Qol saatı 

MÜƏLLİMİM PROFESSOR HƏSƏN MİRZƏYEVİN ƏZİZ XATİRƏSİNƏ

 

Mənim təhsilalma bəxtim onda gətirdi ki, Pedaqoji İnstitutda bizə hərtərəfli biliyə və dünyagörüşünə malik pedaqoq-alimlər dərs dedilər. Məsələn, akademiklər Feyzulla Qasımzadə və Əbdüləzəl Dəmirçizadə, professorlar Zeynal Tağızadə, Cəfər İbrahimov, İsmayıl Şıxlı, Şükür Sadıqov, Sədi Əfəndiyev, Şərif Haqverdiyev və Həsən Mirzəyev. Bu simalar sözün həqiqi mənasında şəxsiyyətlərdi, seçilmiş pedaqoqlardı. Əlim qələm tutandan, jurnalist fəaliyyətinə başlayandan unudulmaz müəllimlərim haqqında oçerklər yazmışam, müsahibələr aparmışam, də-fələrlə görüşmüşəm. Amma mənə elə gəlir, onların borcundan çıxmamışam. Bu, mümkün də deyil!

1961-62-63-cü tədris illərində, "sözün cərrahı" adlandırdığım dilçi Zeynal Tağızadə (məşhur sənətşünas, professor Aida Tağızadənin atası) auditoriyada cavan oğlanı bizə təqdim eləyib dedi: "Mənim mühazirələrimin seminar məşğələlərini gördüyünüz bu oğlan aparacaq: Həsən Mirzəyevdir, Əbdüləzəl Dəmirçizadənin dissertantıdır. İstedadlı dilçidir". Əlavə etdi ki, onun biliyindən səmərəli istifadə edin. Və auditoriyadan çıxdı. Beləliklə, Həsən Mirzəyevlə biz tələbələrin pedaqoji-elmi ünsiyyəti başladı, bu, iki il çəkdi. Xatırlayıram ki, o, son dərəcə məsuliyyətli, ixtisasını bilən, nəzəri məsələləri dəqiq şərh edən müəllim kimi yaddaşımıza həkk olundu. Əyaniliyə, lövhədə hər bir cümləni yazıb təhlil etməyə üstünlük verirdi. Müəllimi Zeynal Tağızadənin təcrübəsini mənimsəmiş gənc dilçi kimi sevdik onu.

Həsən Mirzəyev artıq bizə dərs demirdisə də, mütəmadi görüşürdük, güzəranımızla maraqlanırdı. Bir gün bizə çatdırdı ki, filan vaxt dissertasiya müdafiə edəcək günümdür, sizləri də dəvət edirəm. Müdafiə, səhv etmirəmsə, "Feil" bəhsinin bəzi nəzəri məsələlərindən idi. Müəllimimizi bir dəstə güllə təbrik etdik, uğurlar arzuladıq.

İllər ötür, zaman dəyişir, insanlar qayğıları ilə baş-başa dururdu. Dosent Həsən müəllim Pedaqoji İnstitutda sayılan müəllim, yaradıcı dilçi kimi tanınır, yenə həmin cavanlıq enerjisilə dərs deyirdi, tələbələrinin sevimlisi olmaqda davam edirdi. Hətta vəzifə tuturdu. Kitabları nəşr olunurdu. Doktorluq dissertasiyası üzərində işini sona çatdırmaqda idi... İş elə gətirdi, 1984-cü ildə mən "Maarif" Dövlət Tədris Nəsriyyatına baş redaktor və direktor əvəzi vəzifəsinə təyin olundum. İnstitutda rastlaşdım (saat hesabı dərs deyirdim) müəllimimlə. Məni təbrik elədi: - Allahverdi, yanına gələcəyəm, - dedi. - Doktorluq işimlə bağlı monoqrafiyam nəşr olunmalıdır, təzə qanunla.

Gözlədim və Həsən Mirzəyev bir gün nəşriyyata gəldi. Müəllimimlə üzbəüz oturmaq səadəti nəsib olmuşdu mənə. Armudu stəkanda çay içdi. Kitabının əlyazmasını portfeldən çıxarıb vərəqlədi, "köməyinə ehtiyac var" deyib gülümsündü.

- Müəllim, bu nə sözdür, şad olaram Sizin arzunuzu yerinə yetirsəm, - dedim və əlyazmanı qeydiyyata aldırtdım.

- İkinci xahişim də var: həcmini on çap vərəqi artıraq. Mümkünmü?

- Mümkündür, ərizə yazıb, həcmi göstərin. Gəlmişkən məsələni həll edin. Zəhmət çəkib təkrar gəlməyin...

Bəzi rəsmi mərhələlərdən keçirdim, həmin həcmdə əsəri istehsalata göndərdim. Təxminən üç ay çəkdi nəşri. İlk siqnal nüsxəsini redaksiya müdiri mənə verdi: - Bu iki ədədi də müəllifə verin, sevinsin, - dedi.

Həsən müəllimə zəng etdim, nəşriyyata gəlməsini bildirdim. O:

- Bu gün dərsdəyəm, sabah yanında olaram, - deyib telefonda təşəkkürünü çatdırdı. - Bu, əziz tələbəmin xidmətidir, mənə olan əvəzsiz yaxşılığındır.

Səhəri Həsən Mirzəyev zəng edib nəşriyyata təşrif buyurdu. Yenə üzbəüz əyləşdik. Bir stəkan çay içdi. Əlbəttə, həyəcanlı idi, təbii hissdir. Kitabı əlüstü vərəqlədi. Üz qabığı xoşuna gəlmişdi.

- Rəssamına təşəkkürümü çatdırın, əziyyət çəkib.

Və əyilib portfelini götürdü.

- Allahverdi. - Astadan dedi. - Çox fikirləşdim, sənə necə hədiyyə alım müəllimindən yadigar qalsın.

- Qutunu açdı. - Qol saatını məsləhət bildim, - deyib mənə uzatdı.

Həsən müəllim kövrəlmişdi, onu başa düşürdüm. Təbrik etdim.

- Mənim borcumdur, əziz müəllimim, - Əllərim əsirdi, mənim də səsimdə kövrəklik vardı.

Müəllimimin cavanlıq illərini xatırladım. Əllərini sıxdım. Nəsə demək istəyirdim, bacarmadım...

 

Allahverdi EMİNOV

Pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent

525-ci qəzet.- 2024.-31 may,№95.-S.8.