COP29 zamanı kiber
hücumlar arta bilərmi?
Aydın Quliyev, jurnalist:
- Yerevandakı Fransa səfiri COP29-a qarşı
ölkəsinin apardığı "qara işi" bu
cür ifşa elədi...
Fransanın Ermənistandakı səfiri O.Dekotine
"X" sosial şəbəkəsində Biomüxtəliflik
üzrə beynəlxalq COP17 konfransına Ermənistanın
2026-cı ildə ev sahibliyi edəcəyilə bağlı status yazıb.
Səfir Ermənistanı təbrik edib.
"Bu beynəlxalq tədbir Yerevanın diplomatik mərkəz
statusunu daha da gücləndirəcək". Səfirin
sözləridir.
Erməni səfirin bu statusu üzərində niyə
xüsusi dayanıram? Səbəblər:
1. Noyabrda Bakıda keçiriləcək COP29-la
müqayisədə həm miqyasına, həm də məzmununa
görə çox kiçik olan COP17-yə Fransanın və
Ermənistanın belə böyük önəm verməsi
bir daha onu ifadə edir ki, Bakının ev sahibliyi edəcəyi
COP29 və Bakının diplomatik mərkəz statusu qat-qat
artıq möhtəşəmdir.
2. Fransanın Ermənistanın və
dostlarının COP29 əleyhinə aylardan bəri
apardığı iş Azərbaycanın dünyadakı
mövqeyinin daha da güclənə biləcəyindən
doğan narahatlıqla bağlıdır.
Fərid Pərdəşünas, texnobloger:
- Bu səhifələrin Xankəndi Universitetində
olan tələbələrin əyləncəsini
paylaşıb, söydürmək istəyi nədir belə?
İnsanlar da utanmadan övladları yaşında olan
uşaqları təhqir edirlər ki, "niyə
oynayırlar?", "niyə kabab yedilər?", "niyə
bu musiqiyə qulaq asdılar?"
Xankəndi Universitetində tələbə oxuyacaq da,
oynayacaq da, əylənəcək də, nə bilim iki tələbə
gizli bir yerdə qucaqlaşacaq da, bir neçə tələbə
yığışıb qəlyana gedəcək,
"Playstation" oynayacaq, nə bilim dərsindən
qaçanı, kəsiləni, bir sözlə, tələbənin
başına gələcək hər şeyi yaşayacaq. Bura
universitetdir və onlar da tələbə.
Bakıda, regionlarda nə baş verirsə,
işğaldan azad olunan yerlərdə də onlar baş verəcək.
Bu nə eqoist davranışdır ki, kiməsə nəyisə
qadağan etməyə çalışırsınız?
1-ci kursda guya siz Bethovenə qulaq asmısınız?
Ya nüvə araşdırmalarından kurs işi
yazmısınız? Nədir bu başqalarının
üstünə gözlənti yıxmaq fetişi? Elə bil
uşaqların yerinə bunlar bal yığıb, ora girib.
Uşaqların ola bilər zövqü yoxdur, hələ
dünya görüşləri tam formalaşmayıb. Amma bu
bizim müzakirə edəcəyimiz məsələ deyil də.
Hamı elə başlayır. Universitet və sosiallaşma rəndələyib,
düzəldir.
Adil Vəliyev, karyera üzrə mütəxəssis:
- Qarabağ Universitetində tələbələr
kabab çəkib rəqs etdikləri video
paylaşılmışdı və tənqid edənlər də
az deyildi. Bir şeyi başa düşmürəm ki, bu
universitetdə təhsil alan 1-ci kurslardan camaat nə gözləyir?
Bu universitetin Bakıdakı universitetlərdən fərqi,
mənəvi tərəfinin və coğrafi mövqeyinin fərqli
olmasıdır.
İllərdir bu uşaqlar tələbə
adını qazanmaq üçün gecə-gündüz
çalışıblar. İcazə verin gəncliklərini
yaşasınlar da.
Bu arada, mən Qarabağ Universitetinin əməkdaşı
olsaydım, qoşulardım o gənclərə...
Elxan Şahinoğlu, politoloq:
- Avropa İttifaqı Yaponiyanı qoruya biləcəkmi?
Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik
sahəsində əməkdaşlıq paktının
imzalanması köhnə qitənin maraqlarının sərhədləri
aşdığını göstərir. Bu pakt gələn
ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda
təhlükəsizlik paktını imzalayan Avropa
İttifaqının Xarici İşlər və Təhlükəsizlik
Siyasəti üzrə nümayəndəsi Josep Borrell
Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında
iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri
Takeşi İvaya ilə görüşdə Avropa
İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik
əməkdaşlığının dərinləşdirilməsi
məsələlərini müzakirə edib. Avropa
İttifaqının rəsmisi Yaponiyanın müdafiə
naziri Gen Nakatani ilə görüşdə dəniz və
kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində
əməkdaşlığı müzakirə edib. Borrel
müzakirələrdən sonra şəxsi səhifəsində
təhlükəsizlik paktını əhəmiyyətini belə
izah edib: "Avropa İttifaqı ilə Yaponiya arasında
münasibətlərin dərinləşməsi hər iki tərəfin
əhalisini daha təhlükəsiz gələcəyə
doğru aparacaq".
Yaponiyanın təhlükəsizliyi ilə
bağlı artan narahatlığı bir neçə amillə
əlaqəlidir. Çin bölgədə hərbi
gücünü artıb, dəniz qüvvələrini
gücləndirib, yeni sualtı gəmilər istehsal edib,
Çin Rusiya ilə birgə dənizlərdə birgə hərbi
təlimlərin sayını artırıb, Şimali
Koreyanın raket sınaqları narahatlıq doğuran digər
amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və
bu dövlətlə müxtəlif regional birliklərdə
iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik
təminatlarına ehtiyac duyur. Rusiyanın Ukrayna ilə
apardığı müharibə fonunda Çinlə hərbi
ittifaqı gücləndirməsi Tokionu ciddi narahat edir. Məsələ
burasındadır ki, Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə
münasibətlərini xeyli dərəcədə gərginləşdirib.
Rusiyanın Çinlə birgə Yaponiya sahillərində hərbi
təlimlərin miqyası genişlənib. Kremli Çinin
Tayvan adasını nəzarətə götürmək siyasətinə
dəstəyini artırıb.
Avropa İttifaqı hərbi təşkilat deyil,
silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa
İttifaqının Yaponiyanı necə qoruyacağı sual
altındadır. Yaponiyanın birgə hərbi təlimlərə,
hərbi əməkdaşlığı dərinləşdirməyə
ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir.
Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ
prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın
müdafiəsinə marağı azala bilər. Buna görə
Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq
Avropa İttifaqı hərbi blok deyil və bölgədə
vəziyyətin gərginləşəcəyi halında
Yaponiyanı qoruyacaq alətlərə malik deyil.
Səadət Məmmədova, jurnalist:
- Bu gündən Azərbaycanda yeni telekanal fəaliyyətə
başlayır - ANEWZ.
ANEWZ beynəlxalq kanaldır və yayım ingilis dilindədir,
burada qlobal xəbər və analitika sahəsində alternativ
baxış təqdim ediləcək. Həftənin 7
günü, 24 saatlıq efir yayımında - Qafqaz, Mərkəzi
Asiya və Yaxın Şərq regionunun xəbərləri yer
alacaq.
12-dən çox ölkədə təmsilçisi
ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal,
sosial media kanalları vasitəsi ilə izlənilə bilər.
Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda
ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir.
Kanala rəhbərlik edən Rüfət Həmzəyev
olmaqla burada çalışan bütün həmkarlara
uğurlar və ən qısa zamanda hədəflərinə
çatmağı arzu edirəm. Xeyirli, uğurlu olsun!
Osman Gündüz, Azərbaycan İnternet Forumunun
prezidenti:
- COP29-un texniki-texnoloji təminatı necə olacaq,
konfrans zamanı İT infrastruktura və dövlət
resurslarına kiber hücumlar artacaqmı?
Xatırlayıram ki, bir neçə ay öncədən
BMT-nin xüsusi qurumları COP29-un texnoloji təminatını
və kiber təhlükəsizlik məsələlərini
araşdırırdılar. Hansı risklərin ola biləcəyi
öncədən öyrənilirdi.
COP29 çərçivəsində qurulan
infrastrukturun, şəbəkə və xidmətlərin təhlükəsizliyi
müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan
keçirilib, simulyasiya sınaqları aparılıb, texnoloji
hazırlıqlar dəyərləndirilib.
Simulyasiya və sınaqlar 15 gün çəkib.
Prosesin uğurla başa çatdığı bildirilib.
Ötən günlər COP29 tədbirlərinə
hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında COP29-un informasiya
təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinə
cavabdeh qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin rəhbəri, general İlqar Musayev
bu istiqamətdə hazırlıq işlərinin başa
çatdığını bildirb.
Xatırladıram ki, COP29-la bağlı İnformasiya təhlükəsizliyi
üzrə Koordinasiya Komissiyasının nəzdində
işçi qrup yaradılıb.
COP29-un əsas və ehtiyat data mərkəzləri
XRİTDX-nin Məlumat Mərkəzində yerləşdirilib.
Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində
olan internet təminatı da XRİTDX-nin nəzarətində
olan "AzStateNet" dövlət
provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə
reallaşacaq.
Avadanlıqların və xidmətlərin
kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər
görülüb.
COP29-un əsas informasiya resursu - COP29.az saytı və
elektron poçt servisi xüsusi olaraq dövlət hostinq və
mail sisteminə miqrasiya edilib və daimi nəzarətdədir.
Qurum eyni zamanda monitorinqlər aparır, COP29 tədbiri
ilə bağlı müxtəlif hədəfli saxta
resursların aşkara şıxarılması və
bloklanması üçün zəruri tədbirlər
görür.
COP29-un kibertəhlükəsizliyinin daha peşəkar
təminatı məqsədilə
XRİTDX-nin əməkdaşları Almaniyada bir həftəlik
xüsusi təlim və təcrübə mübadiləsinə
cəlb edilib.
COP29 Konfransının İT infrastrukturunun qurulması
və kibertəhlükəsizlik tədbirlərinin icrası "Cyberpoint"
şirkətinə həvalə olunub. Şirkət Azərbaycanın
kibertəhlükəsizlik sektorunda ən öndə gedənlərdən
hesab olunur.
Tədbirlər keçirilən ərazidə
telekommunikasiya infrastrukturunun və server infrastrukturunun təminatı,
avadanlıqların qurulması və
məlumat mübadiləsi təşkilini, kibertəhlükəsizlik
təminatını bu şirkət reallaşdıracaq.
Bildiyim qədər daha çox "Cisco"
avadanlıqlarına üstünlük verilib.
COP29-a hazırlıq çərçivəsində
Olimpiya Stadionu ətrafında "Azercell", "Bakcell"
və "Nar" mobil operatorlarının, eyni zamanda ölkəyə
internet gətirən
üç magistral provayderin, "Delta Telecom",
"AzerTelecom" və "Aztelecom"un
dayanıqlığının gücləndirilməsi
üçün də əlavə tədbirlərin
görüldüyü bildirilib.
COP29 zamanı kiber hücumlar artacaqmı?
Əvvəlki COP tədbirlərinin təcrübəsi
göstərir ki, müxtəlif qruplar beynəlxalq ictimaiyyətin
diqqətini cəlb etmək üçün COP tərbirləri
zamanı müxtəlif tədbirlər
reallaşdırmağa çalışırlar,
Düşünmək olar ki, həm ənənəvi
qlobal ekoloji problemlərlə bağlı və həm də
bu tədbirin Azərbaycanda təşkilindən
qıcıqlanan tərəflərin olduğunu nəzərə
alsaq COP29 ərəfəsində və tədbirlər
keçirilən zaman kiberhücumların da xeyli
artacağını gözləmək olar.
Eyni zamanda düşünürəm ki, bu arada
dövlət qurumlarının informasiya resurslarına da,
müxtəlif kommunikasyia şəbəkələrinə də
kiber təhdidlərin artacağını
proqnozlaşdırmaq olar.
Beləliklə, müşahidələr onu deməyə
əsas verir ki, COP29-un texniki-texnoloji təminatı və
kibertəhlükəsizlik təminatı ilə bağlı
peşəkar komanda tərəfindən xeyli işlər
görülüb. Dayanıqlığın yoxlanılması
üçün testlər, simulyasiyalar və auditlər
aparılıb.
Bütün bunlar isə düşünmək
üçün əsas veri ki, COP29 zamanı texniki-texnoloji təminatda
və kibertəhlükəsizlik məsələlərində
ciddi problemlər olmayacaq, COP29 İT komandası qarşıya
qoyulan vəzifəni uğurla yerinə yetirə biləcək.
525-ci qəzet .- 2024.- 5 noyabr(№203).-S.8.