Pənahabadda qalan dünyam 

 

 

Gənc istedadlar sorağıyla Şuşada səfərdə olan Zülfüqar bəyi Cıdır düzündə dağ çayı tək qəfildən kükrəyən büllur kimi saf, xoş bir avaz yerindən elədi. Üçmıx zirvəsindən çağlayıb, gömgöy Çaxmaq meşəsinin üstündən qanad çalaraq Daşaltı dərəsi boyunca yayılan və Qaya başının Topxanaya baxan sıldırımlarında cingiltili əks-səda verən bu yeni səsi, təzə nəfəsi axtardığını tapmış kimi, axıracan dinləyən bəstəkarın sevinci birə-beş artdı. Sahibinin kim olduğunu öyrənib-bilmək üçün bu avazın işığında "Ağzıyastı kaha"nın dikdirində görünən qaraltıya doğru getməyə başladı. Bu, yastı bir daşın üstündə oturub, quzularını otaran on-on iki iki yaşlarında uşaq idi. Yaxınlaşıb, son dərəcə nəvazişlə salam verərək:

- Oxuyan sənmi idin, oğlum?! - deyə soruşdu.

Oğlan cəld yerindən qalxıb:

- Bəli, əmi, mən idim, necə bəyəm?! - özü də şəstlə və eyni nəvazişlə suala sualla cavab verdi.

Qarşısındakı uşağın hazırcavablığı və nəzakəti Zülfüqar bəyə çox xoş gəldi və onun kimlərdən olduğunu soruşdu:

- Saatlı Müseyibin oğluyam, papaqçı Müseyibin, Adım da Əlipaşadır!

- Çox gözəl, çox pakizə, oğlum! Atan mənim köhnə tanışımdır ki! Bir-birimizi çox yaxşı tanıyırıq! - deyə, Zülfüqar bəy də tanışlıq verdi və sözünə davam edərək: - Hər dəfə mən Şuşaya gələndə onunla görüşməmiş getmirəm. Axşam evə gedəndə atana deynən ki, Zülfüqar əmin şəhərdədir. Özü biləcək hansı Zülfüqar. Sabah ona baş çəkmək istəyirəm, - deyib, sağollaşaraq geri - şəhərə tərəf döndü...

Köhnə dostunu çox səmimiyyətlə və qonaqpərvərliklə qarşılayan Müseyib:

- Həmişə sən gələsən, ay Zülfüqar bəy! Buyur, buyur, keç içəri. Lap vaxtında gəlmisən! - Bir azdan qonaqlarım da gələcək! Sən Allah, bir denən görüm Şirinbəyim xala, Üzeyir bəy necədir. Ceyhundan nə xəbər?! Uşaqlar nə təhərdir? - deyə Müseyib qonağını suala tuta-tuta yuxarı başda əyləşdirdi.

Müseyib Məmmədbağır oğlu ilə Zülfüqar bəy Hacıbəyov uşaqlıq dostu idilər. Qonşu məhəllələrdə yaşasalar da, bir yerdə böyüyüb ərsəyə çatmışdılar. Zülfüqar bəy çoxdan Bakıda yaşayırdı, Müseyib isə Şuşada sadə bir peşəylə - dərziliklə məşğul olurdu. Sənətindən-peşəsindən asılı olmayaraq bütün qalalılar kimi onun da musiqiyə böyük həvəsi vardı, qızğın muğam həvəskarı idi, sazəndə, xanəndələrlə ünsiyyət saxlayırdı, ədəbiyyata, incəsənətə xüsusi maraq göstərirdi. Qəşəng tar çalmağı da vardı. Evində tar, kamança, qaval saxlayırdı. Süfrəsi hamı üçün həmişə açıq olan bu çörəkli kişinin evi daim qonaqlı-qaralı olardı. Müseyib tez-tez dostlarını Saatlı məhəlləsindəki dədə-babadan qalma evinə toplayar, məclislər qurar, ziyafətlər təşkil edərdi. Hələ neçə illər əvvəl ailəliklə doğma vətəninə istirahətə gələn Zülfüqar bəy də onun qonağı olmuş, hətta Müseyib onun oğlanları Niyaziyə və Çingizə papaq və kürk də tikib, hədiyyə eləmişdi.

Müseyib mütaliəni də çox sevirdi, Şuşanın maarifpərvər, ziyalı adamlarından biri kimi tanınırdı. Adnan deyilən böyük və zəngin kitabxanası vardı. Burda demək olar ki, keçmiş və müasir Avropa yazıçılarının, Şərq şair və mütəfəkkirlərinin əsərlərindən nümunələrə rast gəlmək olardı (Həmin kitabların bəziləri hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır).

Şuşaya gələn bütün ziyalılar, ilk növbədə, onun qapısını döyər, çörəyini yeməmiş, çayını içməmiş getməzdilər, kitabxanasından da bol-bol bəhrələnərdilər. Dərzi Müseyib də qalalı qonaqpərvərliyi göstərərək həmişə qonaqlarının qulluğunda canü-dildən durardı. Elə bugünkü qonaqları da Şuşada yaradıcılıq ezamiyyətində olan görkəmli ziyalılar - folklorşünas Salman Mümtaz, ədəbiyyatşünas Feyzulla Qasımzadə, tarixçi İsaq Məmmədov idi. Bir azdan Tiflis səfərindən yenicə qayıdan xanəndə Cabbar Qaryağdıoğlu və şəhər ağsaqqallarından Məşədi Abış bəy Novruzbəyov da gəlib-çıxdılar.

Lap kiçik yaşlarından Əlipaşanın qeyri-adi səsi olduğunu görən atası oğluna yaxın qohumu, xanəndə Cabbar Qaryağdıoğlundan musiqi dərsi keçməyi xahiş eləmişdi. Böyük ustad da az bir vaxtda musiqini dinləmək, qavramaq qabiliyyəti çox güclü olan Əlipaşaya muğamın yolunu, texnikasını, oxumaq qaydalarını, ifa tərzini öyrətmişdi. Allah-Təala da bu uşağa elə bir istedad vermişdi ki, o, diqqətlə qulaq asdığı hər hansı bir mahnını, yaxud muğam parçasını özünəməxsus tərzdə, eynən oxuya bilir və ən başlıcası isə heç kəsi yamsılamır, əksinə, el havalarını, muğamları yeni xallarla, yeni nəfəslərlə rövnəqləndirirdi. Əlipaşa ilk sənət müəllimindən həm də səylə şer-qəzəl öyrənir, mahnı və muğamları ondan ustalıqla əxz edərək özünün kiçik yaradıcılıq süzgəcindən keçirib, sonra oxuyurdu. Gənc xanəndə saysız-hesabsız qədim el mahnılarını, təsnifləri, zəngin və mürəkkəb muğamları, xüsusilə, "Çahargah"ı və "Mahur"u artıq ustalıqla və şövqlə oxuyurdu. Əlavə olaraq, İslam Abdullayevin, Seyid Şuşinskinin, eləcə də ustadının qrammofon vallarını vaxtaşırı oxuyaraq saatlarla qulaq asması onun musiqi inkişafında və bir xanəndə kimi yetişməsində çox mühüm rol oynayırdı.

Məclis başlandı. Ev sahibinin "xoş gəldisi"ndən sonra şair təbi olanlar təzə şerlərini oxudular. Cabbar əmi uzaq səfərlərindən danışdı. Salman Mümtaz Qarabağda son vaxtlarda topladığı folklor materiallarından söhbət açdı. Nəhayət, söz musiqiyə verildi. Cabbar Qaryağdıoğlu şəyirdini oxumağa həvəsləndirmək məqsədilə bir-iki ağız deyəndən sonra Zülfüqar bəy tarı götürdü, Əlipaşa qavalı əlinə aldı, "Segah" üstündə el havaları oxumağa başladı. Hamının diqqəti Əlipaşaya yönəldi. Balaca xanəndənin bülbül kimi cəh-cəhi muğamın həzin təranələri ilə qonaqların ürəklərini riqqətə gətirdi. Əlipaşa muğama ayaq verib, "Qarabağ şikəstəsi"nə keçmək istərkən ustadı əlini qaldırıb, ondan oxumağı dayandırmağı işarə elədi. Çünki artıq yarım saat fasiləsiz oxuyan balaca xanəndəni yormaq, gücə salmaq olmazdı. Məclis başqa bir aləmə çevrildi, gözəl bir əhval-ruhiyyə ilə başa çatdı. Bayaqdan masa arxasında oturub, dinməz-söyləməz oğlunun ifasını diqqətlə dinləyən Müseyib isə böyük fərəh və qürur hissi keçirirdi. Elə bu vaxt Zülfüqar bəy məqsədini açıb dedi. Əlipaşanı özü ilə Bakıya aparmaq istəyini bildirdi.  Müseyib Zülfüqar bəyin təkidli xahişini, oğlunun razılığını və qonaqların da bu fikri alqışladıqlarını görüb, Əlipaşanın Bakıya getməsinə razılıq verdi, amma bir şərtlə ki, özü də onunla getsin.

1932-ci ilin yayı idi. Balaca Əlipaşa Zülfüqar bəy Hacıbəyovun təşəbbüsü ilə Bakıya çağırıldı və həmin vaxtdan da o, əsl, peşəkar sənət aləminə qədəm qoydu və bu sahədə sərrast qədəmlərini atmağa başladı. Budur, artıq onlar Bakıdadırlar. Balaca xanəndə görkəmli tarzən Qurban Pirimovun nəzarəti altında məşqlərə başlayır. Bakıda ilk konsert, ilk uğur. Şəhərin mərkəzi küçələrinin görümlü yerlərində vurulmuş cəlbedici elanlar ötüb-keçənləri istər-istəməz bir anlığa ayaq saxlamağa məcbur edirdi: "Şuşadan dəvət olunmuş 12 yaşlı xanəndə Əlipaşanın konserti" sözləri yazılmış afişa və onun orda dairəyə alınmış şəkli isə o vaxtadək belə bir xanəndənin adına heç bir yerdə rast gəlməyən musiqi həvəskarlarını heyrətə gətirir, sanki bu balaca xanəndənin konsertinə baxmağa səsləyirdi. Bəzi muğamsevərlər isə yaxınlıqdakı kassalardan dərhal bilet alır və konsertin vaxtını səbirsizliklə gözləyirdilər...

Gözəl yaz axşamlarından biridir. Balaca xanəndənin ilk konsertinə baxmağa tələsənlər dəstə-dəstə Müdafiə Evinə (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına - V.Q.) sarı gəlirlər. Tamaşaçı axını getdikcə güclənir. Konsertin başlamasına hələ sox qalsa da, filarmoniyanın qarşısında bir qələbəlik müşahidə olunur. Bura təkcə sadə musiqi həvəskarları yox, demək olar ki, Bakının bütün mədəniyyət və incəsənət xadimləri - görkəmli müğənnilər, bəstəkarlar, şairlər, yazıçılar və sair yığışmışdı.

Salonda bir dənə də olsun, boş yer yoxdur. Tam sakitlik hökm sürür. Bir anlıq sükutdan sonra Əlipaşa peşəkar xanəndələr kimi sərbəstcəsinə səhnəyə çıxdı. Gənc xanəndədən sonra Qurban Pirimovun üçlüyü göründü. Əlipaşanın romantik görkəmi tamaşaçıların marağını daha da artırırdı. Gənc xanəndə incə və məlahətli səsi ilə ilk ifasını dinləyicilərinə təqdim elədi. Elə ilk anlardan da ifaçılığı ilə elə bir məharət göstərdi ki... Bulaq təki saf, yumşaq, şirin səsi, ifasının sadəliyi, son dərəcə sərbəst ifa tərzi, texniki ustalığı bir yana, vurduğu sərrast zəngulələr, cəsarətli gəzişmələr, geniş diapozon hamını heyrətdə qoydu, qəlblərdə dərin iz buraxdı.

Qısa fasilədən sonra Əlipaşa muğama keçdi, zil pərdədə, kövrək və lirik "Yetim Segah"a başladı. Onun zəngulələrlə dolu cingiltili səsi bütün salona yayılmışdı. Əlipaşa muğamı da, təsnifləri də səsinin diapozonuna görə ifa elədi, qəzəlləri olduqca aydın və rəvan oxudu, ölçüdən zərrə qədər kənara çıxmadı, uzun-uzadı zəngulələrlə tamaşaçıları yormadı. Muğamın həzin melodiyası doğma ana laylası kimi dinləyicilərin hisslərini kükrədirdi. Xanəndə hərdənbir özünə qapanıb, gözlərini yumur, elə bil "Yetim Segah"ın qəmli rəvayətini salondakılara nağıl edirdi. Salon sanki bu muğamın təranələri ilə nəfəs alırdı. "Yetim Segah"ın əsiri olan dinləyicilər isə az qala, muğamın ürəyəyatımlı, qəlboxşayan təranələri altında yuxuya gedirdilər. Kiçik xanəndə hər dəfə zəngulə vuranda konsertdə iştirak edən peşəkar musiqiçilər heyrət içərisində bir-birinin üzünə baxır, təəccüblərini gizlədə bilmirdilər.

Konsert başa çatanda Əlipaşanı uzun-uzadı alqışladılar. O, salondakılara dönə-dönə baş əydi, sürəkli alqışlar altında səhnəni tərk elədi. Yüzlərlə tamaşaçı isə nikbin əhval-ruhiyyə içərisində evlərinə dağılışdı. Və həmin gündən onların ürəyində bu balaca uşaq bir müğənni kimi kök saldı.

Çox böyük uğurla keçən birinci konsertdən sonra respublika qəzetləri öz səhifələrində bu şuşalı xanəndəyə səxavətlə yer ayırır, onun parlaq istedadı barədə rəylər, maraqlı yazılar dərc eləyirdi. Əlipaşanın məlahətli səsi, gözəl ifaçılığı artıq Bakının hər yerində söylənilirdi, şöhrəti bütün şəhərə yayılmışdı. Onu artıq tanıyır, küçədə barmaqla göstərirdilər.

Əlipaşanın hər bir konserti böyük uğurla keçirdi. Onun pərəstişkarları günü-gündən çoxalırdı. Musiqiyə qiymət verməyi bacaran, xüsusən, xanəndəlik sənətini qəlbən sevən və ona yüksək sənətkarlıqla yanaşan Bakı əhli bu gəncin konsertində olmağa can atırdı, kiçik müğənninin konsertinə baxmaq arzusunda olanların növbəsi uzanırdı: "Yeni yol" qəzeti özünün 1933-cü il 21 aprel tarixli 223-cü nömrəsində yazırdı: "Bu gün və sabah 15 yaşlı fitri sənətkar və ustad, Qarabağın yetişdirdiyi xanəndələrdən biri, xanəndə Əlipaşa Daşdəmirov Müdafiə Evində konsert verir. Bu, onun Bakıda və ümumiyyətlə, böyük məclis qarşısında birinci çıxışıdır.

Konsertdən əvvəl artist Bülbül, baş repertuar komitəsinin nümayəndəsi Əli Nəbi, Azrabfaktdan Babayev və başqalarının iştirakı ilə 15 yaşlı xanənndə zəngin səsi və bununla bərabər, ustalığa malik olduğunu göstərmişdir. .

Əlipaşa Daşdəmirov şuşalı olub, dərzi Müseyibin oğludur. Hazırda Şuşada Hüsü Hacıyev adına onillik məktəbin 7-ci qrupunda oxumaqdadır.

Sınaq komissiyası Əlipaşanın parlaq gələcəyə malik olduğunu nəzərə alaraq onun bu ildən Şuşada açılan musiqi texnikumunda mütəxəssis sənətkarların rəhbərliyi altında təlim alacaqdır.

V.H."

"Kommunist" qəzetinin özünün 27 sentyabr 1933-cü il 124-cü nömrəsində Ə.S. imzası ilə bir müəllif "Qayət məlahətli səsə malik Əlipaşanın konserti" məqaləsində yazırdı: "Əlipaşa Qarabağ mahalının Şuşa şəhərindəndir.

Əlipaşa 8 yaşında ikən Şuşa yeddiillik kolxoz gənclər məktəbinə verilərək hazırda bu məktəbin 7-ci qrupunu bitirmişdir.

Əlipaşanın hazırda 14 yaşı var.

Əlipaşa qayət, məlahətli və gözəl səsə malikdir. Birinci konsertini Şuşa və Qaryagin şəhərlərində vermiş və böyük müvəffəqiyyət qazanmışdır. Bu konsertlərdən sonra az zaman içərisində Əlipaşa əhali tərəfindən tanınmış və şöhrət qazanmışdır. Buna görə də Əlipaşa Azərbaycan Radio İdarəsi tərəfindən Bakıya dəvət edilmişdir.

Əlipaşa Bakıda Müdafiə Evində 5 konsert verəcək və bu konsertlərdə "Xaric Segah", "Bayatı-Kürd", "Qarabağ şikəstəsi", "Kürdü-Şahnaz" və ilaxır muğamatlar və öylə də təsniflər oxuyacaq.

Əlipaşanın 2-ci konserti sentyabrın 27-də Müdafiə Evində olacaq".

Əlipaşa bir-birinin ardınca nə az, nə çox, düz iyirmi yeddi konsert verdi. Onun çıxışları, əsasən, Müdafiə Evinin yay və qış salonlarında, opera və balet teatrının geniş və işıqlı zalında, Cəfər Cabbarlı adına yay teatrının səhnəsində olurdu. Lakin konsertlər bir-birinin ardıqca böyük uğurlar qazandığından onun çıxışlarına artıq zəruri təlabat olduğu aydın hiss edilirdi. Ona görə də Əlipaşa fəhlə klublarına, mədəniyyət evlərinə də dəvət olunurdu. Bəzən gənc xanəndə Xan Şuşinski ilə birlikdə çıxış edirdi.

Əlipaşa Daşdəmirovun çıxışları barədə şəhərin görkəmli yerlərində afişalar vurulur, qəzetlərdə elanlar dərc edilirdi. Hər dəfə də onun konsertləri anşlaqla keçirdi. Konferansye elan edirdi ki, xanəndənin konserti birisi gün olacaq, çünki qabaqkı konsertə artıq biletlər satılıb.

Gənc xanəndənin uğurlu çıxışlarından sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə ona xüsusi təqaüd kəsildi. Lakin səsini qorumaq, ifaçılıq məharətini saxlamaq üçün keçid dövrünə qədər müvəqqəti olaraq oxumamaq tövsiyə edildi və Şuşa Dövlət Musiqi Texnikumunun tar sinfində təhsil almağa göndərildi. Məktəbdə Əlipaşa tanınmış tarzən Həmzə Əliyevin tar sinfində oxudu, bir müddətdən sonra isə vokal sinfinə köçürüldü.

1934-cü ilin baharında Zaqafqaziya xalqlarının I musiqi olimpiadasında iştirak etmək üçün Əlipaşa Daşdəmirov yenidən Bakıya dəvət olundu. İstedadları seçmək üçün mayın 15-dən 20-dək Üzeyir Hacıbəyovun rəhbərliyi ilə ümumrespublika baxışı keçirilirdi. Əlipaşa ilə birlikdə Şuşadan gəlmiş məşhur xanəndələr Bahadur Ələkbərov, Xan Şuşinski, Kamiləbəyim Hüseynova və 10 yaşlı Aliyə adlı bir məktəbli qız da olimpiadada iştirak edirdi. Baxış-müsabiqədə Əlipaşa yenə böyük uğur qazanaraq Fəxri fərmana layiq görüldü.

1938-ci ildə on yeddi yaşlı Əlipaşa Daşdəmirov Şuşa Musiqi Texnikumunu bitirdi və uşaq musiqi məktəbi təşkil etmək üçün o, Nuxa şəhərinə göndərildi. Burda həm direktor vəzifəsini daşıdı, həm də tar müəllimi kimi fəaliyyət göstərdi. Məktəbin birinci buraxılışından sonra Əlipaşa səfərbərliyə alınıb, müharibəyə yollandı, lakin respublikada pedaqoji kadrlara böyük ehtiyac olduğuna görə 1942-ci ildə geri çağırılıb, Şura orta musiqi məktəbinə direktor göndərildi. Çox çəkmədən xüsusi istedadını və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq Azərbaycanın müxtəlif rayonlarında yeddiillik musiqi məktəblərinin və texnikumlarının təşkili işi ona həvalə olundu. 1945-ci ildə Əlipaşa Daşdəmirov Ağdamda ibtidai musiqi məktəbi açdı və musiqi texnikumunun (1948-1963) bünövrəsini qoydu. Az müddət içərisində burda vokal, fortepiano, xor dirijorluğu, nəfəsli çalğı alətləri, tar və xanəndəlik şöbələri açdı, zəngin kitabxana yaratdı, gənc musiqiçi kadrlarının yetişdirilməsində xüsusi səy göstərdi. Onun işgüzar əməyi sayəsində məktəb respublikada ən nümunəvi musiqi tədrisi müəssisələrindən birinə çevrildi. 1963-cü ildə Bakıya göndərildi və A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin Sumqayıt filialını yaratmaq yenə də bu təşkilatçı pedaqoqa həvalə olundu, onun ilk direktoru (1965-1971)  oldu və sonra müstəqil məktəbə çevrilməsində səyini və bacarığını əsirgəmədi. Yenidən Bakıya qayıdaraq 8 nömrəli internat məktəbdə tar müəllimi və musiqi işləri üzrə direktor müavini (1977-1983) vəzifələrində çalışdı. Həmin dövrdə o, ali təhsil almağı da unutmadı. Əvvəlcə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Texnikumunu tar sinfi üzrə bitirdi, sonra isə konservatoriyada musiqi təhsilini davam etdirdi...

Yarım əsrdən artıq muğam və mahnı ifaçılığı meydanında öz havalı köhlənini səyirdən ustad sənətkar ömrünün qürub çağlarını qardaş Türkiyədə keçirdi və 90 yaşında burda haqq dünyasına qovuşdu (1.V.1921-15.II. 2011). İndi onun İstanbuldan cövlan edən ruhu artıq xoşbəxtliyə çatıb, Pənahabad - Şuşa qalasında qalan dünyası ilə qovuşub.

 

Vasif QULİYEV

525-ci qəzet.- 2024.-30 may,№94.-S.10;11.