Gözəllikdən
xoşbəxtliyə...
Esse
Uzaqda olanı yaxınlaşdırmaq diləyilə
kompüterin arxasına keçirəm. Gözəlliyin rəngini
seçirəm: rəngsizlik.
İnsan öz ömrünün
başlanğıcıdır; həm irəli, həm geri, həm
sağa-sola, həm də yuxarı-aşağı hərəkət
edə bilər. Bu mənada onun dayandığı nöqtə
də özü üçün başlanğıcdır.
Geriyə-irəliyə, sağa-sola hərəkətlər
istənilən kimsəyə məxsus cəhətlərdir,
amma yuxarı, yaxud aşağı istiqamət artıq insandan
xüsusi qabiliyyət tələb edir. Sonuncular, həm hissi
idrakın açdığı cığırlar, həm də
insani üstünlüyün ali dərəcəsini təmsil
edən daşıyıcı vasitələr hesabına
gerçəkləşir. Hissi idrakın
açdığı cığırlar gerçək aləmin
hadisələri olduğu qədər sadə rekvizitiv göstəricilər
hesab edilsə də, ali idrakın münasibətlərə
qoşulması yeni dünyanın başlanğıcından
xəbər verir. Bu, nəyə bənzəyir?
Düşünən varlıq zaman nöqteyi-nəzərindən
həmişə irəliyə doğru gedir, geriyə yolu
yoxdur. Bəs o, keçmişi necə qavrayr? O,
keçmişi müxtəlif mənbələr:
illüstrasiyalar, xatirə-memorial kompleksləri, təsvirlər,
qravürlər, məqalələr, xəritələr, qələmə
alınmış tarixi proseslər vasitəsilə öyrənir.
Tarixin öyrənilməsi artıq canlı proses hesab olunmur.
Ali idrakın münasibətlərə qoşulması da
fiziki görünüş cəhətdən hadisələrə
canlılıq bəxş edə bilmir. Tarixin öyrənilməsilə
ali idraka keçid mərhələsi əsərsizlik, hərəkətsizlik
baxımından bir-birinə bənzəsə də, birinci
davamiyyət mənada sonlu, ikinci, əksinə, sonsuzdur. Əgər
tarix hadisələrin nəzəri cəhətdən təkrarlanmasıdırsa,
ali idrak qaranlıqları pillə-pillə özü dəf
edir, daha doğrusu, öz yolunun işıqlatıcı
qüvvəsi özü olur. Yəni birinci hadisə əyani
vasitələr hesabına araşdırılır, lakin
ikincinin əyani vəsaiti yoxdur və onun qismətinə
oxşarlıq, bənzərlik kimi müqayisələr
yazılmamışdır. Ali idrak sahibi insan məsafəni təkrarsız
yolla təkbaşına qət edir.
Yer yuvarlaq olmasaydı, varlığın
başlanğıc nöqtədən geriyə hərəkəti
mümkün olmazdı.
Əlbəttə, biz aşağı-yuxarı deyəndə
iplə quyuya sallanmağı, yaxud Qaqarinin fəth etdiyi
yüksəkliyi nəzərdə tutmuruq; nəhayətsiz dərinliklərlə
sonsuz yüksəkliklərin bir-birinə
qarışdığı əlçatmaz rahatlıqdan, ilahi
zövqdən - gözəlliyin gözəlliyindən bəhs
edirik.
Gözəllik nədir? Gözəllik zövq mənbəyidir;
görünən, görünməyən cəhətləri
var. Görünən gözəllik vizual, yəni həm adi
göz, həm də xüsusi cihazlar vasitəsilə
müşahidə olunur, görünməyən gözəlliyin
termin olaraq eyni mənanı verməyən iki nəzəri tədqiqat
sahəsi var. Onlardan biri düşünən
varlığın mənəvi gözəlliyidir ki, ali
idrakın hiss etdikləri bu mənada deyildir, çünki istənilən
insanın mənəviyyatı vardır. Mənəviyyat məsələsi
etikanın bölməsi olaraq fərqli varlıqlarda müxtəlif
faiz nisbətinə malikdir və həyat tərzindən, cəmiyyətdəki
mövqedən asılı olaraq dəyişir.
Varlığın mənəvi keyfiyyətləri stabil
olmadığı üçün insanların bu mövzuda dəyərləndirilməsi
də mütləq səciyyə daşımır. Mənəviyyatın
ölçü vahidi insan vicdanıdır. Vicdan əxlaqi dəyərlərin
məcmuudur. Cəmiy-yətin idarəçiliyi, bir mənalı
şəkildə, insan tələbatının vicdanlı dəyərləndirilməsindən
asılıdır. Deməli, gerçək dünyanın
aparıcı amili cəmiyyətin vicdan nisbətidir ki, həm
dağıdıcı, həm də qurucu təsirə
malikdir.
Əgər insan öz arzularını həyata
keçirmək üçün ağlının
imkanlarından eninə-boluna istifadə etməsə,
özünün beş inəkli olmasından ötrü
qonşunun bir inəyini onun əlindən zorla, yaxud oğurluq
yolu ilə almasa, mənəviyyat həmişə gözəldir.
Mənəviyyat məsələsi güllə
yarası almış itin zingiltisinə dözməyərək
siqaret tüstülədəcək qədər kövrəlmək
deyil, mövcud şəraiti idarə etmək baxımından
həqiqətə son dərəcə yaxınlaşmaq
bacarığıdır. Müşahidəçi
qarşı tərəfi öz qəlbinin aynasına
baxırmış kimi seyr etdiyindən bu məsələdə
əsas rolu hissiyyat, yəni birinin digərini hiss etməsi
deyil də, insan əməllərinin təzahürü
oynayır. Özü görünməsə də,
görünən hadisələrdə təzahür olunduğuna
görə mənəviyyatı vücudu ələ gəlməyən
gözəlliklə eyniləşdirmək olmaz.
Bəs vücudu ələ gəlməyən gözəllik
nədir? Vücudu ələ gəlməyən gözəllik
ali idrakın ideyaların ən yüksək pilləsilə
uyğunluq təşkil etməsidir.
Vücudu ələ gəlməyən gözəllik
izah olunma nöqteyi-nəzərindən bir qədər çətin
mövzudur. Bu, hadisələrin metafiziki dərk
olunmasıdır ki, insan öz dayandığı yeri
kainatın ən uca nöqtəsi hesab edir və maddi, fiziki
olan heç nəyə qarşı meyilli olmur. Ən yüksək
nöqtədə qərar tutan insan məkansız olduğu qədər
də zamansızdır. Məkan olmayan yerdə zaman nəyi
ölçsün?!
Fəlsəfə sözünün mənası hikmətə
məhəbbət deməkdir, vücudu ələ gəlməyən
gözəlliyin söz ilə ifadəsi itirilməyən
xoşbəxtlik anlamına gəlir. Bu xoşbəxtlik hissetmə
orqanları deyil, ali idrak vasitəsilə dərk olunur. Lakin
necə? Məsələnin necəliyi şəxsiyyətin fərdi
təkamülündən asılı olaraq fərqlidir.
İnsan dünyaya gəlir və ölür. Hissi
idrak sahiblərinin görüb-götürdüyü olumla
ölümün arasında gerçəkləşir. Olum -
ölüm aralığında çoxlu hadisələr, o
cümlədən, müxtəlif siyasi, ədəbi, iqtisadi,
elmi, kimyəvi, bioloji, texniki mübarizələr və hərbi
əməliyyatlar formasında həyata keçirilən
münaqişələr baş verir. Münaqişələr
tərəfləri, ya qalib, ya da məğlub timsalında
bir-birinin əlindən məkanı və zamanı sıra ilə
almağa sövq edir. Olumla ölüm arasında gerçəkləşən
bütün proseslərin predmeti materiyadır. Materiya hansı
formada təzahür edir-etsin, insan şüurundan asılı
olmayan bəlli mövcudluqdur, deməli, vücudu ələ gələndir.
Bəs vücudu ələ gəlməyən gözəllik nədir?
On iki il əvvəl bir şərqşünas alim -
professor mənim "Dünya iradə və təsəvvür
kimi" kitabım haqqında "Alman filosofuna vurulan azərbaycanlı
qadın..." sərlövhəli məqalə
yazmışdı. Məqaləni xatırlamam
"vurulmaq" sözünün mahiyyətinə nüfuz
etmək məqsədilədir. Əgər mən Hafiz
Şirazini oxuyub ona heyran olmamışamsa, demək ki,
oxuduqlarımı anlayacaq qədər iqtibas etməmişəm.
Bu şairlər şairinin yaradıcılığı
vücudu ələ gəlməyən gözəlliklərə
vətəndir: eynən fəlsəfi ruh kimi.
"Sürünmə kölgə kimi məqsədin
ayağında, /Gələr özü qapıya bir zaman həvalə
kimi", - deyə səslənən Hafiz poetik əhvalımı
bir dəfəyə və həmişəlik necə kökləyibsə,
qanımı mey yerinə içsə, xəbər tutmaram. O
zaman mən Cəmşidin cami-cəmini ölməz sənət
incilərilə dolduran dəfinələr dəfinəsini sevməyə bilərəm?!
Bayron: - Mənim məhəbbətim dağın uca
zirvəsindədir, - deyir.
Vücudu ələ gəlməyən gözəlliklər
o zaman dərk olunur və xoşbəxtlik gətirir ki, insan
artıq gerçək dünyanın hadisələrindən
zövq ala bilməyəcək qədər yüksəkdədir.
Ağac əvvəlcə tumurcuqlayır, sonra
çiçək açır, daha sonra meyvə verir. Bu, adi
təbiət hadisəsidir, zərərli proseslər baş
verməsə, tsikl həmişə eyni ardıcıllıqla
davam edir. İnsan da belədir: erotiki hiss çərçivəsində
sevir, yaşayır, bəhər verir, lakin ilahi sevgilər
çiçək açmaq üçün tumurcuqlamır,
daha doğrusu, vücudu ələ gəlməyən gözəllik
əbədiyaşar sehrinin təzahürsüz təzahürünə
görə ancaq və ancaq ali idrak sahibinə borcludur. Əslində,
bütün sevgilər çiçək açmaq
üçün doğulur, ancaq vücudu ələ gəlməyən
gözəlliyin uğur böcəyinin qanadlarına bənzəyən
qabıqlar arasında gizlənmiş materiya yoxluğu onu idrak
edən kəslərin nişanalma məharətindən
asılıdır. Tumurcuq sevgilər ona görə əbədiyaşardır
ki, çiçək açmadıqları üçün
onların müqəddəs bəkarətinə toxunan olmur.
Düşünən varlığın təminolunma
mexanizminin üç şəkli var: cismani, mənəvi,
idraki. Birinci təminolunma sisteminə insanın cismi ilə
baş verən hadisələr daxildir, məsələn, yemək,
içmək, intim münasibətdə olmaq və sair. O
cümlədən, ikinci, yəni mənəvi ehtiyaclar
gerçək təbiətdən - güldən, çəməndən,
çiçəkdən zövqalma çərçivəsinin
hüdudları arasında baş verir.
Üçüncünü görünənlərin fonunda zəkanın
görünməyənləri görmə qabiliyyəti
aşkarlayır. Cismani təmin olunma mexanizmi zərurətdən
əmələ gəlir, lakin mənəvi, idraki təmin
olunmanı, nə zərurət yaradır, nə də məqsədli
arzuetmə, sırf təsadüflərdən asılı
prosesdir. Mənəvi təminolunma ilə idraki təminolunma
arasındakı fərq ondan ibarətdir ki, birincinin əhatə
dairəsini gerçək təbiətin əsrarəngiz
görünüşü, ikincinin ilham mənbəyini
vücudu ələ gəlməyən gözəlliyin təbiəti
təşkil edir.
Sokrat sevgi haqqında: - Platonik məhəbbət ruhi
istək olaraq sosial varlığı həyatın mənasını
dərk etməyə, olduğundan yuxarılara doğru
yüksəlməyə sövq edir, insanı
ölümsüzlüyə yaxınlasdıraraq onun
ölüm üzərində qələbəsinə zəmin
yaradır, - deyərkən məhz vücudu ələ gəlməyən
gözəlliyin doğurduğu sevgidən bəhs edir.
Fiziki nəsə etməyin mümkün
olmadığı anlarda insan anidən necə sakitləşirsə,
vücudu ələ gəlməyən gözəllik də
sevgidən çalxalanan qarşı tərəfdə eyni təəssüratı
oyadır. Bu gözəlliyə qarşı cəlb olunan məhəbbət
sevgilidən ötrü ölmək deyil, həyata xas olan
sonsuz əzablardan nicat tapmaq və düşüncələr
arasında vurnuxan birinin özünə qarşı
duyduğu elə güclü şəfqət hissidir ki,
insanı hönkürdür. Vücudu ələ gəlməyən
gözəlik gözəlliyin mahiyyətcə dərk
olunmasıdır.
Uyğun sevgilərin hər statusdan olan insanların
xilqətində özlərinə yuva qurmaq ehtimalı
labüddür, həmin şəxs həkim,
sığortaçı, yazıçı, polis generalı və
sair də ola bilər.
İmadəddin Nəsimi insanın qarşı tərəfdə
əks etdirdiyi uyğun ilahi neməti - gözəllik
tacında olan ən bahalı almazı özünün
şah misrasıyla belə təsvir edir:
Səni bu hüsnü camal ilə, kamal ilə
görüb,
Qorxdular Həqq deməyə, döndülər insan
dedilər.
Göyərçin KƏRİMİ
AYB-nin üzvü, şair, yazıçı-publisist
525-ci qəzet.- 2024.-31 may,¹95.-S.11.