TÜRKƏM
Göydən gətirmişəm qaranı,
ağı,
Sənə mən tanıtdım təpəni,
dağı.
Bu yerin adamı deyiləm axı,
Tanrının yanından gələn Türkəm mən.
Bir ötən günləri sal yadına gəl,
Qara ləkə demə xal adına gəl.
Doşabı sırıma bal adına gəl,
Ağzının dadını bilən Türkəm mən.
Qulaq as, ay məni izləyən, pusan,
Mən bax elə buyam, sən elə osan.
Dərdi balası tək bağrına basan,
Eşqi-məhəbbəti şülən Türkəm
mən.
Ölümü qalan da, ölən də bilir,
Gedişi gedən də, gələn də bilir.
Tanıyan tanıyır, bilən də bilir,
Bu yeri, bu göyü bölən Türkəm mən.
Fırlanır başımda min-min necələr,
Niyə şər güc gələr, Tanrı gec elər?!
Günəşlə qol-boyun yatıb gecələr,
Səhərlər günəşlə gülən
Türkəm mən.
NƏ FAYDA
Qışda durur umacağı yayın da,
Çoxun gözü qalır azın payında.
İkisi də öz başının hayında,
Halı xoşdan halı pisə nə fayda?!
Yatmayanlar halıdılar yatandan,
Batmayanın xəbəri yox batandan.
Bir ağıllı üz döndərib nadandan,
Ya inciyə, ya da küsə, nə fayda?!
Dəhşət olar beş-on düz də əyilsə,
Daha çaşma halal haqqın yeyilsə.
Bir dənəsi mənə düşən deyilsə,
Qızıl yağa kisə-kisə, nə fayda?!
Düz yanarsa bir ocağın közü də,
Tüstülənib sulandırmaz gözü də.
Kəsilirsə əgər düzün özü də,
Əyriləri kəsə-kəsə, nə fayda?!
Əyri sözü heç gözləmə düz
dildən,
Bəlkə biri düz söz deyər yüz dildən.
Yerə düşsə çıxan kimi söz dildən,
Onu xan da, bəy də desə, nə fayda?!
Əlim yandı əl atdımsa hər nəyə,
Yazan bunu belə yazdı gör niyə?!
Cavan vaxtı tapmadığın bir şeyə
Əlin çatsa əsə-əsə, nə fayda?!
İslam Sadıq, öz vaxtı var taxtın da,
Taxt ha olmur hər adamın baxtında.
Can üzülüb, göz qaralan vaxtında
Yağ da yesə, bal da yesə, nə fayda?!
ƏLİ DARAQDA GƏZİR
Deyənlər sözünü eləmi deyir,
Bilmirsən ziyandı, yoxsa ki, xeyir.
Ortada qalanlar qıraqda yeyir,
Ortada yeyənlər qıraqda gəzir.
Bir gəmi salacaq lövbər, gözləyir,
Bir adı eləyib əzbər, gözləyir.
Hardansa, kimdənsə xəbər gözləyir,
Qulağı bir səsdə, soraqda gəzir.
Adam isitməyib bir yol qucağı,
Qonaq-qara görməz odu-ocağı.
İynəmi itirib, küncü-bucağı
Özü də axtarır, çıraq da gəzir.
Ay İslam, sən ona atdan düş demə,
Evində qənd qoymaz bircə dişdəmə.
Daramağa saçı yoxdu beş dənə,
Gecə-gündüz əli daraqda gəzir.
QOCALIR
Özünə eş gəzir eşi olmayan,
Üçdən bərk yapışır beşi
olmayan.
Nəyindən qocalsın işi olmayan,
İşindən qocalır işli kişilər.
Bir gün yaş əllini gəlib haxlayır,
Beş addım atmamış ayaq saxlayır.
Üçü-dördü sınır, beşi
laxlayır,
Dişindən qocalır dişli kişilər.
Havanı bir udum az alır hər gün,
Üz-gözü bir çiçək sozalır hər
gün.
Cavanlıq havası azalır hər gün,
Döşündən qocalır döşlü
kişilər.
AD GÜNÜM
Bu gün ad günümdü,
Guya şad günümdü.
Bu yetmiş bir ildə ad günüm mənim,
Olmadı heç zaman şad günüm mənim.
Ömür sarayımdan düşdü bir daş da,
Azaldı canımda bir damcı yaş da,
Yaşımın üstünə gəldi bir yaş
da.
Qopdu budağımdan bu gün bir yarpaq,
Hələ saralmamış, solmamış qopdu.
Dərddən, qəmdən başqa nə
gördü yazıq,
Hələ muradını almamış qopdu.
Ömrümdən ötənlər çoxaldı
bir il,
Ömrümdən itənlər çoxaldı bir il.
Ömrümün qalanı azaldı bir il,
Mənimki olanı azaldı bir il.
Onsuz da mənimki deyil gedənlər,
An-an, gün-gün, ay-ay, il-il itənlər.
Qalanlar qazancdı, sevinmək olar,
Ötənlər itkidi, içində qəm var.
Ömür sarayımdan düşdü bir daş da,
Azaldı bir damcı gözümdə yaş da.
Yaşanan yaşandı, qazancdı o da,
Ona da, ona da sevinmək olar.
Qarşıda nə durur, nə gəlir yada,
Nəyəsə, nəyəsə güvənmək
olar.
Bir il də beləcə getdi ömrümdən,
Bir il də beləcə itdi ömrümdən.
Gedən məndən getdi, yellər apardı.
Başıma tökülən küllər apardı.
Evindən qovulan, yurdundan qaçan,
Səhəri gözünü yummadan açan,
Gözü yaşlı qalan ellər apardı.
Nəğməni itirən, ağı bitirən,
Laylasız qovrulan dillər apardı.
İllər itirdiyim pul deyil axı,
Pulu tapmaq olar, pula nə var ki!
Çaşıb səhv getdiyim yol deyil axı,
Yolu tapmaq olar, yola nə var ki!
İllər su kimidir, dərdə bax, dərdə,
Bulağın gözünə qayıtmır bir də.
Addımlar kimidi illər, buna bax,
Bir dəfə atılır hər addım ancaq.
Bir dəfə yaşanır illər də cəmi,
Limandan bir dəfə çıxır hər gəmi.
Arxada qoyduğun cığırdı, izdi,
Ötən illər bir də dönəsi deyil.
Susmuş dildi, bir də dinəsi deyil.
Ha çağır, ha səslə, soraqla onu,
İllər itmiş muncuq dənəsi deyil,
Axtarıb tapasan çıraqla onu.
Qopdu budağımdan bir yaşıl yarpaq,
Bir yol da fırlandı başımda papaq.
Bunamı sevinim?!
Niyə sevinim?!
Bircə çimir qədər az olan ömrüm
Bir il də azaldı deyə sevinim?!
Bu yetmiş bir ildə ad günüm mənim,
Olmadı heç zaman şad günüm mənim.
Axı necə gülüm, necə şad olum?!
Gündüzüm gecədi, gecə, şad olum?!
GƏLİRƏM
Köhnə xəmir kimi yoğurdu məni,
Elə bil təzədən doğurdu məni.
Havası zəhər tək boğurdu məni,
Tüpürüb qaçmışam dördən, gəlirəm.
İşığa üz tutdum, işıq görmədim,
Orda saz görmədim, aşıq görmədim.
Bircə dənə qazan, qaşıq görmədim,
Qaçıb göydən yağan şərdən gəlirəm.
Düşdüm oyununa min cür qaş-gözün,
Adama nə qədər deyərlər dözün.
Tutub quyruğundan bir misra sözün,
Yığıb bu incidən, dürdən gəlirəm.
Soruşma, bu yerin adı da sirdi,
Doğması da sirdi, yadı da sirdi.
Bir ocaq görmüşəm, odu da sirdi,
Hələ açılmamış sirdən gəlirəm.
Adını çəkərəm, ağlına
batmaz,
Dur gedək deyərəm, döşünə yatmaz.
Oralara sənin əlin də çatmaz,
Sənin görmədiyin yerdən gəlirəm.
NADANLAŞIR
Guya od oğludu, oddan doğulub,
Bəlkə doğmadan yox, yaddan doğulub.
Oğru anasından nadan doğulub,
Doğru nadanlaşır, düz nadanlaşır.
Kömür əldən tutur köz əli qoyub,
Əyri ələ baxır düz əli qoyub.
Çirkindən yapışır gözəli qoyub,
Baxış nadanlaşır, göz nadanlaşır.
Nağıla həsrətdi ocağın başı,
O günləri çoxdan unudub daşı.
Quruya qarışıb odunun yaşı,
Ocaq nadanlaşır, köz nadanlaşır.
Bu dünyanın dərdi özündən
ağır,
Ay İslam, Tanrını köməyə
çağır.
Nadanın dilindən nadanlıq yağır,
Beləcə-beləcə söz nadanlaşır.
NƏ BİLİRSƏN
Səni min yol öyüb yarın,
Gözlərini döyüb yarın.
Bir ismarıc deyib yarın
Bəlkə yelə, nə bilirsən?!
Yanıb, yanıb, yorulub kül,
Sevib, sevib, durulub kül.
Bəlkə közə vurulub kül,
Köz də külə, nə bilirsən?!
"Gül varmı ki, dərəm indi,
Yaylıq üstdə sərəm indi".
Kim olacaq Kərəm indi,
Kimdi Lələ, nə bilirsən?!
Hey baxıram bu göylərə,
O haylara, bu küylərə.
Qurd düşübdü çox şeylərə,
Eh, sən hələ nə bilirsən?!
İslam Sadıq baxır nəyə,
Üzünə gün doğur niyə?
Gözəl deyir öyə-öyə
Bax bu gülə, nə bilirsən?!
KÖKÜNDƏDİ
Nə şirinə uymuşam mən,
Nə acıdan doymuşam mən.
Odu dəmə qoymuşam mən,
Ocağım köz kökündədi.
Bilmirəm kim kimə bənddi,
Ağıl ağlı kəmə bənddi.
Bu saat bir himə bənddi,
Dodağım söz kökündədi.
Soraq allam neçə yerdən,
Agaham min cürə sirdən.
Qələm kökdən düşsə birdən,
Barmağım öz kökündədi.
AĞLADIR
Otlarının gözü nəmdi,
Gör bu nəmi hardan əmdi?
Sinəsi göynəm-göynəmdi,
Çölləri duman ağladır.
Adamı naşı güldürür,
Naşının daşı güldürür.
Güldürən yaxşı güldürür,
Ağladan yaman ağladır.
Hönkür-hönkür gülür yenə,
Gülə-gülə ölür yenə.
Dərdinimi bölür yenə,
Kamanı zaman ağladır.
Dərd içinə çökə-çökə,
Qəm bağrını sökə-sökə,
Öz ahına bükə-bükə
İslamı kaman ağladır.
İslam SADIQ
525-ci qəzet .- 2024.- 2 noyabr(¹202).-S.23.