Vahidin sevinci  

 

 

2012-ci ilin martı. Vahid Qazi yol üstündədir.

Buna öyrəşmişik: gah Şərqə, gah Qərbə uçar Vahid, gah Şimala, gah Cənuba baş vurar, gah Kubadan, gah Afrikadan dönər, gah da yaxını - Qırğızıstanı dolaşıb qayıdar. Gedəndə yola salmaq, gələndə qarşılamaq adına oturarıq.

Amma bu səfər başqa səfərdir. Vahid ailəsini də yanına alıb biryolluq gedir. Oturmağına oturmuşuq, boğazımızsa tıxanıb.

Çoxdan görürdük gedəcək. Tıncıxırdı. Getməyə ürəyi gəlməsə də, qala bilmirdi.

 

lll

 

İsveçdəki ilk vaxtlarında tez-tez yazışır, danışırdıq. Hər gün görüşdüyün yüzillik dostla belə nisgilli ünsiyyət içimi göynədirdi. Məşhur "Getmə, qal bu şəhərdə" mahnısını göndərmişdim Vahidə: hər gün kövrəlirmiş mahnıya.

Sonra uzaqdan-uzağa hal-əhval tutmağa alışdıq. Öyrəşdik. Həm də ona görə ki, Vahid Bakı vaxtına yatıb-durdu, ölkədən getsə də, Vətəndən ayrılmadı.

 

lll

 

Bakıda dostları başına yığanda həmişə bir söz deyər Vahid:

- Noolar, qoyun danışım, siz bir-birinizi görürsünüz, mənəm dərdini ağaclarla bölüşən... Bu gəlişində də eyni cür oldu.

Oğlunun toyunu Bakıya salmışdı. Bir şəhərdə olub təsadüfdən-təsadüfə görüşən adamları cəm eləmişdi. Gözəl toy oldu.

12 il əvvəl xırda uşaqlar kimi ayrıldığımız üç balasını yetkin gənclər kimi bağrımıza basdıq.

Yəqin biz də o uşaqların gözündə çox dəyişmişik, qocalmışıq.

Çox ağayana məclis qurulmuşdu. Məclis işində ağdamlıya çatmaq olmaz. İsveç ağdamlısına da.

Vahidin sinif yoldaşları oturan masaya göz qoyurdum məclisdə. Bir vaxt sinif yoldaşlarını belə anıb: "Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı... Harda desən varıq, Ağdamdan savayı".

O "toz adamlar" çox bəxtəvər görünürdülər.

Başqa bir ağdamlı bizim masanın başında əyləşmişdi. Rey Kərimoğlu. Marşal kimi.

...Ardınca Vahidin yeni kitabının təqdimatına yığışdıq: "İtmiş yaddaşın şifrəsi: incəsənət, mədəniyyət, ədəbiyyat söhbətləri". Bu da yaddaqalan oldu. Maşallah, Vahidin kitablarının sayı itib: "Ruhlar şəhəri", "Yaddaş ləpirləri: demokratiya yazıları", "Çamayra. Kuba dəftəri", "Çöl Qala", "Ruhlar şəhəri: yurd yazıları"...

İndi yığışıb qayıdır Vahid. Deyirəm bəs COP29-a qalmırsan?

lll

Vahidə baxıram. O dərdli günlər yadıma düşür. Ağdamın İsveçdən uzaq göründüyü günlər. Tez də başımdan qovuram o günləri. Şükür bu günə deyirəm, Vahidin qəddi dikəlib.

Bilirəm, Vahid də bizə baxıb sevinir.

31 oktyabr

 

Hikmət SABİROĞLU

525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.18.