Xalq yazıçısı İlyas
Əfəndiyev məzarı önündə anılıb
Xalq yazıçısı, milli
dramaturgiyamızın inkişafında misilsiz xidmətləri
olan İlyas Əfəndiyevin anadan olmasının 110 ili tamam
olur. Bu münasibətlə Fəxri xiyabanda ədibin məzarı
ziyarət edilib, xatirəsi ehtiramla anılıb.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov,
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram
Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə, Xalq artisti Bəsti Cəfərova,
Əməkdar incəsənət xadimi, professor Məryəm
Əlizadə, Xalq artistləri Mərahim Fərzəlibəyov
və Nurəddin Mehdixanlı, Azərbaycan Milli
Kitabxanasının direktoru, professor Kərim Tahirov İlyas
Əfəndiyevin şəxsiyyəti və
yaradıcılığı barədə danışıb,
onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd olunub ki, XX əsr Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətləri olan, zəngin
yaradıcılığı ilə ədəbiyyatımıza
misilsiz töhfələr bəxş etmiş ölməz sənətkarımız
İlyas Əfəndiyevin əsərləri tariximizin və
müasir dövrümüzün bədii salnaməsidir
Bu böyük şəxsiyyət milli nəsrin və
teatr sənətinin inkişafında xüsusi xidmətlər
göstərib, "İlyas Əfəndiyev teatrı" isə,
bütöv bir aktyor və rejissor nəslinin yetişməsində
misilsiz rol oynayıb.
İlyas Əfəndiyevin yaratdığı əsərlər
bu gün də öz aktuallığını qoruyub
saxlayır. Ədib bütün yaradıcılığı
boyu azərbaycançılıq ideyasını,
xalqımızın zəngin mənəviyyatını təbliğ
edən əsərlər yazıb.
Böyük ədibin yaradıcılığı
dövlətimiz tərəfindən hər zaman yüksək
qiymətləndirilib. O, Xalq yazıçısı fəxri
adına, Dövlət mükafatına, "Şöhrət"
ordeninə layiq görülüb.
Azərbaycan dramaturgiyasında "lirik-psixoloji təmayül"ün
yaradıcısı olan İlyas Əfəndiyevin zəngin
yaradıcılığı yeni aktyor və rejissor nəslinin
yetişməsində böyük rol oynayıb.
Ədibin ailəsi adından çıxış edən
Günay Əfəndiyeva Mədəniyyət Nazirliyinin, Azərbaycan
Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram
Teatrının rəhbərliyinə təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2024.- 28 may,№93.-S.9.