Bir.., bir.., sol!..
Qarabağ müharibələrinin qazi adını uca
tutan bütün qazilərinə ithaf edirəm.
Hərbi xidmətdə "sıra
addımları" deyilən bir anlayış var. Mahiyyəti
budur ki, hərbi qulluqçular sırada sinxron şəkildə
- eyni vaxtda, müəyyən olunmuş qaydada "bir, iki (bəzən
üç, dörd), sol (yəni sol ayaq)" komandası
altında addımlayırlar. Əgər komanda verilmirsə,
bunu öz ürəklərində təkrar edirlər ki, ahəngdarlıq
pozulmasın.
lll
Bir.., bir.., sol.., bir.., bir...
"İki" yox idi. "İki"nin yükü
sağ ayağına düşməli idi ki, onun da yerində
şalvarının boş balağı sallanırdı.
Fikirləşdi ki, qoltuq ağaclarının köməyi
ilə "iki"ni dirildə bilər. Deməli, sol
ayağı atanda - "bir", qoltuq ağaclarını yerə
vuranda - "iki", bir.., iki...
Üç aydan çox idi ki, ayaqqabılarının
sağ tayı lazımsız əşya kimi evin bir
küncünə atılıb qalmışdı - daha onlara
ehtiyac yox idi. Şalvarlarının sağ balağını
isə dizdən aşağı kəsib
ağız-ağıza tikmək olardı. Amma anası əsla
bu işə qol qoymazdı. Onu buna razı salmaqmı
olardı? Arvad özünü elə tuturdu ki, guya insan da
ağac kimi pöhrələyə, təzədən qol-budaq
ata bilər və oğlunun da yeri boş qalmış sağ
ayağı nə vaxtsa pöhrə kimi öz yerində bitəcək.
Bəlkə elə buna görə onun corablarını yuyanda
sağ və sol taya ayırmırdı, ikisini də bir yerdə
yuyur, bir yerdə qurudurdu, çəkmələrini təmizləyəndə
sağ tayı sol taydan çox silirdi, şalvarlarının
sağ balağının şaxı solunkundan çox olurdu.
Bu gün səhər anası köhnə əsgər şalvarını
ütüləyəndə divanda oturub məxsusi göz
qoymuşdu. O, qırış parçanın ütüyə
asanlıqla ram olmasına maraqla baxırdı, amma qaynar
ütü şalvarın sağ balağının
üstündə hərəkət edəndə dizinin
büküyündə - qıçının bitdiyi yerdə
dəhşətli bir sancı qopdu - sanki sağ ayağı
orda - masanın üstündəki şalvarının sağ
balağının içində idi
və ütülənən də şalvarın
balağı yox, onun sağ ayağı idi.
Qəribədir, ayağını itirəndə bu
ağrının heç üçdə birini
yaşamamışdı.
Avtomatı ayağa çəkib daha 3
dığanı cəhənnəmə vasil edəndən
sonra dabanına tüpürüb it kimi qaçan o birilərinin
dalınca yolun əks tərəfinə keçmək
üçün irəli atıldı və
üç-dörd addımdan sonra minaya düşdü. Əvvəlcə
sağ ayağının altında alov parıldadı, sonra
hansısa qüvvə onu top kimi havaya qaldırıb bir
neçə metr qıraqda yerə çırpdı...
Gözünü sanitar maşınında açanda
başını azca qaldırıb gördü ki, sağ
ayağı şalvarının qəlpələrdən
deşik-deşik olmuş balağından az qala asılı
qalıb. Amma o, ağrı hiss eləmirdi, daha doğrusu,
ağrıyan onun ayağı yox, ürəyi idi. Son
gücünü toplayıb - "Məni hara
aparırsınız?" - deyə hayqırdı. -
"Maşını geri döndərin. İşimi başa
çatdırmamışam axı. O alçaqların
dalınca tək ayaqla qaçacam - ta Xocalıdakı
qırmızı paltarlı körpə qızın
intiqamını alana qədər..."
Müharibə başlayanda könüllü daxil
olduğu bir aylıq ikinci əsgərlik həyatı beləcə
başa çatdı. Sonra ev, anasının dəhşətdən
əyilmiş üzü, qonum-qonşunun boğuq səslə
verdikləri ürək-dirək, bir də kiminsə hər
gecə yorğan altında xısın-xısın
ağlamağı. Anası idi, təbii ki...
Görəsən, atası sağ olsaydı, o, nə
edərdi, özünü necə aparardı?
Ortasında balaca çarhovuz olan bağın bərabərinə
çatanda dayandı. Qoltuqlarının altı
ağrıyırdı. Avtobus dayanacağından bura qədər
beş-altı dəqiqəlik yol idi. Beş dəqiqəlik
yolu gəlincə bu qədər yorulmuşdusa, gör onu həkim-ekspert
komissiyasına çatana qədər nə həngamə
gözləyirdi.
Bədəninin ağırlığını sol əlindəki
ağaca salıb buruldu, domino oynayan qocaların yanından
keçib bir cərgə ilə sıralanmış
ağacların altında baş-başa dayanmış
skamyalara tərəf getdi, elə birinci skamyaya çatan kimi
dayanıb oturdu.
Sol tərəfdəki böyük ağacın
altına bir dəstə gənc oğlan və qız -
çox güman tələbə idilər -
yığışmışdı, nə barədəsə
danışıb gülürdülər. Sağ tərəfdəki
skamyada gənc bir oğlan yanında əyləşmiş
qızın əlini sığallaya-sığallaya
qulağına nə isə pıçıldayır, qız
da xoşbəxtcəsinə gülümsəyirdi...
Nəyə görəsə anasının səfərbərlikdən
qabaq az qala hər gün təkrar-təkrar dediyi sözlər
qulaqlarında cingildədi: "A bala, daha vaxtdır, bir
qız seç, toyunu edək. Görürsən ki, təkəm,
çatdıra bilmirəm..."
Amma indi...
İndi anasının gözləri,
baxışları ayrı şey deyirdi. O baxışlarda əvvəlki
ümiddən, qarşıdakı sevincdən heç nə
qalmamışdı, əksinə, qorxu qarışıq qəribə
bir çaşqınlıq, nigarançılıq vardı o
baxışlarda. Arvad elə bil özü boyda bir sual işarəsinə
dönmüşdü, beli bükük sual işarəsinə.
Özü də yorulub əldən
düşmüşdü. Əlbəttə, bilirdi nəyə
görə. Çünki belə "sual işarələri"
ilə küçədə, yolda çox
qarşılaşırdı - aralarında yaşlı
kişilər də olurdu, qadınlar da. Amma çoxu gənc
qızlar idi və əksəriyyətinin də
baxışlarında dərin bir təşviş, dibsiz bir
boşluq vardı - elə bil şalvarının sağ
balağının içindəki boşluq onların
baxışlarında güzgüdəki kimi əks vururdu.
O, gənc, yaraşıqlı idi, amma bilirdi ki, gəncliyinin,
yaraşığının tən yarısı həmin o
partlayışın dalğasında havaya sovrulub və
onu geri qaytarmaq mümkün
deyil
Ağac təzə pöhrə verə bilir, amma kəsilmiş
budağın yerindən təzə budaq çıxmır,
axı.
Lənət sənə kor şeytan! Hansı qız
öz gözəlliyini bu boşluğa qurban verər, xoşbəxtliyini
bu boşluğu doldurmaqda görərdi?
Sonra özünü danladı: "Yox, qardaş, belə
olmaz. Deyəsən, çox dərinə getdin. Sənə
kim haqq verib ki, başqalarının yerinə
danışıb, hökm verirsən? Bəlkə səhv
edirsən? Bəlkə var belə qızlar?"
Vaxtilə televizorda gördüyü və tez-tez
xatırladığı bir filmin kadrları yenə də
gözlərinin önündən keçdi...
Gənc oğlan onu sevən qızla yox, daha gözəl
olan ayrısı ilə evlənir. Meşə təsərrüfatında
işləyən oğlanın üstünə bir gün iri
bir ağac aşıb onurğasını zədələyir
və o, yatağa düşüb ayağa qalxa bilmir. Gözəlçə
arvadı dərhal şey-şüyünü
yığışdırıb
birdəfəlik evdən gedir, ərini tək və
köməksiz qoyur. "Əvvəlki" qız bunu eşidən
kimi özünü yetirir və onun ağlagəlməz səyləri
nəticəsində oğlan sağalıb ayağa qalxır,
hətta yeriməyə başlayır.
Əlbəttə, bu əhvalatda həqiqətə
oxşar nəsə vardı, amma şişirtmə də yetərincə
idi. Üstəlik, bu həqiqət rus qızları
üçün tapılmış həqiqətə daha
çox bənzəyirdi, çünki o qız sevdiyi
oğlanın sağalması üçün min dona girirdi -
onu oxşayırdı, əzizləyirdi, cürbəcür
mahnılar oxuyurdu, ən başlıcası isə iflic
olmuş sinirlərini oyatmaq üçün hər gün
qarşısında rəqs edirdi.
Yox, kino başqa şeydir, həyata bənzəsə
də, hər halda həyatın özü deyil. Filmlər həmişə
xoşbəxt sonluqla bitir. Həyatda isə belə olmur
axı.
O, indiki aqibətinə qətiyyən peşman deyildi,
əlil olmasını da ürəyinə salıb dərd eləmirdi.
Ayağını itirsə də, işğaldan azad
olunmuş vətən qazanmışdı və o vətəndə
başını dik tutub şəstlə gəzməyi hər
şeyə dəyərdi. Düşünürdü ki, fiziki
cəhətdən sağlam, amma mənəvi cəhətdən
şikəst olub tənə, istehza obyektinə çevrilməkdən,
vicdan əzabı çəkə-çəkə
yaşamaqdansa,
şikəst olub, məğrur kişi adı
daşımaq yüz dəfə yaxşıdır. Məgər
başını dik tutub alnıaçıq, üzüağ
gəzməkdən şərəfli bir şey vardımı
bu dünyada kişi üçün?
İnanırdı ki, bütün dünyaya səs
salan ən əzəmətli, ən gurultulu toy da onun toyu
olacaq - bəy kürsüsündə vüqarla, qürurla əyləşəcək,
yanında da onun qüruruna, qeyrətinə qısılmış ağ
paltarlı gözəl, göyçək bir qız. O qız
ki, düşmən əlinə keçməmək, namusunu,
şərəfini qorumaq üçün heç vaxt
özünü qayadan atmaq təhlükəsi ilə
qarşılaşmayacaqdı...
Qolları üstə keçinən əsgər dostunun
son sözləri qulaqlarında gurladı: "Biz vətəni
otuz illik xəcalətdən xilas edib yenidən diriltdik. Nə
qədər ki, vətən var, biz də diriyik,
qardaş..."
Ürəyi darıxdı. Buradakı asudəlik,
sakitlik nəyə görəsə ona ləzzət vermirdi.
Durub getmək lazım idi. Əl ağaclarımn
qoltuqlarının altına sıxıb qalxmaq istəyirdi ki,
qəfildən bağın sağ tərəfindən uşaq
səsləri gəldi. Başını döndərib
baxdı: bir dəstə uşaq idi, bir cərgəyə
düzülüb çarhovuza tərəf
addımlayırdı. Çox güman ki,
yaxınlıqdakı məktəblərin birindən gəzməyə
çıxmışdılar. Əgər belə idisə,
yanlarında addımlayan xurmayı saçlı qız da əlbəttə
ki, müəllimələri idi.
Uşaqlar gəlib çarhovuzun yanında
dayandılar. Rabitəsiz, qarmaqarışıq səslər
bağı başına götürdü.
O qalxdı, bayaq gəldiyi yola tərəf buruldu və
elə o andaca uşaqların arasından təxminən 8-9
yaşlı totuq bir oğlan yerindən
götürülüb ona tərəf qaçdı, gəlib
üç-dörd addımlığında dayandı və əllərini
böyük adamlar kimi belinə qoyub gözlərini
şalvarının boş balağına dikdi. Sonra
başını qaldırıb düz onun gözlərinin
içinə baxdı:
- Əmi, müəlliməmiz deyir ki, siz qəhrəmansınız!
Bu, düzdür?
Bu suala cavab vermək bəlkə də yüz yox, min
dığanı öldürməkdən də çətin
idi.
- Mən də sizin kimi qəhrəman olacam, əmi!
- Mən də! - dəstədən daha bir oğlan
uşağı irəli sıçrayıb dostunun bu istəyinə
əlüstü şərik çıxdı.
- Mən də!.. Mən də!.. Mən də!.. - səslər
bir-birinə qarışdı, oğlanlı-qızlı
hamı hərəkətə gəldi, uşaqlar bir-birini itələyə-itələyə
irəli cumdular. Elə bil əynində əsgər
paltarı olan bu əmini inandırmağın yeganə yolu ona
daha yaxın dayanmaqdan, daha ucadan qışqırmaqdan
keçirdi.
Qəfildən şalvarının sağ
balağının içindəki boşluqda dəhşətli
ağrı hiss elədi - olmayan ayağının
ağrısını...
Heç nə demədi. Əlini uzadıb qəhrəman
olmağı birinci arzulayan oğlanın qıvrım
saçlarımı sığalladı. Sonra yoluna davam elədi
- eyni ilə bağa gəldiyi kimi: "bir.., bir.., sol..."
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2024.-31 may,№95.-S.10.