Nobelli iqtisadçılar və "iqtisadi qatillik"  

 

 

İki həftə qabaq İqtisadiyyat üzrə Nobel Mükafatının yeni sahibləri məlum oldu. Daron Acemoğlu, Simon Conson və Ceyms Robinson "Qurumların iqtisadiyyata və sosial rifaha təsirini araşdıran elmi işlərinə görə" bu mükafata layiq görüldülər. Acemoğlu Nobel mükafatı almış üçüncü türk oldu: Orhan Pamukdan (ədəbiyyat) və Aziz Sancardan (kimya) sonra.

Acemoğlu və Ceyms Robinson birgə qələmə aldıqları "Millətlər necə tənəzzül edir?" kitabında iqtisadiyyatı inkişaf etmiş ölkələrdə sənayenin və ayrı-ayrı qurumların çoxluğu, liberal bazardakı yeri və rəqabəti haqqında yazırlar. Hazırda dünyada haqqında ən çox danışılan bu kitabda azad bazar iqtisadiyyatının və sənayenin inkişafının ölkələrin yüksəlişinə birbaşa təsirindən danışılır. Amerika və digər güclü dövlətlərin timsalında Acemoğlu və Robinson texniki nailiyyətlərin və bəşəri sərmayənin (ağıllı kadr) vacibliyini göstərirlər.

"Millətlərin tənəzzülü" kitabını təkrar vərəqləyəndə durmadan zehnimdə bir sual fırlanırdı: "1929 böhranı"ndan sonra saf liberal-kapitalist iqtisadi sistemin çatışmazlıqlarını görən, sosialist sistemi rədd edən və buna alternativ olaraq "karma iqtisadi sistem" yaradan Amerika və Avropa nəhəngləri tez bir zamanda, təxminən, beş-altı ildə necə o ağır böhranın dağıntıları altından çıxa bildilər? Sənaye inqilabları onillərə başa gəlir. Kapitalın özünü bərpa prosesi də bir xeyli zaman alır. Mütləq liberal sistemi bir vaxtlar bazara tətbiq edən güclərin yenə bir oyunu var idi. Liberal sistem dövləti sadəcə polis kimi görürdü: Dövlət vergi yığmamalıdır, buna görə də onun vətəndaşa sosial xidmət vermək kimi bir məcburiyyəti də yoxdur.

Sosialist sistem isə əksini istəyirdi: Dövlət vətəndaşa məsləhət bildiyi qədər kapital və mülk verəcək, qalanı elə dövlətindir. İki sistemdə fiasko ilə bitdi.

Liberal sistem 1929 böhranını ortaya çıxardı. "Çəhrayi yuxular"a inanan amerikalılar, sözün əsl mənasında, aclıqdan ölürdülər. 1980-lərdə isə Rusiya, Çin və onların müttəfiqləri dünya ilə ayaqlaşa bilməməyin fəsadlarını yaşadılar.

Bəs ölkələri iqtisadi cəhətdən güclü qılan sadəcə qurumlar, fabriklər, ya da sistemlərdirmi? Yox. Bunun cavabını bir il əvvəl oxuduğum kitabda tapmışdım. Con Perkinsin dünyanın bir çox ölkəsində qadağan olunmuş "İqtisadi killerin etirafları" kitabından. Təəssüf ki, bu kitab dilimizə hələ tərcümə edilməyib. Ona görə, bir az müəllif, bir az kitab, bir az da əsas ideyalar haqqında qısaca məlumat verməyi gərəkli bilirəm.

Con Perkins

Amerikanın çöllük bir qəsəbəsində orta gəlirli ailədə doğulmuş Con Perkinsi atası ən yaxşı kolleclərdən birində oxudub. Perkins etiraflarında yazır ki, kollecdəki ən kasıb uşaq, bəlkə də, mən idim. Balaca Con elə həmin illərdə qarşısına bir məqsəd qoyur: Nə olur-olsun varlı, güclü və təhlükəli bir adam olacaq. Onun gözünü bağlayan şöhrət hissini universitetdə dərs deyən bir professor kəşf edir. Con Perkins ən ağıllı tələbələrdən biri idi. Onun iqtisadi təfəkkürü üst səviyyədə inkişaf etmişdi. Çox keçmir ki, Perkins Amerikanın gizli "MAİN" şirkətinə dəvət alır. Və ona iqtisadi məsləhətçi (finansman) olmağı təklif edirlər. Beləliklə, Perkinsin "casus" həyatı başlayır. Şirkət bunun qarşılığında ona istədiyi həyatı verir. Getdiyi ölkələrdə lüks villalarda qalır, səfərləri xüsusi jetlərlə edir, ən bahalı restoranlarda yemək yeyir və ən əsası hansı ölkəyə getsə, həmin ölkənin dövlət rəsmiləri ilə birbaşa təmasda olur.

Bəs "MAİN" kiçik, amma təbii sərvətləri zəngin olan ölkələri necə Amerikadan asılı vəziyyətə salırdı? Və Con Perkins kimi "iqtisadi killerlər" nə işlə məşğul olurdu?

İndi yazacaqlarım kitabda konkret misallarla göstərilib. Panama, İndoneziya, Ekvador, İran, Kolumbiya, Venezuella və İraqda xidmət etmiş Con Perkins sadəcə İraqda uğursuz olur. Buna görə də, Amerika İraqı başqa yollarla özünə tabe edir. Digər altı ölkədə isə iqtidar və təbii sərvətlər Perkins və onun xidmət etdiyi şirkətin fəaliyyətləri ilə "işğal edilir".

Ölkələrin əvvəlcə zəif tərəfləri araşdırılır. Bəzi ölkələrə sosializmdən qurtuluş və dünya bazarına giriş vədləri, bəzilərinə yaxşı infrastruktur söz verilir. Bəzi ölkələrin isə vətəndaş müharibələrindən canını qurtarmaq üçün siyasi sabitliyə, yəni yeni prezident və yeni parlamentə ehtiyacı olanda "MAİN" superqəhrəman kimi həmin ölkəyə zühur edir. Bu vədlər, əlbəttə, yerinə yetirilir. Amma necə? Qısaca belə izah edə bilərik: Şirkət Amerika banklarından külli miqdarda həmin ölkələrə borc verir. Bu rəqəmlər milyardları aşan rəqəmlərdir. Daha sonra "killerlər" dövlət rəsmilərinə və qurumlara bir neçə şirkət təklif edir. İnşaat, texnika, silahlı qüvvə və ölkənin nəyə ehtiyacı varsa onu qarşılaya biləcək başqa funksiyalı qurumlar. Bu qurumlar və şirkətlər də Amerikanın müxtəlif Avropa ölkələrində qurduğu holdinqlərə bağlı olur (Bu holdinqlər və şirkətlər haqqında Perkins ikinci kitabda - "Şirkətoqratiya"da bəhs edir). Yəni Amerikadan borc alınan pullar elə Amerikanın özünə xərclənir. Kiçik dövlətlər üçün isə heç nə dəyişmir. Onlar Amerikaya borclanırlar və ən əsası iqtidara onun istədiyi adamlar gəlir. Bir müddət sonra holdinqlər borcların ödənilməsini tələb edir. Ölkədəki sosial vəziyyət "killerlər" tərəfindən elə idarə edilir ki, dövlətin bu pulları ödəməyə gücü çatmır. Yenə vasitəçi "MAİN" olur. Həmin ölkələrin bəzilərinə təklif olunur ki, Amerika ordusuna əsgər göndərsin. Bəzilərinə isə BMT-də Amerikanın istəklərindən yana səs vermələri istənilir. Bəzi ölkələr isə milli sərvətin böyük bir hissəsini Amerika və onun Avropadakı müttəfiqlərinə su qiymətinə ixrac edir. Perkins yazır: "MAİN"in girdiyi bir Üçüncü Dünya ölkəsində şəxsi mülklərin və maddi qaynaqların 70-90 faizi həmin ölkənin 1 faiz əhalisinin əlindədir. Həmin 1 faiz isə, əlbəttə, bizim qurduğumuz şirkətlərin və qurumların idarə heyətidir..."

Daha sonra:

"Birləşmiş Millətlər Təşkilatında bizim lehimizə əl qaldıranlar, regionda hərbi baza qurmağa icazə verənlər, neft və Panama kanalı kimi dəyərli qaynaqları bizimlə "bölüşməyə" hazır olanlar "MAİN"in uğurlarıdır..."

Perkins xidmət etdiyi ölkələrdəki dövlət rəsmilərinin adını da çəkir kitabında. Onlarla olan söhbətlərin isə hamısı kitabda yer alıb. Birinci Dünya ölkələri necə zəncirvari şirkətlərə sahib olur - hamısı nöqtəbənöqtə izah edilir.

"1929 böhranı"ndan sonra imperiya qurmaq ağıllı addım olmazdı. Həm də bütün Qərbin qarşısında SSRİ və nüvə bombası kimi ciddi təhdidlər var idi. Ona görə də orta əsrlərdəki feodal sistemin və sömürgəçiliyin modern versiyası yaradıldı. Ölkələrin yox, şirkətlərin və holdinqlərin imperiyası dövrü başladı. Dövləti də bu bazarın içində saxlamaq üçün karma iqtisadiyyat anlayışı ortaya atıldı. İki Dünya müharibəsi, üç ciddi böhran və dörd sənaye inqilabı görmüş bütün dünya da bu sistemi qəbul etməyə məcbur qaldı. Bu gün "MAİN" yoxdur, yerində daha güclü və çoxfunksiyalı şirkətlər var.

Acemoğlu "Millətlər necə tənəzzül edir?" kitabında Misir, Meksika və digər Üçüncü Dünya ölkələrini misal çəkir.

Daron Acemoğlu

Meksikanın Amerikaya qonşu olan şəhərlərini qurumların və şirkətlərin olmaması ilə "günahlandırır". Misirin vəziyyəti onsuz da ortadır. Bəs doğrudanmı bu ölkələr inkişaf etmək istəmədi? Ya da bütün məsələ "ədalətli şah" məsələsidirmi? Elədirsə, Acemoğlu və dostlarının tərifləməkdən doymadıqları Amerika niyə İranda "Kaset inqilabı"na dəstək vermişdi? Bu inqilabın pərdəarxasını da Perkins çox acı həqiqətləri sadalamaqla yazır. Acemoğlu və Robinsona verilən "xətkeş" əyridir. Onlar bizə ölçüləri, rəqəmləri göstərirlər. Və deyirlər ki, bu rəqəmləri "xətkeşlə" ölçmüşük, düzdü. "Xətkeşin" özünü isə göstərmirlər. İqtisadiyyatda bir ingilis deyimi var: Statistika rəqəmlərlə yalan danışmaq sənətidir.

Bu gün Acemoğlunun bəhs etdiyi qurumların tarixi və inkişafı "MAİN" və onun kimi şirkətlərə söykənir. Bu üç Nobelli iqtisadçının dedikləri doğrudur. Bəli, ölkələrin iqtisadi inkişafa dəstək verəcək qurumlara və texnologiyaya, həmçinin bəşəri sərmayəyə ehtiyacları var. Amma bu hansı yollarla başa gəlməlidir? Bax burda o məşhur alimlər dürüstlük libasını bir kənara qoyub "demokratiya, insan haqları, liberal bazar" kimi anlayışların qırmızı libasını geyinirlər.

 

Rəvan CAVİD

525-ci qəzet .- 2024.- 2 noyabr(№202).-S.11.