"Anormal iqlim dəyişiklikləri
təbii və sosial-iqtisadi fəsadlara səbəb olur"
Qlobal istiləşmə və əsas istixana
qazlarının konsentrasiyasının artması səbəbindən
buzlaqların əriməsi dünyanı potensial fəlakətli
nəticələrlə üz-üzə qoyub. Bu barədə
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT)
hesabatında bildirilir. Məlumata görə, istixana
qazlarının emissiyası yeni maksimuma qədər kəskin
şəkildə artıb. Bu da xüsusilə COP29 ərəfəsində
təcili tədbirlərin vacibliyini bir daha vurğulayır.
ÜMT-nin baş katibinin müavini Ko Barrett öz
növbəsində bildirib ki, karbon qazı (CO2) - metan və
azot oksidi ilə yanaşı, üç əsas istixana
qazından biri - indi atmosferdə heç vaxt
olmadığı qədər sürətlə toplanır.
ÜMT-nin 2024-cü il üçün istixana
qazları üzrə hesabatı CO2 səviyyəsinin
artımının yavaşıdılmalı olduğuna dair
ciddi elmi xatırlatmadır. 2004-cü ildə atmosferdə
karbon qazının konsentrasiyası milyonda 377,1 hissə (ppm) təşkil
edib, 2023-cü ildə isə ÜMT-nin Qlobal Atmosfer Monitorinqi
Şəbəkəsinin məlumatına görə, 420 ppm-ə
çatıb. "Bu, cəmi 20 il ərzində milyonda 42,9
hissə və ya 11,4 faiz artım deməkdir", - K.Barrett
izah edib.
Onun sözlərinə görə, məlumatlar
göstərir ki, təbii iqlim dəyişkənliyi karbon
dövranında böyük rol oynayır: "Lakin yaxın gələcəkdə
iqlim dəyişikliyi özü ekosistemlərin istixana
qazlarının daha böyük mənbəyinə
çevrilməsinə səbəb ola bilər".
Qeyd edək ki, bu günlərdə BMT Baş katibi
Antoniu Quterreş COP29-dan gözləntilərini
açıqlayıb. O bildirib ki, BMT-nin qarşıdan gələn
iqlim konfransı - COP29 tərəqqiyə iki yolla təkan verməlidir.
COP29-da ilk olaraq gələn ilə qədər ölkələr
üçün yeni milli iqlim fəaliyyət planları təqdim
edilməlidir: "Hökumətlər bu planları 1,5 dərəcə
ilə uyğunlaşdırmağa razılaşıblar. Bu o
deməkdir ki, onlar bütün istixana qazları
emissiyalarını azaltmalı və bu, bütün
iqtisadiyyatı əhatə etməlidir - bütün sektorlarda
irəliləyişə təkan verilməlidir. Digər bir məsələ
budur ki, COP29-da iqlim maliyyə məsələsi ön planda
olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz
enerjiyə keçidi sürətləndirmək və qlobal
istiləşmə ilə mübarizə aparmaq
üçün dəstəklərini yüksəltməlidirlər".
Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan
maliyyə vəsaiti, qarşıya qoyulan məqsəd və
iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik
təmin olunmalıdır: "COP29-un nəticəsi həm də
borcların azaldılması, çoxtərəfli inkişaf
banklarının daha böyük və daha cəsarətli
hala gətirilməsi üçün islahatlara yönəlmiş
tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir".
Energetika nazirinin müavini, COP29-un baş
icraçı direktoru Elnur Soltanov bildirib ki, dünyada istixana
qazlarının təxminən 70 faizi energetika sektoruna, 20 faizi
isə kənd təsərrüfatına aiddir. "Kənd təsərrüfatı,
əslində, enerji sektorundan sonra ikinci ən əhəmiyyətli
istixana qazı mənbəyidir. Kənd təsərrüfatını
daha da vacib edən isə, hər şeyin onun necə müəyyən
edilməsindən asılı olmasıdır". Elnur
Soltanov meşələrin və torpaqların böyük
miqdarda istixana qazlarını udduğunu qeyd edərək, bu ərazilərin
çox dəyərli olduğunu və buna görə də
insanların kənd təsərrüfatı
bacarıqlarını yaxşı mənimsəməli
olduqlarını bildirib: "Bu, istixana qazlarının
azaldılması baxımından çox vacibdir. Eyni zamanda,
biz, əksər hallarda, Azərbaycanın da daxil olduğu bir
çox iqtisadiyyatlardakı fermerləri müdafiə etməliyik,
çünki onlar adətən iqlim təsirlərinə daha
həssasdırlar. Xüsusilə inkişaf etməkdə olan
ölkələrdə".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata görə, dünya üzrə qlobal
orta temperatur son illər sənayedən əvvəlki səviyyədən
1,2 dərəcə yüksək olub. Sənaye inqilabından
sonra istixana qazlarının miqdarı əhəmiyyətli dərəcədə
artıb. Bu da bütün dünyada iqlim dəyişikliyinə
səbəb olub. IPCC AR6-nın ən son elmi məlumatları
göstərir ki, bütün ölkələr tərəfindən
emissiyaların daha təcili və sürətli
azaldılması tələb olunur.
İqlim dəyişikliyinin isə bir çox fəsadları
ortaya çıxıb. Bu dəyişiklik bir çox sahələrdən
təsirsiz ötüşməyib: "İqlim dəyişiklikləri
çox sayda təbii fəsadlara səbəb olub. Bu dövrdə
temperatur artıb, quraqlıq və meşə
yanğınları, daşqınlar, dəniz səviyyəsinin
qalxması və sahil əraziləri basması, bəzi yerlərdə
geri çəkilməsi, biomüxtəlifliyin dəyişməsi,
bəzi torpaqların istifadəyə
yararsızlığı, daxili su ehtiyatının azalması
kimi təbiət hadisələri baş verib. İqlim dəyişiklikləri
həm də sosial fəsadlara da səbəb olur.
İnsanların sağlamlığına, məşğulluğuna,
təhsil sahəsinə də ziyanlar vurur. İqlim dəyişikliyi
xüsusi ilə həssas əhali təbəqəsi
üçün daha təhlükəlidir. Bundan əlavə,
biznes sahəsində də müəyyən problemlər
yaranır. Demək olar ki, bir çox biznes sahələri bu dəyişiklikdən
ziyan görür. Baş vermiş təbii hadisələr nəticəsində
şəhər və rayonlarda olan infrastruktur və binalar zədələnir.
Kənd və meşə təsərrüfatı, turizm sahələri
ziyan görür. Hətta sığorta sahəsində də
mövcud olan problemlərdən yaranan kəskin sığorta
artımı baş verir. Bəzi sığorta şirkətləri
də bununla da müflis olur. Biznes strukturları
üçün də müəyyən ortaq problemlər
yaranır".
Bildirilib ki, iqlim dəyişikliyi
günümüzün vacib çağırışıdır.
Dəniz səviyyəsi dəyişir. Biz bunu Xəzərin
timsalında görə bilərik. Bunlar hamısı istixana
qazlarının təsiri ilə yaranır: "Biz bu hadisələrin
proqnozunu və monitorinqini təşkil edirik. Gələcəkdə
nə ilə üzləşə biləcəyimizi müəyyənləşdirməyimiz
vacibdir".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
sədri Orxan Nəzərli qeyd edib ki, Azərbaycan
iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi
sahə olsa da, son zamanlar bizim gündəliyimiz
"yaşıl enerji" ilə bağlıdır:
"Ölkəmizin bərpaolunan enerji mənbələrindən
istifadəyə dair gündəmində iddialı hədəflər
yer alır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair
Milli Prioritetlər"ə uyğun olaraq "yüksək
keyfiyyətli ekoloji mühit" və "yaşıl
enerji" milli inkişaf prioritetləri olaraq seçilib,
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası"nda "Təmiz ətraf mühit" və
"yaşıl artım ölkəsi" üzrə strateji
çərçivə müəyyənləşdirilib.
"Yaşıl enerji" növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın
enerji siyasətinin prioritetidir. Azərbaycanda elektrik enerjisi
istehsalında bərpa olunan enerji mənbələrinin
payının 2030-cu ilə qədər 30 faizə
çatdırılması nəzərdə tutulur. 1990-cı
illə müqayisədə 2030-cu ilə qədər istixana
qazlarının emissiyasını 35 faiz, 2050-ci ilə qədər
isə 40 faiz azaltmaq da hədəflərimizdəndir.
Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və
Naxçıvan Muxtar Respublikası da daxil olmaqla
sözügedən ərazilər "yaşıl enerji"
zonası kimi müəyyən edilib. Ölkəmizdə
2024-cü il "Yaşıl dünya naminə həmrəylik
ili" elan edilib. Məqsəd iqlim dəyişmələrinə
qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin
gücləndirilməsinə töhfələri
artırmaqdır".
Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib
ki, şirkət tərəfindən istixana qazları
emissiyalarının azaldılması istiqamətində mühüm
işlər həyata keçirilir. SOCAR öz istehsal fəaliyyəti
nəticəsində atmosferə buraxılan istixana effekti
yaradan qazların könüllü olaraq azaldılması
üçün məqsədyönlü fəaliyyət
göstərməkdədir. Bu fəaliyyət həm
SOCAR-ın sosial öhdəliyi, həm də beynəlxalq səviyyəli
şirkət olaraq ətraf mühit məsələlərinə
verdiyi önəmin göstəricisidir. Neft-qaz əməliyyatları
zamanı formalaşan istilik effekti yaradan qazların
inventarlaşdırılması üçün BMT-nin
İqlim Dəyişmələri üzrə Hökumətlərarası
Panelin (Intergovernmental Panel on Climate Change - IPCC) metodoloji sənədlərinə
istinad edilməklə, "Stasionar mənbələrdə
yandırma prosesində istilik effekti yaradan qazların
hesablanması Metodikası" hazırlanıb. Qeyd olunan
metodika müvafiq dövlət orqanları və Nazirlər
Kabineti ilə razılaşdırılmaqla, SOCAR tərəfindən
təsdiq edilib. Bu metodikadan istifadə etməklə,
SOCAR-ın birbaşa strukturuna daxil olan müəssisələr,
şirkətin iştirak etdiyi layihələr, habelə
elektrik enerjisi təchizatı və xidmət sektorunu əhatə
etməklə istixana effekti yaradan qazların həcminin
hesablanması mümkündür. Hazırda bu metodikanın
daha da təkmilləşdirilməsi və əhatə dairəsinin
genişləndirilməsi üzərində iş
aparılır. SOCAR qlobal istiləşmədə əsas rol
oynayan metan emissiyalarının azaldılmasını daim diqqətdə
saxlayır. Bu istiqamətdə fəaliyyətin beynəlxalq
standartların tələblərinə
uyğunlaşdırılması məqsədilə SOCAR
"MGP" təşəbbüsünün
üzvüdür. "MGP" hasilatdan istehlaka qədər
neft-qaz əməliyyatlarının bütün dəyər zənciri
boyunca metan emissiyalarının azaldılması üzrə əsas
prioritetləri müəyyən edən qlobal nüfuzlu təsisatdır.
Təşəbbüs çərçivəsində üzv
şirkətlər tərəfindən metan
emissiyalarının azaldılması sahəsində yeni
metodologiya və prosedurların hazırlanması, müasir
texnologiyaların tətbiqi, emissiyalara dair hesabatvermə, həmçinin
bu istiqamətdə əldə olunan qabaqcıl təcrübələrin
bölüşülməsi kimi fəaliyyətlər həyata
keçirilir. SOCAR illik olaraq "MGP"nin sorğu
formalarına uyğun metan emissiyaları haqqında məlumatları
təşkilata təqdim edir. Bundan əlavə, Dövlət
Neft Şirkəti BP ilə birlikdə Azərbaycanda
qabaqcıl sənaye liderləri kimi "MGP" çərçivəsində
Qlobal Metanın Azaldılması (Advancing Global Methane Reduction -
AGMR) təşəbbüsünü icra edir. Təşəbbüsün
əsas məqsədi BP və SOCAR tərəfindən Azərbaycanda
fəaliyyət göstərən neft-qaz operatorları
üçün metan emissiyalarının ölçülməsi,
azaldılması fəaliyyətlərinin təşviq edilməsi,
bu sahədə hesabatlılığın təmin
olunması, bilik və bacarıqların təkmilləşdirilməsi,
habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini
dəstəkləməkdən ibarətdir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2024.- 1 noyabr (№201).-S.15.