Şuşada
gözüm səni axtarırdı...
Mərhum xanəndə Süleyman Abdullayevin vəfatı
Əflatun Amaşovun iş yerinin "Xalq qəzeti"nə
dəyişdirildiyi günlərə
düşmüşdü. Yeni baş redaktorumuz xanəndənin
vəfatı münasibətilə yazı hazırlatdırmaq
istəyəndə redaksiyada kimsə ona deyibmiş ki,
Süleyman Abdullayev bizim İttifaq Mirzəbəylinin dostu idi.
Məsləhətdi ki, o yazını Mirzəbəyli
hazırlasın.
Mövzu mənə həvalə edildi, yazını
hazırladım, rəhbərlik bəyəndi və baş
redaktor daha bir neçə xatirə yazmağımı istədi.
"Yaddaşlarda yaşayanlar" rubrikası yaradaraq daha
beş-altı yazı hazırladım. Sonra Amaşov dedi ki, bu rubrikanı davam
etdirək. Xeyli yazı alınsa,
"Xalq qəzeti"nin kitabxanası" adıyla kitab
kimi ərsəyə gətirərik.
Şəxsən görüşdüyüm, təmasda
olduğum tarixi simalardan Qulam Məmmədli, Şirməmməd
Hüseynov, Cavad Heyət, Əbdüllətif Bəndəroğlu,
Mikayıl Abdullayev, Lütviyar İmanov və digər onlarla
ziyalımız haqqında xatirələr qələmə
aldım. O qeydlər kifayət qədər bəyənildi.
Bir gün isə dostumuz İlqar Həsənov dedi ki, sən
bu yazıların auditoriyasını böyütsən
yaxşıdır. Yəni bəzi yazıları öz qəzetimizə
yox, başqa qəzetlərə göndər ki, xatirələrin
oxucu miqyası genişlənsin, xatırlananlara rəhmət
oxuyanların sayı artsın. Məhz İlqar Musayeviçin
təşəbbüsü ilə Əflatun Amaşova məxsus
layihənin bir yarpağını "525"ə göndərmək istədim. Yəqin ki, başqa qəzetlərə
də "yarpaq atacağıq".
...Ömrünün son illərində "Alov
tökün gorgahıma, yetimdi, qəbrim
üşüyür..." deyən şair Ənvər Əhmədi
hələ ötən əsrin doxsanıncı illərindən,
radioda çalışdığım dövrdən
tanıyırdım. Dəfələrlə görüşlərimiz
olmuş, bir şeirini öz verilişimdə (adətim
üzrə şairin xəbəri olmadan) səsləndirmişdim.
Eyni məclisdə görüşməyimiz isə yeddi-səkkiz
il qabaq, mənim tələbəlik dostum, qrup yoldaşım,
onun həmyerlisi olan Əməkdar artist Nazir Rüstəmovun
60 illiyi münasibətilə təşkil olunmuş restoran tədbirində
olmuşdu.
Nazirin ad günündə söz mənə veriləndə
qısa təbrikdən sonra - məclisdəkilərin əksəriyyətinin
qarabağlı olduğunu nəzərə alaraq - hələ
Topxana hadisələrinə etirazlar zamanı yazdığım
"Qarabağ" şeirini oxumuşdum. Yazıda bu şeir
barədə dəfələrlə söz
açılacağını nəzərə alaraq, əvvəlcə
şeirin tam mətnini yada salıram.
Qarabağ
Oyanan qeyrətin sübhü, səhəri,
Qızaran üfüqdə dandı, Qarabağ.
Düşmənin gözünə millənən
bıçaq,
Dostuna şöhrətdi, şandı, Qarabağ!
Vaqif yazan yerdə söz qatarını,
Üzeyir yaradıb öz qatarını.
Sadıqcan göylərə tutub tarını -
Çalanda deyiblər: - Yandı Qarabağ!
Bakı diyarımın görən gözüdü,
Gəncə dəyanəti, Qazax sözüdü.
Naxçıvan bu yurdun odu-közüdü,
Bu böyük bədəndə candı Qarabağ.
İnsan rəzil olur söz götürəndə,
Dərd götürən də var, söz
götürən də.
İttifaq, ölərsən qan itirəndə -
Özün bil, damarda qandı Qarabağ.
Ənvər Əhməd bu
çıxışımı
eşidəndən sonra mənə dedi ki, o şeir
hansı qəzetdə verilibsə, həmin qəzeti mənə
çatdırarsan. Dedim, mən şairlik iddiasında
olmadığıma görə, publisistcəsinə
yazdığım şeirlərimi ancaq kitabda verirəm, qəzetlərə
təqdim etmirəm. Güldü: - Allah sənə kömək
olsun, publisist kimi yazan o qədər şairlər var ki, iyirmi,
otuz ildir redaksiyalardan yığışmırlar.
Onda mən başqa bir "dərdimi" də
şairə xatırlatdım: - Mən bu şeiri yazandan sonra
Qarabağ tamamilə işğal edildi və bədxahlardan
biri yazdı ki, İttifaq Mirzəbəyli, damardakı
qanın itib, bəs nə üçün ölmürsən?
Ənvər müəllimin bu məsələyə
münasibətini də unuda bilmirəm: - Vaxt gələcək,
Qarabağ başdan-başa azad ediləcək, bütün
şəhər və kəndlərimizə
qayıdacağıq. Sənin damarındakı qan da bərpa
olacaq. Onda həmin bədxahlar öləcəklərmi?
Ölməyəcəklər.
...Azərbaycan yazıçılarının
Şuşadakı təntənəli mərasimlərdəki
iştirakını görəndə də gözüm qələm
əhlinin arasında şair, professor, Xankəndi Pedaqoji
İnstitutunun müəllimi olmuş Ənvər Əhmədi
axtardı, özüm Şuşada addımlayanda da. Ağdam,
Xankəndi, Füzuli, Cəbrayıl və Suqovuşandakı telegörüntülərdə
də Ənvər müəllim o sıralarda yox idi. Amma mənim
ürəyimdəki sıralamada uzun illər Qarabağ
yazıçılarının rəhbəri kimi fəaliyyət
göstərmiş Ənvər Əhmədin adı da var,
özü də. Həm də həmişə olacaq.
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2024.-31 may,№95.-S.8.