elə
şəhərə çatıb mehmanxanada yerləşəndən
sonra Ərəblinskinin ən əvvəlinci işlərindən
biri başının dəstəsi ilə birgə yerli
ziyalıların görüşünə getməsi
olmuşdu.
Çünki Ərəblinski digər
oçağkı və daha irəlidəki dövrlərdə
olan maarifçilərimiz sayaq daxilən millət quruculuğu
işlərinə köklənmişdi və teatra da sadəcə
insanları əyləndirmək vasitəsi deyil, cəmiyyəti
yetişdirmək, səfərbər etmək aləti kimi
baxır, bu yolda ziyalı vəhdətini ən zəruri amillərdən
sayırdı.
Minasazov da gənc olmasına baxmayaraq, artıq
müdrikcə düşünən qələm sahibi idi, o da
eyni qənaətdə idi, tamaşa zalında ziyalıları
umduğundan daha seyrək görüncə narahat olurdu.
İstəyirdi ki, öndə gedənlər, cəmiyyətin
işıqlı balaları teatra yaxın olsunlar,
çünki onlar ən azı tamaşalara getməkləri
ilə əslində aktyorlara, teatra dayaq durmuş olurlar və
bunu da təəssüflə qeyd edirdi ki, bizim camaatda teatra həvəs
var, gedirlər də, seyr edirlər də, hətta zövq də
alırlar. Amma aktyora yuxarıdan aşağı baxır,
artistliyi mütrüflük sayırlar, camaatın çoxu
aktyorluğu elə avaraçılıq hesab edir. Birinə
söyləsən ki, gəl aktyor ol, deyəcək ki, mənim
orada nə işim var, öz peşəm var, çəkməçiyəm,
dolanışığım buradan çıxır. Və
Minasazov məqaləsini bir heyrəti ilə
tamamlayırdı: "Mat qalırsan ki, Ərəblinski
truppasını, özü də ürəyi və təfəkkürü
olan artistlərdən ibarət dəstəsini hansı
möcüzə ilə toplaya bilib. Həm də elə bir
şəraitdə ki, artıq onu bizimkilərə xas
paxıllıq, intriqa, sözgəzdirənlik və digər
bütün bu qəbil "lətafətlər"
mühasirəyə alıb. Bu, qəlb incidir, gərək belə
olmaya".
...Teatr işinin, aktyorluğun yüz cür çətinlikləri,
saysız maneələri vardı, hamısına
dözürdülər. Ancaq Minasazovun da ürəyini
ağrıdan müşküllər get-gedə daha çox
ortaya çıxırdı ki, bunlara tab gətirmək bəlkə
də o biri sıxıntılara dözməkdən daha
ağırdı. Bədxahlıqlar, gözügötürməzliklər,
riyakarlıqlar o biri əngəllərlə bərabər
artıq sabit müşayiətçiyə çevrilirdilər.
O biri sıxıntıları nə şəkildəsə
arxada qoyub irəliləmək mümkün idi. Ancaq birilərin
kölgəsi qalırdı, açdığı yaralar daha
dərinə işləyirdi. Hüseyn Ərəblinski də
qısa ömrü içərisində bu cür
dedi-qoduların, şayiələrin, böhtanların, rəzil
hücumların dəfələrcə hədəfi
seçildi. Və bütün bu nisgillərin hər biri,
heç şübhəsiz ki, onun sənətinə də təsir
edirdi. Bəlkə daha parlaq ifa edə biləcəyi bir
tamaşanı qanıqaraçılıq ucbatından daha
sönük oynayırdı, amma başqa yol yox idi.
Bütün bunlara da səhnənin, teatrın xatirinə
dözmək lazım idi (Bir şübhə də daim
içərimdə dolaşır ki, ola bilsin, dayısı
oğlunu ona qəsd etməyə qızışdıran, təhrik
edən də guya Xalıqın kişilənməsi, öz aləmində
qeyrətə gəlməsi deyilmiş, məhz elə Ərəblinskinin
sağında-solundakı həsəddən partlayanlar, onun
parlaqlığından gözü deşilənməkrlilərmiş).
...1909-cu ilin avqustunda Hüseyn Ərəblinskinin
truppası varid olmuşdu Batuma. Burada bir neçə
tamaşa vermək istəyirdilər. Ancaq elə ilk
tamaşaları uğursuz olmuşdu. Yəni tamaşanın
özü uğursuz olmamışdı, həmişəki
kimi, ifaları məharətli idi. Ancaq tamaşa zalı
boş idi. Çünki vaxt o vaxt deyildi. Avqust ayının
15-də "İttifaq" qəzeti Ərəblinski
truppasının Batumdakı tamaşa haqqında məqaləsində
yazırdı ki, təəssüf ki, yay ucbatından, əhalinin
çoxunun kənarda istirahətdə olması səbəbindən
zal tamaşaçısız idi.
Tamaşa zalının boş olması isə o demək
idi ki, biletlər satılmayıb, biletlər
satılmırdısa, deməli, gəlir də yox idi. Onsuz da
bilet satışından toplanan vəsait yeməklərinə,
mehmanxana məsrəflərinə, yol xərclərinə
zorla çatırdı. Batumdakı belə uğursuzluq, əlbəttə,
təşviş yaratmaya bilməzdi. Ancaq yenə ümidlərini
Vladiqafqaza bağlamışdılar ki, bəlkə orada
işləri avand gətirə. Di gəl, bunun fikrini elədikləri
yerdə qarşıya başqa daha qəliz məsələlər
çıxır. "Kaspi" qəzeti elə həmin
1909-cu ildə çıxan 182-ci sayında bir məqalə dərc
eləmişdi. "Kaspi" qəzeti rus dilində
çıxırdı, demək, oxucusu çox, yayılma əhatəsi
də genişdi. "Kaspi" qəzetinin dərc etdiyi məqalə
Azərbaycan artistlərinin Vladiqafqaz səfəri və
bilavasitə Hüseyn Ərəblinski haqqında idi. Məqaləni
də "Kaspi" qəzetinin hansısa əməkdaşı
öz şəxsi müşahidələri əsasında
yazmamışdı - "Terek" qəzetində
çıxmış bir məqaləyə isnad edilirdi. Yəqin
ki, "Terek" qəzetinə də o məqalə fitnəkar
üsullarla ötürülmüşdü və belə
görünür ki, həmin məqaləni "Terek" qəzetində
çıxartdıranlar qəsdlərinin növbəti mərhələsi
kimi xəbərin Azərbaycanda yayılışı istiqamətində
də əməlli-başlı əlləşmişdilər.
"Terek"i Bakıda oxuyan kim idi, heç o qəzet bura gəlib
çıxırmışmı? Ancaq iblislərə
lazım idi ki, hökmən bu xəbər Bakıda
yayılsın. Və "Kaspi" qəzeti "Terek"də
yazılanları tam həqiqət kimi qəbul edərək Azərbaycan
oxucusuna da təqdim edirdi ki, Vladiqafqazda bir neçə
uğursuz tamaşa verəndən sonra Hüseyn Ərəblinski
orada aktyorları pulsuz-pənəsiz qoyaraq özü
qayıdıb gəlib Bakıya. Mövzunu Bakıda qəzet səhifəsinə
çıxarmağa nail olan xəbis qüvvələr əl
çəkmirlər. "Kaspi"nin növbəti
saylarında da mövzu davam etdirilir. Nişangahda Hüseyn
Ərəblinski və truppasıdır. Həm də hər
növbəti sayda boyalar bir az da tündləşdirilir,
oxuduqca da lap indinin adamı belə hiss edər ki, bu
yazılanlardan daha çox şayiə, böhtan, dedi-qodu iyi
gəlir, bəhs edilənlər bir-biri ilə uzlaşmır,
məntiq sadəcə laxlaq deyil, yerli-dibli yoxdur. Bir tərəfdən
yazırlar ki, tamaşalara gələn olmayıb, biletlər
satılmayıb, aktyorlar pulsuz qalıb, ödəniş edə
bilmədiklərindən onları mehmanxanadan da
çıxarıblar, hamısı küçədə gecələməli
olub, bilet alıb Bakıya qayıtmağa belə pulları
yoxdur, digər tərəfdən də iddia edirlər ki, guya
Ərəblinski əvvəlcə teleqrafla Bakıya, ailəsinə
700 manat göndərib, sonra da antreprenyor - yəni heyətin rəhbəri,
icarədarı olmasına baxmayaraq, onları orada elə kimsəsiz,
köməksiz halda qoyaraq qayıdıb gəlib Bakıya,
işlərinin ardınca. Hanı buradakı məntiq? Əcəba,
tamaşaya biletlər satılmayıbsa, o boyda pul necə,
haradan yığıla bilərdi?
Qarayaxmaçılığın köhnə,
sınanmış üsullarıdır. Çirkabı at təmiz
adamın üstünə, bacardıqca bol elə, qoy qalsın
çabalaya-çabalaya, beşi inanmasa da, üçü
inanacaq, bir çoxları da hətta şər atılan
adamı yaxşı tanısalar da, ən azı tərəddüdə
düşəcəklər ki, od olmayan yerdən tüstü
çıxmaz, demək, ortada nəsə var. Və nəhayətdə
heç nəyə nail olmasalar belə, həmin şərçilər
istənilən halda məqsədlərinə
çatmış sayılacaqlar - rəqib, düşmən
hesab etdikləri şəxsi hövsələdən
çıxardılar, əsas işindən ayırıb
qalmaqallara qatdılar, həmişə adı yalnız
yaxşılığa çəkilmişdisə, indi onu bir
müddət mənfi hay-küylərə tuş qoymağa
nail oldular, belə ki, bundan sonra istənilən uğurundan bəhs
ediləndə indiki qəziyyədən də hökmən
danışılacaq, demək, atılmış ləkə nə
qədər təmizlənsə də, izi solğun şəkildə
olsa belə sezilməkdə davam edəcək.
Nurluların üstünə qısqırdılan,
istedadlılara, qabillərə diş qıcadan o cür mənhusların
- Ərəblinski dövründəkilərin də, o
çağdan əvvəlkilərin də, sonrakıların
da, indiki və sabahdakıların da (əlbəttə yenə
olacaqlar! Ata-babalar olubsa, nəvə-nəticə də
mütləq törəməlidir) lənətləri
heç vaxt əskik olmasın!
Hüseyn Ərəblinski göz qabağında olan məşhur
şəxsiyyət idi, kütlənin də qəzet
sözünün ardınca olduğu əyyamlardı. Həm
də dinmədikcə şitənirdilər və
şeytanlıqlarının dairəsini genişləndirirdilər,
artıq sözdən rəsmə də keçmişdilər.
"Zənbur" dərgisi 1909-cu il 17 sentyabrda çıxan
sayında 4 karikatura dərc etmişdi və hər birində
Ərəblinski ön planda idi.
İçi irinlilər zəhərli oxu
atmışdılar, biganə qalmaq yeri deyildi və Ərəblinski
də bu ardıcıl həmlələrə cavabını
yubatmır. "Kaspi" qəzetinin 1909-cu il sentyabrın 20-də
çıxan 210-cu nömrəsində Hüseyn Ərəblinskinin
"Məcburən yazılmış cavab" adlı
müraciəti dərc edilir. Yazır ki, mən doqquz ildir səhnədəyəm.
Səhnəyə hər şeyimi qurban vermişəm və
bu həqiqəti də məni tanıyanların,
yoldaşlarımın hamısı bilir. "Kaspi" qəzeti
belə xəbər yayıb ki, guya mən Vladiqafqaza
truppanı antreprenyor olaraq aparmışam. Ən birinci yalan elə
budur. Çünki mən qastrolatruppanın
başçısı deyil, bir aktyor və rejissor kimi yola
düşmüşəm. Truppanın antreprenyoru Ruhulla Axundov
olub. Hətta Vladiqafqaza yola çıxmazdan qabaq maddi vəziyyətimizin
yaxşı olmadığını, qarşıdakı
qastrolunda ümidvericiliyinin azlığını
düşünərək çalışırdım ki,
yoldaşlarımı bu fikirdən daşındırım.
Ancaq onlar israr etdilər ki, yox, hər şey yaxşı
olacaq, orada bizə kömək eləyən dostlar var. Ancaq
Vladiqafqaza getdik, elə vəziyyət yarandı ki, biletlər
satılmadı, tamaşalar uğursuz keçdi, işin tərsliyindən
Sidqi Ruhulla da çox ağır naxoşladı, mən onu xəstəxanaya
yerləşdirdim.
Və bu yerdə bir anlığa Ərəblinskinin
"Kaspi"dəki açıq məktubundan aralanaraq Sidqi
Ruhullanın həmin günlərlə əlaqədar xatirələrini
şahid ifadəsi kimi qaldıraq. Sidqi Ruhulla yazır ki, mənim
vəziyyətim çox ağır idi. Ona görə
Hüseyn Ərəblinskiyə dedim ki, siz məndən
ötrü daha dayanmayın, qayıdın Bakıya.
Yəni can yiyəsi Sidqi Ruhulla özü Ərəblinskinin
dediyini təsdiq edir.
Hüseyn Ərəblinski "Kaspi"dəki
yazısında guya suflyora şillə vurmasının da digər
bir yalan olduğunu, nəinki Bakıya pul
yolladığını, əksinə, teleqrafla oradan ona
yolpulu göndərməyi xahiş etdiyini, özü
qayıtmazdan əvvəl aktyor yoldaşlarına da başqa
çıxış yolunun qalmadığını, onun kimi
dost-tanışdan borc alaraq geri dönməyi tövsiyə
etdiyini bildirirdi.
Hüseyn Ərəblinski bəyan edirdi: "9 ildir ki,
mən bu yolda cib maraqlarına görə, şöhrət
xatirinə deyil, sənətə məhəbbət naminə
işləyirəm. İndi icazə verin soruşum - mənim əleyhimə
bir belə yalan və iftiranı uydurmaqda məqsəd nə
imiş? Mən ictimai rəyin məhkəməsinə
müraciət edirəm. Qoy məni yaxşı tanıyan
insanlar xalq mühakiməsi qarşısında şahidim
olsunlar. İctimai rəy həmişə həqiqəti
tapacaq və günahkarları damğalaya biləcək".
Oçağacan yaşadığı ömrün ən
həlledici sözünü dilə və qələmə gətirərək
yazırdı ki, mən səhnəni, teatrı ömrümdən
də çox sevirəm. Ona görə də bu
böhtanı heç cürə üstümə
götürə bilmərəm. Təklif eləyirəm ki,
"Nicat" cəmiyyətində bir yoldaşlıq məhkəməsi
qurulsun. "Terek" qəzetinə, "Kaspi"yə o məlumatı
verənlər də gəlsin. Mən və digər aktyor
yoldaşlarım da gələk, həqiqət ortaya
çıxsın. Əgər "Terek"də,
"Kaspi" qəzetində yazılanlar, bu ətrafda
söylənənlər doğru çıxsa, onda mən
doqquz il boyunca həyatımı bağladığım,
ömrümü qurban verməyə hazır olduğum səhnədən
ayrılmağa hazıram.
"Kaspi" qəzetində elan da çıxır,
"Nicat" cəmiyyəti teatr bölməsinin zalında
keçiriləcək yoldaşlıq məhkəməsinin
vaxtı da təyin edilir. Ancaq yoldaşlıq məhkəməsi
baş tutmur. Cahangir Zeynalov (1865-1918), Məhəmməd
Əlvəndi (1872-1918), Əbülfət Vəli (1871-1918),
Əzim Əzimzadə (1880-1943), Hacı İbrahim Qasımov
(1886-1936) irəli düşüb münsiflik edirlər, bu həngamənin
böyüməməsinə, bir az da şişirdilməməsinə
çalışırlar və barışıq yolu ilə
höcətləşməni səngitməyə müvəffəq
olurlar.
Bəli, münaqişə sanki bununla bitir. Ancaq bu əhvalat
müsəlmanın yadına meymunu salmaq kimi bir şey idi. Qəzetin
səhifələrindəki yazılar qalır, insanların
yaddaşından ki onu silmək mümkünsüzdü.
Ərəblinskinin onsuz da əsəbləri tarıma çəkilmiş
ömründə belə mərdümazar hərəkətlərin
hər biri hər dəfə yada düşdükcə təzədən
hirsləndirirdi, yenidən yuxu qaçırırdı, bir
daha ürək bulandırırdı.
Gərginliklə dolu həyatlarında sevinc o qədər
boldumu ki, hələ durmadan bu təhər namərdliklərə
də ürcah olaydılar?!
Sənətkara gendən baxanda, dərinə getməyib
üzdən yanaşanda sanki hər şey gözəldir.
Sanki onların hamısı xoşbəxt insanlardır.
Müğənni səhnədə oxuyur. Aktyor
tamaşaçıların qabağındadır.
Çöhrəsindən bəxtiyarlıq yağır,
gülür, qəhqəhə çəkir. Ancaq xəbərin
yoxdur ki, o anlarda o insanın içərisində nələr
gizlənib, şəxsi həyatında hansı acıları
yaşayır. Bəlkə də üzü gülən o
insanın içərisi qan ağlayır. Bəlkə də
dodağı təbəssümlüykən nəğmələr
oxuyan bir xanəndənin, bir şərqiçinin içərisində
minbirələm qövr edir? Ancaq insanlar
qarşısındadır, o, şövqlə oxuyub
başqalarına da ilham verməlidir, onun qəm-qüssəsi
camaata gərək deyil. Şəxsi hisslərini gizlətmək
onun peşə vəzifəsidir. Gərək
gülümsünsün, gərək içərisi kədərlə,
sancılarla yüklənmiş olsa da, camaata xoş ovqat
bağışlasın. Hüseyn Ərəblinski və onun
silahdaşları da belə idilər. Onların boynuna yüz
cür məişət qayğıları şələlənmişdi,
ancaq səhnəyə çıxırdılar, başqa
ömürləri yaşayırdılar və o ömürləri
elə yaşamalıydılar ki, hər şey tam gerçəkçi
görünsün. Və bunu da etməyi bacarırdılar.
Ancaq gündən-günə nə qədər
püxtələşsələr də, ifaları nə qədər
cilalansa, mükəmməlləşsə də, buna qane
olmurdular - durmadan arayıb-axtarırdılar, özləri
özlərini yetişdirirdilər. Hüseyn Ərəblinski
usanmadan həm öz üzərində işləyirdi, həm
də çalışırdı ki, məsləkdaşlarını,
xüsusən özündən daha gəncləri daim tərpətsin,
onları daha çox öyrənməyə yönəltsin.
Hüseynqulu Sarabski həmin cavanlardan, o səhnə aşiqlərindən
idi ki, Ərəblinski ona ən dərin rəğbətlər
göstərir, dostluq edir, onda həm də özünü
görürdü. Sarabski xatırlayırdı ki, Ərəblinski
məni tez-tez rus teatrlarına, tamaşalara aparırdı ki,
baxım, öyrənim. Günlərin birində o məni
istedadlı bir rus aktyoru ilə tanış etdi. Ərəblinski
məni təqdim edərək "aktyor
yoldaşımdır" deyəndə həmin rus artist
çox təəccübləndi ki, aktyorun da bu boyda
bığı olar?
Həqiqətən də, Hüseynqulu Sarabskinin
köhnə şəkillərinə baxsanız, görəcəksiniz
ki, Koroğlununku kimi eşmə bığları var.
Sarabski yada salırdı ki, rus aktyorun bu iradını
eşidincə çox pərt oldum. Həmin aktyordan
aralanınca Ərəblinski qayıdır ki, Sonqulu,
görürsən, hətta başqaları da sənə irad
tutur, yaxşı, heç olmasa, tamam qırxdırmırsan,
üstündən bir az aldır ki, qrim eləyəndə də
çox çətinə düşməyəsən, kobud
görünməsin. Hüseynqulu Sarabski bunu da əlavə
edir ki, rus aktyorun həmin iradı məni necə
tutmuşdusa, elə o gün getdim bərbərə, bir az
bığlarımın uclarından kəsdirdim,
üstünü yüngüllətdirdim. Ertəsi gün
İçərişəhərdə çıxdım
küçəyə, sağdan gələn bir söz
atdı, soldan gələn bir mız qoydu, böyürdən
keçən dodaqaltı mırıldandı ki, buna bax,
gör bığını nə kökə salıb.
Yəni Azərbaycan aktyoru bu vəziyyətdə idi. Hər
hərəkətinə bir əmma
yapışdırırdılar, hər tərpənişinə
bir şəbədə qoşurdular, bığından
tutmuş məişətinəcən hər işdə sanki
ətrafındakılar qarşısında cavabdehliyi
vardı. Fəqət hamısına qatlaşmalı, dözə-dözə
də gözəl sənət yaratmalıydı.
...Vaxtilə böyük şəhərlərdə,
o sıradan Bakıda, nəinki Bakıda, Azərbaycanın ən
müxtəlif rayon mərkəzlərində də
küçələrdə şüşəli vitrinlər
vardı. Ora gündəlik qəzetləri
yapışdırardılar. İnsanlar dayanardı,
oxuyardı, mətbuatı, xəbərləri insanlara
yaxın eləməyin vasitələrindən biri də bu
idi. Daha o ənənə itib gedib. Ancaq XX əsrin əvvəllərində
Bakının küçələrində bu cür afişa
dirəkləri çox idi. Afişa dirəklərinin
qarşısında insanlar dayanardı, o afişalardakı
adları qəzetdə ən maraqlı məqaləni
mütaliə edən kimi oxuyardı. Teatr həvəskarları
üçün bu afişalar sadəcə hansısa
tamaşalardan xəbər verən soraqçı deyildi.
Afişaların çevrəsinə toplaşınca istər-istəməz
söhbət qızışardı, rolları ifa edəcək
aktyorların adlarını oxuduqca başlayırdılar
onların hansısa tamaşalarını xatırlamağa, nələrisə
müzakirə eləməyə, hansısa ifadələrini
onlar kimi təkrarlamağa çalışmağa. XX
yüzilliyin əvvəllərində Bakı küçələrindəki
afişa dirəkləri özü ayrıca bir mədəniyyət,
müstəqil bir mədəniyyət təbliğatçısı
idi.
Və başqa başağrıları azmış
kimi, nəhs günlərin birində Hüseyn Ərəblinski
afişaya görə də bəlaya düşəcəkmiş.
Bunun əks-sədasını da mətbuat hifz edib.
1912-ci il mayın 3-də "İqbal" qəzetindəki
bir xəbər diksindirir: Bakı qradonaçalnikinin - şəhər
polis idarəsi rəisinin əmri ilə küçələrdə
afişa yapışdırmaq qaydasını pozduğuna
görə cənab Hüseyn Ərəblinski 10 manat cərimə
ödəməlidir. Əgər həmin cəriməni ödəyə
bilməsə, iki gün həbsdə yatmalıdır.
Millətin yaddaşında ülvi sənətkar, zirvə
kimi qalan Hüseyn Ərəblinskinin gündəlik həyatı
belə idi. Hər addımda bu cür çək-çevirlər,
qısma-boğmalarla üzbəüzdü və tarixdə həmişə
qalacağı zirvəyə də aşılması
müşkül saysız maneələrin cəngəlliyindən
keçərək çatmışdı. Dişiylə-dırnağıyla
dikəldiyi həmin quruca zirvəni də ona çox
görürdülər. Ərəblinski səhnədə
bir-birindən mürəkkəb taleləri öz ömrü
kimi vicdanla yaşayırdı, cığal həyatsa onunla
qaydalar gözləmədən hər gün bir ayrı oyun
oynayırdı.
25 may 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 28 may,№93.-S.10-11.