Vaqif Səmədoğlu
haqqında xatirələrim
Gözəl şair, dostumuz Vaqif Səmədoğlu
haqqında xatirələrim ilk dəfə 2017-ci ildə
"Ardı yaşanılır" kitabımda çap
edilib. Son çıxışım isə Ankarada, şairin
anadan olmasının 80 illiyinə həsr olunmuş, TÜRKSOY-un
təşkil etdiyi anım gecəsində baş verdi.
Mən onun "Royal" adlı şeirini oxudum, musiqi
fəaliyyətindən də danışdım. Axı Vaqif,
həm də gözəl pianoçu idi. Bakı
konservatoriyasında pianodan dərs deyirdi, həm də
televiziya ilə caz haqqında maraqlı verilişlər
aparırdı.
Əlbəttə, bizim ailə üçün son illərin
ağır itkilərindən gənclik dostumuz,
yoldaşımız Vaqif Səmədoğlunun
dünyasını dəyişməsi oldu.
Biz ona Vaqulya deyirdik. O isə mənə
"Mamaşa". Bu barədə onun bizim toyumuzun 50 illiyi
münasibətilə yazdığı məqaləsində təbrikində
verdiyi izahı gətirirəm: "...İndiyə kimi
Zemfiraya "Mamaşa" deyirəm. Niyə
"Mamaşa"? Çünki Anar Moskvada Ali Ssenari
Kurslarında təhsil alanda mən də Moskva Dövlət
Konservatoriyasında təcrübə keçirdim. Zemfira
xanım da orda namizədlik dissertasiyasını
yazırdı. Hətta elmi rəhbərinin familiyası da
yadımdadır - Rijkin. Doğrudan da, Zemfira bizə Moskvada ana
qayğısı göstərirdi, "mamaşalıq"
edirdi. Dərslərim, işlərim bitən kimi
özümü verirdim Anargilə. Onlar "Dinamo"
metrosunun yanında böyük bir otaq tutmuşdular. Onlara gedib
yeməklərinə şərik çıxırdım. Ona
görə də Zemfira xanıma "mamaşa kormilitsa"
deyirdim".
Vaqulya bizim tutduğumuz evin yiyələri ilə
razılığa gəlmişdi ki, onların royalında gəlib
məşq etsin, çalsın. Yadımdadır o, L.V.Bethovenin
"Apposionata"sını çalarkən, ev yiyəsi
yaşlı qadın Larisa xanım divanda oturub ona qulaq
asmağı çox sevərdi, fikrə dalardı, deyərdi
ki, gəncliyi yadına düşür, demə,
cavanlığında Vadim adlı gənci sevirmiş, o da
pianoçu imiş.
Vaqulya cazı da çox sevərdi, bir vaxt televiziya ilə
caz haqqında maraqlı verilişlər aparırdı. Onun
özünün caz nümunələrini ifa etməyi
yadıma düşür, fortepianoda çaldığı
"Reqtaym"ı və "Bassanova"sı indi də
qulağımdadır.
Vaqulyanın atası ilə mənim atam dost idilər,
xüsusilə birlikdə ova getməyi sevərdilər. Vaqulya
özü həmin məqalədə yazır ki,
"onların (yəni Anarın və mənim) atalarına əmi
demişəm, atamın yaxın dostları olublar".
Bir dəfə hətta Səməd Vurğunun
"Reks" adlı "ovçarka" cinsindən olan
sevimli iti bizim evdə qalmışdı. Nənəm atamdan
xahiş edirdi ki, onu yiyəsinə qaytarsın, çünki
evimizi darmadağın edirdi, hücum çəkirdi nənəmin
çarpayısının üstündəki tül
örtüyünə, onu cırıq-cırıq etmişdi.
"Reks" haqqında Vaqulyanın bacısı Aybənizin
atasına verdiyi sual yadıma düşür: "Ata, sən
deyəsən, Reksi bizim hamımızdan çox sevirsən,
elədi? "O isə cavabında: "Dəli olma,
hamınızı bərabər sevirəm", - demişdi.
Vaqulyanın anası Xavər xanım Moskvaya gələndə
mənimlə bərabər bizim otaqda qalmışdı.
Çünki o vaxtlar otellərdə yer tapmaq çox çətin
idi. Yusif isə Anarla yoldaşıgildə qalmışdı.
Mən Xavər xanımı gəzdirirdim, istədiyi şeyləri
tapıb alırdıq. Birdən Xavər xanım mənə
baxıb dedi: "Sən nə yaxşı qızsan, gəl
elə mənim podruqam, yəni rəfiqəm ol". Dedim, olum
da. Aybənizlə də biz "Peredelkino"da
yazıçıların evində dincələrkən
dostlaşmışdıq. Rəhmətlik Aybənizin
yasında qızı Aygün (o da çox tez rəhmətə
getdi) dedi ki, mama zarafatla nənəyə deyirdi, sən də
bir-bir mənim rəfiqələrimi əlimdən aldın.
Yusif Səmədoğlu haqqında da son vaxtlar
eşitdiyim bir hadisəni xatırlatmaq istərdim. Biz
"Naftalan"ın "Çinar" otelində qalarkən
massaj edən Vəfa adlı xanım biləndə ki, mən
Anarın yoldaşıyam, dedi ki, mən də ədəbiyyatı
çox sevirəm və cavanlığımda hekayələr
də yazırdım, hətta birini "Ulduz" jurnalına
göndərmişdim. O vaxt jurnalın redaktoru Yusif Səmədoğlu
idi. Çox tezliklə ondan bir böyük məktub aldım,
indi də bu məktub məndədir. O yazırdı ki, bu
hekayəni çap edə bilmərik, çünki Siz öz
şəxsi həyəcanlarınız haqqında
yazmısız, obraz yarada bilməmisiz. Mən incidim, həvəsdən
düşdüm. Bir müddət sonra mənə dedilər
ki, Yusif Səmədoğlu gəlib və sən onu massaj etməlisən,
əvvəl etiraz etdim, amma sonra öz
narazılığımı ona bildirdim və dedim ki, Siz məni
həvəsdən salmısız. O, üzrxahlıq etdi və
gələn nömrədə mənim hekayəmi tamam dəyişilmiş,
gözəlləşdirilmiş şəkildə öz
adımla nəşr etdi.
Yenidən Moskva həyatımıza
qayıdıram. Bir gün Vaqulya bizdə olanda Bakıdan
bacım Elmira zəng etdi və xəbər verdi ki, atamın əməliyyatdan
sonra vəziyyəti ağırlaşıb, bilet al, gəl.
Biz Moskvada tələbə həyatı keçirirdik. Tələbəlik
təqaüdü almağımıza da hələ vaxt
qalmışdı, bilet almağa isə pulumuz
çatmırdı. O vaxt Vaqulya bizə lazımi qədər
pul verdi və sonralar öz dediyinə görə, mənə
həsr olunmuş şeir də yazdı. "Uzaq yaşıl
ada" adlı şeir kitabını da mənə avtoqrafla
bağışladı. Avtoqrafı və kitabda dərc
olunmuş "Royal" poemasından bir parçanı diqqətinizə
təqdim edirəm:
"Zemfira xanıma-bacıma, dostuma, dərin hörmət
bəslədiyim alimə ən xoş duyğularla
"Royal" poemasının ən kövrək xatirəsi
kimi...
Tik-Tik -tak...
Dostum şeirlərimi köçürür makinada
Telefon zəngi...
Telefon dəstəklərimizin
Qantel dövranı başlanıb,
Az ağla, bacım...
Yarpaq-yarpaq,
Budaq-budaq,
Ağac-ağac Meşə,
Burda qar Qar rəngindədir.
Ətrafda kilsə-kilsə,
Monastr-monastr,
Məzar-məzar,
Zavod-zavod
Rusiya izləri
Müharibə qaçqınlarıyla
Dolmuş gəmitək
Aralanır limandan,
Ayrılır məndən,
Qara yelkəni qaldırılmış
Royal...
Vaqulyanın bağışladığı gənclik
şəklinin arxasında isə aşağıdakı
sözlər yazılmışdı: "Zemfira! Sən
şeir yaza bilərdin, nə olsun ki, alimlik edirsən.Allah
qoysa, sənə yazdığım şeirlər də
çap olunacaq. O şeirlər yaxşı şeirlərdir!
Həzrət Abbas haqqı! Var ol, sağ ol, bəxtəvər
ol! Məmləkətimizin gözəl mahnılarını
unutma! Vaqif".
Vaqulya son illər xəstəliyi
ilə bağlı sevimli həyat yoldaşı Nüşabə
xanımla bərabər, İsrailə tez-tez gedirdi. Bizə zəng
edəndə soruşardım ki, Vaqulya, necəsən? O da
deyirdi: "Böyük məsuliyyət hissi ilə
qocalıram". Deyirdim, qoy görək, onda biz nə deyək?
O gün onun "Bəxt üzüyü"nə
baxırdım. Nə qədər yeni, unikal, milli obrazlar
yaradıb. Orada belə bir replika var. O da elə Vaqulyanın
özünün yaradıcılığına aiddir:
"Deyirlər, kinonun əvvəli ağlamalıdır, sonu
hırıldamalı". Lap onun komediyaları və şeirləri
kimi. Komediyaları gülməli, şeirləri isə
ağlamalıdır. Hayıf Vaqulyadan. Onun yeri həm bu
gün görünür, həm də sabah görünəcək.
Ondan sonra artıq mənə "Mamaşa" deyən
olmayıb, yəqin olmayacaq da. Dostumuza rəhmət olsun!
Zemfira SƏFƏROVA
Akademik, Əməkdar Elm Xadimi
525-ci qəzet.- 2024.-30 may,№94.-S.8.