Tacikistan-Azərbaycan
əlaqələri: etibarlı və dayanıqlı
münasibətlər
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlərin
əsası 1992-ci il may
ayının 29-da qoyulub. 2007-ci ilin avqust ayında Azərbaycanın
Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi
fəaliyyətə başlayıb. 1998-ci may-də Ümummilli lider Heydər
Əliyevin 75 illik yubileyi çərçivəsində
Tacikistanın baş nazirinin müavininin
başçılıq etdiyi nümayəndə heyəti
Bakıda səfərdə olub. 1996-1999-cu illərdə
"BMT ilə ATƏT arasında əməkdaşlıq
haqqında" qətnamə layihəsində Dağlıq
Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu
təsdiqləyən, mühüm əhəmiyyət kəsb
edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.
10 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin rəhbərlərinin VIII
zirvə görüşündə iştirak etmək
üçün Tehranda səfərdə olarkən Tacikistan
prezidenti Emoməli Rəhmanovla görüşüb. Görkəmli
dövlət xadimi Heydər Əliyevlə görüşdən
məmnun qaldığını xüsusi qeyd edən Tacikistan
prezidenti hüquqi demokratik dövlət qurulması və
islahatların uğurla yerinə yetirilməsi sahəsində
Azərbaycanda həyata keçirilən tədbirlərə
böyük maraq göstərdiyini vurğulayıb.
Görüş zamanı Prezidenti Heydər Əliyev bildirib:
"Hər iki gənc müstəqil respublikanın nüfuzlu
beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim
müdafiə etməsinin böyük əhəmiyyət
daşıdığını nəzərə
çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam
Konfransı Təşkilatının VIII zirvə
görüşü həm Azərbaycanın, həm də
Tacikistanın qarşılaşdığı problemlərin
tezliklə aradan qaldırılmasına kömək edən sənədlər
qəbul edəcəkdir".
Vətən müharibəsindən sonra Azərbaycanın
nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur
dəhlizinin reallaşdırılması məsələsi
ölkəmizi Şərqlə Qərb arasında
mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi
deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən,
bir qədər də uzağa getsək, Çindən Avropaya
gedən ən qısa və təhlükəsiz tranzit
daşımalar məhz ölkəmizin ərazisindən həyata
keçirilir, bu da Azərbaycana marağı getdikcə
artırır.
Ölkələrimiz arasında əlaqələrin
inkişafında Azərbaycan Prezidenti cənab İlham
Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun
şəxsi dostluq münasibətləri mühüm rol
oynayır. Bu baxımdan qeyd etməliyik
ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə
növbəti işgüzar səfəri münasibətlərin
dinamik inkişafı baxımından olduqca önəmlidir.
Xüsusilə qeyd etməliyik ki, hələ keçmiş
SSRİ-nin tərkibində olan zaman hər iki ölkə
müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan
müstəqil olduqdan sonra da bu müttəfiklik davam
etmişdir. Mədəni sahədə qarşılıqlı
əlaqələrin möhkəm təməli mövcuddur.
Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində
yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda
tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini
çox yüksək qiymətləndirirlər.
Bu gün Azərbaycan və Tacikistan arasında
münasibətlər yüksək inkişaf mərhələsini
yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye
kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər
ölkələrimiz arasında əməkdaşlığın
mühüm istiqamətlərini təşkil edir. Qeyd etmək
lazımdır ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun
ölkəmizə səfəri çərçivəsində
əməkdaşlığın vacib sahələrini əhatə
edən bir çox sənədlər imzalandı.
İki ölkə arasında imzalanan sənədlər
onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında
ikitərəfli münasibətlər yüksələn xətlə
inkişaf edir.
23 may 2024-cü il tarixində imzalanmış
mühüm əhəmiyyət kəsb edən Azərbaycan-Tacikistan
sənədləri aşağıdaklardır:
• “Azərbaycan Respublikası ilə Tacikistan
Respublikası arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamə”;
• “Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan
Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi
arasında Anlaşma Memorandumu”;
• “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında
İcra Xidməti arasında məhkəmə
aktlarının və digər orqanların aktlarının
icrası sahəsində əməkdaşlıq haqqında
Memorandum”;
• “Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti
yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi
arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”;
• “Azərbaycan Respublikası Hökuməti ilə
Tacikistan Respublikası Hökuməti arasında sənaye
mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq
haqqında Saziş”;
• “Azərbaycan Respublikası Hökuməti ilə
Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal
ticarət sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu”;
• “Azərbaycan Respublikası Hökuməti ilə
Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində
əməkdaşlığa dair Saziş”;
• “Azərbaycan Respublikası Hökuməti ilə
Tacikistan Respublikası Hökuməti arasında
informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq
haqqında Saziş”.
Həmçinin keçən bir neçə ilə
nəzər salsaq, 2022-ci ildə Azərbaycanın Tacikistan ilə
ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ
dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə
ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil
edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar,
Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya
qoyulub.2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min
ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac
edilib. Azərbaycan ilə Tacikistan arasında beynəlxalq
avtomobil daşımalarının həyata keçirilməsi
üçün kvota çərçivəsində
aşağıdakı “Giriş, çıxış və
tranzit keçid üçün - 150 ədəd” və
“3-cü ölkəyə/ölkədən - 100 ədəd”
icazə blankı mübadilə edilir.
Bütün bunlar göstərir ki, iki ölkə
arasında münasibətlərin inkişafı yaxşı
perspektiv vəd edir və bunun üçün böyük
potensial mövcuddur.
Rafiq MƏMMƏDOV
Əməkdar müəllim, “TƏRƏQQİ”
medalı
525-ci qəzet.- 2024.- 28 may,¹93.-S.6.