"Horatsilərin andı" 

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Seyranə Musayevadır. Onunla məşhur fransız rəssamı Jak Lui Davidin "Horatsilərin andı" əsəri haqqında danışmışıq.

Jak Luis David 1748-ci ildə Fransa Krallığında anadan olub. Rəssam Parisdə Kral Rəngkarlıq və Heykəltaraşlıq Akademiyasında təhsil alıb.

Düşüncə, obrazlı quruluşun səhnə təntənəsi, həcmli işıq-kölgə başlanğıcının kolorit üzərində üstünlüyü kimi nüanslar Davidin əsərlərinin səciyyəvi cəhətləri hesab olunur. Rəssam antik dövrün məşhur qəhrəmanlarını öz tablolarının əsas personajına çevirərək, onların obrazları vasitəsilə dövrün yeni ideallarını ifadə edirdi. Jak Lui Davidin yaradıcılığı rəngkarlıq sənətinə və XIX əsr incəsənətinə xüsusi təsir göstərib.

Rəssam 1825-ci ildə Brüsseldə vəfat edib.

- Seyranə xanım, gəlin söhbətimizə rəsmdə təsvir olunan hadisənin şərhi ilə başlayaq.

- Jak Lui David "Horatsilərin andı" adlı məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun - klassisizmin təməlini qoydu. Əsər qədim Roma əfsanəsinə əsaslanır. Rəsmdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunub. Qoca oğullarının döyüşünə xeyir-dua verir. Üç Horatis qardaşlarından yalnız biri döyüşdən sağ çıxacaq. O, Alba Longadan olan üç Curiatii döyüşçünü öldürüb sağ qalacaq.

David tablonun sağ alt küncündə ağlayan bir qadın da təsvir edib. Bu qadın Horatsi qardaşlarının bacısı Kamilladır və o, Curiatii döyüşçülərindən biri ilə nişanlıdır. Kamilla döyüşün nəticəsi nə olur-olsun, sevdiyi birini itirəcəyini anlayaraq ağlayır. Sağ qalan qardaş Publius düşmən üçün ağladığına görə Kamillanı öldürür.

- Əsərin kompozisiyası necədir?

- Əsərdə kompozisiya çox mürəkkəb şəkildə qurulub. Rəsmin kompozisiyası güclü perspektiv xətləri və mərkəzləşdirilmiş fiqurları ilə simmetrik və harmonikdir. Mərkəzi motivdə ata qılıncları uzadaraq övladlarını döyüşməyə təşviq edir. Qardaşlar atalarının qarşısında qruplaşıb and içərkən, sağda qadınlar və uşaqlar qəm-qüssə içərisində təsvir olunub. Burada döyüş və qurban vermənin qarşı-qarşıya gəldiyi kontrast vurğulanıb. Bu yanaşma rəssamın digər tarixi və klassik mövzulu əsərlərindən fərqlənir. Bu tabloda insan fiqurları çox detallı və realistik şəkildə təsvir olunub. Fiqurların üz ifadələri və bədən dili and mərasiminin ciddiyyətini ifadə edir.

- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- David bu əsərdə təmiz və kəskin rənglərdən istifadə edir. İşıq fiqurların üzərində cəmlənib, onların dramatik ifadələrini göstərir. Rəng palitrası təbii tonlarla zəngindir. Bu xüsusiyyətlər əsərin mistik və epik təsir gücünü artırır. Rəsm klassik heykəltəraşlıqdan və antik dövrün sənətindən ilham alır, bu da onun qəhrəmanlıq və monumental xarakterini gücləndirir.

- Bu tablo rəssamın digər əsərlərindən xeyli fərqlənir.

- Bu fərqliliklər əsərin mövzusu, kompozisiyası, stilistik xüsusiyyətləri və müəllifin sənət baxışları ilə əlaqədardır. "Horatsilərin andı" qədim əfsanələrə və mifik mövzulara əsaslanır. Bu, Jak Lui Davidin digər əsərləri ilə müqayisədə xüsusi bir mövzudur. Tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina edib. Üslubda ciddilik, güclü enerji hiss olunur. Jak Lui David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəldib, kompozisiya və perspektivli qanunauyğunluqlardan məharətlə istifadə edib.

- Tablo hazırda harada saxlanılır?

- 1784-cü ildə çəkilən əsər Luvr muzeyində qorunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Davidin "Horatsilərin andı" əsəri Fransa İnqilabı dövründə xüsusilə əhəmiyyətli hesab edilirdi. Rəsm vətənpərvərlik və fədakarlıq ideallarını təbliğ etdiyinə görə inqilabçı ideologiyaya uyğun gəlirdi. Əsər fərdi maraqların üstündə ictimai və milli maraqların üstünlüyünü vurğulayan bir manifestdir. Qardaşların vətən uğrunda and içməsi insanlara cəsarət və fədakarlıq mesajı ötürür. Bu, Davidin öz dövrünün siyasi atmosferinə bir işarədir, çünki o, Fransa inqilabının güclü dəstəkçisi idi. Əsərdə təsvir olunan qadınların və uşaqların kədəri isə müharibənin o biri üzünü göstərir.

Tablo rəssama çox böyük şöhrət qazandırıb və onun taleyində əhəmiyyətli rol oynayıb. David bu əsəri ilə dövrünün ictimai-siyasi ideallarını və qədim Roma vətəndaşlıq dəyərlərini vurğulayır. "Horatsilərin andı" rəssamın siyasi və estetik düşüncələrinin ifadəsidir.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.-30 may,№94.-S.11.