Gecikmiş yazı və ya
Sözün nağıl səmimiyyəti
Yazıçı Novruz Nəcəfoğlu
işıq üzü görmüş romanlarından birinə
"Nağıl adam" kimi poetik bir ad verib. Əsəri
oxuyub başa çatandan sonra görürsən ki, ad
düzgün seçilib. Oxucular müəllifin başqa
janrlarda yazıları ilə də tanışdırlar.
Bir-birindən maraqlı povestləri, hekayələri,
publisistik əsərləri həmişə marağa səbəb
olub. Bu tanışlıqdan məmnun qalanların,
yazıçının digər əsərlərini oxumaq istəyənlərin
sayı çoxdur. İlk səbəb, fikrimcə, həmin əsərlərin
mövzusunun real həyatdan götürülməsidir. Amma
bildiyimiz kimi, mövzunun həyat hadisələrindən
götürülməsi hələ işin hamısı demək
deyil. Həmin hadisələr yüksək bədii zövq və
üslub rəngarəngliyi ilə təsvir olunmadan
reallıqdan alınmış hadisələr solub saralır,
oxucunu yorur, cansıxıcı sözlər toplusuna
çevrilir. N.Nəcəfoğlunun əsərlərində
bu xüsusiyyətlər məharətlə nəzərə
alınır. Hadisələr, reallıqlar oxucuya səmimi,
eyni zamanda yüksək bədii məharətlə təqdim
edilir, adamda özünü o hadisələrin içində
olmuş kimi bir assosiasiya yaradır.
İkinci səbəb kimi yazıçının ədəbiyyat
qarşısında qoyulmuş əbədiyaşar bir vəzifəyə
sadiqliyi, əsər üzərində işləyərkən
bunu unutmamasıdır: N.Nəcəfoğlu əsərin bədii
təsvir üslubunu, gözəlliyini mənəvi dəyərlərlə,
xalqın min illər ərzində formalaşdırıb bizə
çatdırdığı keyfiyyətlərlə vəhdətdə
verir, bədii- estetik təsirin mükəmməl bir nümunəsini
yaradır. Adı çəkilən romanda - "Nağıl
adam"da da yazıçı bu ənənəni bir qədər
fərqli, amma maraqlı formada davam etdirir.
Bəlkə elə göstərilən səbəblərdəndir
ki, müəllifin qələm məhsulları oxucu
qıtlığı çəkmir, əsərinin qəhrəmanları
tezliklə kitabsevərlərin qəlbinə yol tapır.
"Nağıl adam"ın (Bakı, 2016.
"ATV". 192 səh.) qəhrəmanı bizimlə bir
zamanda yaşayan, gözəlliklərdən zövq alan,
çirkinliklərin yanından biganə keçə bilməyən
bir insandır. Əslində onu - Aydın Tağıyevi bədii
ədəbiyyata könül vermiş oxucularımız
yaxşı tanıyırlar. Yazıçıdır,
doğma Azərbaycanımızın gözəl bir guşəsində
- Şabranda yaşayıb-yaradır. Əsərləri həm
kitab şəklində, həm də dövrü mətbuatda
müntəzəm olaraq çap olunur. Geniş oxucu
auditoriyası var, sevilir. Belə bir adam haqqında yazı,
özü də roman yazmaq fikrinə düşmək, onu
oxuculara təqdim etmək, əlbəttə, ikiqat məsuliyyətdir.
"Nağıl adam"ın məhz tanınmış
yazıçıdan, hekayə ustadı Aydından bəhs
etdiyini biləndə, ədəbi mühitdə yaxşı
tanınan adamdan roman janrında əsər yazmaq bir qədər
qəribə, inanılmaz kimi gəldi mənə. Əsəri
oxumağa başladım. Bir də (indi haqq dünyasında
olan!) həyat yoldaşımın: - Yeməyinin vaxtı
keçir, dur şam elə, sonra davam edərsən, - sözlərini
eşidəndə, birnəfəsə oxuduğum mütaliəni
saxladım. Saata baxdım. Az qala 3 saata yaxındı ki,
oxuyurdum. Kitab həm adına, həm qəhrəmanına, həm
də öz müəllifinin
yaradıcılığının layiqli bir nümunəsi idi.
Cəlbedici üslubda yazılan, maraqlı bədii priyomlardan
məharətlə istifadə edilmiş romanda çoxdan
tanıdığım Aydının, əsərin
obrazının hələ nə qədər maraqlı sirləri
gizlənirmiş... Bu sirləri yazıçı N.Nəcəfoğlu
şirin bir dildə, real həyat hadisələrini qeyri-adiliyə
çevirərək oxuyucuya nəql edir.
Bədii ədəbiyyat ayrı-ayrı fərdlərin
insan kimi formalaşmasına kömək edən ən təsirli
vasitələrdəndir. Yazıçı Novruz Nəcəfoğlu
da "Nağıl adam"ı ərsəyə gətirməklə
qarşısına mənəvi baxımdan olduqca vacib bir məqsəd
qoyduğunu etiraf edir, (Ümumiyyətlə, N.Nəcəfoğlunun,
yuxarıda yazdığım kimi, əsərlərində mənəviyyat
məsələləri, insan əxlaqı ilə bağlı
problemlər həmişə qabarıq verilir) insan
üçün ən vacib keyfiyyətlərdən biri -
dostluq geniş təsvir olunur. Dostlarının ümidlərini
nə dərəcədə doğrulda bilib-bilməməsinin
onu narahat etdiyi aydın görünür. Haqqında
danışılan kitabda özünün yazdığı
kimi, "Müdriklərin tövsiyəsidir:
"Dostlarının olması üçün gərək
özün dost olmağı bacarasan". Mən bunu
bacardımmı?! Sevdiyim insanlara - dost bildiklərimə və
məni özünə dost bilənlərə ithaf etdiyim bu
romanla həmin suala cavab tapmağa
çalışmışam".
Yazıçının dostlarından birinə həsr
etdiyi romanı elə insanlıq qarşısında hesabat
kimi də qəbul etmək olar. Yazıçı qəhrəmanını
təqdim etmək üçün maraqlı bir yol seçib,
bu yola "kəsə yol" və ya "birbaşa
"tanıtım" da demək olar: "Dostum Aydın
Tağıyev bir ara hər görüşümüzdə həsbi-haldan
sonra, şəhərin Əmirxanlı məhəlləsindəki
bəlkə də Şabranın özü qədər qədim
qəbiristanlığının köhnə hasarından
söz salır, uçulan o çəpərə əl gəzdirməyin
vacibliyini özünəməxsus yumşaq tərzdə, bəzən
birbaşa, bəzən də dolayısı ilə mənə
xatırladırdı". Bəli, qəhrəmanın ilkin,
lakin xarakterik xüsusiyyəti bu kiçik parçada
ustalıqla ifadə olunur. Yüzillərlə
babalarımızın, ulularımızın dəyər
verdiyi keyfiyyətlərdən biri olub dostluq. Bu keyfiyyətlə
bağlı müdrik ifadələr, atalar sözləri,
şeirlər yaranıb. Hər şey deyilibmi? Yəqin ki,
yox. Xüsusilə indi, mənəvi keyfiyyətlərə, o
cümlədən dostluğa münasibətin arzuolunmaz dərəcədə
dəyişməsinin göründüyü vaxtda bu barədə
söz deməyə ehtiyac daha da artıb.
Hələ ki fikrin, sözün alt qatındakı mənanı
axtarmağa ehtiyac yoxdur. Aydını tanıyanlar
tanıyır. Amma tanımayanlar bu kitabı mütaliə edəndə
Aydının başqalarının qayğılarını
özününkü bilməsinin, imkanı sərhədlərində
onların köməyinə gəlməyə can
atmasının onun başlıca xüsusiyyətlərindən
biri olduğunu yəqin edəcəklər. O,
gözünün qarşısında mövcud olan problemləri
çoxları kimi görməzliyə vurmur. Əksinə,
imkan düşən kimi bu problemi aradan qaldırmağa
gücü çatan, ixtiyarı olan adamın (adamların)
diqqətinə çatdırır. Görünür,
"şikayəti dinləyən" də ayıq
adamdır, dünyanın gəliş-gedişini biləndir.
Dostu olsa da, bir daha "sınağa" çəkir onu.
Yoxlayır, görsün, onun müraciəti təsadüfi
hisslərlə bağlıdır, yoxsa daxili bir
narahatlıqdan artıq, tarixi status almağa layiq "köhnə
qəbiristanlığın" taleyini düşünür.
Əslində sualın bir qədər çətin sezilsə
də, cavabı var. Yazıçı qeyd edir ki, "bir ara hər
görüşümüzdə" Aydın bu məsələyə
qayıdırdı.
Artıq yazıçı istəyinə nail olub.
Oxucuda "Nağıl adam"la bağlı, elmi əsərlərdə
deyildiyi kimi, "motivasiya" yarada bilib.
Yazım ki, oxucuda maraq oyatmaq üçün
seçilmiş bu üslub yerinə düşüb. Adətən,
ümumiləşdirmələr əsərin sonunda
aparılır. Amma yazıçı başqa yol seçib.
Özü də seçdiyi yolun doğruluğuna dərin bir
inamla buna gedib. Nə üçün bu qənaətdəyəm?
Ona görə ki özüm də Aydını yaxşı
tanıyıram. Bilirəm, tərəddüd etmədən
şəxsi probleminin həlli üçün deyil, adətən,
başqalarının ehtiyacları üçün
ağız açır kiməsə. Ümumiyyətlə,
Aydın ağız açmağı, nəsə istəməyi
dilinə çətinliklə gətirən adamlardandır.
Görünür, utanır. Əxlaqı buna yol vermir.
Əxlaq dedim, tanınmış ədəbi tənqidçi,
azərbaycanşünas alim, Dövlət Mükafatı
laureatı professor Nizaməddin Şəmsizadənin dediyi bir
fikir yadıma düşdü: Əxlaqlı olmaq insanlıq
üçün qorxuya çevrilməkdədir.
Təhlükəli həqiqətdir bu. Amma reallıq
olduğu açıq-aydın görünür. Belə bir
zamanda Aydın kimi insanların olması (yaxşı ki, onlar
tək deyil) adamda nikbinlik, inam yaradır. Fikirləşirsən
ki, hələ hər şey itirilməyib. Bir yaxşıya
görə bəzən Allah neçə günahkarı
bağışlayır. Üstəgəl, var-dövlət
qazanmaq, şöhrətin daha yüksək pilləsinə
ucalmağa imkanı ola-ola bunu etməyib, Aydın kimi sadə,
"başını aşağı salıb öz işini
görən" adamdakı yaxşı cəhətləri
görməyi bacaran, bu keyfiyyətləri roman səviyyəsində
ümumiləşdirən N.Nəcəfoğlu kimi
yazıçıların mövcudluğu da insana gözəl
anlar, xoş məqamlar yaşadır.
Yeri gəlmişkən, yazının
başlığında istifadə etdiyim "gecikmiş
yazı" ifadəsindəki məqam da belə bir dəyərlə
bağlıdır. "Nağıl adam" romanının nəşr
olunmasından xeyli vaxt keçir və bu əsərlə mən
nəşrindən az keçmiş tanış olmuşam.
Ürəyimdə roman haqqında düşüncələrimi
qələmə almaq fikri də yaranmışdı. Lakin həmin
dövrdə N.Nəcəfoğlunun mənim doğulduğum
rayonda məsul bir vəzifədə çalışması
tərəddüdümə səbəb olub.
Düşünmüşəm, ətrafdakılar
düzgün qəbul etməzlər.
Bədii söz vasitəsi ilə ifadə olunmuş
fikir digər fikirlərdən daha çox yaşayır. Mətbuatda
Aydın haqqında tənqidi-publisistik yazılar çap
olunub. Belə yazıların Aydının tanınmasında,
elə bədii fikrin, ədəbi tənqidin
formalaşmasında da müəyyən rolu var. Belə məqalələrdən
birini də bir vaxt mən yazmışdım. Amma ürəklə
demək olar ki, "Nağıl adam"dakı səmimiyyət,
bədii cəhətdən məharətlə ümumiləşdirilmiş
təsvirlər daha zəngindir.
Bəlkə də, oxucuya qəribə gələr. Qələm
sahibi yazıçı olmazdan əvvəl insan olur. Əgər
o insanlığını həyat yolundakı müxtəlif
ziddiyyətli situasiyalarda qoruyub saxlaya bilirsə,
yazılarının, qələmindən çıxan əsərlərin
seviləcəyi şübhəsizdir. Sayılıb-seçilən
bir vəzifə sahibi olan N.Nəcəfoğlu
"Nağıl adam"ı qələmə alanda,
romanın qəhrəmanı həmin dövrlərdə adi
bir işdə çalışırdı, məktəb
psixoloqu idi. Amma bu amil yazıçıya gənclik illərindən
üzü bəri dostluq etdiyi Aydına münasibətinə
nəinki mane olub, əksinə, bu dostluğu daha da möhkəmləndirib,
biraz da yaxşı tanımağa və deməli, onun
haqqında daha mükəmməl bir bədii əsər
yaratmağa imkan verdi.
Aydın özü danışır: "Xeyli
müddətdi, görüşmürdük. Vəzifələrdə
çalışdığından görüşməyə
tərəddüd edirdim. Yaşadığım rayona icra
başçısı gələndə çox adam dedi ki,
get yanına, heç olmasa təbrik et. Getmədim. Onun
yanına getməyimi adamların yaxşı qiymətləndirməyəcəklərindən,
"vəzifəsinə görə getdi" düşünəcəklərindən
çəkinirdim".
Aydının söhbətlərində eşitdiyim bu
sözlər N.Nəcəfoğlunun "Nağıl
adam"ında elə nağıl dilində, bir qədər
yüyürək, bir qədər kövrək şəkildə
təsvir edilir. Yəqin edirsən ki, hər iki dost
ayrı-ayrılıqda görüşlərinin "baş
tutmamasının" səbəbini yaxşı bilir. Biri
"getsəm, "vəzifə sahibidir" deyib məni
qınayarlar", düşünür, o biri isə fikirləşir
ki, dostluğun vəzifəyə nə dəxli var, axı biz
vəzifədən qabaq dost olmuşuq...
Yazıçı məharətlə insanlararası
dostluq, onun davamlığı, adamı daxilən
saflaşdırması, başlıcası isə,
başqalarına nümunə olması kimi bəşəri
bir missiya daşıdığı barədə təsəvvür
formalaşdırır, İstər-istəməz belə bir
suala cavab axtarırsan: Görəsən, mən dostlarıma
layiq ola bilmişəmmi?
Yazıçı Novruz Nəcəfoğlu bəzən
fikrini daha qabarıq çatdırmaq üçün bədii
əsərlərdə az istifadə olunan elmi yanaşmalardan,
müqayisələrdən, tutuşdurmalardan, təhlillərdən,
hətta sitatlardan istifadə edir. Belə yanaşmalar da əsərin
bədii dəyərini daha da artırır, oxucunu xəyalən
müəllifin yaşadığı hisslərə
yaxınlaşdırır. Budur, oxuyuruq: "Görkəmli
yazıçımız Seyran Səxavətin sözləridir:
"Bütün qələm əhli bir-biri ilə
qohumdur". Sonra öz flkrini çatdırır:
"Düşündürücü olduğu qədər də
real, həqiqətə uyğun yanaşmadır, öz
anlamında qəbul ediləsi aforizmdir".
Romanın tam mətnindən N.Nəcəfzadənin bu
yanaşmasının məqamını duymaq olur.
Yazıçı sanki çatdırmaq istəyir: Aydınla
dostluğunun bu dərəcədə möhkəmlənməsinin,
ömürlük olmasının səbəbi təkcə
"xasiyyətlərinin tutması" ilə bağlı
deyil, hərçənd bu da az rol oynamır, amma daha çox
hər ikisinin yaradıcı adam olmasında, insanlıq
üçün müqəddəs olan sözə
könül vermələrindədir: "Şəxsi
münasibətdə, elə qiyabi zəmində də
Aydın üçün yazıçı ünvanı
müqəddəs bir anlam daşıyır. Aydın
bütün yaxşı yazıçıları sevir, öz
həmyerlilərini də elə onlar qədər. O əczaçı,
farmasept Aydın Tağıyevin şeirləri bir vaxtlar Lerikdə
çıxan "Bolluq uğrunda" qəzetindən
uzağa getməsə də, yaşadığı eldə-obada
tanıyanların, dostlarının arasında həmişə
sevilə-sevilə oxunub, müəllifini şair kimi də
tanıdıb. Elə indi də Aydın Cehi oğlu daha
çox şair kimi yadda qalıb, beləcə
xatırlanır". Romandan gətirilən bu nümunə
N.Nəcəfoğlunun bir yazıçı kimi əsərinə
daxil etdiyi süjetləri məharətlə əlaqələndirməsindən,
romanın süjet xətti ilə incəliklə
uzlaşdırması bacarığından soraq verir:
"Nağıl adam"ın qəhrəmanın adı
Aydın, soyadı Tağıyevdir. Tələbəliyini
başa vurub artıq ədəbi aləmdə tanınan bu gənc
yazıçı, müəllim kimi təyinatla Lerikə
işləməyə gəlir. Bir gün burada aptekdən dərman
almağa girəndə sonradan aralarında dostluq münasibətləri
yaranan "farmasept"lə tanış olur. Onun da
adının Aydın, soyadının Tağıyev olması
dostluq münasibətlərində heç bir rol oynamayıb,
demək olmaz. Amma əsl səbəbi yazıçı N.Nəcəfoğlu
bir qədər fərqli təqdim edir. Göstərir ki,
adaşının şair olması, şeirlər yazması,
hətta mətbuatda çap edilməsi Aydınları
yaxınlaşdıran, ömürlük dosta çevirən
amildir. Doğrudur, "ağ su"ya "qayğılı
münasibətə" də müəyyən yer
ayrılır. Amma bu epizod iki yaradıcı adamın əsas
xüsusiyyəti kimi yox, onların
yazıçılıqlarını nümayiş etdirmələrinə
bir motivasiya kimi romana daxil edilir.
Epizod, əslində əsərin ideya dəyərinə
uyğun verilmiş təsvir, oxucuya qəhrəman
Aydının dostluqda, halal çörək kəsdiyi adamla
münasibətdə necə bir sədaqətli insan
olduğunu çatdırır: "Aptekdə
görüş"ün bünövrəsi keçən əsrin
təxminən yetmişinci illərində qoyulub. İndi 21-ci
əsrdir, il də 2024. Aradan uzun illər keçib. Amma
Aydın xasiyyətinə uyğun olaraq dostluqda sədaqətini
nümayiş etdirməkdədir. Diqqət çəkən
isə belə incə, bir qədər də emosional deyilsə,
həssas münasibətlərin romanın müəllifi tərəfindən
bədii zövqlə, estetik-mənəvi təsiri nəzərə
alınaraq verilməsindədir.
Janrından asılı olmayaraq bədii əsərdə
zaman və məkan məfhumlarının sadə şəkildə,
başadüşülən formada ifadə olunması həm
zəruri, həm çətin vəzifələrdəndir. Nəticənin,
xalq üçün müqəddəsləşmiş dəyərlərin
mahiyyətinin bunların qovuşuğunda, vəhdətində
mövcud olması bədii sözün təsirini
artırır, oxucuya yazıçı ideyalarının
sonsuz qatlarından daha yaxşı xəbərdar olmağa
imkan açır. Hesab edirik ki, yazıçı
"Nağıl adam" adlı bu romanında bu məqsədə
məharətlə çatıb.
Roman kövrək olduğu qədər də
maraqlı bir sonluqla tamamlanır. Müəllif yenə
Aydının təşəbbüsü ilə baş
tutmuş tədbirdən söz açır, öz qəhrəmanına
müraciət edərək yazır: "Əzizim Aydın,
yetər bu təvazökarlıq, razı ol, həm də
özün işə qarış, qoy
yaradıcılığının əsas nümunələri
seçilib külliyyat şəklində çap olunsun.
"Kiril"də qalan yazıların da o keçmiş
donundan çıxıb bugünün oxucusuna çatsın,
rahat-rahat oxunsun. Qoy yeni nəsillər də sənin bal dadan o
bədii dilinin tamını doya-doya alsınlar".
Hörmətli Novruz Nəcəfoğlu! Mən də
Sizə özünüzün üslubunuzla müraciət edirəm:
Aydın Tağıyev mənim də dostumdur, həm də əsərlərini
"isti-isti" oxuduğum dostum! Bütövlükdə ədəbiyyat
tarixində qalacaq yazıçıdır. Onun haqqında həqiqətən
nağıl qədər şirin, ibrət götürüləsi
hadisələrlə zəngin bir əsər ortaya qoymusunuz.
Belə əsərlərə indi insanların çox
ehtiyacı var. Ona görə də Sizə
yaradıcılığınızda yeni-yeni uğurlar arzu
edirəm. İnanıram ki, başqa Aydınsevərlər də
mənə qoşularlar.
Şabran, Çaraq. Avqust 2024
Oqtay ABBAS,
ADU-nun dosenti
525-ci qəzet .- 2024.- 5 noyabr(№203).-S.14.