Dilçilik
elminin unudulmaz korifeyi
Mərhum professor Yusif Seyidovun 95 illik yubileyi qeyd edilir
Görkəmli dilçi professor Yusif Seyidovun elmi fəaliyyəti
Azərbaycan dilçilik elmində böyük bir mərhələ,
sütun təşkil edir. Onun zəngin və çoxşaxəli
yaradıcılığı filologiya sahəsində əhəmiyyətli
bir yerə malikdir. Y.Seyidov sistemli, ardıcıl və
konseptual şəkildə qrammatika ilə məşğul
olsa da, dilçiliyimizin aktual və problematik məsələlərinə
laqeyd qalmayıb, vətəndaş-alim mövqeyi
nümayiş etdirib. O, hər bir dil elementinə böyük
problemin ciddi bir ünsürü kimi baxır və tədqiqat
müstəvisinə gətirərək tutarlı elmi qənaətlərini
ifadə edirdi.
Professor Yusif Seyidovun saysız-hesabsız elmi əsərləri,
onlarla publisistik məqalə, tədrisdə və kadr
hazırlığındakı fəaliyyəti, neçə-neçə
yetirmələri onun uzun ömrünün silinməz səhifələrini
təşkil edir. 1972-ci ildə çap olunan üç
müəllifli "Müasir Azərbaycan dili" (Sintaksis) dərsliyinin
müəlliflərindən biri olması onun ən məhsuldar
işi kimi yüksək qiymələndirilmiş və 1974-cü
ildə Dövlət Mükafatına layiq
görülmüşdü.
Yusif Seyidov 1929-cu ilin may ayında Naxçıvan
Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində
anadan olub. Orta məktəbi də həmin kənddə
1944-cü ildə bitirib. Elmi yaradıcılığa 1952-ci
ildə "Azərbaycan müəllimi" qəzetində dərc
etdirdiyi "Azərbaycan dilinin qrammatikası haqqında"
adlı ilk məqaləsi ilə başlayıb və
böyük nöqtəni də 60 il sonra - 2013-cü ilin
noyabr ayının 18-də qoyub. Bu ömrün 60 ili də
Bakı Dövlət Universitetinin "Azərbaycan dili və
onun tədrisi metodikası" kafedrasında elmi-pedaqoji fəaliyyətdə
keçib. 1955-ci ildə "Müasir Azərbaycan dilində
feili bağlama tərkibləri" mövzusunda namizədlik
dissertasiyası, 1965-ci ildə isə "Müasir Azərbaycan
dilində söz birləşmələri" mövzusunda
doktorluq dissertasiyası müdafiə etməsi onu tamamilə
qrammatist kimi tanıtdı. Amma onun elmi
yaradıcılığı sintaksis çərçivəsində
qalmadı, mövzu və mündəricə baxımından
çox geniş miqyası əhatə etdi. Azərbaycan
dilçiləri içərisində ən çox əsəri
(15 cilddə) olan alim heç vaxt özünü təkrar etmədi,
həmişə ilklərə imza atdı.
İlk dəfə linqvistik təhlilləri bədii nəsr
nümunələri ilə aparmaq ənənəsini Yusif
Seyidov dilçilik elminə gətirdi. Nəzərə alsaq
ki, Yusif müəllim neçə-neçə dərsliyin
müəllifi olub, deməli, ədəbiyyat nümunələrini
dil dərsliklərində görən şagird və tələbə
buna etinasız yanaşa bilməz. Yusif müəllimin
bütün elmi və pedaqoji fəaliyyəti milli ruha köklənmişdi.
Belə ki, rus və Avropa dilçilik məktəblərinə
yaxından bələd olan alim heç vaxt həmin nəzəriyyələri
Azərbaycan dilinə uyğunlaşdıraraq uydurma dil
faktları göstərmir, şablonları Azərbaycan dilinə
yamamır, əksinə, canlı xalq
danışığında dil faktını müşahidə
edir, həmin faktı ədəbi dildə axtarır və
sonra ona elmi və nəzəri təhlil verərək hökm
çıxarırdı.
Yusif Seyidovun B.Çobanzadə, Ə.Dəmirçizadə,
İ.Həsənov, M.Xəlifəzadə, Y.Mirbabayev, M.Şirəliyev,
M.Hüseynzadə və digərlərindən bəhs etdiyi
"Azərbaycan dilçilik elmini yaradanlar və inkişaf
etdirənlər", habelə görkəmli dilçi alim Nəsir
Məmmədovdan bəhs edən "Əlli il maarif cəbhəsində",
Afad Qurbanovun "Bədii mətn və linqvistik təhlil",
Ə.Dəmirçizadənin Füzulinin ədəbi dilimizin
tarixində yeri haqqında apardığı tədqiqatlarından
bəhs edən "Azərbaycan dilinin xəlqi təbiəti
və bədii vüsəti", böyük dilçi alim Səlim
Cəfərova həsr olunan 5 böyük elmi əsəri və
digərləri də Azərbaycan dilçilik elminin
inkişafında xidmət göstərən sələflərinə
böyük ehtiramın ifadəsi idi.
Yusif Seyidov ədəbi dil məsələlərini
mütəmadi olaraq araşdırmış və silsilə əsərlər
yazmışdı. Onun "Klassik Azərbaycan şairləri
söz haqqında", "Yazıçı və dil",
"Sözün şöhrəti", "Sözün
qüdrəti", "Sözün hikməti" və
başqa sanballı monoqrafiyaları buna misaldır. Alimin ədəbi-bədii
dil və ədəbiyyata dair onlarla məqaləsi "Ədəbi
tənqid və bədii dil" kitabında toplanıb. Y.Seyidov
"Yazıçı və dil" probleminin iki istiqamətdə,
yəni yazıçının əsərlərinin dili və
dil haqqındakı görüşlərinin paralel öyrənilməsinin
tərəfdarı kimi çıxış edirdi.
Professor Y.Seyidovun "Nəsiminin əsərləri Azərbaycan
ədəbi dilinin tarixi abidəsi kimi", "Dastani-Əhməd
Hərami" haqqında bəzi qeydlər", "Kitabi-Dədə
Qorqud"un dilində sadə cümlə (inkişaf səviyyəsi)",
"Kitabi-Dədə Qorqud" dastanlarının dilində tərkib
və budaq cümlə paralelizmi", "Dövrün
(XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər",
"Ədəbi şəxsiyyət və dil" və sair məqalələri,
habelə "Nəsiminin dili" monoqrafiyası ciddi və
ardıcıl müşahidə və axtarışların,
dil tariximiz haqqında dərin və hərtərəfli elmi tədqiqatların
məhsuludur.
Məlumdur ki, Y.Seyidovun elmi
yaradıcılığında ədəbi şəxsiyyətlərə
maraq güclü olub. Onun tədqiqatlarında Azərbaycan ədəbiyyatı
xəzinəsinə böyük incilər bəxş edən
ustadlara həsr olunan araşdırmalar geniş və əhatəli
yer alır. Alim XX əsr Azərbaycan şeiri və nəsrində
dil məsələsinə də xüsusi diqqət göstərmiş
və ədəbi prosesi ardıcıl və davamlı olaraq
izləmişdi. "Üç zirvənin fatehi"
adlandırdığı Mir Cəlal Paşayev haqqında
"Şirin söz ustadı", akademik İsa Həbibbəyli
haqqında "Akademik İsa Həbibbəyli", Rəsul
Rza, Mirzə İbrahimov yaradıcılığında dil məsələsi,
Səməd Vurğun haqqında yazdığı
"Şairin dərdi", "Xalq yazıçısı
Elçin" adlı monoqrafiyasındakı ədəbi və
bədii dil məsələləri öz elmi izahını
tapıb. Bu əsərlərdə qoyulan məsələlər
Azərbaycan dilçiliyi üçün nə dərəcədə
zəruri əhəmiyyət daşıyırsa, gəlinən
nəticələr, əksini tapan qənaətlər də ədəbiyyatşünaslığımız
üçün bir o dərəcədə əhəmiyyət
və fayda kəsb edir.
Bəllidir ki, dilçilik konkret və fakta söykənən
elmdir. Bu cəhətdən Yusif müəllimin dilinin sadəliyi
və axıcılığı onun riyazi dəqiqlik tələb
edən dilçilik əsərlərini oxunaqlı edirdi. O,
mühazirə deyəndə sadə, anlaşıqlı dili səsinin
həlim ahəngi ilə qulağa mirvari kimi
süzülürdü. Biz onu dinləməkdən və əsərlərini
oxumaqdan yorulmurduq. O, bizə sadə məsləhətlər
verəndə belə, adama elə gəlirdi ki, geniş
auditoriya qarşısında məruzə edir. Öyrənməkdən
və öyrətməkdən yorulmayan, daima axtarışda
olan pedaqoq-alim şəxsi nümunə, insanlıq mücəssəməsi
idi.
Mənim əziz elmi rəhbərim Yusif müəllimlə
bağlı saysız-hesabsız xatirələrim var. Onlardan
birini oxucularımızla bölüşmək istəyirəm:
İndi yaşadığımız əsrin əvvəlləri
idi. Aspiranturaya daxil olduğum vaxt akademik İsa Həbibbəyli
Naxçıvan Dövlət Universitetin rektoru vəzifəsində
çalışırdı. O, bizim ən kiçik
problemimizlə yaxından məşğul olur və yerindəcə
həll edirdi. İsa müəllim Yusif müəllimdən
xahiş etdi ki, mənə elmi rəhbər olmağa
razılıq versin. Yusif müəllim mənə "Azərbaycan
dilində qeyri-təyini ismi birləşmələr"
mövzusunda dissertasiya mövzusu verəndə "Dədə
Qorqud"dan üzü bəri klassik əsərlərin dilindən
qeyri-təyini ismi birləşmələrlə bağlı
dil faktlarını toplamağı və işlənmə
tezliyinin statistikasını göstərən cədvəl
hazırlamağı tapşırdı. O anda
gözümün qarşısına anadilli Azərbaycan ədəbiyyatı
gəldi: mən onların hamısını oxumalıyam və
nümunə seçməliyəm... "Bir qalanın
sirri" filmindəki Elşən kimi məni vahimə
bürüdü və titrək səslə dedim: "Qeyri-təyini
ismi birləşmələrin 5 forma, 30-a yaxın modeli,
növü ilə bağlı nümunələrin
hamısını toplamaq və statistikasını aparmaq
çox olmaz?.." Dedi ki, çox olarsa, onda ismi birləşmələrlə
bağlı dil faktlarını da topla! Əlyazma dəftərlərinə
baxacağam (onlarla qalın dəftərə
yazdığım toplama materiallarım indi də arxivimdə
qalır - Z.İ.). Yusif müəllim nə qədər təvazökar,
sadə və mülayim insan olsa da, bir o qədər də
ciddi və tələbkar idi. Mən qısa müddətə
dissertasiyanı yazsam da, nümunələri toplamağım və
cədvəl hazırlamağımuzun illər çəkdi.
Artıq möhürlü rəyimi alandan sonra özümdə
cəsarət tapıb elmi rəhbərimə bunun səbəbini
soruşdum: "Yusif müəllim, axı 170 səhifəlik
dissertasiya varkən, bu iki səhifəlik cədvəl nəyə
lazım idi?" Yusif müəllimin səsinin ahəngi dəyişdi.
Dedi ki, o dissertasiya sənə Azərbaycan dili ixtisasında
elmi dərəcə qazandıracaq, bu məzəmmət
etdiyin iki səhifəlik cədvəl isə sənə ədəbiyyatı
tanıdacaq. Təəssüf hissiylə sözlərinə
davam etdi ki, indiki gənclik tənbəldir, mütaliəni
sevmirsiz. İşiniz düşməyincə Dədə
Qorqudu, Nəsimini, Xətaini, Füzulini, Vaqifi, Ordubadini, Cəlil
Məmmədquluzadəni, Cavidi, Səməd Vurğunu və
digər klassikləri oxumursunuz. Mənim yetirmələrimə
bu statistik cədvəli hazırlatmaqda məqsədim nümunə
toplayarkən onları ədəbiyyatla dərindən
tanış etməkdir, sizə başa salmaq istəyirəm
ki, bütövlükdə Azərbaycan ədəbiyyatına
bələd olmadan və özünüzdə bu sevgini
yaratmadan yaxşı dilçi alim olmaq mümkün deyil. Onun
iş prinsipinin, iş metodikasının sirri bu idi: Azərbaycan
dilini və ədəbiyyatını sevmək və sonra
öyrənmək. Əgər indi mənim Azərbaycan ədəbiyatına
bələdçiliyim, o haqda danışmağa mövzum
varsa, əminliklə deyə bilərəm ki, Yusif müəllimin
sayəsindədir. O, yetirmələri üçün həmişə
ən yaxşısını düşünürdü... Təmiz
qəlbli, təmənnasız rəhbərimizə Bakıya
yolumuz düşəndə "Yusif müəllim, kənddən
könlünüzün çəkdiyi bir şey
lazımdırsa, gətirək" - deyəndə,
"Sağ-salamat gəl, əziyyət olmazsa, beş-altı
quru təndir lavaşı və bir hörük də dağ ələyəzi
gətir" - deyərdi. Yaşa dolduqca kövrəkləşən
müəllimimizi torpaq həsrəti ağuşuna
almışdı. Kəndindən gedən ən kiçik
şeylərdən belə illərin arxasından boylanan
uşaqlığının, gəncliyinin qoxsunu
alırdı, həmçinin ata-anasının, erkən
dünyadan köçən bacı-qardaşının
yatdığı torpağa həsrətini ovudurdu...
Bu korifey dilçinin, azman şəxsiyyət və
ustad müəllimin yaradıcılığı kifayət qədər
monoqrafik material verir. Belə ki, onun zəngin və
çoxşaxəli elmi yaradıcılığının
bir istiqaməti ilə bağlı "Professor Yusif Seyidovun
dilçilik görüşləri (ədəbi dil məsələləri)"
mövzusunda Aliyə Musayeva dissertasiya yazıb və uğurla
müdafiə edib.
Dilçilik elminin görkəmli nümayəndəsi
olan professor Yusif Seyidovun yetirmələri o məktəbin
nümayəndəsi olmağın qürur və fəxarət
duyğusunu, həmçinin məsuliyyət hissini bir
ömür boyu çiyinlərində daşıyacaqlar...
Ruhun şad olsun, əziz Ustad!
Zülfiyyə İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil
və Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi
525-ci qəzet.- 2024.-30 may,№94.-S.12.