COP29 ərəfəsində - Azərbaycanın ev sahibliyi ən yüksək səviyyədə olacaq

 

 

Azərbaycan mühüm bir beynəlxalq tədbir ərəfəsindədir. Gələn həftə paytaxt Bakı dünyada ən mötəbər və vacib tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına - COP29-a ev sahibliyi edəcək. Bu tədbirdə iştirak etmək üçün çox sayda dünya liderləri, digər rəsmilər, diplomatlar, tanınmış ekspertlər, media nümayəndələri ölkəmizə gələcəklər. COP29-da təxminən 70-80 min nəfərin iştirakı gözlənilir. Azərbaycan bu tədbirə ən yüksək səviyyədə hazırlaşıb. Konfrans günlərində həm gələn qonaqların, həm də insanlarımızın rahatlığı üçün tədbirlər görülür.

Nəzərə alsaq ki, Azərbaycanın beynəlxalq tədbirlərin yüksək səviyyədə, təhlükəsizlik şəraitində təşkilində təcrübəsi var, o zaman bu konfrans da COP29-un tarixində ən yaddaqalan olacaq. 2024-cü il 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək konfrans Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbir olacaq və regionda ilk dəfə ölkəmizdə baş tutacaq. Burda əlbəttə ki, təkcə təşkilatçılıq deyil, həm də nəticənin olması Bakı üçün əsas prioritetlərdən biridir.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti 12-13 noyabr tarixlərində təşkil olunacaq. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin vurğuladığı kimi, COP29 sülh prosesinin nəticəsidir və bu xüsusda, ölkəmizin COP29 Sədrliyinin təşəbbüslərindən biri "COP atəşkəsi" olacaq.

Qeyd edək ki, iqlim dəyişikliyi hazırda bütün dünya üçün aktuallıq kəsb edir. Bu dəyişikliklərlə mübarizə, gətirdiyi fəsadları azaltmaq üçün müxtəlif təşəbbüslər irəli sürülür, addımlar atılır. Azərbaycan isə COP29 ilə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir rol oynayacaq. Bu konfrans, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının bir hissəsi olaraq, atmosferə buraxılan zərərli tullantıların azaldılması və iqlim dəyişikliyinə daha həssas ölkələrə maliyyə dəstəyi təmin edilməsi kimi vacib məsələlərə yönəlib. Bu baxımdan təbii ki, qarşıdakı 10 gün ərzində bütün dünyanın diqqəti Bakıda olacaq. Hazırda müşahidə olunan iqlim dəyişikliyi təbiətə və infrastruktura deyil, bəşəriyyətə daha çox ziyan vurur. İqlim dəyişikliyini bütün ölkələr hiss edir. Qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,5 dərəcə selsi artıb. Təbii ki, təhlükəli hidrometeoroloji hadisələr - güclü küləklər və davamlı yağışlar da iqlim dəyişikliyinin nəticəsidir. Bu, bütün bəşəriyyət üçün çoxsayda mənfi nəticə yaradır, ərzaq təhlükəsizliyini, planetdə bütün insanların həyatını, sağlamlığını və rifahını təhdid edir. Bu, ilk növbədə, bəşəriyyətin problemidir.

Rusiyalı ekspert Anna Romanovskaya hesab edir ki, iqlim dəyişikliyinə atmosferə atılan istixana qazları daha çox təsir edir. O, planeti ən çox çirkləndirən əsas dövlətlərin ABŞ, Hindistan və Aİ ölkələri olduğunu deyib: "Azərbaycan da, Rusiya da neft ölkəsidir. Lakin dünya mədən yanacaqları ilə deyil, onların emissiyaları ilə mübarizə aparır. COP29 ən çətin konfranslardan biri olacaq. Çünki 197 ölkənin hamısı bu tədbirə öz maraqları ilə gələcək və konfransın uğurlu keçməsi üçün ev sahibi ölkə - Azərbaycan diplomatiya möcüzələri nümayiş etdirməlidir ki, bütün tərəflər konsensusa gələ bilsin. Bu işdə təşkilatçılara uğurlar arzulayıram".

Təəssüf ki, COP29 kimi mötəbər tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrin qarayaxma kampaniyaları da davam edir, məqsəd aydındır, amma Azərbaycan bu hücumlar qarşısında təbii ki, geri çəkilməyəcək, öz hədəflərinə doğru inamla irəli gedəcək.

Onu da vurğulayaq ki, COP29 Sədrliyi dövründə iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərinin problemlərinə də diqqət yetiriləcək, onların səsinin eşidilməsi üçün səylər göstəriləcək və COP29-da iştirak etmələri üçün onlara maliyyə dəstəyi göstəriləcəkdir. Bu mövqe həm Azərbaycan Respublikası Prezidentinin Millətlər Birliyi Təşkilatının (Commonwealth) baş katibi, Tuvalunun general-qubernatoru, Tonqanın Baş naziri və Baham Adalarının xarici işlər naziri ilə görüşləri, həm də Antiqua və Barbudada keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin beynəlxalq konfransına müraciətində bəyan edilib və beynəlxalq ictimaiyyət tərəfindən böyük COP29-un uğurla təşkil edilməsinə dəstək məqsədilə bir sıra nüfuzlu şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsi yaradılıb və Komitənin iclasları keçirilir. Eyni zamanda, iqlim dəyişmələrinin yaratdığı problemlərin həllində elmi əməkdaşlığın təşviq edilməsi məqsədilə dünyanın aparıcı universitet və beyin mərkəzlərindən tanınmış alimləri və ekspertləri bir araya gətirən COP29 Elmi Şurası yaradılıb və Şura tərəfindən müvafiq mövzu üzrə iclaslar təşkil edilir.

COP29-un müəyyən edilmiş prezidentinin heyəti COP29-un uğurlu təşkili və iqlim danışıqlarını irəli aparmaq istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək.

Milli Məclisin deputat Hikmət Babaoğlu mövzu ilə bağlı deyib ki, COP29-un keçirilməsinə sayılı günlər qalıb. Artıq COP29-da iştirak edəcək dövlət və hökumət başçılarının, dövlət rəsmilərinin hər gün bir qədər daha bu tədbirə maraq göstərməsi əvvəlcədən tədbirin böyük uğurla başa çatacağının zəmanətidir: "Artıq COP29-un keçirilməsinə çox az bir müddət qalıb və çoxsaylı dövlət, hökumət başçıları tədbirdə iştirak edəcəkləri ilə bağlı təsdiq məktubları göndəriblər. Bu, bir daha önümüzdəki mötəbər tədbirin necə böyük təntənə ilə keçəcəyinə və öz məqsədlərinə necə müvəffəqiyyətlə nail olacağına bir işarədir. Ona görə də bu, islamofob mərkəzləri, Azərbaycanı sevməyən qüvvələri daha da aqressivləşdirir. Onlar maksimum dərəcədə çalışırlar ki, bu ərəfədə heç olmasa Azərbaycandan müəyyən güzəştlər əldə etsinlər, Azərbaycana qarşı cinayət törətmiş hərbi cinayətkarların azad olunmasına nail olsunlar. COP29-a hazırlıq Azərbaycanda yüksək səviyyədə aparılır. Həm təşkilati baxımdan, həm də kommunikasiya baxımından məsələni qiymətləndirmək lazımdır".

Deputat deyib ki, təşkilati baxımdan Azərbaycanda ilk dəfə bu qədər sayda qonağın iştirak edəcəyi hadisəsi baş tutacağı üçün ilk növbədə protokol xidmətlərinin üzərinə böyük vəzifə düşür. Onların yerləşdirilməsi, vaxtında təyinat nöqtəsinə çatdırılması və əlaqələndirilməsi məsələsi çox aktualdır: "Artıq görürük ki, şəhərimizdə bir neçə gündür, bununla bağlı həm kommunikasiya, həm də protokolun təşkili baxımından simulyasiyalar həyata keçirilir, məşqlər aparılır. Təşkilati işlər təcrübə baxımından qiymətləndirir. Bu, çox mühümdür. İkinci isə, əlbəttə ki, COP-un öz məqsədinə çatması üçün, həm də nümunə təşkil etməsi üçün bir sıra şərtlər var. Bu şərtlər COP tədbirlərinin keçirildiyi bütün şəhərlərə tətbiq olunur. Bunlar kommunikasiyaların, xidmətlərin, avtomobil nəqliyyat xidmətlərinin yaşıl enerji ilə təchiz olunmasıdır ki, biz artıq şəhərimizi buna da hazır vəziyyətdə görürük. Ona görə də, bəri başdan əminliklə demək olar ki, COP29 Azərbaycanın ev sahibliyi etdiyi bütün digər beynəlxalq tədbirlər kimi ən yüksək səviyyədə baş tutacaqdır".

 

Pərvanə

525-ci qəzet .- 2024.- 5 noyabr(№203).-S.5.