Zəfər
günündə haqqı olanlar
Dörd ildir ölkəmiz Zəfər bayramını
qeyd edir. Azərbaycanın əzəli torpaqlarının
azadlığı uğrunda başladığı əks-həmlə
hücumu nəticəsində 44 gündə əldə edilən
möhtəşəm ZƏFƏR xalqın və dövlətin
böyüklüyünün, ordunun qüdrətinin və
qanunun gücünün nümayişi oldu. Ordumuz Füzuli
istiqamətində düşmənin hiyləgərcəsinə
qurduğu istehkamları məhv edərək döyüş
meydanında böyük üstünlük qazandı. 44
günlük Vətən müharibəsinin 20 gündən
çoxu Füzuli rayonunda keçdi. Həmin istiqamətlər
üzrə düşmənin müqavimətini qırmaq
döyüş planlarının həyata keçirilməsini
daha da əlverişli etdi. Füzuli şəhərinin azad
edilməsi azadlığa açılan qapımız, bizi
Şuşamıza aparan yol oldu. Sıldırım qayaların
yolçusu olan igid oğullarımız Vətən sevgisi, mənəvi
gücü, döyüş əzmkarlığı və cəsurluğu
ilə düşmənin kabusuna çevrildi. "Əgər
komandirin, əsgərin cəsarəti, qəhrəmanlığı,
qorxmazlığı olmasa, ən müasir döyüş
texnikaları belə işə yaramaz" - Şuşa
uğrunda gedən döyüşlərdə bunun bir daha
şahidi olduq.
Ordumuz tərəfindən əldə edilən
düşmən xəritəsində xarabalıqlar
adlandırılmış Cəbrayıl və Füzulinin hər
qarışının bizlər üçün nə qədər
müqqəddəs, nə qədər doğma olduğunu
düşmən təsəvvürünə belə gətirə
bilməzdi.
Zəfər bayramı günü - doğulduğu kəndi,
ev-eşiyi xatırlamayan, qaçhaqaç düşəndə
anasının qucağında qaranlıqda
qarlı-şaxtalı meşədə qaldıqları
günü yuxu tək xatırlayıb heç vaxt unutmayan,
düşmənə əsir düşməmək
üçün ayaqyalın, başıaçıq
ağacların, kolların arasında meşədən
çıxmağa yol axtaran, atəş səsindən, adi
bir xışıltıdan hürküb hər an
öldüyünü zənn edən, neçə illərdən
bəri bir gün o yerlərə qayıdacaqları
günün ümidi ilə yaşayan, bir tək evinin
açarını götürüb yurduna üz tutan o
insanların günüdür. Torpaqları işğaldan azad
edildikdən sonra evini, yurdunu tapmayan, hətta xatirələrindən
belə iz qalmayan o köçkünlərin
günüdür.
Zəfəri əldə etmək hərbi sahədəki
xidmətlərin tanınması baxımından da
xalqımız üçün böyük qürurdur. Bu zəfər
həm də heyranlığın rəmzi oldu -
döyüşkənliyimiz, birliyimiz bütün
dünyanı heyrətə gətirdi. Dünya hələ
heç bir döyüş meydanında belə oğullar
görməmişdi, o oğullar ki, onları tarix tək-tək
yetişdirər - onların sayəsində biz bu gün
qürur tariximizi qeyd edirik.
Əslində bu bayram günü - ürəyinə
ömürlük övlad dağı çəkilən
ata-anaların günüdür. Evlərində həmişə
bir əskiklik, qəlbində əbədi bir
qırıqlıq hiss edən bacı-qardaşların
günüdür. Ata kəlməsinə bir ömür qibtə
edəcək övladların günüdür. Sevdiyi
insanı, ailəsini itirərək heç yerə
sığmayan, hətta özünü doğulub
böyüdüyü ata evinə belə aid edə bilməyən
bəxti şəhid qadınların günüdür. Və
bu günü bizlərə bəxş edən qəhrəmanlar
var ki, bu gün ən çox, ən çox onların
haqqıdır. Şəhid, Qazi və Veteran oğullar, bu Vətənin
torpağı, suyu, havası halalınız olsun!
Bu möhtəşəm Zəfəri canı ilə,
qanı ilə yazan, ömür payını gələcək
nəsillərin xoşbəxtliyinə bəxş edən
baş tacımız - ŞƏHİDLƏRİMİZ, bu
gün sizin gününüz deyil, Sizlər bu günün, bu
zəfərin, bu qürurun, bu möhtəşəmliyin
ÖZÜSÜNÜZ! Bu gün sizin ruhunuzdadır!
Və sizlərin sayəsində bu gün bizlərin
günüdür. Sizlərin sayəsində bu bayram
bütün azərbaycanlıların, ürəyi Azərbaycanla
döyünən, Azərbaycanı sevən hər kəsin
günüdür. 8 noyabr Zəfər Günü hər bir Azərbaycan
vətəndaşı üçün, dövlət və cəmiyyət
üçün bayramların ən zirvəsindədir.
İllər, əsrlər keçsə də, qaliblik
ruhu bu xalqın ürəyindən heç vaxt silinməyəcək!
Allah bütün şəhidlərimizə rəhmət
eləsin!
Qarabağ Azərbaycandır!
Xalisə MƏMMƏDOVA
525-ci qəzet .- 2024.- 5 noyabr(№203).-S.15.