Sabir, Fikrət Sadıq
və mən...
Yazının adı sizi çaşdırmasın.
Söhbət səviyyə və xarakter uyğunluğundan
getmir. Bizim eyniliyimiz bir gündə
doğulmağımızdadır. Qalan məsələlərin
eyniliyini söyləməyim çətindir - birinə
yaşım, o birinə başım çatmır. Hərçənd
elə gənc həmkarlarım tapılar ki, nəinki Fikrət
müəllimlə, lap Sabirlə öcəşər. Və
eləməyib tənbəllik məni təvazökarlığıma
görə qınayar da. Əvvəlcə ürəyində,
sonra qarşısına çıxanda. Amma
sağlığınıza vecimə deyil beləsinin məni
qabağına qatıb o yana-bu yana sürüməsi. Dədələrimiz
demişkən, yel qayadan nə apara bilər? Olsa-olsa, bir-iki
daş-kəsək.
Sabirin kim olduğu dərslərini babat oxuyan məktəblilərə
bəllidir. Hətta, bağça yaşlı
balalarımız da onun şeirlərini əzbərdən
bilir. Hər halda, qabaqlar beləydi, ona görə hətta
dedim. Yoxsa imanımı yandırmaq istəmərəm.
"Uşaq və buz", "Gəl-gəl, a yaz günləri"
vaxtilə bizim dilimizdən düşməzdi. Hərfləri,
rəqəmləri öyrənməklə bir sırada bu və
sadə, diləyatım pişik, xoruz, keçi və sair
haqqında şeirləri öyrənmək dururdu. Sonra
yavaş-yavaş mövzular dərinləşir, şeirlər
ağırlaşırdı. Qəlizlik də elə bundan
sonra başlayırdı. Sovet hökuməti Sabirin "Fəhlə..."sini
özünə sərf eləyən şəkildə tədris
eləyirdi. Şagirddən filologiya üzrə doktorluq elmi dərəcəsini
müdafiə eləyənəcən hamı sovet fəhləsinə
rəğbət, sahibkara nifrət hissləriylə
alışıb-yanırdı. Hamımıza, daha doğrusu,
çoxumuza elə gəlirdi ki, kapitalizmdən iyrənc,
üzü kommunizmə gedən sosializmdən gözəl
ictimai-siyasi quruluş yoxdur. Hardan biləydik, görəcəkli
günlərimiz qabaqdaymış. Keçid dövrünə
düşəcəyik, neçə-neçə keçilməzdən
keçməli olacağıq, birinə
uyğunlaşacağıq, beşinə yox. Mənim kimisisə
əllidən sonra da səbəbi məlum olan əyrilərə
gözünü döyüb baxacaq, düzəlməsindən
ötrü baş sındıracaq. Ta bunu bilə-bilə,
fikirləşməyəcək ki, əziyyəti özünə
qalacaq. Sözümün canı odur ki, biz Sabiri o
dövrün mövcud ideologiyasına uyğun şəkildə
araşdırır, öyrənir, mənimsəyirdik. Həmin
yanaşmaya görə, Mirzə Ələkbərin qatı
sovet şairi, hətta ideoloqu olduğu qənaəti
formalaşmışdı. Məncə, hələ bir az
yumşaq dedim. Nədən ki, başbilənlər onu daha
ciddi şəkildə təbliğ edir,
yaradıcılığını eşim-eşim eşələyir,
kommunizm ideyaları axtarırdılar. Əslində mirzə
heç kimə qulluq eləməmiş, bu barədə
heç düşünməmiş birisiydi. Onun fikri-zikri iki
misrasından bəlliydi:
Şairəm, çünki vəzifəm budur əşar
yazım,
...Pisi-pis, əyrini-əyri, düzü həmvar
yazım...
Əlavə şərhə nə ehtiyac? Məqsədi,
məramı nəzmə çəkdiyi iki misrasından bəlli
olan şairdən ideoloq düzəltmək niyyəti sovet ədəbiyyatşünaslarının,
fəlsəfəçilərinin hünəriydi. Sabirsə
yüz ildir ki, bu cür cılız yanaşmalara yaxın
düşmür, məhdud çərçivələrə
sığmır. Onun dühası və enerjisi
qarşısında hər şey acizdir. Nə o zamankı, nə
də indiki təhsil və elm mirzəni axıracan kəşf
eləməyib. Mövzu genişliyi, forma rəngarəngliyi,
dil sərbəstliyi, sözü muma döndərmək məharəti,
manevr imkanları boydan yuxarıdır. Ali təhsil
almamış şair keçmişin və
günümüzün neçə-neçə qələm
ustalarını, şünasları qatlayıb cibinə qoyar.
Cəsarəti, kinayəli qəhqəhəsiylə adamı
şaşıran, talantıyla məəttəl qoyan
qılınc kimi iti, kəsərli, söz sahibiylə
qurşaq tutmaq hər oğulun işi deyil. Bax budur Sabirin
böyüklüyü, əlçatmazlığı.
...Üz qoyuram gah neyistanlara, -
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gəh məkan, -
Qəbirdə xortdan görürəm, qorxmuram.
...Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
...Ta baxma müəllim sözünə, ta əməl
etmə,
Axır utan, oğlum!
Çıx dağa, Daşa, yol kəsibən qarətə
başla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
Həmmali-yaraq ol,
Xəlqə dayaq ol,
Hər işdə sayaq ol,
Var cana ziyanı -
Qeyrətdən uzaq qol!..
...Pah atonnan, nə ağır yatdı bu oğlan,
ölübə!
Nə də tərpənməyir üstündəki
yorğan, ölübə!
Bu qədər qışqırığa durdu qonum-qonşu
təmam,
Dəbərişməz də veribdir, deyəsən,
can, ölübə!
Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də ordan: ölübə!..
Bu şeirləri əl boyda uşaq olan vaxtlarımda əzbərləyib
tay-tuşlarımla bərabər "26-lar" mədəniyyət
sarayının səhnəsində söylərdim.
Şövqlə, aktyor sayaq.
...Fikrət Sadıq çoxdan
tanıdığım, məni maraqlı adam sayan həmkarım
Orxanın atasıdır. And içə bilərəm ki,
kitabxanamda Fikrət müəllimin kitabları da var. Onun
şeirlərini oxumuşam, bu da Allaha əyandır. Di gəl,
indi deyəcəklərimdən savayı, heç nə
yadıma gəlmədi:
O yerdəki həyət var, həyat yox,
O yerdəki həyat var, həyət yox.
O yerdəki həyət də var, həyat da,
Həmin yerdə adam yoxdu mən adda.
Üç cür olur zurnaçılar:
Biri elə zurna çalar,
Biri belə zurna çalar,
Biri də elə-belə zurna çalar.
Bu şeirin ruscaya tərcüməsi də
yaddaşımda ilişib qalıb. Rəhmətlik Mənsur Vəkilovun
ustalığı sayəsində:
Одна дуда играет туда,
Другая дуда играет сюда,
Третий дуда и туда и сюда.
Bu şeir insanın kimliyini, nəçiliyini
yaxşı ifadə edir. Həmin misraları eşidən
gündən fikir-xəyaldayam. Elə-belə zurna çalmaq,
yaxud da kimə gəldi züy tutmaq fikrindən uzaq
olmağım rahatlığımı pozub. Siz necə, narahat
deyilsiniz?
Seymur ELSEVƏR
525-ci qəzet.- 2024.-31 may,№95.-S.12.