Yaratmaq hər şeydir  

 

 

"Vacib olan, yaratmaqdır. Başqa heç nəyin əhəmiyyəti yoxdur. Yaratmaq hər şeydir". Pablo Pikassonun bu sözləri ilə başlayır İstanbulda Atatürk Kültür Mərkəzində təşkil edilən sərgisi. Dahinin bu şəhərdə təşkil edilən sayca ikinci sərgisidir, özü də aradan 19 il keçdikdən sonra... 170 parçadan ibarət olan bu əsərlərin əksəriyyəti 1959-1964-cü illərə aiddir. Sərgini ziyarət edərkən anlayırsınız ki, XX əsrin etiket simalarından olan bu şəxs sadəcə rəssam deyil, heykəltaraş, qrafik ustası, keramist və dizayner olub. Ömrünün sonuna qədər yeniliklərə can atan Pikasso öz sahəsinə qatdığı töhfələrlə sənət tarixində silinməz izlər qoyub. Həyatı sənətindən, sənəti həyatından maraqlı olan bu insan uşaqlığından bəri hər kəsi təəccübləndirməyi, düşündürməyi yüksək səviyyədə bacarıb və hələ də bacarmaqdadır.

Pikador, cəsarət və uğursuzluq...

1881-ci il ildə Cənubi İspaniyanın Malaqa şəhərində dünyaya gələn Pablonu rəssamlığa yönləndirən atası olub. Özü də bu sənətlə məşğul olan atası Xose Ruis onun ilk müəllimi idi. İlk əsəri 8 yaşında çəkdiyi "Pikador" idi. Elə buna görə də, tablonu ömrünün sonuna qədər saxlamışdı. Yeniyetməlik illərində Barselona İncəsənət məktəbinə daxil olan Pikasso ard-arda müxtəlif portretlər çəkməyə başlayır. İstedadı çox da kölgədə qalmır, tezliklə kəşf edilən gənc monastırda dini rəsmlər çəkməklə məşğul olur. Sonralar Madriddə yerləşən San-Fernand akademiyasına qəbul olan rəssam artıq atasının soyadı ilə deyil, anasının qızlıq soyadı olan Pikassonu istifadə etməyə başlayır. İlk sərgisini 19 yaşında Barselonada kafelərdən birində açır, ancaq ciddi təqidlərə məruz qalır.

Melanxoliyadan nikbinliyə

Aradan illər keçir. Özünü inkişaf yolunda irəliləyən rəssamın təsvir etdiyi qəhrəmanlar fahişələr, əyyaşlar, dilənçilər, tənha insanlar olur. Həmin ərəfələrdə melanxoliyaya daha çox üstünlük verir. Bu, onun üçün yeni üslubun başlanğıcı sayılırdı.

Ömrünün çoxunu fərqli ölkələrdə keçirən Pikasso 1904-cü ildə Parisə köçür. Bu dəyişiklik ilə yaradıcılığında yeni dönəmi başladır. Hətta kədəri kənara atır, daha nikbin rəsmlər çəkməyə başlayır. İşləri o qədər ürəkaçan gedir ki, tezliklə kirayə yaşadığı uçuq-sökük evdən çıxır, yeni aldığı mənzilinə köçür. Həmin dönəmlərdə onun ilham qaynağı olan sevgilisi Fernando Olivyeydi. Ancaq güc əldə etdikcə, ışıldamağa başladıqca vəziyyət dəyişir. Gücsüzlüyünə, qaranlıq anlarına, zəif məqamlarına şahid olan qadınları bir-bir həyatından uzaqlaşdırır. Fernando da onlardan biri idi.

Kubizmin yaradılışı

Tezliklə sənətin iqilabı sayılan üslub olan kubizm dönəmi başlayır. 1907-1914-cü illərdə Max Jacob, Apollinaire, Matisse, Leo ve Gertrude Stein ilə qurduğu dostluq əlaqələri onu bu üsluba daha da yaxınlaşdırır. Kubizm rəssamlıq sahəsində ən böyük yeniliklərdən biri sayılır. Ancaq yeddi ildən sonra Jorj Brakla birlikdə əsasını qoyduğu bu ədəbi cərəyandan uzaq düşür, sonra yenidən kubizmə müraciət edir. Ona görə də, bu gün Kubizm deyiləndə ağla ilk gələn adın Pikasso olması təsadüf deyil. Çünki yaradanı odur, yaradıcısı odur. Yaradılan isə yaradanı ilə anılmağa məhkumdur.

Sonu gəlməyən yeniliklər

Bir yerdə dayanmayan rəssam XX əsrin əvvəllərində yenidən klassikaya qayıdır. Ancaq bu dəfə özünü heykəltaraşlıq sahəsində sınayır və Julio Gonzalez ilə birlikdə heykəllər yaratmağa başlayır. Lakin bu əsərlər alışdığımız tərzdə deyildi, bir növ kubizm üslubuna bənzəyirdi. Dizaynerliklə də məşğul olan dahi illüstrasiyalar, afişalar, kitab dizaynı və müxtəlif dekorativ əsərlər də yaradır.

Hər dəfə yeni texnikalar kəşf edərək onu öz tərzinə uyğunlaşdırdı. Qrafik sənətində ən yaxşısını bacarmaq üçün ətrafını mütəxəssislərlə doldurdu. Hətta belə deyirdi,  "Texnika önəmlidir. Yetər ki, o qədər çox incəliyinə sahib olun ki, texnika tamamilə yox olsun". Pikasso 1899 və 1973-cü illər arasında fərqli texnikalar istifadə edərək 2000-dən artıq qravür ərsəyə gətirir. Qravür Pikassonun sənətinin inkişafında xüsusi rol oynayır. Pikasso özünü bütünlüklə sənətə verən, riskləri sevən və risk almaqdan əsla çəkinməyən, yeniliklər üçün hər zaman hazır olan insan idi. Seramik sənəti də onun üçün riskli addım idi. Təəssüf ki, seramik yaradıcılığı dönəmində 25 000 əsər ərsəyə gətirən rəssamın bu əsərlərindən sadəcə 2880 dənəsi kataloqlanıb. Əslində sənətçi bu sahədə xeyli məhsuldar olmağına rəğmən, çoxları tərəfindən bilinmir.

Sülh Konqresinin simvolu

1944-cü ildə Pikasso rəsmi olaraq Fransa Kommunist Partiyasına üzv olur. Lakin almanlar tərəfindən haqqında yayılan yəhudi olmasına dair şayiələr Sovet İttifaqında rəssama qarşı mənfi fikirlərin yaranmağına səbəb olur.  Hətta Stalinin portretini çəkir, ancaq bəyənilmir. Rəssamın ölümündən sonra yoxa çıxan əsərləri arasında bu portret də vardı. Həmin vaxtlar Pikasso tərəfindən yaradılan sülh göyərçini tablosu vardı. Bu gün həmin məşhur əsər Ümumdünya Sülh Konqresinin simvoluna çevrilib.

Pikasso və onun qadınları

Qadınlar Pikassonun həyatında və sənətində inkarolunmaz güc idi. Əslində Pol Elüarın dediyi kimi, o "ehtiraslı sevən və sevdiyini öldürən adamdır". Həyatına daxil olan qadınlara qarşı qəddar, acımasız olan rəssam onlara canlı gözü ilə baxmırdı. Qadınlar onun sənəti üçün sadəcə üzərində təcrübə keçdiyi varlıqlar idi. Özünün dediyi kimi, sevgililərini tullantıya çevirməkdən və tullantı kimi hiss etdirməkdən ciddi həzz alırdı. Bütün sayğısızlığına, zülmkarlığına baxmayaraq, qadınlar ona dəlicəsinə bağlanır və sevirdilər. Bu məqamda gəl də Ömər Xəyyamı xatırlama. Şair deyir ki, "Cəlladına aşiq olubsa bir millət, etiraz etmirsə sürü kimi illət, layiqdir ona hər cürə zillət". Rəssama ömür boyunca sadəcə bir qadın etiraz edərək onu tərk edir, qalan qadınların hamısı işgəncələrə göz yumur, sayğısızlığa boyun əyirlər. Hal belə olunca, hər cürə zillətin yaşanmağı qaçılmaz olur.

Pablo 2 dəfə rəsmi evli olub. Həyat yoldaşlarından biri rus balerina Olqa Xoxlova, digəri isə Jaklin Rokdur. 

1926-da Marie Tereza Valter onun modeli və daha sonra sevgilisi olur. Rəssam qadından aldığı enerji və güclə zirvəni bir az da fəth edir. Valter isə düşünürdü ki, bu cür ehtiraslı münasibət ailə qurmaqla sonlanacaq. Bu, sadəcə qadının qurduğu xəyal idi. Münasibətlərinin onuncu ilində Dora Maar ilə tanış olur və terezanı tərk edir. Aralarındakı ehtiras alovlanır. Maar modeldən, ilham pərisindən daha artığı olur Pikasso üçün. Enişli-çıxışlı, ziq-zaq gedən ancaq tutqunun azalmadığı münasibət yeddi il davam edir və bitir. Münasibətin sona çatması ilə dərindən sarsılan Dora Maar özünə qapanaraq 16 iyul 1997-ci ilə, yəni ölümünə qədər tək yaşayır. Eşqə küsüb ömürlük özünü təkliyə məhkum edib, sonra da ölümə təslim olmaq qulağa əlbəttə, dəhşətli gəlir... Təbii ki, insanın ağlına bir sual gəlir, "dəyərmi?"

Ahmed Arifin çox sevdiyim sözü düşdü yadıma, şair deyir ki, "Kendine iyi bak, bir daha hiçbir ana doğurmaz seni". Nə qədər haqlıdır, elə deyil? Ömrümüzə bu qədər qəddar, vəhşicəsinə davranmağımızın səbəbi heç vaxt ölməyəcəyimizi düşünməyimizdir. Əgər insan ölümün gerçək olduğunun və hər an ölə biləcəyinin fərqinə varsa, özünə qarşı daha yumşaq, daha nəzakətli davranar. Elə başqalarına qarşı da...

Yeri gəlmişkən, rəssam 1943-cü ildə Parisdə tanış olduğu Françaies Gilot üçün Dora Maarı tərk etmişdi. Gilot 21 yaşında ilk dəfə tablolarını sərgilənən gənc rəssam, Pablo isə 61 yaşında, ulduzluğun zirvəsini çoxdan fəth etmiş sima idi. Cütlük on illik münasibətləri boyu bir-birilərindən aldıqları enerji ilə yaradıcılqlarını və eşqlərini alovlandırdılar. Pikasso ilə birlikdə Gilot da yaratdığı əsərlərinin çoxunda görülən öz fiqurativ tərzini zənginləşdirdi. Hətta bu dönəmdə Pikasso seramik dünyasında yaradıcılığını daha da inkişaf etdirdi. Bu münasibətdən Klaudia və Paloma adında iki uşaqları doğuldu. Pikassonun məqsədi doğduqdan sonra Gilotun necə dəyişdiyini görmək idi. Bütün bu anormallıqlara, zorba davranışlara dözə bilməyən qadın onu tərk elədi. Gilot Pikasson tərk edən ilk və son qadın oldu. On il ərzində 400 portretini çəkmişdi. Burdan da məlum olur ki, sənət qarşı tərəfə hiss edilən duyğuların qarşısında həmişə çaş-başdır. Buna dair yüzlərlə yazıçının, sənətçinin, şairin adını çəkmək olar.

Pikassonun son böyük ilham pərisi 1973-cü ildə yəni öldüyü vaxta qədər həyatının geri qalanını birlikdə keçirdiyi ikinci arvadı Jaklin Rokdur. Rəssam Rokla tanış olanda 70-dən çox yaşı vardı. Qadın isə 27 yaşında idi. Təbii ki, aralarında olan illər onların münasibətində əngəl sayılmırdı. Rəqəmlər sadəcə statistikadır. Ancaq Rokun özü kibirli idi. Rəssamın dörd uşağı ilə arası pis, hətta bərbad idi və Pikassonun ölümündən sonra miras üçün onlara qarşı ciddi savaşa da girmişdi. Vəziyyət elə həddə çatmışdı ki, Rok dörd uşağı da atalarının dəfn mərasiminə qatılmaqlarına icazə verməmişdi.

Ehtiras Pikassonun həyatında əhəmiyyətli yer tutmuşdu. Yeniyetməlikdən başlayaraq son nəfəsinə qədər açıq-saçıq səhnələri təsvir edən əsərlər üzərində işləməyə davam etmişdi. Bunlar məhrəmiyyət səbəbi ilə çox da ortaya çıxarılmır. Sayı hesabı olmayan eşq münasibətləri rəssamın hisslərini həmişə diri, canlı tutmuşdu. Ehtirasın bütün mərhələlərini əsərlərində əks etdirən Pikasso, "yaşlılıq bizi siqareti tərgitməyə məcbur elədi, amma ehtiras davam edir və məsələ eşq olduğunda da eyni şey keçərlidir" deyəndə 80 yaşını adlamışdı. Bütün hallarda Pikasso Pikassodur, ehtirası, çılğınlığı, zorbalığı, ucsuz-buzaqsız olan sənəti ilə o bir dahidir!

 

Türkan TURAN

 525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.21.