Xatirələr
ömrün davamıdır
Neçə on illərin o üzündə
qalmış hadisələri xatırlamaq, onların mahiyyətinə
uyğun ovqatları yenidən yaşamaq asan deyil. O hadisələrdə
qəhər də var, ağrı-acı da, qəhəri
unutduran qürur da. Qüruru yaşanılmış xatirələrin
işığı bilmişik. O qürurda Zəngilanın
keçmişi, o keçmişdə Zəngilanda
yaşayanların, işləyənlərin, Zəngilan
üçün günləri ay, ayları il edənlərin
xatirələri var. O xatirələr illərdən sonra
tarixin dünənlərinə sədaqət kimi yada
düşür; tarixin dünənləri sabahların baslanğıcıdır.
Bu duyğuları zamanında Zəngilanda mən də
yaşamışam. Tanıdığım, sevdiyim
insanların əhatəsində. Onların sırasında həkim
İsgəndər İsgəndərov da (tanıyanlar ona
loğman deyərdi) vardı...
İsgəndər Almas oğlu İsgəndərov
1930-cu il fevralın 6-da Zəngilanın Məlikli kəndində
anadan olmuşdu. Ailənin ikinci övladı idi. Ailənin
dörd övladı ata öyüdü ilə duru
ömür yolçusuydu. Əmisi Ziyad da, Atlıxan da alitəhsilli
idilər. İşıq misallı dünyagörüşləri
camaatın könlünü telləndirirdi. Hamı bu
işığın təşnəsiydi. Almas da. Almas istəyirdi
ki, uşaqları da Ziyad kimi, Atlıxan kimi təhsilli olsun. Bu
niyyət ömürlərin cığırdaşına
dönmüşdü...
İsgəndər 1949-cu ildə Zəngilan kənd
orta məktəbini bitirdi. Həkim olmaq istəyirdi. Bu istəyini
ata-anası da, əmiləri də bəyənmişdi. Ona
hamısı xeyir-dua vermişdi. Ata-ana İsgəndərin bu
istəyi ilə qürurlanmışdı da: "Oğlum
doxdur olacaq!.."
İsgəndər sənədlərini Azərbaycan
Tibb İnstitutunun (indiki Tibb Universitetinin) müalicə-profilaktika
fakültəsinə verdi. Qəbul olundu. Bu, gənc İsgəndərin
uğuru idi. Uşaqlığından zəhmətə
alışmışdı. Oxumaq da zəhmətdi. Oxudu,
öyrəndi. İnstitutu 1953-cü ildə bitirdi.
Şuşalı tələbə yoldaşı Tahirə də
institutun məzunu olmuşdu. Baxış baxışın, kəlmə
kəlmənin mehrinə düsmüsdü. Bu, bir sevgi
imiş. Evləniblər. O vaxtlarda sovet hökuməti bu
institutun məzunlarını da müxtəlif respublikalara
göndərirdi. İsgəndərin də, həyat
yoldaşı Tahirənin də təyinatını Tacikistana
veriblər...
Vətəndən uzaqda aylar ilə dönür, zaman
sovuşmur ki, sovuşmur. İsgəndər Tacikistana sığışa
bilmirdi, Zəngilan adlı Böyük dünyası vardı,
ürəyi onu Böyük dünyasının mehinə,
şehinə, qövsi-qüzehinə çəkirdi.
Müharibədən çıxmış ölkədə, əyalətdə,
əyalətin bir rayonunda həkim çatısmırdı.
Tacikistanda iki il işlədilər. Camaat gənc azərbaycanlı
həkimləri sevirdi. İsinişdikləri,
sağlamlıqlarını etibar etdikləri təbibləri
hamı özünə sirdaş bilirdi, dərddaş bilirdi.
Zəngilan rayonunun rəhbərliyi "Öz
kadrlarımız ola-ola xəstəliklərlə
baş-başa qalmışıq. Səhiyyə Nazirliyinə
müraciət etməliyik..." Azərbaycanın Səhiyyə
Nazirliyi Zəngilan rayon rəhbərliyinin məktubunu nəzərə
alıbmış; İsgəndər də, Tahirə də
kadr olaraq Azərbaycana göndərildi...
1955-ci ildə Zəngilan səhəri iki həkimin gəlişi
ilə açdı...
O illərdə İsgəndər həkim müraciət
edənlərin hamısını diqqətlə müayinə
edirdi. Aparatlar, cihazlar yoxuydu. Çarə həkimin
intiusiyasına, bir də təcrübəsinə, zamanında
öyrəndiklərinə qalırdı. "Mənim
kabinetimdən heç kim bədgüman qayıtmayacaq...",
- İsgəndər həkim bu amalla işləyirdi. Gecəsi
də gündüzü kimiydi İsgəndər həkimin. Az
müddətdə Zəngilan həkimliyi
insanlığını, insanlığı həkimliyini
tamamlayan gənc həkimi tanıdı, tanıdı və
sevdi. "Haqq əmək itirməz" deyiblər. Həmin
il neçə-neçə ömrü ölümün əlindən
alan İsgəndər İsgəndərov Zəngilan rayon xəstəxanasının
baş həkimin müalicə işləri üzrə
müvini təyin olundu. Bundan sonra təkcə həkim kimi
deyil, rayonda müalicə sisteminin təşkili də onun
üzərinə düşürdü...
Rayonda ixtisaslı həkim, tibb personalı
çatışmadığına görə İsgəndər
həkim rayon xəstəxanasının baş həkimi SoltanVəliyevlə
birlikdə təkcə rayon mərkəzində deyil, kəndlərdə
də səhiyyənin inkişafına qayğı göstərirdi.
Yolsuz yollarla dağ kəndlərinə də piyada gedir, əhali
arasında profilaktik işlər aparır, xəstələri
müəyyənləşdirir, onların müalicəsini təşkil
edirdilər. Onlar bu və ya digər kənddə tibb məntəqələrinin
yaradılmasına da, həkim və tibb bacısı
kadrları ilə təmin edilməsinə də nail olurdular.
İstedad bütün sahələrdə qadirliyi ilə
səciyyəvi olur. İsgəndər İsgəndərov həm
də bacarıqlı səhiyyə təşkilatçısı
idi. 1965-1966-cı illərdə Zəngilan şəhərində
bir illik tibb məktəbi yaradılanda azsaylı həmkarları
ilə birlikdə rayonun orta ixtisaslı tibb kadrlarının
hazırlanmasında sonralar tarixləşən böyük
xidmətləri olub.
Tibbi personala həmişə həssas və
qayğıkeş münasibət göstərərdi. Tələbkar
idi. "Həmkarlarına tələbkar olmaq
üçün ilk növbədə özünə tələbkar
olmalısan", - İsgəndər həkim belə deyərdi.
Böyük praktik təcrübəsi olmasına baxmayaraq, daim
mütaliə edər, tibb elminin yeniliklərini öz fəaliyyətində
tətbiq edərdi, həkimlərin Hippokrat andına sədaqətini
insanlığa sədaqət adlandırardı. Tibb sahəsində
tətbiq edilən yeni müalicə üsulları, farmokoloji
ixtiralar, müalicə prosesinə tətbiq edilən yeni dərmanlar,
tibbi texnika Zəngilanda ilk dəfə
onun təşəbbüsü, iradəsi, qabiliyyəti sayəsində
gətirdilmişdi. Onu Zəngilanda, yaxın rayonlarda bir
loğman kimi tanıyırdılar.
"Xəstə ilə səmimi kəlmələşməyən
həkim yaxşı həkim deyil. Xəstə həkimə
inanmırsa, müalicənin xeyri olamayacaq...", - bunlar da
İsgəndər həkimin kəlamlarındandır.
1992-ci ilin oktyabrında Biləcəri
Çağırış Məntəqəsindən ilk
çağırışçılardan bir qrupunu qəbul
edərək Zəngilanda yerləşən hərbi hissəyə
gətirmişdik. İki həftədən sonra məruzə
edildi ki, onlardan yeddi nəfəri alayın tibb məntəqəsində
soyuqdəymədən müalicə olunsalar da, heç bir səmərəsi
olmayıb. Xəstələrə baş çəkdim.
Onlarla ayrı-ayrılıqda görüşdüm, söhbətləşdim.
Öyrəndim ki, onların burda, tibb məntəqəsində
müalicəsinin xeyri olmayacaq. Onlara ixtitisaslı tibbi
müalicə tələb olunurdu. Təcili İsgəndər
həkimlə görüşdük. Xəstələri Zəngilan
rayon mərkəzi xəstəxanasında yerləşdirilməsini,
analizlər götürülməsini və təcrid
edilmiş bölmədə yeləsdirilməsini təşkil
etdi. Həmin dövrdə ciddi dərman
çatışmazlığı var idi. İsgəndər həkim
baş həkim Eldar Babayevlə birlikdə dərmanların
Füzulidən öz şəxsi vəsaitləri hesabına
alınıb gətirilməsinə nail oldular. Üç həftə
ərzində əsgərlərimizin sağlamlığı
tam bərpa olundu...
El arasında bir ifadədə işlədilir: Filankəs
böyüklə böyükdü, uşaqla uşaq. Yəni
insansevər adamdır, yəni insan adamdır. Bu, həmişə
ürəyi böyüklüyün ifadəsi olub. İsgəndər
həkim də böyük ürək yiyəsi idi.
Böyüklərin kiçik qardaşı idi, kiçiklərin
böyük qardaşı. Bu xarakter onun vətəndaslıq
sənədi idi sanki. Hamı sevirdi onu, o, hamının
sevimlisi idi. Qayğıkeş, diqqətcil həkim mənim də
xətrimi əziz tuturdu. Aramızda xeyli yaş fərqi olsa
da, müəyyən məsələləri müzakirə edəndə,
xalqla, el-oba ilə bağlı məsələlərdən
söz düşəndə səmimiyyətlə dərdləşərdik...
Dayımın həyat yoldaşı rayon xəstəxanasında
yatırdı. Onun müalicəsi üçün İsgəndər
həkimə müraciət etdim. Gülümsündü,
"Həkim kimi borcumdur, əlavə olaraq dostumun
qohumudur". Birlikdə palataya gəldik. Müayinə uzun
çəkmədi. Allahverdi həkim xəstənin xəstəliyi
ilə əlaqəli zəruri bildiklərini də dedi. İsgəndər
həkimin qaşları çatıldı: Dayının
yoldaşının xəstəliyi ciddi deyil, onu gözəl
dağ havası olan kənddən bura niyə gətiribsiniz.
Aparın, Canbarda hər şey öz axarına düşəcək.
Profilaktik müalicə üçün bir-iki dərman
yazdı. Onun göstərişi ilə dərmanları da xəstəxananın
aptekindən verdilər. Ağır xəstə olduğunu
düşünən, buna görə fikir çəkən
qohumum sağalacağına ümidlə Canbara
qayıtdı...
"İbn Sinanın loğmanlığı
dünyanı min ildi heyrətləndirir. Bu heyrət təbabətin
inkişafında böyük təkan oldu. Bu gün təbabət
hansı səviyyədə inkişaf etmiş olsa da, İbn
Sina və İbn Sinalıq heç zaman unudulmayacaq. Mən istəyirəm
ki, gənclərimiz bu sahəyə maraq göstərsinlər,
xalqımızın sağlamlığı keşiyində
dayansınlar. Axı onlar istedadlıdırlar...", - İsgəndər
həkim könüldaşlarına belə deyərdi. Bu da onun
həkimliyə sədaqətinin ifadəsi kimi qəbul
edilirdi...
Hansı həkimin xəstəsi olmasından
asılı olmayaraq, hamısına eyni məsləhət
verilərdi: Hökmən İsgəndər həkimə
göstərin, onunla məsləhətləşin, - deyərdilər.
Ona qonşu rayonlardan da müraciət edənlər olurdu.
İnam kimi, etibar kimi...
Hər oxuyan Molla Pənah olmur, tibb institutunu bitirən
hər məzun da yaxşı həkim olmağı
bacarmır. Yaxşı həkim olmaq üçün tibb
institutunun məzunu həm də yaxşı xarakterə malik
olmalıdır. Nədir yaxşı xarakter? - İsgəndər
həkimi yaxından tanıyanlar deyirlər ki, o, xəstə
ilə səmimi kəlmələşirdi, xəstəni
inandıra bilirdi, təkcə həkimə deyil, həm də
həkimin təyin etdiyi müalicəyə
inandırırdı. Dəfələrlə çarəsiz xəstə
kimi ona müraciət edənlər sağalacağına
dönməz inamla qayıdıb. İsgəndər həkim
buna şükranlıq deyərdi...
Həkimlik peşəsini bütün
varlığı ilə sevirdi. Bu peşəni sevənləri
də, bu peşəni seçənləri də sevirdi. O, bu
nəcib peşənin sirlərini, zəngin təcrübəsini
gənc həkimlərlə bölüşməkdən
iftixar hissi duyar və zövq alardı. "Vacib bildiklərini
inandığın gənc həkimə söhbətlər
zamanı da öyrətmək mümkündür. Sən
inanmalısan ki, gənc həkim öyrənmək istəyir..."
Onlardan qayğısını, dəstəyini əsirgəməzdi.
Tofiq Bağırov, Rəhman Quliyev, Qaçay Hüseynov, Tofiq
Babayev, Teyyub Orucov, Eldar Babayev, Allahverdi Quliyev, Sucəddin
Quliyev, Səhiyyəddin Həsənov, Tariyel Salmanov, Sərdar
İsmixanov və digərləri alitəhsilli həkim idi.
Onlar da İsgəndər həkimin təcrübəsindən
yararlanaraq peşəkar olublar.
Zəngilanı çox sevirdi. Düşmən Zəngilana
həmlələr, hücumlar edəndə imkan tapanda
döyüşənlərin yanına gələrdi. Bu gəliş
döyüşçülərin döyüş əzmini,
qələbə ruhunu yüksəldərdi.
Döyüsçülərdən biri zarafatla demişdi ki,
İsgəndər həkimi görəndə adam yaralanmaqdan
çəkinmir, qorxmur, dərdi verən Allah dərmanını
göndəribsə, nədən narahat olmalıyam.
Gülüşüblər. Bu təbəssümlər də
döyüş əzminə dönüb...
Zəngilan işğal edildi. Bütün zəngilanlılar
kimi İsgəndər həkim də yaşadığı
illərin aylarının ən ağır gününü
yaşadı. Onda xəstəydi. Onda özünə kömək
lazım idi. Payızın sazağında özünü
Arazın sahilinə yetirmişdi ki, ehtiyacı olanlara tibbi
yardım eləsin. "Həkim Simurğ misallı
olmalıdı, ehtiyacı olanın hoyuna yetməlidi", -
İsgəndər həkim həkimlik peşəsinin
yazılmamış qanununu belə ifadə edirdi. 1993-cü
ilin soyuq payız günü Arazın ləpədöyənində
neçə xəstəyə çarə oldu İsgəndər
həkim, neçə zəngilanlıya şəfa verdi...
Rayonun ictimai-siyası həyatında da fəal
iştirak edirdi. Rayon partiya komitəsinin bir sıra
konfranslarında plenum üzvü, rayon və şəhər
sovetinin deputatı seçilmişdi.
Zəngilan rayonunda 38 illik səmərəli fəaliyyəti
dövlət tərəfindən yüksək qiymətləndirilmişdi.
"Səhiyyə əlaçısı" döş
nişanına layiq görülmüşdü. "Şərəf
nişanı" ordeni, "Rəşadətli əməyə
görə" Lenin yubiley medalı ilə təltif
edilmişdi. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin və Qırmızı Aypara Cəmiyyətinin fəxri
fərmanları ilə
mükafatlandırılmışdı. Əmək
veteranı idi. İsgəndər həkim
üçün ən
böyük mükafat doğulub, boya-başa
çatdığı, müalicə edib həyata
qaytardığı Zəngilan elinin ona olan hüsn-rəğbəti,
bitib-tükənməyən məhəbbəti idi.
Şərəfli ömür yolu keçmiş, uzun
illər insanların sağlamlığı keşiyində ləyaqətlə
dayanmış, pesəkar həkim, dəyərli ziyalı,
unudulmaz insan İsgəndər İsgəndərov 1994-cü
il yanvarın 6-da dünyasını dəyişdi. Onun xoş
xatirələri ömrünün davamıdır...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2024.-31 may,№95.-S.15.