Dəhşətlər
və bədbəxtliklər. Ləyaqət və iradə
xilaskar rolunda
(Əvvəli ötən şənbə
sayımızda)
Ölkədə iqtisadi və sosial vəziyyət də
çox ağır idi, yeni hökumətin həyata
keçirdiyi tədbirlər böhranı daha da dərinləşdirirdi.
"Hərbi kommunizm" siyasəti məhsuldar qüvvələrə
böyük zərbə vurdu. Kəndlilərin ərzaq
taxılı zorla müsadirə edilirdi. Bu siyasətin acı
nəticəsi, onu dəyişmək lüzumu yaratdı, ərzaq
vergisinə və bütünlükdə Yeni İqtisadi Siyasətə
(NEP-ə) keçildi. Bu, iqtisadiyyatın, az da olsa,
canlanmasına səbəb oldu, lakin az vaxt keçməmiş
onun ləğvi baş verdi. Çünki Lenin özü də
Yeni İqtisadi Siyasətin müvəqqəti olduğunu
bildirmişdi, onun qüvvəyə minməsi kapitalist
münasibətlərinin aşağı səviyyədəki
bərpasına yol açmışdı və bu sosializm
prinsiplərinə xəyanət sayıla bilərdi.
Leninin səhhəti 1922-ci ilin sonundan pisləşməyə
başladı, burada Mixelson
zavodunda sui-qəsd nəticəsində aldığı
güllə yarası da öz təsirini göstərmişdi.
Sonrakı ildə o, insult oldu və danışa bilmədi. Bu
məqsədlə Nikolay Buxarin demişdi ki, dünyanın ən
güclü ağlının özünü ifadə edə
bilməməsi kimi böyük haqsızlıq baş
vermişdir.
1923-cü ilin əvvəlində, əslində, Corc
Vaşinqtonun "Vida məktubu"na bənzəyən, vəsiyyət
tipli sənədi Lenin imzalamışdı. Bu məktubunda o,
özünə kimin varis olacağını bildirməmişdi,
Siyasi Bürodakı öz silahdaşlarının
istedadları ilə yanaşı, nöqsanlarını da
göstərmişdi. İ.V.Stalin 1922-ci ildə partiyada yeni
yaranan baş katib vəzifəsinə seçilmişdi. Lenin
bu vəzifəni texniki bir iş hesab edirdi. Stalin isə əlində
böyük səlahiyyətlər cəmləşdirmişdi,
partiyadakı kadr siyasəti onun inhisarında idi və öz tərəfdarlarını
yerlərdə rəhbər vəzifələrə irəli
çəkmişdi. Ona görə də Lenin məktubunda
Stalinin öz əlində böyük hakimiyyəti mərkəzləşdirdiyini
əsas götürərək, bu vəzifənin
başqasına verilməsini məsləhət
görmüşdü. Ölümündən sonra
keçirilən XIII qurultayda (1924-cü il) Leninin məktubu ilə
qurultay iştirakçıları tanış edilmişdi.
Lakin qurultay mərhum partiya rəhbərinin təklifinə
qulaq asmayaraq, Stalini həmin vəzifədə
saxlamışdı. Bununla da Stalin partiya aparatında rəhbərliyini
möhkəmləndirmişdi və bu, inqilab xadimlərinin,
Leninin silahdaşlarının təqib edilməsinə və
tədricən aradan götürülməsinə yol
açmışdı.
Leninin son məktubunun yaranması səbəbləri də
məlum olmuşdur. Ağır xəstə olan Lenin Moskvadan kənarda,
Podmoskovnoye Qorki adlanan kənddəki sanatoriyada qalırdı.
Onun yanına getməyə Stalinin icazəsi lazım idi.
Arvadı Nadejda Konstantinovna Leninin yanına tez-tez getmək istədiyindən,
Stalin buna etirazını bildirmişdi və onun bu hərəkətini
Krupskaya Leninə, Stalinin onu təhqir etdiyi kimi xəbər
vermişdi. Stalinin belə hörmətsizliyi Lenini hiddətləndirmişdi
və bəzi versiyalara görə belə məktubun katibəyə
diktə edilməsinə gətirib
çıxarmışdı.
V.İ.Lenin xəstə yatdığı Podmoskovnoye
Qorkidə 21 yanvar 1924-cü ildə vəfat etdi. Onun tabutunu
Moskvaya gətirdilər və orada cəsədi tələsik
düzəldilmiş müvəqqəti Mavzoleyə qoydular.
İ.V.Stalin bu vaxt Leninin xatirəsinə müraciətdən
ibarət and xarakterli matəm çıxışı
etmişdi. Sonralar Stalin "Leninizmin əsasları"
adlı nəzəri əsər də yazmışdı.
Leninin şəxsi həyatı, siyasi fəaliyyəti
kimi heç də uğurlu olmamışdı.
Cavanlığından ölənə qədər Nadejda
Krupskaya ilə nikahda olmasına baxmayaraq, onların
övladı olmamışdı. Nadejda Konstantinovna müəyyən
xəstəliyinə görə ərindən daha tez
qocalırdı və diqqəti cəlb etməyən bir
qadına çevrilmişdi. Ona görə də Lenin ailə
sədaqətsizliyindən qaça bilməmişdi. O, İsveçrədə
olarkən gözəl İnessa Armanda vurulmuş və
inqilabçı qadınla uzun müddət yaxınlıq
etmişdi.
İnessa Armand ailəli idi, əxlaq barədə
qüsurlara da malik idi. Onun altı uşağı olmuşdu,
onların atalarını dəqiq müəyyən etmək də
çətin idi, çünki qadın ərinin
qardaşı ilə də yaxınlıq edirdi. Ancaq Lenin ona
vurulmuşdu, dərin məhəbbət bəsləyirdi. Ona
görə də oğlan uşaqlarından birinin bioloji
atasının Lenin olduğunu müəyyən etmək
çətin deyildi. 1980-ci illərdə "Arqumentı i
faktı" qəzeti (Bu mətbu növü 30 milyondan
artıq tirajla buraxılırdı) gənc yaşlarında
olan bir kişinin portetini vermişdi, o, Armandın Berlində
yaşayan oğlunun şəkli idi. Bu şəkildən, elə
bil ki, gənc Lenin adama baxırdı. O, atasına xas olan dəbdə
geyinmişdi, iri alnı, batıq gözləri, səliqəli
bığı və çənəsinin uzunluğunu örtən
saqqalı var idi. Övladın atasına belə çox
oxşamasına nadir hallarda rast gəlmək olur, elə bil
ki, oğlu deyil, bu, onun klonu idi. Lakin Lenin özünün
bastard oğlunun mövcudluğunu etiraf edə bilməzdi, bu,
onun nüfuzuna ağır təsir göstərərdi. Həm
də Lenin Aleksandra Kollontayın o vaxtlar azad sevgi barədəki
"bir stakan su" nəzəri ideyasını bəyənmirdi,
möhkəm dövlət üçün möhkəm ailənin
mövcud olmasının tərəfdarı idi. Ona görə
də ölənə qədər doğma oğlunu etiraf etməkdən
yayınmışdı.
V. İ. Lenin bolşevik partiyasının banisi və
lideri kimi partiyaya rəhbərliklə yanaşı, elmi
yaradıcılıqla da məşğul olurdu. Mövcud vəziyyətin
dəyişilməsi ilə əlaqədar olaraq, marksizmə
düzəlişlər etməkdən də çəkinmirdi.
Marks inqilabın məhsuldar qüvvələrin gur inkişaf
etdiyi ölkədə, istehsal münasibətlərinin onlara
buxova çevrildiyinə görə sosialist inqilabının
baş verəcəyini bildirmişdi. Rusiya isə Avropanın
iqtisadi cəhətdən ən geridə qalmış
böyük ölkələrindən biri idi, Marks nəzəriyyəsinə
görə, burada inqilabın qələbəsi
qeyri-mümkün idi. Lenin isə I Dünya müharibəsinin
yaratdığı şəraitdən, Rusiyanın məğlubiyyətlərindən
və ağır canlı qüvvə itkisindən istifadə
edib, bir ölkədə, həm də geridə qalmış
Rusiyada inqilabın qələbəsinin mümkün
olduğuna inandığından, marksizmin
cızdığı nəzəri əsaslar çərçivəsindən
çıxmaq yolunu seçmişdi. Ona görə də
Lenin inqilabda alim, elmdə inqilabçı hesab olunur.
Leninin yaratdığı dövlət XX əsrin
ikinci onilliyində meydana gəldi, lakin 74 il sonra əsrin son
onilliyində tarixin arxivinə getməli oldu. SSRİ-nin
dağılmasında xarici qüvvələr çox
maraqlı idi. Lakin 1980-ci illərin sonundan etibarən ölkənin
daxilində də quruluşa qarşı etiraz nümayişləri
baş verirdi. Millətlərarası münasibətlər də formal "xalqlar dostluğu"
ideyasını kənara atıb, düşmənçilik
müstəvisinə keçdi. Bu isə sovet hakimiyyətinin
dağılması, bəzi mülahizələrə görə,
nəticədə XX əsrin ən böyük geostrateji fəlakətinin
baş verməsinin detonatoru rolunu oynadı.
Lenin və onun silahdaşları monarxiyanın izini
bütünlüklə itirmək üçün hər
cür qəddar tədbirlərə əl atırdılar.
1918-ci ilin 17 iyuluna keçən gecə imperator II Nikolayın
özü, uşaqları ilə birlikdə bütün ailəsi
Yekaterinburqda güllələnmişdi. Buna MİK sədri
Y.M.Sverdlovun göstəriş verdiyi versiyası irəli
sürülür. Leninin razılığı olmadan, o, təkbaşına
bunu edə bilməzdi.
Lenin əslində, kütləvi terrorun təşəbbüskarı
və təşkilatçısı idi. O, hakimiyyət naminə
istənilən qanun pozuntusuna getməyə hazır idi, dəfələrlə
güllələmək, asmaq, girov götürmək kimi
qanuna zidd çağırışlarla çıxış
etmişdi. 1920-ci ilin yanvarında İrkutskda bolşeviklər
məhkəmə hökmü olmadan admiral A.V. Kolçakı
güllələmişdilər.
Lenin təkcə mahir strateq deyildi, taktikadan da
yaxşı baş çıxarırdı, zamanın nəbzini
ustalıqla tuturdu. Petroqradın xarici təhlükə
hesabına tutulacağı ehtimalını əsas
götürülərək, hökumət 1918-ci ilin
martında Petroqraddan Moskvaya
köçürülmüşdü və paytaxt da artıq
Moskva idi.
Leninin tarixi xidmətləri danılmazdır, ona
dünya proletariatının rəhbəri kimi sitayiş
edilirdi. Maksim Qorki Leninin yaxından tanıdığına
görə yazmışdı: "Onun üçün fəhlə
sinfi - dəmirçi üçün filiz demək idi".
Dahi Albert Eynşteyn 1929-cu ildə rus inqilabının
başçısı haqqında fikrini bildirərkən
demişdi ki, "Sosial ədalət naminə öz şəxsiyyətini
qurban verdiyinə görə, mən Leninə hörmət
edirəm".
Leninin nitqində qüsurlar var idi. O kəkələyirdi,
lakin onun natiqliyi öz təsir qüvvəsinə və cazibədarlığına
görə kütlələrə təsir göstərə
bilirdi. Onun pərəstişkarları yüz milyonlar
olduğu kimi, düşmənləri də az deyildi. Onlar
Leninə şəxsən deyil, onun ideyalarına qarşı
düşmənçilik edirdilər. Bəlkə də, onun
şəxsi düşməni yox idi, inqilab dahisi olması isə
şübhəsiz olduğundan, bütöv bir XX əsr ərzində
isə heç kəslə müqayisə edilməyən bir
ikonaya çevrilmişdi. Hətta Meksika rəssamı Dieqo
Rivera milyarder Rokfellərin sifarişi ilə Nyu-Yorkda divarda
çəkdiyi freskaya Leninin portretini də əlavə
etmişdi, bundan narazı qalan sifarişçi onu
pozmağı tələb edəndə, Rivera işini
yarımçıq qoyub, Nyu-Yorku tərk etmişdi.
Uinston S.Çörçill
(1874-1965-ci illər)
Uinston Çörçill siyasətə
qatıldıqdan sonra hərbi-dəniz qüvvələri
(Admiralteystvo) komandanı və nazir vəzifələrində
olmuşdu. I Dünya müharibəsi onun üçün
uğurlu olmamışdı. 1915-ci ildə Qallipoli
döyüşü ingilislərin böyük itkisi və məğlubiyyəti,
türklərin qələbəsi ilə nəticələnmişdi.
Bu döyüşün təşəbbüskarı
Çörçill olmuşdu, o, Qallipolidə Osmanlı
ordusuna qalib gəldikdən sonra İstanbula hücum və
şəhərin işğalı üçün əlverişli
şərait yaranacağını vəd etmişdi. Lakin
türklərin kəskin müqavimət göstərəcəkləri
ehtimalını nəzərə almamışdı, hansı
ki, Krım müharibəsində ingilislər
"yüngül süvari" hücumunun acı nəticəsini
görmüşdülər və bunu yaddan
çıxarmamalı idilər.
Bu məğlubiyyətə görə
Çörçill hərbi-dəniz
komandanlığından istefa verməyə məcbur oldu. Onun
1918-ci ildə Rusiyaya hücum edilməsi barədəki təşəbbüsü
də uğurlu olmamışdı və Rusiya ərazisinə
müdaxilə edən qüvvələr geri, vətənə
dönməyə məcbur olmuşdular.
1915-ci ildəki Qallipoli döyüşü Çörçillin müvəqqəti
iflasına səbəb olsa da, gələcək Baş nazir
Klement Ettli də həmin döyüşdə yaralanmışdı.
Axırıncı 1945-ci il seçkilərində məğlub
olan U.Çörçilli həmin vəzifədə əvəz
etmişdi. Qallipoli döyüşü türklərə
şərəf gətirməklə, İstanbulu tutmaq istəyən britaniyalıların
ağılsız ambisiyalarına son qoymuşdu. Bu
döyüş həm də İngilərənin iki
böyük siyasi xadiminin taleyində özünəməxsus
rol oynamışdı.
Lakin Çörçill böyük vətənpərvər
olaraq qalırdı, 1933-cü ildə Hitlerin, nasistlərin
hakimiyyətə gəlməsi Böyük Britaniya
imperiyası üçün böyük təhlükə
olduğunu hiss edərək, İcmalar Palatasının
üzvü kimi ardıcıl olaraq bu təhlükəyə
cavab olaraq ordu quruculuğuna diqqəti artırmağı tələb
etsə də, Hitlerlə sülhün mümkün
olmasına çox inanan Baş nazir Nevill Çemberlen
parlament üzvünün xəbərdarlıqlarını
qulaqardına vurmuşdu.
1938-ci ilin sentyabrında Çemberlen
Çexoslovakiyanın işğalına yol açan
biabırçı Münhen sazişinə imza atdıqdan
sonra Londona qayıtdıqda, hava limanında əlindəki
kağız parçasını göstərib, İngiltərəyə
sülh gətirdiyini lovğalıqla bildirmişdi.
Çörçill isə parlamentdəki
çıxışında bunu alçalma və müharibəni
seçmək kimi qiymətləndirərək demişdi ki,
siz əvvəlcə alçalmanı seçdiniz, müharibəni
gözləmək də çox çəkməyəcəkdir.
Onun peyğəmbərliyi həqiqətə çevrildi,
düz bir il sonra Hitlerin Polşaya müdaxiləsi ilə II
Dünya müharibəsinə start verildi.
1940-cı ilin mayında Çörçill Baş
nazir təyin edildi, bundan bir qədər əvvəl o,
Admiralteystvoya başçılıq etmişdi. Üç
gün sonra keçirilən parlament iclasında o, ölkədə
son ingilis qalana qədər quruda, suda, havada Hitler nasizminə
qarşı mübarizə aparılacağını bildirməklə,
xalqa yağlı vədlər verməyib, dedi ki, mən
yalnız ağır zəhmət, tər və qan
axıtmağı vəd edirəm.
1940-cı ilin iyununda Fransa məğlub olduqdan sonra,
1922-ci ildə Hitlerin vəd etdiyi SSRİ-yə dəhşətli
basqının başlanmasına qədər, bir il müddətində
Böyük Britaniya Hitler ordusunun hava və dəniz
hücumlarını təkbaşına sinə gərdi və
görünməmiş bir dözümlülük göstərdi.
Fransa məğlub olduqdan sonra isə onun donanmasının
Almaniyanın əlinə keçməməsi
üçün, ağla gəlməyən bir hərəkətə
əl atdı, atəşlə fransız gəmilərini
batırdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.22.