Qoxular
hekayə
Telefonu cükküldədi. Bu nə mesaj səsi idi, nə
də zəng. Təqvimdən xəbərdarlıq gəlmişdi
ki, cümə günüdür. Bir ay öncə öz əli
ilə yazdığı qeydi oxudu: "Ruhumun
günü!" Hələ yatağından
qalxmamışdı. Yuxulu idi. Bir az da halsız. Amma bircə
bu cümlə bəs etdi ki, üzünə gözlərinin
içinə kimi gülümsədiyi bir təbəssüm
yayılsın. Tez örtüyü üstündən
atdı. Yerindən qalxıb başmaqlarını geyindi.
Mışıl-mışıl yatan həyat
yoldaşının üstünü örtüb
barmaqlarının ucunda otaqdan çıxdı. İç səsi
daxilində pıçıldayırdı: "Bu gün fərqli
olacaq! Afərin, qız! Günə möhtəşəm
enerjiylə başlamaq nə gözəl!"
Vanna otağında suyu açdı. Suyun
şırıltılı səsi onu bir neçə ay
öncəyə apardı. Təxminən bir ay olardı ki, bu
hamamda əlləri əsə-əsə nazik kiçik testə
sidiyindən bir damcı damızdırıb nəticəni
gözləmişdi. Həmin an ona elə gəlirdi ki, maye
axıb dəliyi doldurana, orda da xətlər yaranana qədər
dəqiqələr deyil, illər keçdi. Gözünün
qarşısında peyda olan ikinci solğun, açıq
çəhrayı xəttə necə sevinmişdisə, hələ
tarım olan qarnını qucaqlayıb
ağlamışdı. Bu anı illərdir, gözləmişdi.
Aman Allah, bətnindəki bu bapbalaca cücərti ruhunu necə
isidirdi... Möcüzə idi... Elə o dönəmdən də
hərəkətli olan həyat tərzində xeyli dəyişiklik
baş verdi. Artıq həftənin şənbə
gününü sırf özünə
ayırmışdı. Həmin gün ancaq ürəyinə
yatan təamları dadır, əvvəllər həyata
keçirmədiyi, amma arzusunda olduğu bir işlə məşğul
olur, sevdiyi insanlarla görüşürdü. Bir sözlə,
ruhuna xoş gələcək hər nə varsa, edirdi. Sonra bir
həftə boyunca həmin gündən aldığı
enerji ona bəs idi. Bir maraqlı vərdişi də
yaranmışdı bu ərəfədə. Həmin gün
görəcəyi hər işi, gedəcəyi hər yeri,
görüşəcəyi hər kəsi
düşünüb-daşınıb öncədən
bloknotunda qeyd edirdi.
Əl-üzünü qurulayıb vanna otağından
çıxdı. Üstü gümüşü pulcuqlu
bloknotunu açıb yalnız özünün
anlayacağı qeydlərə göz atdı:
südlü-darçınlı qəhvə, isti smit, kitab
mağazası, gül dəstəsi. Qeydlərin sonunda da
ürək formasıyla haşiyələdiyi
"Günün gözəl keçsin, əzizim!"
cümləsini yazmışdı. İsti qəhvəni
buğlana-buğlana fincana süzəndə mətbəxi
xoş bir ətir bürüdü. Qəhvəsini içdikdən
sonra əhvalı bir az da yüksəlmişdi. Bu aralar qoxulara
qarşı o qədər həssas idi ki. Kor adamlar
dünyanı səslərlə qavradığı kimi, o da
dünyanı qoxularla duyurdu. Əvvəllər adi reaksiya
verdiyi qoxular indi onun üçün məşəqqətə
çevrilmişdi. Biri elə həyat yoldaşından gələn
spesifik kişi qoxusu. Bu qoxuya görə beyni elə
zoqquldayırdı ki, az qalırdı evdən qaçsın.
Ona görə də gecəli-gündüzlü əriylə
gizlənqaç oynayırdı. Bir dəfə bu barədə
dilucu ərinə etiraf da etmişdi. O yazıq da özəl
durumundan dolayı anlayışla qarşılamış, həmin
gündən əlnə keçən ətirləri,
antiperisperantları bədəninin həssas yerlərinə
vurmuşdu. Amma bu spesifik qoxunu heç cür ört-bas etmək
mümkün olmamışdı. O gün ağlına gələn
fikir də beynini lap bulandırdı. Düşünə-düşünə
qalmışdı: "Görəsən, bütün
kişilərin bədən qoxusu eyni cür olur?"
İdman tərzində olan rahat geyimlərini geyinib
havaya çıxdı. Qarnı yumrulanandan ən boş
paltarları da əyninə daralmışdı. Gərək
yeni geyimlər alaydı. Payızın üşütən sərinliyinə
baxmayaraq, hava adama gəl-gəl deyirdi. Şəhərin mərkəzi
küçələriylə bir xeyli gəzişdikdən
sonra un məmulatları satılan dükana girdi. İsti
bişintilərin qoxusu adamı elə küçədən
bihuş edirdi. Üç smit sifariş etdi: "Biri mənim,
biri onların, biri də Alim babanın". Smit yeyə-yeyə
irəlilədi. Fəvvarələr şırhaşırla
işləyirdi. Ətrafda bir dəstə vəhşi göyərçin
uçurdu. Öz smitini büküb çantasına qoydu.
İkinci smiti xırdalayıb quşlara səpələdi.
Quşlar lap yaxınından uçur, ayaqlarının
altında yerə qonur, quruldaya-quruldaya
qırıntıları dimdikləyirdilər. Onları izləməkdən
həzz alırdı. Smiti xırdalayıb
üst-başını çırpdı. Qol saatına
baxdı. İndi kitabxanaya gedə bilərdi. Dar dalanlardan birinə
buruldu. Balaca bir qız asfaltda təbaşirlə günəş
şəkli çəkirdi: Gülən bir günəş.
Yadına düşdü ki, Alim baba da ona "Günəş"
deyir. O, hər dəfə bu kəlməni elə təsirli səsləndirirdi
ki, həmin an günəş olduğuna inanırdı.
Bütün ruhuyla əmin olurdu ki, təbəssümü ilə
hər kəsə istilik paylayan bapbalaca günəşdir.
Gözləri, əlləri, ayaqları olan günəş...
Yeriyən, danışan, qəhqəhə çəkən,
küsən, bəzən də hönkür-hönkür
ağlayan günəş. Günəş də
ağlayarmış... Uşaqların çəkdiyi
bütün rəsmlərdə, cizgi filmlərində günəş
həmişə gülürdü axı. İndiyə kimi
heç yerdə ağlayan günəş təsviri görməmişdi.
Ona görə də günəşin
ağlamağını təsəvvür edə bilmirdi...
Kitabxanaya çatmışdı. Hər dəfə
bu kandara ayaq basanda elə bilirdi, ayrı dünyaya
düşür - ona doğma olan qədim bir dövrə. Nədənsə
özünü başqa zamanın insanı sayırdı.
Geyimi və həyat tərzi nə qədər müasir olsa
da, ruhu buralı deyildi. Ona görə də tarixi kitabları,
qədimi aksessuarları, əntiq əşyaları sevirdi.
Axtardığı o qədim abu-hava illərdir, bu divarlar
arasında dəyişmədən qalırdı.
Bir də sırf bura xas olan o təkrarsız qoxu...
İçəri girən kimi kitabxananın özünəməxsus
qoxusu içinə doldu. Bu qoxu üçün də,
kitabların arasında əyləşib eynəyinin
altından gülümsəyən Alim baba üçün də
burnunun ucu göynəmişdi:
-Xoş gördük, Günəş qızım.
Əlində qalan sonuncu smiti masaya qoyub ərklə
qoca kitabxanaçını qucaqladı:
- Xoş gördük. Təzə çay var, Alim
baba? Smiti indicə almışam. Hələ soyumayıb.
Alim baba başını tərpədib mətbəxə
keçdi. O gələnə kimi rəflərə göz
atdı. O qədər təzə kitab gəlmişdi ki.
Bilmirdi, hansına baxsın. Alim baba əlindəki məcməyini
kiçik masanın üstünə qoydu:
- Niyə görünmürsən? Danış
görüm, necəsən, işin-gücün,
yoldaşın necədir?
Gözünü məcməyiyə zillədi. İki
armudu stəkan pürrəngi çay, bir də qədimi qənddan
var idi:
- Hər şey axarıyla gedir elə. Sənin
üçün darıxmışdım. Dedim, həm
oxumağa bir-iki kitab götürüm, həm də səni
görüm.
Alim baba çaydan bir qurtum alıb diqqətlə ona
baxdı:
- Gülürsən, danışırsan, amma səndə
nəsə dəyişib.
Əliylə saçlarını tumarladı:
- Hə, gözündən yayınmadı.
Saçlarımı qısaltmışam, Alim baba.
Alim baba smitdən bir dişdəm alıb susdu. Bu
pauzanı ancaq divardakı saatın
çıqqıltısı pozurdu:
- Günəş qızım, gözlərin də
başqa cür baxır axı... Deyirlər, qadın küsəndə
birinci saçlarını kəsir. Hər kəsdən
intiqamını belə alır. Sonra əlləri soyuyur, buz
kimi olur. Ən sonda da gözləri yadlaşır...
Gözlərini yana qaçırtdı. Dərindən
bir ah çəkdi. Alim baba həmişəki kimi tam onluqdan
vurmuşdu. Qabaq-qənşər oturub bir xeyli dərdləşdilər.
Kitabxanadan çıxanda əlləri dolu olsa da, çiynindən
elə bil bir ton yük götürmüşdülər. Alim
babanın bir az qabaq dediyi sözləri xatırladı:
"Evrənə ötürdüyün enerji qədərsən,
Günəş. Nə ötürürsənsə, o da sənə
qayıdır..." Özünü səhər yemlədiyi
göyərçinlər kimi azad hiss edirdi. Bu, necə fərqli
gün idi... Gəldiyi yolla geri qayıdırdı. Bayaq
quşları gördüyü mərkəzi küçədə
indi uşaqlar dəstə-dəstə çiçək
satırdılar. Uşaqlardan biri ona yaxınlaşdı:
- Ay gözəl, gül istəyirsən?
- Bax bunu istəyirəm. Neçəyədir?
Pulunu ödəyib çiçəkləri
qoxladı. Əla rayihəsi vardı. Nə vaxtdır əlinə
gül dəstəsi almırdı. Necə
darıxmışdı bu ətir üçün. Skamyada əyləşmiş
cütlük diqqətini çəkdi. Gənc qız güllərə
baxıb başını çiyninə qoyduğu gəncə
nəsə dedi. Oğlan da güllərə baxdı,
baxdı və susdu. Yaxınlaşıb gül dəstəsini
onlara uzatdı. İkisi də təəccüblə
üzünə zilləndilər. Nəsə demələrini
gözləmədən iti addımlarla uzaqlaşdı. Bilirdi
ki, evdə indi heç kim yoxdur. Yoldaşı ezamiyyətə
yola düşməsi ilə bağlı mesaj göndərmişdi.
Açarla qapını açıb içəri keçdi
və yerindəcə donub qaldı. Masanın üstündə
böyük bir qızılgül dəstəsi var idi.
Özü də onun sevdiyi kimi - al qırmızı rəngdə...
Gözlərinə inana bilmədi. Güllərin xəyal
deyil, həqiqət olduğunu dəqiqləşdirmək
üçün əlinə aldı. Barmaqlarını hər
gülün üstündə gəzdirib heyrətlə
baxdı. Beynində eyni sual təkarlanırdı: "Axı
niyə? " 5 illik ailə həyatları zamanı
yoldaşı bir dəfə də ona çiçək
bağışlamamışdı. Həmişə deyirdi ki,
əlində çiçək dəstəsi gətirməyi
sevmir. Bir də üç günlük ömrü olan
çiçəklərə pul xərcləməyi mənasız
sayır: "Yaxşı bəs onda bu qızılgüllər
hardandır?" Birdən gözü masanın üstündəki
kağız parçasına sataşdı. Öz xəttini
tanıdı. Bu, bloknotundan qoparılmış vərəq
idi: südlü-darçınlı qəhvə, isti smit,
kitab mağazası, gül dəstəsi... Altındakı isə
yoldaşının xətti idi: "Bu güllər sənin
üçündür, əzizim..." Təsirlənmişdi.
Daha çox sevindiyinimi, kövrəldiyinimi ayırd edə
bilmirdi. Güllər əllərinə yaman
yaraşırdı. Elə bil əlləri də sevincdən
gül açmışdı... Gül dəstəsini burnuna
yaxınlaşdırıb ehtiyatla qoxladı.
Qızılgüllərin ətri yox idi. Dəstədən ərinin
qoxusu gəlirdi. O an içində nəsə tərpəndi.
İlk dəfə yaşadığı bu yad hissdən əvvəlcə
vahimələndi, sonra gülümsünüb
rahatlaşdı. İçəridəki qonaq qarnının
qapısını döyəcləyirdi.
Günel MEHRİ
525-ci qəzet.- 2024.-30 may,№94.-S.15.