"İnkişafdan geri qalmışıq"
Aktrisa Günəş Mehdizadə: "Əminəm
ki, şərait yaradılsa, biz çox böyük işlər
görə bilərik"
Aktrisa Günəş Mehdizadə Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində,
Teatr və kino aktyoru ixtisası üzrə Vaqif
İbrahimoğlunun kursunda təhsil alıb. 2005-ci ildən
aktrisa kimi kino karyerasına başlayıb. "Yoxdu belə
söhbət", "The Bra", "Gecə
axını" "Jara", "Suğra və
oğulları", "Qaranlıqlar çiçəyi",
"Miras", "Məryəm", "Yad gəlin",
"Vətəndaş A" kimi film və seriallarda rol alan
Günəş Mehdizadə həm də Yuğ
teatrının aktrisasıdır.
Aktrisa Günəş Mehdizadə söhbətimizi təqdim
edirik.
- Günəş xanım, sizi həm film və
seriallarda, həm də tamaşalarda tez-tez görürük.
Bu hərtərəfliliyin xüsusi bir səbəbi varmı?
- Düşünürəm ki, hər şey zamanla ələnir.
Artıq kinomuzda bayağı insanlardan çox, işini bilən
insanlara ehtiyac duyulur. Kino sahəsində bir ara daha çox
modellər, bu sahə ilə əlaqəsi olmayan insanlar
işləyirdilər. İndi çəkiliş qrupu,
işini yaxşı bilən rejissor başa düşürlər
ki, istədiyini işini bilən aktyorlardan ala bilərlər,
nəinki, başqa sahənin adamlarından.
- Bir müddət teatrdan uzaq düşən Günəş
Mehdizadə yenidən ora necə qayıtdı?
- Əslində teatrı ilk başlardan sevirdim. Amma
qorxularım var idi. Düşünürdüm ki, birdən
teatr mənə mane olar. Amma səhv
düşünürmüşəm.
- Nəyə mane olar?
- Kino karyerama. Çünki universitetə qəbul
olduğumdan bəri çox gözəl layihələrdə
çəkilməyə başladım. Amma hər dəfə
də qəlbimin bir tərəfi teatr üçün
döyünürdü, düşünürdüm ki, mən
teatrda mütləq olmalıyam. Teatr
yaradıcılığımın bir hissəsi idi. Amma indi
başa düşürəm ki, teatr
yaradıcılığımın böyük bir hissəsidir.
Teatr aktyor üçün çox önəmlidir.
- Bir dəfə televiziyada şeir səsləndirdiyinizi
görmüşdüm. Şeir səsləndirmək
xüsusi bacarıq tələb edir. Siz bunu nə qədər
baca bilirsiniz?
- Bilmirəm, onu mən deyə bilmərəm. Bunu kənardan
izləyənlər deyə bilər. Əgər o şeirə
aktrisa kimi qatqım olmayacaqsa, səsləndirmərəm.
Düşünürəm ki, hansı şeiri səsləndirmişəmsə,
pis alınmayıb.
- Əksər sənət adamının dediyinə
görə, işlərinin çoxluğundan son zamanlarda
çıxan serial və filmlərdən xəbərsizdirlər.
Bəs siz necə, kinematoqrafiyanın inkişafı ilə
maraqlanırsınızmı? Keçirilən film
festivallarında iştirak edirsinizmi?
- Açığı, bəzi festivallarda iştirak
edə bilmirəm. Amma keçənilki festivalda bizim dostumuz
Qulu Əsgərovun "Hasar" filmi qalib olmuşdu, gedib izlədik.
Kommersiya filmlərini çıxmaq şərtilə, digər
filmlərdən xəbər tuturam, çalışıram
ki, dövlət səviyyəsində olan işlərə
mütləq gedim baxım.
- Bəs seriallar necə?
- Bundan xəbərsiz olmaq mümkünsüzdür.
Əgər bu sahədəsənsə, xəbərin
olmalıdır. Demirəm ki, hamısına seriya-seriya
baxıram. Amma həmkarlarımın işləridir, orda vacib
deyil ki, mən çəkilim. Müqayisə
üçün baxmalıyam. Məsələn, keçən
il zəif bir işlə ortaya gələn şirkət bu il
çox uğurlu layihələrə imza atır və sən
başa düşürsən ki, proses hansı yerdədir, necə
inkişaf edir. Yəni belə maraqlanıram.
- Bu gün Azərbaycanda kinematoqrafiya ilə teatr sahəsini
müqayisə etsək, hansının daha çox inkişaf
etdiyini, hansının isə zamanın tələblərindən
geri qaldığını,
uyğunlaşmadığını demək
mümkündür?
- Əslində biz həm kino, həm teatr sahəsində
inkişafdan geri qalmışıq. Bu il yayda Portuqaliyada,
Litvada, daha öncəki illərdə Qazaxıstanda və
Özbəkistandakı festivallarda oldum. Fərqinə
vardım ki, biz Qazaxıstan teatrından belə geri
qalmışıq. Sən dünyaya açılanda
görürsən ki, orada necə tamaşalar nümayiş
olunur. İndiki vəziyyətdə sevindirici haldır ki,
Mehriban Ələkbərzadənin rejissorluğu ilə
"V.X.A" tamaşası çox uğurlu alındı.
Amma dünya üzrə bu səviyyədə tamaşalar
çoxdan var. Qrafik effektlərdən, işıq effektlərindən
çox uğurla istifadə edirlər. Bilinir ki, o
tamaşalara böyük sərmayə ayrılır. O barədə
biz geri qalmışıq. Amma əminəm ki, bizə o şərait
yaradılsa, çox böyük işlər görə bilərik.
Təsəvvür edin, Yuğ teatrının binası yoxdur.
Amma buna rəğmən, biz nələrsə ortaya qoya
biliriksə, yüksək səviyyəli şərait təqdim
olunsa, daha gözəl, uğurlu işlər bacara bilərik.
Düşünürəm ki, bu barədə biz çox
dözümlüyük.
- Teatrla kinonun oxşar cəhətləri olsa da,
spesifkaları fərqlidir. Siz də hər iki sahədə
varsınız. Sənətin bu növündən digər
növünə keçidlər necə baş verir? Psixoloji
cəhətdən yorğunluq gətirirmi?
- Teatrla kinonun vəhdəti yorğunluq gətirmir. Mən
deyərdim ki, serialla kinonun vəhdəti yorğunluq gətirir.
Yorğunluqdan da əlavə, gündəlik serialda işləyirsən
və eyni zamanda hər hansı tammetrajlı filmə çəkilirsənsə,
bu, çox böyük təzad yaradır. İki dəfə
mənim başıma gəlib. Fikrimi cəmləşdirmək
çətin olub. Çünki sən bir obraza
alışırsan, çəkilirsən, sonra filmdə başqa
obrazla qarşılaşırsan. Məsələn, bu gün
serial setindən çıxıb film setinə gedirsənsə,
çox şeyi orda qoyub getməlisən ki, filmdə işləyə
biləsən. Amma teatrda əksinədir. Teatr aktyoru yeniləyir.
Ora çox münbit məkandır.
- Bu situasiyadan çıxış edərək demək
olarmı ki, aktyorun istedadı teatrda daha çox bəlli olur?
- Mən belə deməzdim. Düşünürəm
ki, fərqli-fərqli məkanlardır. Teatr məkanı
başqadır - canlıdır, ikinci plan yoxdur və sən
orda bütün mimikalarını, hərəkətlərini
çox böyük şəkildə göstərirsən. Amma
film minimalizmi sevir, gərək hər şey minimumda olsun.
Aktyor var ki, özünü teatrda daha yaxşı realizə
edir, amma filmdə yox və yaxud tərsinə.
- Yuğ teatrının aktyorları mərhum rejissor
Vaqif İbrahimoğlunu sanki ilahiləşdiriblər. Bunun
kökündə nə dayanır? Onu bu qədər sevdirən
edən nədir?
- Vaqif İbrahimoğlunun böyüklüyü
haqqında deyilən sözlər elə-belə deyil. O qədər
savadlı insan idi ki, onunla hər mövzuda söhbət etmək
olurdu. Məsələn, bizdən kimsə ailə
quracaqdısa, gəlib Vaqif müəllimə deyərdi. O da
elə bir dəyərli söz deyərdi ki, onu heç bir
kitabdan oxuya bilməzdin. İşinlə bağlı, teatrla
bağlı, qısası, hər mövzuda sən bu insanla
danışa bilərdin, məsləhət ala bilərdin. Mən
Vaqif müəllimdən sonra həyatımda ikinci elə bir
insanla rastlaşmadım. Onu hamıda axtardım, amma tapa bilmədim.
Onu sevməmək mümkünsüz idi. Oturub saatlarla ona qulaq
asmaq istəyirdim. Qəribə daxili energetikası da var idi -
sanki deyirdi ki, məni sev.
- Yuğ teatrının aktyorları həm teatrda, həm
də kinoda istedadlıdırlar. Bunun səbəbi nədir?
- Bilirsiniz, Yuğ teatrı meydan teatrıdır,
balacadır. Bizim teatrda böyük pafosla jestlər və
mimikalar göstərməyə ehtiyac yoxdur. Çünki
tamaşaçı ilə o qədər yaxınsan ki, sənin
minimum səsini, hərəkətini görə bilir, onu sezir.
Filmdə də bu hal daha əlverişli olduğu
üçün Yuğ teatrının aktyorları orada daha
çox uğur qazanırlar. İnsan sırf bir işlə məşğul
olanda ona vərdiş edir. Mən bu gün böyük səhnədə
çıxış etsəm, çətinlik çəkərəm.
Çünki mən artıq minimalizmə
alışmışam. Gərək nə qədər
böyük əmək sərf edim ki, bu məndə
alına. Mən artıq jestləri, mimikaları minimum səviyyədə
göstərməyə alışmışam.
- Gəlin bir azda baş rol aldığınız
"Vətəndaş A" serialından danışaq...
- Ssenarini oxuyanda baxdım ki, mənim üçün
çox münbit materialdır. Aktrisa olaraq mənə
maraqlı idi. Çünki ovqat dəyişimləri var idi,
xarakter çox dolğun yazılmışdı. Bəzən
olur ki, ssenarini oxuyanda görürsən ki, obraz bir seriyada
müsbətdir, amma digər seriyada absurd hərəkətlər
edir və düşünürsən ki, bunu bu adam edə bilməz.
Ssenaristlər bəzən bu kimi şeylərə fikir vermirlər,
amma bu ssenaridə Asiman Ağa Rövşəni mən
özüm üçün kəşf elədim.
Dialoqların dəqiqliyi, xarakterlərin
açıqlaması, hamısı uğurlu
alınmışdı. Tək Almaz obrazının deyil, digər
obrazların da özünəməxsus xarakterləri var idi və
serial o xətt üzrə gedirdi.
- Bir çox izləyicini maraqlandıran sual var: həqiqətənmi
bu gün Azərbaycanda o vəziyyətdə olan kəndlər
var?
- Var imiş. Mən özüm şəhərdə
böyümüşəm, heç vaxt düşünməmişəm
ki, həqiqətən də elə bir mühit ola. Çəkiliş
apardığımız kənddə olan vəziyyət bizə
absurd gəlirdi. 21-ci əsrdə, Azərbaycanın dünyaya
inteqrasiya etdiyi dövrdə belə adətlərin
mövcudluğu ağlıma da gəlməzdi. Gedib orada əyani
şahidi oldum ki, həqiqətən elə şeylər var
imiş. Rejissorumuz Elvin Rüstəmzadə həmin kənddəki
vəziyyətdən çox yararlandı. Mən kənardan
bunu müşahidə edirdim. Elə xırda nüanslar var idi
ki, Elvinin öz qatqısı idi. Ümumiyyətlə, "Vətəndaş
A" çox böyük əziyyətlə ərsəyə
gələn iş oldu. Filmin prodüseri Sevinc Əliyeva o heyəti
yığdı, böyük layihə oldu, hamı çox
böyük güc və sərmayə sərf etdi. Yuxusuz gecələr
oldu, əsəb oldu, amma sonda film çıxdı və hər
şey unuduldu.
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.15.