Qeyri-səlis məntiq,
sinergetika və Azərbaycan dilçiliyi
Azərbaycanda elmin populyarlaşdırılması və
elmlərarası tədqiqatlara həsr olunmuş əsərlərə
böyük ehtiyac duyulur. Bu istiqamətdə yazılan əsərlər
geniş oxucu auditoriyasının elmə marağını
artırır. Müasir elmdə fənlərarası
yanaşma elmi tədqiqatların mühüm trendinə
çevrilir. Müxtəlif elm sahələrinin nümayəndələri
birgə əsərlər yazırlar. Akademik Kamal Abdulla və
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin
yazdıqları "Qeyri-səlis məntiq və dil-nitq"
kitabı qeyri-səlis məntiqin sosial elm sahəsi olan dil-nitq
müstəvisində özünü necə büruzə
verməsindən bəhs edir. Burada qeyri-səlis məntiq nəzəriyyəsi
ilk dəfə olaraq dilçilik obyekti olan dilə-nitqə tətbiqi
baxımından təhlilə cəlb olunur. Kitab elmlərarası
yanaşma baxımından fundamental əsərdir.
Platona görə, nəsnələr doğulur, yaranır,
yaxud kəşf olunur. Onun adı, yarandığı andan
etibarən mahiyyəti ilə uyğunluq təşkil edir. Bu təbii
dildir. Bəs süni dil nədir? Nəsnələr insanın
qarşısında peyda olur və ya ona təqdim edilir, o da
ilk dəfə gördüyü predmetə ad verir. Bu, süni
dildir. Zaman ötdükcə süni dilin təbii dil üzərində
fəallaşan eroziya prosesi dirini öldürmək, təbii
olanı süniləşdirmək kimi təhlükələr
yaradır. Qeyri-səlis məntiqin Dədə-Qorqud eposuna və
dilçiliyə tətbiqi dilin təbiiliyinin qorunmasına
xidmət edir. Hər yazılan elmi kitabda
anlayışların rasional şəkildə istifadəsi
oxucunun idrakını genişləndirir. Yeni anlayışlar
isə üfüqdə dan ulduzu kimi parlayır. Kitabda 30-dan
çox yeni anlayışların verilməsi müxtəlif
dil-nitq qatlarındakı dərin münasibətlərin
üzərinə işıq salır.
Sinergetika termini qədim yunan dilindəki sinergiya
sözündən yaranıb, birgə hərəkət mənasını
verir. Sinergetikanın dilçiliyə tətbiqi də
yenilikdir. Adı çəkilən kitabda müəlliflər
qeyd edirlər ki, dilçilik və sinergetikanın
üfüqlərində sinergetik dilçilik
adlandırıla biləcək bir elm sahəsi göz
qamaşdırmaqdadır. Bu əlbəttə ki, yeni istiqamətdir
dilçilikdə yeni cığırdır və ideya kimi
aktuallıq kəsb edir. Belə bir sahənin ilk növbədə
qeyri-səlis məntiq prinsiplərinə əsaslanması son
dərəcə təbii xarakter daşıyır və gələcək
tədqiqatlar üçün yeni paradiqmadır. Analitik fəlsəfənin
görkəmli nümayəndəsi Vitgenşteyn
yazırdı: "Mənim dilimin sərhədi mənim
dünyamın sərhədidir: Dil, oyun fəaliyyətinin
formasıdır. Konkret dil oyununu əvvəlcədən
müəyyənləşdirmək qeyri-mümkündür.
Bu və ya digər hadisəni təsvir etmək
üçün istifadə olunan dil oyunlarındakı
sözlər tam ümumiliyə malik deyildir; onlar ailədə
qardaş və bacıların bir-birinə oxşamasından
başqa bir şey deyildir".
Kitabda akademik Kamal Abdulla və professor Rafiq Əliyev əslində
dilin fəlsəfəsində də yeni qatlar açıblar.
Sözlərin qeyri-səlis nöqteyi-nəzərindən təhlili
izahlı lüğətlərdə rast gəldiyimiz metoda bənzəmir.
Yenilikdir, dilin fəlsəfəsidir.
Kitabda müəlliflər
varlığımızın evi olan dilimizin ekzistensional məziyyətlərini
də aça biliblər.
Kitabda qeyri-səlis məntiqin 4 fasti (özül)
verilib və ayrı-ayrılıqda nəzərdən
keçirilib. Kitabın əlavələr hissəsi qeyri-səlis
məntiqlə maraqlanan riyaziyyatçılar və İKT
mütəxəssisləri üçün doğru
seçilib və bu metoda Qərbdə və Amerikada geniş
yer verilir.
Sual yaranır? İki tanınmış alimin qeyri-səlis
məntiqin Dədə-Qorqud eposu və dilçiliyə tətbiqinə
marağı haradan qaynaqlanır?
Düşünürəm ki, Lütfi Zadənin
müsahibələrinin birindən bu izləri aşkarlamaq
olar.
Zadə ilə intervülərin birində jurnalist ona
belə bir sual verir. "Nədən qeyri-səlis məntiqlə
əvvəlcə Yaponiya, sonra Amerika maraqlandı?" Zadənin
cavabı unikal olur. "Bunun bir neçə səbəbi var.
Onu deyim ki. nəzəriyyənin əsasında qeyri-səlislik
dayanır. Buna görə də çoxları mənim nəzəriyyəmi
"qeyri-dəqiq" hesab edirlər. Yaponlar həmişə
xarici elmi yeniliklərə maraqla yanaşıblar. Amerikada isə
vəziyyət başqadır. Bu ölkədə bütün
sahələrdə rəqabət mühiti var. Eyni zamanda elmdə
də. ABŞ-da "burda kəşf olunmayıb" sindromu
mövcuddur. Nəticədə bu gün Yaponiyada qeyri-səlis
məntiqin əsasında 4700 ixtira patentləşdirilib,
ABŞ-da isə 1700. Digər tərəfdən bu məsələdə
dünyagörüşü münasibətləri önəm
kəsb edir. Yaponlarlara amerikanlar bir-birilərindən
dünyagörüşün paradiqma tipajına görə fərqlənirlər.
Bunun da kökü sosiomədəni ənənələrin fərqinə
gedib çıxır. Amerika alimi üçün "dəqiqlik"
elmiliyin fundamental kriteriyasıdır. Və onlar qeyri-səlisliyə
şübhə ilə yanaşırlar. Şərq mədəniyyətində
isə dəqiq mühakimələrə şübhə ilə
yanaşırlar. Və bu ənənə ilə tərbiyə
alan yapon alimləri qeyri-səlis məntiqi öz ənənələrinin
mötəbərliyinin təsdiqi kimi qəbul edirlər. Yapon
fiziki Makoto Kikuçinin elektronika üzrə beynəlxalq
simpoziumda çıxışını bir Amerika alimi
yarıdan kəsib soruşur: "Siz konkret olaraq "hə",
yaxud "yox" deyə bilərsinizmi?" Kikuçi cavab
verir ki, bizim ünsiyyət ənənəmizdə birmənalı
"hə" və "yox" formulası yoxdur. Onların
ənənəsində qəti şəkildə
"ağ" və "qara" bölgüsü də
yoxdur. Onlar fikrin bütün nüanslarına həssas
yanaşırlar. Avropalılar üçün isə fikrin dəqiq
ifadəsi xarakterikdir".
Hər şey aydındır.
Qeyri-səlis məntiqin dilçiliyə tətbiqi
bizim sosio-mədəni ənənəmizdən irəli gəlir
və kitabda bu amil nümunələrlə semantik təhlil
olunub.
Etibar ƏLİYEV
Təhsil eksperti, fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.18.