Qədim
İskit türklərinin Naxçıvanda qalan izləri
Naxçıvan şəhərindən 18 km cənubda,
Nehrəm kəndi yaxınlığındakı, eramızdan əvvəl
2-1-ci minilliyə aid yaşayış yeri Qızılburun
adlanır. Yaşayış yerinin yaxınlığında
nekropol da vardır. XIX əsrdə arxeoloji ədəbiyyatda bu
tarixi yer Qızılvəng də
adlandırılmışdı. 1970-ci ilədək Araz
çayının sol sahilində Təzəkənd adlı kənd
də vardı. Həmin illərə aid xəritəni əsas
götürsək, Qızılburun Təzəkənddən 3
km cənubda yerləşir. Qızılburun xalq arasında
Qızılboğaz adı ilə də tanınır. Burada
torpaq qırmızı rəngli olduğundan elmi ədəbiyyatda
Qızılburun və Qızılvəng adı ilə
düşüb. "Qızıl" sözü qədim
türk dilində "qırmızı" mənasını
verir. İndi də türkdilli xalqların əksəriyyəti
qırmızıya "qızıl" deyirlər.
Azərbaycan arxeoloqları Qızılburunda. 1969-cu il
("Qızılburun nekropolu" kitabından)
Qızılburun nekropolu coğrafi cəhətdən əlverişli
bir mövqedə, Araz çayının sol sahilində Zəngəzur
dağları silsiləsinin Araz vadisinə enən burnunda
salınıb. Sonda, dağın Araza qovuşduğu yerdə
qayanın altındakı mağarada "Damcılı
bulaq" vardır. Bu bulağın suyundan Qədim Məbəd
şəhərin əhalisi istifadə edib. Bu zəngin tarixi
abidə-nekropol rəsmi olaraq 1926-cı ildə qeydə
alınsa da, 1895-ci ildə aşkar edilmişdi.
Zəngəzur dağları Araz çayına enənə
qədər Araz çayı vadi ilə axır. Dağın
Arazla qovuşduğu yerdə Araz çayı
sıldırımlı qayalıqların arası ilə
axır və bu yerdə Qızılburun gözəlliyi ilə
göz oxşayır. Çünki bu dağlar dolomit
dağlardır. Azərbaycanda dolomitin tükənməz mənbəyi
yalnız Nehrəm ətrafındadır. Dolomit dağlar əsasən
əhəngdaşı, dolomit və mergeldən ibarətdir.
Saf dolomit rəngsiz və ya şəffaf ağ olur.
Sarımtıl, bozumtul, qırmızımtıl, qonur və
sair rəngli dolomitlər yağışdan sonra füsunkar
gözəllik yaradırlar. Qırmızı rəngli dolomitlər
bu ətrafda daha çoxluq təşkil etdiyindən hər tərəf
al-əlvandır. Söz düşmüşkən deyək
ki, 1827-ci ildə rus qoşunları burada Araz
çayının sol sahilində tikilən Abbasabad
qalasını tutarkən rus yazıçısı və
diplomatı A.S.Qriboyedov da burada olmuş və ətrafdakı
qayalıqları "Pompeyin qayaları"
adlandırmışdı. Bəzi tədqiqatçılar səhvən
bunu Pompey Qneylə bağlayırlar. Və yazırlar ki,
A.S.Qriboyedov Haçadağı (İlanlı dağı) nəzərdə
tutaraq deyib. Yox, bu yanlışdır. A.S.Qriboyedovun nəzərdə
tutduğu e.ə.79-cu ildə İtaliyada Vezuvi
vulkanının püskürməsi nəticəsində
dağılmış qədim Roma şəhəri Pompeydir.
Çünki 1594-cü ildə ilk təsadüfi
qazıntılar çox qədim tarixi abidələri üzə
çıxarıb.
Hələ 1827-ci ildə qədim nekropol aşkar
olunmasa da, Araz çayının axdığı sıx
qayalı dərənin ağzında, qırmızı təpənin
üstündə qırmızı torpaqdan tikilmiş
Qızılvəng monastırı görünürdü.
"Qızılvəng" monastırı məbəddən
xeyli aralıdadır. Monastırın yanında təxminən
1859-cu ildə "Qızılvəngköy" kəndi
salınıb. Həmin ilin kameral siyahısına görə,
bu kənddə 8 ev olmuşdu. O sənəddə qeyd edilib ki,
buraya ermənilər İrandan
köçürülmüşlər. Bu haqda erməni
tarixçilərinin özləri də yazmışlar.
Yəni bu monastırın Qədim Məbədlə və
onun ərazisində olan nekropolla heç bir əlaqəsi
yoxdur. Bir də onu demək lazımdır ki, əgər bir
yerdə yaşayan millətlərin dini ibadətgah tikmələri
o demək deyil ki, bu ərazi tarixən onlara məxsus olub.
Qızılburun türk sözüdür və qədim
zamanlardan iskit türklərinin yaşadığı məkan
olub. Bunu 1895-ci ildən aparılan arxeoloji ekspedisiyalar da
sübut edir.
1895-ci ildəki qazıntılardan söhbət
açmazdan əvvəl tədqiqatçı alim Lətif
Hüseynzadənin Astabad şəhərinin tarixi ilə
bağlı araşdırmasını olduğu kimi sitat gətiririk:
"Dəryaçanın (söhbət Araz su anbarından
gedir - müəllif) yaranacağı ərazinin bir hissəsində
indiki Təzəkənd kəndi və onun tarlaları yerləşir.
Elmə məlum olduğu kimi, Təzəkəndin qədim
adı Azərabaddır. Bu söz "Odlar yurdu" deməkdir.
Böyük bir yaşayış məntəqəsi olan Azərabadda
bir çox tarixi binalar, atəşkədələr və
qalalar olmuşdur. Hələ IX əsrdə xalq
üsyanının başçısı Babəkin ərəblərin
zülmündən azad etdiyi yerlər sırasında Azərabad
da vardır. Məhz buna görə də Azərabad tariximizlə
çox əlaqədar olan bir yerdir. Sonralar Azərabad və
onun ətraf yerləri Azadabad
adlandırılmışdır. Bir qədərdən sonra bu
ad dəyişilərək Astabad şəklinə
düşmüşdür. XIV əsrdə Teymurun orduları
tərəfindən işğal edilən Astabad yenidən
öz müstəqilliyini itirmişdir. Astabadın vətənpərvərləri
öz yurdlarını qorumaq üçün qalalardan istifadə
etmişlər. Həmin qalalardan biri Araz çayının kənarında
duran Astabad qalasıdır. Həmin qalanı 1827-ci ildə
İran şahzadəsi Abbas Mirzə yenidən bərpa
etdirdiyinə görə (tarix səhvdir. Qala 1810-cu ildə bərpa
edilib - müəllif) onun adını dəyişib Abbasabad
şəklinə salmışlar ("Abidələri
qoruyaq". "Şərq qapısı" qəzeti,
1967)".
İndi qayıdaq əsas məsələyə.
1895-ci ildə Naxçıvandan Culfaya dəmiryolu çəkilərkən
Qızılburun yaxınlığında bir neçə
daş qutu qəbir dağıdılmışdı. Həmin
daş qəbirdən sadə və boyalı qalar,
qızıldan bəzək əşyaları, tunc silahlar, bəzəklər
və digər maddi-mədəniyyət qalıqları
tapılmışdı.
Görkəmli rus arxeoloq və coğrafiyaçı
Aleksandr Andreyeviç Spitsin 1909-cu ildə nəşr etdirdiyi
məqaləsində Qızılburun nekropolundan ilk dəfə
məlumat verir. Onun və digər arxeoloqların
yazdıqlarından məlum olur ki, yerli əhalinin və
yaxınlıqdakı kilsənin rahiblərin
dağıtmağa başladıqları qəbirlərin
salamat qalmasında Araz çayı kənarındakı sərhəd
gözətçi dəstəsinin rəisi N.V.Fyodorov fədakarlıq
göstərib. Azərbaycan arxeoloqları Q.İsmayılzadə
və B.İbrahimli 2013-cü ildə çap etdirdikləri
"Qızılburun nekropolu" kitabında Fyodorovun bu tarixi
xidmətindən ətraflı məlumat verməklə bərabər,
"Rotmistr N.V.Fyodorov" başlığı altında
haqlı olaraq onun adını Qızılburun nekropolunun ilk tədqiqatçısı
kimi çəkmişlər.
Fyodorovun fəaliyyəti diqqətimizi çox çəkdiyi
üçün onun haqqında əlavə axtarışlar
apardıq. Onun həyatı, fəaliyyəti haqqında indiyədək
məlum olmayan faktları aşkarladıq. Hətta fotoşəklini
də tapdıq. Bu tapıntıların oxuculara da maraqlı
olacağını düşünürük. General-mayor
Nikolay Vasilyeviç 28 noyabr 1860-cı ildə anadan olub.
4-cü Moskva hərbi gimnaziyasını, 1-ci dərəcəli
Odessa piyada zabitlər məktəbini bitirib. 16 aprel 1876-cı
ildə praporşik, 30 may 1882-ci ildə podporuçik rütbələrini
alıb, 8 iyun 1886-cı ildə kornet (kiçik zabit)
adlandırılıb. Ona 5 aprel 1887-ci ildə poruçik, 21
aprel 1891-ci ildə ştabs-rotmistr, 6 dekabr 1895-ci ildə
rotmistr hərbi rütbəsi verilib. 1894-1895-ci illərdə
o, Naxçıvan diyarından İrəvan briqadasının
Culfa sərhəd dəstəsinin komandiri olub. Sərhəd dəstəsi
süvari qoşunlara aid olduğundan onun rütbəsini
çar ordusunun qanunlarına görə kapitan kimi də yaza
bilərik.
Tədqiqatçı alim V.Əliyev A.S.Spitsinə
istinad edərək yazır ki, məsələdən xəbər
tutan sərhəd gözətçi dəstəsinin rəisi
N.B.Fyodorov həmin yerə gəlmiş,
dağıntının qarşısını
almışdı. O, talan edilmiş qəbirlərin
materiallarının bir hissəsini toplamağa müvəffəq
olmuş və onları Moskvaya, İmperator Arxeoloji
Komissiyasına göndərmişdi. Bir il sonra N.V.Fyodorov
komissiyanın tapşırığı ilə həmin yerdə
qazıntı işləri aparıb, əldə etdiyi
materialları Moskva Tarix muzeyinə göndərib. Lakin
N.V.Fyodorov materiallar haqqında heç bir yazılı məlumat
verməyib. Yalnız 1909-cu ildə A.A.Spitsin bu məlumatları
dərc etdirib və elm aləmində böyük əks-səda
yaradı.
Hərbçi arxeoloq Fyodorovun açdığı
daş qutu qəbirlərdən birinin üstünə
qoyulmuş iri sal daş üzərində ibadət edən
adamın təsviri bu gün də çox maraqlı və
aktualdır. Arxeoloqların stolüstü kitabına
çevrilən "Qızılburun nekropolu"nda müəlliflər
yazırlar: "Qızılburun materiallarından ən
maraqlısı və demək olar ki, tədqiqatçıların
diqqətini çox az cəlb etmiş tapıntı məbəd
yeri adlanan ərazidən N.V.Fyodorov tərəfindən
tapılmış insan fiqurudur (şək.20, №33, № 35, №37; V.Əliyevdən
başqa heç bir tədqiqatçı bu fiqurdan ətraflı
bəhs etməmişdir)". Akademik V.Əliyevin "Azərbaycanda
tunc dövrünün boyalı qablar mədəniyyəti"
kitabında (Bakı, 1977) bu insan fiquru haqqında geniş məlumat
vardır.
Daha sonra V.Əliyev qeyd edir ki, o dövrdə Zaqafqaziya
boyalı qablar mədəniyyətini əks etdirən Tunc
dövrü abidələri hələ öyrənilmədiyindən
A.A.Spitsin Qızılburun yaxınlığında daş qutu
qəbirləri haqqında müəyyən bir elmi nəticəyə
gələ bilməmişdi.
Qeyd edək ki, 1895-ci ilin sonunda N.V.Fyodorov
Naxçıvanın Bulqan kəndindəki sərhəd
briqadasının komandiri olmuşdu. O, 1900-cü ilə kimi
Naxçıvan diyarındakı sərhəd postunda komandir
olaraq qalmışdı. Sonralar N.V.Fyodorov Uzaq Şərqə
dəyişdirilmiş və 1904-1905-ci illərdə rus-yapon
müharibəsində iştirak etmişdi. 3 may 1913-cü ildə
ona general-mayor hərbi rütbəsi verilib. 1878-ci ildə
4-cü dərəcəli fərqləndirici mükafat
alıb. 3-cü dərəcəli Müqəddəs Stanislav
(1880), 3-cü dərəcəli Müqəddəs Anna (1855),
2-ci dərəcəli Müqəddəs Stanislav (1898), 2-ci dərəcəli
Müqəddəs Anna (1909) ordenlərinin kavaleri olub.
Naxçıvan tarixində onun adı həmişə
hörmətlə xatırlanır. Çünki
Qızılburun abidəsinin maraqlı və heç zaman
arxeoloji qazıntı aparılmayan məbəd haqqında ilk
dəfə N.V.Fyodorov məlumat verib. Sözarası deyək
ki, tarixi məbədin adı Qızılvəng deyil.
Qızılvəng məbəddən yarım verst
şimali-şərqdə olan qayanın üzərində
tikilmiş monastırdır.
Qızılburunda arxeoloji ekspediyalardan söhbət
açmazdan əvvəl qeyd edək ki, ümumiyyətlə,
bu orijinal tarixi abidə haqqında tədqiqatçı
arxeoloq alimlərdən İ.İ.Meşaninov, A.A.Miller,
A.A.Şpitsin, B.A.Kiftin, D.A.Həbibullayev, V.H.Əliyev,
Q.İsmayılzadə, B.İbrahimli, V.B.Baxşəliyev,
A.Seyidov və digərləri yazdıqları kitablarda ətraflı
məlumatlar vermişlər.
Sovet hökuməti qurulandan sonra, 1926-cı ilin iyununda
Qızılburunda arxeoloji tədqiqatlar başlayır.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində
bir sıra sənədləri aşkarladıq. Bu sənədlər
Gürcüstan Milli Arxivindən gətirilib. Həmin sənədlərdən
biri 1926-cı ilin əvvəlində Acarıstana və
keçmiş Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasına aiddir. Arxiv sənədi belə adlanır:
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi
yanındakı Zaqafqaziya Elmi Assosiyasında təşkil
edilmiş elmi ekspedisiyalar. Sənəddə göstərilir
ki, Naxçıvana təşkil edilən ekspedisiyaya rəhbər
Sankt-Peterburqdakı Dövlət Maddi Mədəniyyət
Tarixi Akademiyasının üzvü A.A.Miller təyin edilib.
Ekspedisiya qarşısında belə bir tələb qoyulub ki,
Araz sahilində yerləşən qədim şəhər ərazisində
(söhbət qədim məbəd şəhərdən gedir
- müəllif) və Qızılvəng (Qızılburun)
nekropolundakı qəbirlər qazılaraq tədqiq edilsin.
(Ardı var)
Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
kuliyevm@yandex.ru
525-ci qəzet.- 2024.-31 may,№95.-S.14.