KAMANCA HABİL
Bunu, əlbəttə, hamı bilir ki,
kamançanın haçan yarandığını bilən
yoxdur və söz yox ki, bu tarix zamanın uzaqlarından
başlanır. Kamança yaranandan indiyəcən dünyaya nə
qədər kamançaçının gəlib-getdiyini də
heç təxmini olsa belə, bilmək mümkün deyil.
Amma hər halda həqiqətə yaxın cavab budur ki, onlar
lap çox olublar.
Yaşı yüzillərə, bəlkə də
minillərə sığan, peşəkar
ifaçılarının sayı da yüzləri deyil, minləri
aşan kamançanın ömür tarixçəsində ən
yuxarı sırada yaxşıların ən
yaxşısı kimi Habil Əliyevin adı varsa, elə bircə
bu həqiqət anladır ki, Habil adi adam olmayıb.
Kamançaçılığının üstünə
Habilin bəstəçiliyini, bunun da üstünə
filosofca müdrikliyini artırsaq və buna da əlavə
olaraq elə diri Molla Nəsrəddin kimi duzlu
itisözlülüyünü göz önünə gətirsək,
Habil müstəsnalığını hər kəs təsdiqləyər,
necə ki, bunu hətta onunla arası olmayanlar belə etiraf etməyə
bilmirdi.
Kamançanın Habilə qədərki tarixi ilə
Habildən sonrakı tarixi bu musiqi alətinin və xalq
musiqimizin keçmişindəki ayrı-ayrı mərhələlərdir.
Bu fərqi yaradan (və deməli, həmin tarixi həm sadəcə
salnamə olaraq deyil, dünənin şərəfli bir
parçası kimi seçdirməyi bacarmış olan) Habil
Əliyevdir və bu da qədimlərdən təsdiqlənmiş
bir gerçəkdir ki, tarixə silinməz imza ata bilmək
nadirlərə nəsib olan keyfiyyətdir. Ancaq hansısa
hünəriylə tarixə imza atmaq, nadir olmaq hələ həm
də hamının sevimlisi olmaq deyil. Tarix hüdudsuz
yaddaşında çox-çox müstəsna insanları da
nadir simalar olaraq saxlayıb ki, onlar heç fəxr edilən,
sevilən olmayıblar, yaxud mübahisələr, onların
yaratdıqlarına mız qoyanlar, dodaq büzənlər də
tapılıb.
Habil Əliyev nadirlər içərisində də
daha nadir olan tarix adamıdır ki, ona bir misilsiz sənətkar
kimi Azərbaycan boyu ən müxtəlif yaş nəsillərini
təmsil edənlərin, demək olar ki, ucdantutma
hamısı məhəbbət bəsləyib, üstəlik,
həm Yaxın və Orta Şərqin, həm də zahirən
bizim musiqidən sanki ruhca ayrı olan Qərbin neçə-neçə
ölkəsində də Habil Əliyevi eşidincə məftun
kəsiliblər.
Habil Əliyevin sənəti elə bir səviyyəyə
yetişmişdi ki, sırf azərbaycanca
"danışdığı" halda, bu musiqi dili
dünyanınkılaşmışdı və bu sənət
peşəkarlığının elə uca səviyyəsi
idi ki, aldığı musiqi tərbiyəsindən,
zövqündən, özünün hansı musiqi dilinin
daşıyıcısı olmasına baxmayaraq, hər insana
doğma gələ, hər qəlbə girə bilirdi. Amma
Habil Əliyevin sənəti eyni anda elə bir ali səviyyədə
idi ki, onu sona qədər dərk etməyə, bu
yaradıcılığın ən dərin qatlarına
nüfuz etməyə hər kəsin gücü də çatmazdı.
Ancaq üzdəki gözəllik də elə tilsimli idi ki, bu
cazibədən qurtulmaq müşkül idi.
Habilə orta çağ ərəb müdriklərinin
"səhl-i mümtənə" - əlçatan sadəliklə
əl çatmayan mürəkkəbliyin, gözəgörünən,
aşkarca duyulanla zahirdən asanca qavranıla bilməyənin,
üzdəki aydınlıqla təkdəki tükənməzliyin
heyrətli vəhdətini yaratmaq qüdrəti xas idi.
Belə fövqəladəliksə möcüzə
insanlara xasdır. Nadir olan, nadirlərin nadiri olan Habil
Əliyev həm də musiqi gerçəkliyimizin Möcüzə
Sənətçisi idi.
"İdi" niyə? Yaratdığı səslər
dünyası ki qalır. Bu möcüzəliliyə şahid
olmaqçün Habil yadigarı doyulmaz inciləri bircə-bircə
dinləmək bəs edər.
Deyirlər, yazırlar ki, 124 min peyğəmbər
varmış. Əvvəlincisi də məlumdur, sonuncusu da.
Lakin o cərgəyə rəsmən aid edilməyən, əməllərində
peyğəmbərlik izi aşkar duyulan dühalar da keçib
bu dünyadan.
Peyğəmbər kimdir? Elçi! Həm də
sıradan olan elçi deyil, səma elçisi. Allahdan xəbər
gətirən.
Habilin çalğısı, Habilin barmaqları,
duyğuları, düşüncələri və şəxsiyyətində
qovuşaraq zühur edən Gözəlliyi yaratmaq insan işi
deyl.
Bu, sadəcə ilham da deyil. Sayız-hesabsız
ilhamlı insanlarımız var və Habilə sadəcə
ilhamlı sənətkar demək olmur. İlhamın
gücü ilə insanları valeh etməyə qadir əsər
yarada bilirsən, möcüzəyə çevrilə bilən
inciləri doğurmaqçünsə gərək
seçilmiş şəxsiyyətə göylərdən vəhy
nazil ola. Habilin doğurduğu möcüzənin ardında
dayanansa elə vəhydir.
İlham da, vəhy də - hər ikisi İlahidən
gəlir. Ancaq ilhamı Pərvərdigarın şairlərin
ürəyinə damızdırması ilə mələklər
vasitəsilə nazil etdiyi vəhyin ciddi fərqi var. İlham
yaradıcı insanın könlünə meh kimi əsir,
içərisinə onda hansısa narahatlıqlar
doğurmadan, əksinə, ruhunu dincəldərək qonur. Vəhysə
belə deyil. Vəhyi nəql edən mələklər əslində
o vəhyin nazil olduğu seçkinə son dərəcə
ağır, sıradan olan insanların çəkə bilməyəcəyi
yük gətirir. Əsatir şahidlik edir ki, bu yükün
tabgətirilməz ağırlığından Məhəmməd
Peyğəmbər o ərəfədə hədsiz gərginləşər,
hətta hər vəhy nazil olanda bayılarmış.
(Hər tapdığı səs bənzərsizliyini
insanı vəcdə gətirəcək həddə yetirməkçün
Habilin necə işlədiyinə deyil, nə təhər əziyyətə
qatlaşdığına, qan-tər tökdüyünə,
bir zahı kimi doğacaq qədər ağrılar çəkərək
vücuda gətirdiyinə unudulmaz Şövkət xanım
Ələkbərovanın gözü ilə görüb,
qulaqları ilə eşitdiyi sübutdur. Xarici səfərlərdən
birində növbəti konsertdən saatlarca əvvəl Habil
bir kənara çəkilərək məşqini edirmiş.
Ancaq onun məşqi axşam ifa edəcəyi musiqi
parçalarından birinin hansısa kiçicik hissəsini
dönə-dönə çalmaqdan ibarətmiş və eyni
barmaqların on deyil, yüz dəfələrlə
vurulması, eyni səsin beyni dağıdacaq qədər hədsiz
təkrar edilməsi Azərbaycan musiqiçiləri
üçün ayrılmış avtobusun hər cür səs-küyə
öyrəncəli sürücüsünü dilə gətirir
ki, məgər bu adam hələ yaxşı çala bilmir
ki, eyni şeyi min dəfə təkrarlayır? Şövkət
xanım qayıdır ki, yox, o, böyük sənətkardır.
Belə etməsinin səbəbi odur ki, çalğısı
daha da gözəl alınsın. O, axtarır. Həmin şəxs
təəccüblə dübarə soruşur: "Bu necə
yaxşı sənətkardır ki, bayaqdan əlləşir,
axtardığını tapa bilmir?" Şövkət
xanım da cavab verir ki, onun böyüklüyü elə hər
axtardığını tapmaqçün bu qədər zəhmətə
qatlaşmasındadır. Əvəzində onun
tapdığı elə gözəllik olur ki, həmin incəliyi
başqa birisi heç ömrü boyu axtarsa da tapmaz).
Kamançaçılıqda Habil Əliyevin gəlib
yetişdiyi ustalıq həddi, bu ucalıqda, bu misilsizlikdə
ülviyyət Allahın lütf edib məxluquna
yolladığı sovqat, məktub, ismarış idi.
Bunları da Habilə o təmənna ilə bəxş edirdi
ki, başqaları ilə də bölüşsün, imkan
yaratsın ki, bu əsrarəngizliklər digərlərinə
də əyan olsun, körpülük etsin ki, bu səda
düşüncəsi və ürəyi bunları qəbul
etməyə mail ayrılarına da yetişsin.
Habil Əliyev həmin gedişatda sadəcə bir
naqil, vasitə, ötürücü idi, elçi idi, xəbəryetirən
idi, Yuxarıdan gələn Sədanı - Onun Səsini bizlərə
çatdırandı.
Əsl iş Xaliqinki idi, Habilin xoşbəxtliyi
bundaydı ki, Allah həmin işi görməkçün
Habili seçmişdi, bu lətafəti insanlara
çatdırmağı ona həvalə etmişdi.
Sevirdi ki, onu seçmişdi!
Biz nəkarayıq ki, Allahın seçdiyi və
sevdiyini, Pərvərdigarın təqdir etdiyi gözəlliyi
içərisində daşıyan və insanlara ötürəni
sevməyək, onun heyranı olmayaq?!
Habilimizi çoxdan sevmişdik, onunla olduğumuz
günlərdəki sayaq elə onsuzluq dəmlərində də
sevirik, yaratdığı səmavi siqlətli sənətdəki
Ruha və İşığa tapınırıq,
sığınırıq.
Habil sənətinin cövhərində dayanan bu
RUHdur.
Ruh isə nə öləndir, nə itəndir, nə
qocalandır.
Bu, elə Habil Əliyevin özünün də gələcək
zamanlar içərisindəki taleyi, aqibətidir!..
Bu zərif ruhun sahibinə vaxtilə haqqında səslənən,
özünün də dinlədiyi verilişdə misralar həsr
etmişdim:
Habil çalır, dünyamız
Göz önündə dəyişir.
Muğamat Habilləşir,
Kamança Habilləşir.
Habil özü bir ürək,
Dünya onun içində.
Dünya nə gözəl imiş,
Bu boyda, bu biçimdə.
Qarışır sədalara
Dərd-qəm balacalaşır,
Qovuşur çalğısına
Habil muğamatlaşır.
Qarışıb çalğısına
Habil kamançalaşır.
Çalğısından kövrəklik yağan
Habil ustadın neştər kimi dəlib keçən
sarkazmı, barışmazca baxaraq hər xırda qüsuru da
görən kəskin tənqidi mövqeyi, hər tərpənişdə,
hər deyişdə şux, gülüş gətirən və
adamı sərrastlığı ilə mat qoyan öz güzəştsiz mövqeyi
vardı.
Bir gözəlliyi də o idi ki, özgələrə
necə yanaşırdısa, elə hərdən
özünü də sanki kənardan seyr edərək
başqalarının ürəyindən keçirərək
edə bilmədiyini də edirdi -
qıraq adam kimi Habilə də gülməyi
bacarırdı.
Habil müəllim haqda 2012-ci ildə bir kitab nəşrə
hazırlanırdı. Orada Habili yaxşı
tanıyanların 1-2 səhifəlik ürək sözlərini
də verməyi nəzərdə tutmuşdular. Habil müəllim
özü məndən xahiş etdi ki, o cərgədə sənin
də yazını görmək istərdim. Vaxt da az idi,
artıq tərtibat tamamlanır, kitab mətbəəyə
göndərilirdi. Odur ki, yubatmadan elə Habil müəllim
xahişini edən günün sabahı sözlərimi
yazdım, zəng vurub soruşdum, "Hara göndərim?",
cavabı belə oldu ki, gətir özümə oxu. Evlərimiz
də yaxın idi, getdim, hal-əhvaldan sonra vərəq
yarımlıq yazımı oxumağa başladım. Ruhunu tərpədən
musiqidən, sözdən, münasibətdən anındaca
duyğulanan Habil müəllim mən yazdığımı
oxuduqca qəhərlənirdi də, doluxsunurdu da, birdən
dodağı qaçdı, mətbəxdə çay tədarük
edən xanımını uca səslə
çağırdı: "Ay Şərqiyyə, tez elə,
bura gəl, gör ərin kimdir?
Həyat yoldaşının xasiyyətini hamıdan
yaxşı bilən, irəlicədən əmin olsa da ki, bu
çağırmasında da təcili olan nəsə yoxdur, həm
də heç qeyri-adi bir söz də deməyəcək, yenə
məhz ərinin təbiətinə beş barmağı kimi
bələd olduğundan, onun səbirsizliyindən əla xəbərdar
olduğundan Şərqiyyə xanım oradakı işini
yarımçıq qoyub cəld yanımıza gəldi. Həm
də üzündə artıq təbəssüm vardı, irəlicədən
hiss edirdi ki, Habilin yenə atmacası var. Allah göstərməsin,
azacıq ləngisəydi, Habilin sifəti dərhal dönəcəkdi,
hökmən acı dili işə düşəcəkdi,
mütləq kəskin bir söz deyəcəkdi. Şərqiyyə
xanım belə məqamlarda heç kəsin
bacarmayacağı məharətlə Habilin havasını
almağın, onu səngitməyin ustasıydı. Ona görə
hərdən üçümüz birlikdə olanda Habil
müəllimə zarafatla söyləyirdim ki, qəhrəman
qadına verilən ali orden təsis edilsəydi, onun ən
birincisini onillər boyu Habilə dözə bildiyinə
görə Şərqiyyə xanıma vermək lazım gələrdi.
Gülüşərdik.
Uzun sözün qısası, Şərqiyyə
xanım gəldi, bayaqdan gözü dolmuş Habil müəllim
180 dərəcə dəyişərək şaqqanaq çəkdi:
"Bəxtəvər başına, ərin peyğəmbər
olub!"
Bu, yazının o yeri idi ki, elə bir az əvvəl
burada da qeyd etdiyim kimi, Habil sənətində vəhy izi
arayırdım.
Habil Əliyevin özünə də sarkazmla gülə
bilməsinin bir başqa əhvalatı isə 1995-ci ildə
baş vermişdi. Bir axşam unudulmaz müğənnimiz
Əlibaba Məmmədov mənə zəng vurdu ki, xoşagəlməz
bir hadisə baş verib, bir kitab çıxır, o
yayılsa, milli musiqimizə ağır həqarət olacaq,
söyülməyən, təhqir edilməyən bircə də
olsa tanınmış sənətkarımız
qalmayıb, köməyinə ehtiyacımız var.
Ertəsi gün Habil Əliyev, Canəli Əkbərov,
Rəhilə Həsənova, Niyaməddin Musayev, Novruz
Feyzullayev, Ramiz Quliyev və digərləri Nizami muzeyindəki
otağımda toplaşdılar. Artıq siqnal nüsxələri
buraxılmış kitabdan birini də tapıb gətirmişdilər.
Vərəqlədim, doğrudan da, dəhşət idi. Bu
müəllif - uzun illər heç bir musiqi savadı
olmadığı halda "Şuşinski" təxəllüsü
ilə özünü musiqişünas kimi qələmə
vermiş, işi-peşəsi Azərbaycan muğam
ifaçılığının ermənilərin üzərində
qurulduğunu şüurlara yeritməkdən ibarət
olmuş, bütün yazdıqları ortadaykən həqiqi
simasından hətta bu gün də çoxlarının
dürüstlüyü ilə anlamadığı Firidun Həsənov
"Musiqişünasın düşüncələri"
adlı irihəcmli kitabını "Gənclik" nəşriyyatı
xətti ilə nəşr etdirməyi bacarmışdı.
Sovet dövründə kitab nəşri belə qurulmuşdu
ki, əvvəlcə bütün tiraj çap olunurdu, növbəti
mərhələdə 100 nüsxə kitab hazırlanaraq son təsdiq
üçün müxtəlif əlaqədar qurumlara və
respublika rəhbərliyinə göndərilirdi, "hə"
veriləndən sonra (adətən də bu mərhələyə
gəlib çatandan sonra nadir istisnalar nəzərə
alınmazsa, heç bir maneə yaranmırdı) tiraj tam
şəkildə cildlənərək yayılırdı.
O qəziyyənin təfərrüatları ayrı
uzun yazının mövzusudur, hələliksə
sözümüz Habil haqqında olduğundan bu böyük sənətkarla
bağlı həmin qalmaqallı kitabda yazılanların
yalnız balaca bir hissəsini olduğu kimi iqtibas edirəm ki,
ustad kamançaçımızın özünün də
yeri düşəndə rişxəndlə qıraqdan necə
baxa bilməsinə şahid olasınız.
Kitab boyu erməni kamançaçıları tərifləyib
göylərə qaldıran Firidun Həsənov (özü də
"Şuşinski") görkəmli sənətkarımız
Habil Əliyevə bu cürə yekəxanalıq və ədəbsizliklə
müraciət edirdi (O adam həyatda ikən Azərbaycan
radiosunda "Axşam görüşləri"
verilişinin 1 ay ərzində 4 buraxılışını
həmin kitabın ifşasına həsr etdiyimizdən, yəqin
ki, heç kəs bu yazılanları ölünün
ardınca danışmaq kimi yozmaz. Milyonların eşidəcəyi
səviyyədə ən sərt sözlərimizi vaxtında
üzünə çırpmışıq və dalınca
danışmağa gəlincə isə, ölü də var,
ölü də. Millətə qarşı rəzalətlər
etmiş elələri olur ki, o təhərlərə nə qədər
zaman ötür-ötsün, əfv düşmür!).
Çox keçmədən nüsxələri məhkəmənin
qərarı ilə doğranan kitabının 299-cu səhifəsində
Habilə belə alçaldıcı əda ilə üz
tuturdu: "Siz öz çalğınızda improvizə
elementləri əvəzinə kamançadan cürbəcür
səslər çıxarırsınız. Bəzən
kamançanı pişik kimi miyoldadır, bəzən də
inək kimi mələdirsiniz və bunu da "yenilik" kimi
qələmə verirsiniz.
Mənim Habilə qulaq asmağa ehtiyacım yoxdur. Mən
Habili dinləmək istərkən pişiyi 2-3 gün ac qoyub
sonra buraxıram boş otağa. Başlayır miyoldamağa.
Elə bil Habil çalır.
Habil müəllim! Sizin çalğınızdan
milli musiqi iyi, təravəti gəlmir. Daha doğrusu, sizin
çalğınızda Azərbaycan ruhu yoxdur".
Bir şənbə günü idi, bu üzüqara
kitabdan gileyli adlı-sanlı musiqiçilərimiz mənim
iş otağımda yığışmışdılar,
müzakirələr aparırdıq ki, hansı tədbirlər
görülsün, hansı addımlar atılsın. Yay
günü idi, qapı-pəncərələr
açıqdı. O zamanlar Nizami muzeyində əməkdaşların
"Maşa" dediyi bir pişik vardı ki, hamının
sevimlisi idi, əksər işçilərin evində onun
balalarından vardı. Özünə olan daimi nəvazişdən
Maşada bir arxayın ərköyünlük
yaranmışdı, muzeyi öz evi sayar, qapısı
açıq olan istənilən qapıdan arxayınca içəri
keçərdi. Biz söhbətimizi etdiyimiz əsnada Maşa
asta-asta dəhlizdən ötüb girdi adətən katibənin
əyləşdiyi boş otağa, ordan da nazlana-nazlana gəlib
durdu mənim kabinetimin açıq qapısının
ağzında və ahəstə-ahəstə irəlilədi.
Biz də öz söhbətimizdəydik. Pişik İslam
Rzayevin yanından keçdi, Kamil Əhmədovun
böyründən ötdü, Canəliyə, Niyaməddinə
də bənd olmadı, yaxınlaşdı Habilə,
başladı xumarlana-xumarlana onun ayağına sürtünməyə.
Habil pıqqıldadı: "Firidun düz
yazıbmış, pişik qohumsılanır".
Hamı qəhqəhə çəkdi. İkicə kəlməsiylə
bayaqdan davam edən əsəbi söhbətlərdən
yorulmuş həmkarlarının da ovqatını düzəltdi,
yolüstü özünə də güldü...
...Habil müəllim xeyli müddət ruhca ona
çox məhrəm olan Bəxtiyar
Vahabzadə ilə dostluq etmişdi. Yazdıqlarıyla
yüz minlərlə oxucusunun könlünə hakim kəsilmiş,
sənətin pərdəarxası təsiretmə gizlinclərinə
hərtərəfli vaqif olan şair Habili dinləyəndə
onun özünün yazdıqlarını oxuyarkən heyrətlənən,
həyəcana gələnlərin halına
düşürdü, hər dəfə Habilin onun
gözü qarşısında yaratdığı
möcüzədən riqqətlənirdi, növbəti kərə
cavabını özünün hər kəsdən min pay
yaxşı bildiyi sualı hamıya verir, hamını Habil sənətinin
sehri önündə düşünməyə səsləyirdi:
Bu taxta parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Taxta hər atəşə alışan olur,
Bəs niyə alışmır belə bir oda?
...Habil 85-inə çatanda da yaşından xeyli cavan
və şux (həm də şax) görünürdü.
O, sadə, rəvan, təminatlı bir ömür
sürməmişdi. Həyatın sərt dönüşləri,
çətin sınaqları, sarsıntıları, nisgilləri
ilə az üzləşməmişdi. Bunlar isə tədricən
üst-üstə qalaqlanan dərd yükü deməkdir.
(Sadə adamların əksəri heç o
sözün əsl mənasını bilmirdi. Amma sovetin
1920-30-40-cı illərində təxminən hamı həmin
kəlmədən iblisdən, şeytandan, əcinnədən,
Əzrayıldan qorxan kimi üşənirdi, vahimələnirdi.
Səslənişi o qədər də əcaib deyildi.
Əksinə, doğma bir söz kimi gəlirdi adama. Lakin
1930-1940-cı illərdə, hətta bundan 10-15 il sonra da o
sözün girdiyi evə bədbəxtlik qədəm
basardı. "QULAQ"! Bu, Stalin dönəmində SSRİ-nin
ən sərt iqlimli yerlərinə səpilmiş cəzaçəkmə
məskənlərinə nəzarəti həyata keçirən
NKVD - Xalq Daxili İşlər Komissarlığı nəzdindəki
Baş Həbs Düşərgələri İdarəsinin
(Qlavnoe Upravlenie Laqerey) adı idi. O çağlar çox azərbaycanlının
nəzərində QULAQ elə nağıllardakı gedər-gəlməz
kimi bir şey idi.
Bir səhər Habil ustad məni növbəti dəfə
evlərinə xaş qonaqlığına dəvət
etmişdi. Yaxşıca yeyib-içmişdik, çay gələsiydi.
Qəfildən məndən soruşdu: "Camışa
münasibətin necədir?" Habil müəllimin
şuxluqla daşan bir adam olduğunu bildiyimdən
ixtiyarsız gülümsündüm və
düşündüm ki, yəqin, nəsə təzə
zarafatı var, bu sualı ilə
zarafatına müqəddimə hazırlayır. Amma nəsə
sifəti ciddi idi. Ürəyimdən o da keçdi ki, yəqin,
bu zarafatının duzu lap çox olacaq. Özünü tox
tutur ki, dramatizm yaratsın, lap gözüm yaşarana qədər
gülüm. Mən də tam ciddiyyətlə dilləndim:
"Habil müəllim, camışa münasibətim əladır!
Camış qatığını da lap çox sevirəm.
Babam deyərdi ki, ağartısı
camışınkından təhlükəsiz,
camışınkından faydalı və camışın
özündən də əziyyətsiz heyvan yoxdur;
danışardı ki, bir də görərdik hansısa
camışımız otlamağa getdiyi qamışlıqdan
günlərlə qayıtmadı. Nigaran qalardıq ki, heyvana
nəsə oldu; günlərin birində onu görərdik
yanında balası ilə doqqazda göründü".
Camışı çox tərifləməyim, deyəsən,
heç xoşuna gəlmədi, sərt tərzdə
sözümü kəsdi: "Mənimsə camışdan zəhləm
gedir!"
Öz aləmimdə düşündüm ki, hə,
zarafatın məqamı yetişdi. Qəsdən belə edir
ki, bunun ardınca gətirəcəyi məzəli
sözün effekti lap şiddətli olsun. Bu gümanla istər-istəməz
güldüm.
Habil müəllim dalğınlaşdı, səsindən
qəhər keçdi: "Camışa görə mənim
atamı tutublar, qulaq ediblər, gedib ordan xəstəlik
tapıb gəldi, uşaqkən yetim qaldım, əziyyətlərlə
böyüdüm. Bir tərəfə baxanda yazıq
camışın nə təqsiri! Bir camışımız
vardı, onun hesabına dolanırdıq. Anam evdəki
xalça-palazdan satıb bir az pul artırmışdı.
Atama verdi ki, bir camış da al, güzəranımızı
babatlaşdıraq. Ancaq ikinci camışı alandan çox
keçməmiş atamı qulaq elədilər ki,
istismarçısan, varlısan, malın-dövlətin səni
qudurdub. Belə şər-böhtanlar deyib kişini apardılar".
Bu, böyük sənətkarımız Habil
Əliyevin uzun ömrü boyunca tuş düşdüyü
ağır həyat keşməkeşlərindən,
dadmış olduğu ömür acılarından yalnız
biri idi. Nahamvar, bir qarın ac-bir qarın tox
uşaqlığından, yeniyetməliyindən üzü bu
yana boz dövrlərin, kəc taleyin o qədər zərbələrini
yemişdi ki, yəqin, həssas içərisi həmin
yaşanmışların
çapıqlarıyla ləbələbdi.
Ən qəmli olmuşa da bir şuxluq donu geyindirə
bilən çevik ağlı həmişə dadına
yetirdi. Yetmişində-səksənində də qədd-qamətli, sinnindən gənc görünməsindən
söz düşəndə elə cavab verirdi ki, bu sözlərin
arasından həm onun məşəqqətli dava illərinə
təsadüf edən çətin yeniyetməlik
çağlarının sıxıntıları sezilirdi, həm
də bu deyişdə elə Bəhlul Danəndəvari zəriflik
sayrışırdı ki, dodağın ixtiyarsız
qaçırdı.
Deyirdi ki, cavan qalmağıma səbəb müharibədir
- qıtlıq vaxtları idi, ailəmiz kasıb
dolanırdı, çox vaxt çörək əvəzinə
quşəppəyi, tərə yeyib özümüzü
doyuzdururduq, xülasə, mədəm, bağırsaqlarım
o vaxtlar az işlənib, ona görə təzə qalıb.
Ancaq nə qədər zarafat edirsən-et, beyindəki
qırışlar kimi həyatından
qarış-qarış keçmiş müşküllər
də ömür ağacının gövdəsində dərin
izlərini buraxır. Məgər
çalğısındakı o boyda ürək, o qədər
aşıb-daşan hissiyyat təsadüfi
yaranmışdı?! Ömrün dolu, taleyin cadar-cadar olmasa,
bunca duyğulu da olmursan. Qədim yunan müdriki, təəssüf
ki, haqlıdır - çox bilgidə çox dərd var!
Dərd yüklü insanınsa uzun yaşaması və
özünü tox tutması, daha artıq - çöhrəsindən
gülüşün əskik olmaması həmişə həm
təəccübləndirən, həm çaşdıran, həm
sualdoğurandır.
Habilin cavan qalmasının mən tapan sirri bu idi ki,
ömründən çox dərdlər yara-yara keçsə
də, içində adamın qocalmasına əsas səbəbkar
olan qüssə-ələm yox idi. Mənim nəzərimcə,
o, bəlkə də Azərbaycanın ən kədərsiz
adamı idi. Yox, bunun səbəbi o deyildi ki, guya Habil laqeyd
adam olub. Tam tərsinə - Habilin arsızlardan,
gönüqalınlardan zəhləsi gedirdi, ömrü boyu
heç vədə yan-yörəsində baş verənlərə
biganə qalmamışdı. Habil hissləri yetərincə
yalın olan, tez təsirlənən, əlüstü kövrələn
insandı. Amma bütün bunlardan xəbərdar ola-ola qətiyyətlə
təsdiq edirəm ki, onun ürəyində zərrəcə
ağrı izi, qüssə əlaməti də yox idi. Etiraz
edərlər ki, axı belə olmur! Həssas adam necə dərdsiz-qəmsiz
ola bilər?!
Bu da yenə Habil kimi təklərin qismətidir.
Habil həyatı uzunu kamança çalıb və
nə qədər dərd-qəmi var, töküb
kamançasına. Ürəyinin nə qədər göynəyi,
yanğısı var, çalğısıyla
boşaldıb. Kəmanə onunçün kəmanə
deyil, bir maqqaş olub. Habil kəmanəni simlərə hər
toxundurduqca yalnız ordan səslər qoparmayıb, hər dəfə
ən əvvəl öz ürəyindən bircə-bircə
dərd tikanlarını çıxarıb.
Ömrü boyu ürəyindən tikan
çıxaranın içərisində qəm qalarmı?..
El nəğməsi qərib-qərib süzən
durnalara sarı boylanırdı:
Üçtelli, dördtelli, beştelli durna!
Sanki bu sözləri aşiq haçansa göylərdə
uçan durnaya yox, elə oxşaya-oxşaya kamançaya
söyləyib.
Axı tarixən elə kamança da həm
üçtelli, həm dördtelli, həm beştelli olub.
Sanki Habilin kamançası da uça-uça ellər
görüb gəlmiş durnadır ki, başından
keçənlərdən hekayətlər nəql edir.
60 ildən uzun bir zaman boyunca Habil valehedici məharətlə,
Mövlana deyən kimi, quruca simlərdən, quruca ağacdan,
quruca pərdələrdən qopardığı yar səsləriylə
könlümüzə yar oldu, könül yaralarımıza
məlhəm çəkdi.
Bu səslər canına bahar ovqatı sirayət
etmiş elə solmaz və yavaşımaz güc və
eşq daşıyıcısıdır ki, nə qədər
varıq, bizimlə qalacaq, bizdən sonrasa gələcəkdəkilərinki
olacaq.
Bu sətirləri mən ailəsinin təvəqqesi ilə
Habilin məzar daşında həkk olunmasından ötrü
yazmışdım:
Qorudun yadlardan sən kamançanı,
"Habil Kaman" adlı səltənət qurdun.
Ötülməz zirvəydin, sən bir ürəkdin,
Nə çaldınsa, ona möhrünü vurdun.
Şah İsmayıl Xətai, digər hökmdarlar
kimi, fərmanlarını göndərdiyi məktubların
altında möhürünü basırdı. Ancaq onun möhürünü
başqa möhürlərdən seçdirən bir özəllik
vardı. Hətta farsca yazdığı məktubların da
altında o möhür vardısa, demək, həmin mətnin
aşğısında deyil, lap yuxarı başında dilimiz
vardı. Çünki möhürdə öz dilimizdəcə
bir kəlmə vardı: "Sözümüz". Yəni
bu kəlmə əslində sərlövhə idi. Elan edirdi
ki, göndərilən bu məktubmu, fərmanmı,
hökmmü bizim SÖZÜMÜZdür, bizim
İRADƏMİZdir, bizim MÖVQEYİMİZdir, BİZ
ÖZÜMÜZÜK!
Habil də hər çalğısıyla
böyük tarixə - həm şəxsən
özünün, həm də Azərbaycanın -
adını, istedadını, parlaqlığını
növbəti dəfə möhürləyirdi.
Hər çaldığı həm onun
özünün SÖZü idi, həm də millətin
SÖZü və SƏSinin ifadəsi!
...Səksən yaşının tamamında keçirilən yubiley
məclisində səhnədə onu təbrik edənlərdən
biri çıxışını "Arzulayıram ki, doxsan
illiyinizə də sağlam, əli kamançalı
çatasınız" sözləri ilə tamamlayaraq getmək
istəyəndə Habil yerindən uca səslə dilləndi:
"Bir dəqiqə dayan görüm".
O çıxış edən də çaşan
kimi oldu, tamaşaçılar da təəccübləndilər.
Onu da, camaatı da maraq bürüdü ki, görən, Habil
birdən-birə niyə çıxış edib səhnədən
ayrılanın ayaq saxlamasını istəyir.
Habil davam etdi: "Mənim onumu niyə kəsirsən?
Arzulamaqdırsa, niyə doxsan deyirsən, elə birdəfəlik
yüz söylə ki, mənə də xoş getsin".
Ustada yüzə çatmaq qismət olmadı.
Doxsanın lap astanasında onu əbədilik itirdik.
...2015-ci il sentyabr ayının 7-də axşam saat 8-də
böyük sənətkarımız Habil Əliyevgilə
getmişdim. Hələ heç kim bilmirdi yandırıcı
ayrılıq lap yaxındadır. Mən ki heç
inanmırdım.
Geniş, rahat mənzilindəki o böyük otaqda ki
adətən orada Habil müəllimlə xörək yeyərdik,
dərdləşərdik, sənət söhbətləri edərdik,
zarafatlaşardıq, indi çarpayı qoyulmuşdu və
Habil müəllim yataqda idi.
Yanında ixtisasca həkim olan qızı, gecə-gündüz
xidmətində dayanan şəfqət bacıları, tibb
mütəxəssisləri.
Bir neçə gün idi ki, komadaydı və həkimlər
də vəziyyətini sabit ağır kimi dəyərləndirirdilər.
Olsun ki, tibbi baxımdan, həqiqətən də, belə idi.
Ailəsi də "ümidimiz Allahadır" deyirdi. Təbii,
bu, düz sözdür, son ümidimiz onsuz da həmişə
Ulu Yaradana, ən munis arzularımız müdam Allaha
bağlıdır. Amma o gün çarpayıda
uzanmış, tibbi qurğulara qoşulu bu insan sadə xəstə
deyildi axı!
Bu, Xaliqin sevimli bəndəsi, seçib-əzizlədiyi,
öz işığından bir topa nur
bağışladığı, içərisini istedadla,
ilhamla doldurduğu qeyri-adi yavrusu idi.
Ömrü boyu Allahla birbaşa bağlantısı
olmasaydı, Habil o möcüzələri yarada bilərdimi?!
Baxırdım, hərəkətsiz uzanmışdı
və onun indiki halını da hansısa sıradan olan bir
Allah bəndəsinin düşə biləcəyi eyni vəziyyətdən
fərqli hesab edirdim. Huşsuz olması nəzərə
alınmasa, elə bil əvvəlki Habil idi, sadəcə
uyuyurdu. Möcüzə gözləyirdim. İşi-peşəsi
ömrü boyu möcüzələr göstərməkdən
ibarət olmuş Habil Əliyevdən bu anında da Habilə
yaraşan bir möcüzə gözləməkdən
haqlı hansı istək olardı ki!
Habil Əliyev 88-i başa vurub 89-a adlamışdı.
Amma bu halında da öz yaşından xeyli cavan
görünür, rəngi-rufu, ümumi
görünüşü də məni xeyli ümidləndirirdi.
Əllərindən yapışdım,
sığalladım, bu əllər heç üzgün, xəstə
adamın əlləri deyildi, o əllərdə taqətsizlik
yox, güc hiss olunurdu.
Söhbət etməyə, həmişəki kimi
zarafatlaşmağa başladım onunla. Əmin idim ki,
eşidir məni. Çünki bilirdim ki, gəlişimi
gözləyir. Xəstələnməsindən azacıq əvvəl
növbəti dəfə küsüşmüşdük
(Şərqiyyə xanımla ömrü boyu gündə o
cür, Allah bilir, neçə yol
küsüb-barışmışdı).
Vəfalı, sədaqətli, nəvazişkar, səbirli
həyat yoldaşı Şərqiyyə xanım da bu
gümanımı heç mən dilə gətirməmiş
təsdiqlədi: "Komaya düşməzdən bir müddət
əvvəl televiziyada sənin apardığın 85 illiyinə
həsr edilmiş yaradıcılıq gecəsini verirdilər.
Habil dedi ki, telefonu götür, Rafaelə zəng vur,
danışacam onunla. Səni tapa bilmədik, xaricdə
idin".
...Danışırdım Habil müəllimlə, - xəstəliyə
mütləq qalib gəlməlisiz, 90 illiyinizi də birgə
qeyd eləməliyik, - deyirdim.
Əli əlimdə, barmaqlarım nəbzində idi.
Gözüm də nəbzinin
çırpıntısını, ürəyinin
döyüntüsünü göstərən monitorda.
Yüz faiz əmin oldum ki, indi zahirən
bayılmış biz vəziyyətdə olsa da, məni duyur,
eşidir. Sadəcə cavab verməyə heyi yoxdur - həyəcanlanmasını
yeyinləşən nəfəsində də, sürətlənən
nəbzində də aşkarca hiss edir, ekranda dəyişən
rəqəmlərdə də görürdüm.
Bu nigaran günlərdə gecə-gündüz sərhədçilər
kimi onun yastığının yanında olan, pərvanə
kimi başına hərlənən övladlarına da, həkimlərə
də söylədim ki, siz xəstə Habil Əliyevin deyil,
Azərbaycanın qulluğunda durmusuz. Sizin xidmətiniz bunca
şərəfli və məsuliyyətli, həm də
ümummilli savab olan işdir.
Habil ailəsi Prezident İlham Əliyevdən, Mehriban
xanımdan yerdən-göyə razılıq edirdi, onların
mütəmadi olaraq ustadın səhhəti ilə
maraqlandıqlarını, həm də sadəcə telefonla
soruşmadıqlarını, adam göndərib halından
bilavasitə xəbər tutduqlarını söyləyirdi.
Habil müəllimi çox həyəcanlandırmamaq
üçün qonşu otağa çay içməyə
keçdik. Bu ara Təbrizdən şair Xosrov Sərtibi zəng
vurdu mənə, Habil müəllimin vəziyyətini
soruşdu, "Nigaranıq, internetdə ziddiyyətli xəbərlər
yayılır" dedi.
Söylədim ki, ürəyiniz düzdür, elə
bu dəqiqələrdə Habil müəllimgildəyəm,
Şərqiyyə xanım da yanımdadır. Habil müəllimin
də durumu ürəyimizcə olan kimi deyilsə də,
ümidliyik.
Xosrov bəy qayıtdı ki, onlarla başqa dostlar da
var, Habil müəllimin halından xəbər tutmaq istəyirlər,
hamısı salam göndərir. Hamımızın da əllərimiz
göydədir, dualar edirik.
Dualarınızı edin, hər xoş niyyətdə
bir fayda var, dualarımız nə qədər çox olarsa,
Allaha da tez yetişər, - dedim.
Xosrov davam etdi ki, İranın böyük müğənnisi
Şəcəriyan da Habil müəllimin səhhətindən
narahatdır. Qərarımız vardı ki, bu gün,
sentyabrın 7-də onunla da Habil müəllimin ailəsi
arasında telefon bağlantısı quraq. Heyif ki, bu gün
ustad Şəcəriyanın özünün də halı sən
deyən babat olmadı, xəstəxanaya düşdü. Yəqin,
sabahda-birigündə o da ürək sözlərini
çatdırar.
Habil Əliyev məhz bu idi - Azərbaycanın Birinci
ailəsindən, Prezidentlə Xanımından
başlamış bu taydakı Azərbaycanın ən
ucqarındakı ən sadə vətəndaşlaradək,
onlardan da Güneydəki ən məşhur
qardaşlarımızdan tutmuş ən sıravi insanlaradək
hər kəsin əziz tutduğu, özününkü
saydığı, səhhətinin böhranlı anında
öz doğmasının halına yanan kimi ondan ötrü
narahat olduğu, şəfa dilədiyi böyük sənətkar,
böyük insan!
Bu, Habilin millətə həyatı boyu
bağışladığı gözəlliklərin
müqabilində qazandığı sonsuz ehtiram, minnətsiz
sevgi idi.
Sağkən kamançamızın rəmzinə
çevrilmiş Habilin ömrünün kamanca
olacağına kim şəkk edər?!
22 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.16-17.