Xeyirxah insan, dəyərli vətəndaş
Yaşanılan illərin yaddaşlarda da, tarixdə də
qalan nişanələrinə xatirə deyirik. Qəhərli
xatirələr ürəyə ağır yük olur,
işıqlı xatirələr -
yaşanılmışların səyyarəsi. Və
ömür dediyimiz bu səyyarəni yaşanılmış
aylar-illər gözəlləşdirir. Həm də kövrəkliklə,
kövrəklik qarışıq qürurla, qürura dirsəklənən
sevinclə, sevgiylə. Bu, ayların-illərin ömürləşməsinin
qüdrətidi.
Kim nə deyir desin, ayları il eləmək,
yaşamaq, yaşanılan illəri ömürləşdirmək
fərqli məfhumlardı; şəhidlərin
yaşadığı illər az olur, ömürləri - əbədiyyət.
Vətən üçün, xalq üçün, insanlar
üçün, insanlıq üçün yaşanılan
illər də belədi - o illər də ömürdü.
Belə ömürlər də illərin məhdudiy-yətinə
sığmır, sığmaz...
Uşaqlığımda dolaşdığım
yol-yamacı, çöl-çəməni,
dağı-daşı cavanlıqda zabit kimi, Zəngilanın
müdafiəçisi kimi dolaşardım, hərdən tək,
hərdən əsgərlərlə birlikdə düşmənlə
sərhədlər boyunca dərə keçərdim, yol
aşardım. O aylarda, o illərdə gözəl, əvəzsiz
bir insanla qonşuyduq. 1967-ci ildə həyətyanı
torpağımızda ev tikmişdik. Yeni evin sevincini yeni
qonşularımızın insanlığıyla qoşa
yaşadıq. Evin tikilməsi atamın alın təriydi,
qonşumuzun Şamı dayı (əsl adı Şamil olsa da,
hamı ona Şamı kimi müraciət edirdi) olması -
taleyin qisməti, Tanrının iltiması. Sonralar anam atama
deyirdi ki, həqiqətən Allah dağına baxıb qar
verir, adamlığına baxıb ona yaxşı qonşu
ürcah edir. Bu qonşuluğu biz də, Şamı
dayının ailəsi də müqəddəslik mərtəbəsində
yaşatdıq...
Şamil Kərim oğlu Bağırov 1927-ci il iyunun
16-da Zəngilan rayonunun Pircivan kəndində (indiki Zəngilan
şəhərində) anadan olub. Müharibə başlayanda
təhsili yarımçıq qalıb. 1941-ci ildən
Pirçivan kəndində
M.C.Bağırov adına kolxozda mühasib köməkçisi,
sonra mühasib və baş mühasib işləyib.
1943-cü ilin may ayında Qaryagin (indiki Füzuli) rayonunda 22 nəfər
zəngilanlı ilə birlikdə üç aylıq
mühasibatlıq kursunu bitirib. 1946-cı ildən 1952-ci ilin
oktyabr ayına kimi hərbi xidmətdə starşina rütbəsində
olub. Anasının rəhmətə getməsi ilə əlaqədar
hərbi xidmətdən ehtiyata buraxılıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra
(1953-cü ildən 2011-ci ilə kimi) M.C.Bağırov
adına kolxozda, rayon ipək idarəsində, rayon istehlak cəmiyyətində,
rayon əhaliyə məişət xidməti kombinatında və
rayon baytarlıq idarəsində baş mühasib vəzifələrində
işləyib.
O illər ölkənin hər yerində olduğu
kimi, Zəngilan Rayon Milis şöbəsində Sosialist
Əmlakını Dağıdanlarla Mübarizə xəttinin
əməliyyatçılarının
"qılıncının dalı da kəsirdi,
qabağı da". Şamil Bağırov işlədiyi
müddətdə kimsənin istintaqa cəlb olunmasına imkan
verməyib. İşlədiyi idarələrin əməkdaşlarının
"üstünə nüfuz ətəyi sərib", onun
nüfuzu neçə-neçə şərləmələrin,
neçə-neçə gü-nahların, neçə-neçə
tamahların qarşısını kəsib, tərpənən
xətaları yolundan saxlayıb.
Şamı dayı çoxduyumlu, bir qədər də
kövrək xasiyyətli adam olub. Kimsənin xətrinə dəymədən
yaşayıb illərini.
1956-cı ilin fevral ayında Şamilin toyu ərəfəsində
Yunis adlı qonşuları cavan yaşında vəfat edir.
Üç uşağı atasız qalmışdı
Yunisin. Toy necə olsun? Toy olsunmu, olmasınmı? Olsa, necə
olsun, olmasa, necə olmasın? Bu haqda çox
düşünüb-daşınırlar. Qərar Şamildən
gəlir: Əslən Malatkeşin kəndindən olan
zurnaçı Seyidalı dayıya deyir ki, verdiyim 200 manat
halalınız olsun, yeyin-için, ancaq toy
çalınmayacaq. O yaşında belə
ağsaqqalmış Şamil Kərim oğlu. Sonralar Yunisin
dul qalmış qadınını kolxozda yanında
naryadçı vəzifəsinə işə
götürür.
Təhsilin davam etdirmək istəyirdi Şamil Kərim
oğlu. O illərdə Moskva vardı, Moskva xofu vardı.
Şamilin Moskvaya ciddi müraciətlərindən sonra Pircivan
kənd orta məktəbinin nəzdində axşam növbəli
qiyabi orta məktəb açıldı. Şamil Kərim
oğlu bu məktəbi də bitirdi, Dadaş Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu da qiyabi bitirdi. Sonralar bu qiyabi məktəb onlarla
gəncin təhsil almasında vasitə oldu...
Şamil tədbirli adam olub. Qaryagində (Füzulidə)
mühasibatlıq kursunda oxuyanda pulları qurtarıb. Tələbələrin
hamısı qalıb pulsuz-parasız. Şamilin təklifi
hamısının ağlına batıb: Məsləhətləşiblər
ki, Ayıbasanlı kəndində taxıl biçilir, gedib
oranın biçilmiş əkinlərindən başaq
yığsınlar. Belə də ediblər.
Yığılan başaqları məktəbin həyətində
daşla birtəhər döyüblər. 3 kisə
taxılları olub. Aparıblar dəyirmana. Dəyirmançı
Sevdiyar kişi taxılı üyütməyə
uşaqlardan pul almayıb. Qızlar undan çörək
bişiriblər, unun qalanını satıblar. Hamısı
aclıqdan xilas olub. Şamının məsləhəti tələblərin
hoyuna çatıb...
Ara qapılarımız heç zaman qıfıl
görmədi, onlar da, biz də harasa gedəndə evi
bir-birimizə əmanət bilib gedərdik. Ürəyimiz
(ürəkləri) arxada qalmazdı. Şamı dayını
rayonda hamı ağsaqqal bilirdi, onun sadəliyi,
mehribanlığı, qəlbigenişliyi, səxavətliliyi,
qonaqpərvərliyi,.. hamının könlünə
yatardı. Bu insani keyfiyyətlər ona böyük nüfuz
qazandırmışdı. Şamil Kərim oğlu
yaşıdların Şamı qardaşı, özündən
kiçiklərin Şamı dayısı idi...
Orta məktəbdə oxuyurdum. Pis oxumurdum, təhsilə
böyük həvəsim vardı. Şamı dayı məni
görəndə üzü gülərdi, əlini
çiynimə qoyardı, onda elə bilərdim ki, dünya mənimdi
- el ağsaqqalının ehtiramını qazanmağı
bütün yeniyetmələr kimi mən də
arzulayırdım. Sonra dərslərimlə maraqlanardı,
könlünə düşəndə suallar da verərdi.
Cavablarım xoşuna gələndə gülümsəyərdi,
"Yaxşı oxuyan gözümün
işığıdı, a Bayram", - deyərdi.
"İnanıram ki, həmişə gözümün
işığı olacaqsan..."...
Mən Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutunda (indiki Azərbaycan Dillər Universitetində)
ingilis dili fakültəsinin İngilis-Azərbaycan dilləri
şöbəsinə qəbul olundum. Sevinirdim. Ata-anamı,
müəllimlərimi sevindirmişdim, həm də yenə
Şamı dayının gözünün
işığı olacaqdım. Şamı dayı məni o
qədər səmimiliklə, o qədər könüldən
təbrik etdi ki, duyğulandım, bir az da kövrəldik. O
da, mən də. "Gözümün
işığıydın, indən belə həm də
dilimin sözü olacaqsan, a Bayram!", - Şamı dayı
belə dedi, həm də tay-tuşlarının yanında.
Birinci kursun payızında rayona gəlmişdim. Atam
dedi ki, Şamı dayın səni bəlkə də hər
gün soruşur. Bir az nəfəs dərəndən sonra
gedib onunla görüşməyi qərara almışdım.
Gün günortaya meyllənəndə Şamı
dayının səsi gəldi, məni səsləyirdi.
- A Bayram, niyə belə eləyirsən, arada gəlib
dayınla görüşmürsən?
Xəcalət çəkdim. Görüşdük.
Alnımdan öpdü.
- İndi səni daha çox istəyirəm, tələbə
balam, - dedi. - Axşam sənə görə Şəfiqə
xalan bizə də ləziz yeməklər bişirər.
Axşam bizdəsiniz.
Cavab gözləmədən getdi. İnstitutu bitirənə
kimi hər gəlişimdə məni evinə qonaq
çağırırdı. Həm də ata-anamla düz-əməlli
görüşüb söhbətləşməmiş...
Ermənistan Azərbaycana qarşı elan etmədən
müharibəyə başlamışdı. Hərdən
yolda-izdə rastlaşanda Şamı dayı ilə söhbətləşirdik.
Zəngilandan, Zəngilanın müdafiəsindən
danışırdıq. Hər dəfə də fikrini eyni kəlmələrlə
tamamlayırdı: "Özünü qoru, a Bayram.
Özünü də qoru, döyüsçü-ləri də..."
Hərdən tək, hərdən iki-üç əsgərlə
müdafiə zolağını dolaşırdım. O
vaxtlarda Şamı dayı ilə hərdən tələsik,
hərdən ətraflı söhbətləşərdik.
Şamı kişi el adamı idi, elan edilməyən
bu müharibədə hamıya can yandırardı. "Uzaq
qohumdan yaxın qonşu yaxşıdı" - bu deyimi bir dəfə
atamdan eşitmişdim. Bu gözəl deyim həm
yaddaşıma hopmuşdu, həm də atamın Şamı
dayıya ehtiramını hiss etmişdim.
Şamı Kərim oğlu xeyirxah insan olub. Hamıya
kömək eləməyi özünə borc bilib. Zəngilan
rayon istehlak cəmiyyətində baş mühasib olanda
mağazada satıcı işləyən bir qadının pul
çatışmazlığı olur (buna "rastrata"
deyirdilər). Nə illah edirsə, heç kimi inandıra
bilmir ki, belə iş yoxdu. Axırda Şamı dayıya
müraciət edir. Şamı dayı sənədləri bircə-bircə
yoxlayır. Məlum olur ki, qadın günahsızdı...
Əli Sobulu xatırlayır: 1963-cü ildə
Uşaq aləmi mağazasında göy rəngli kostyum
gördüm. 59 manata. Xeyli baxdım. Ayrılmaq istəmirdim.
Kimsə qolumdan dartışdırdı ki, gedək, çox
ləngidik, ayıbdı. Getdik. Axşam Şamı kirvə
ilə Şəfiqə xala bizə gəldi. Çay süfrəsindən
sonra dünən baxdığım kostyumu
çıxardıb mənə verdi ki, geyin, görək əyninə
olurmu. Geyindim. Elə bil əynimə biçilmişdi. Səhərisi
mağazanın müdiri dedi ki, dünən sən kostyuma
baxanda Şamı kişi görübmüş.
Şamı dayı belə Şamı olub.
Bir dəfə sözarası soruşdu ki, a Bayram,
oxumuş adamsan, sən bilərsən, bu işlərin
axırı necə olacaq? Müharibəni deyirdi. Polkovnik
Firudin Şabanov alaya təzəlikcə komandir təyin
olunmuşdu. Onun komandirliyi altında mövqelərdə,
ümumiyyətlə rayonun müdafiəsində qısa
müddətdə hərbi baxımdan yeniləşmələr
aparıldı. 1993-cü il aprelin 10-da Ermənistanın Qafan
rayonunun ərazisinə hücum etdik, qısa müddətdə
düşmənin 4 kəndini (Sav, Hənd, Kilsə və
Şıxavuz) aldıq... Bu qələbə alayın şəxsi
heyətinin mənəvi-psixoloji hazırlığını
kükrətmişdi. Şamı dayı
soraqlaşa-soraqlaşa məni tapmışdı,
bağrına basmışdı,.. "Elə bilirəm təkcə
səni yox, ordumuzu bağrıma basıram, qardaş oğlu.
Bu işlərin axırı kaş həmişə belə
olaydı!" - demişdi...
Zəngilan mühasirədəydi. Avqust-sentyabr
aylarında vəziyyət son dərəcədə gərginləşmişdi.
Gecəli-gündüzlü Zəngilanın müdafiəçilərinin
yanında olduğumuza görə Şamı dayı ilə
seyrək görüşürdük. Görüşəndə
qəhərlə "Dünyanın arşını niyə
düzəlmədi, qardaş oğlu, niyə əlsizlərə
əl verdi, dilsizlərə dil, yolsuzlara yol verdi bu dünya..:
- deyərdi. Çiyinlərimi çəkərdim,
Şamı dayı çarəsizliklə evinə, mən qərargaha
gedərdim...
Oktyabrın 23-də mühasirəyə düşəndə
yerli radio ilə doğma Zəngilanı müdafiə barədə
çağırışa Şamı dayı bir qrup
ağsaqqalla ilk qoşulanlar arasındaydı. Mənfur
düşmənin Zəngilana daxil olmaması
üçün hərbçilərlə birgə bir
neçə gün gecəsini-gündüzünə qataraq o
yaşında doğma torpağa öz oğulluq borcunu verdi.
Zəngilanı qorumaq mümkün olmadı, təəssüflər
olsun ki, Zəngilan işğal olundu.
Şamil Kərim oğlu da ev-eşiyindən naməlumluğa
üz tutdu...
2007-ci ilin dekabrında küçəni keçərkən
onu maşın vurur. Başından zədə alır.
Özünə gələndə sürücüyə
yazığı gəlir: Çıx get, a bala. Bir işdi
oldu. Çıx get. Səni incitməsinlər.
Bu, Şamı kişinin ürəyinin
böyüklüyü idi, Şamil Kərim oğlunun
insanlara, insanlığa sevgisi idi...
70 il işlədi Şamı dayı. Hamının əzizi
kimi işlədi. Sonra ... sonra uşaqlarının təkidi
ilə işdən çıxdı...
2012-ci il fevralın 10-da rəhmətə getdi...
Müharibə və əmək veteranı Şamil Kərim
oğlu illəri özü üçün yaşamadı,
el-obası üçün yaşadı. El-oba belə bir
insanın işıqlı xatirələrini sədaqətlə
yaşatmaqdadı...
Şamı dayı işığını heç
kimdən əsirgəməyən xeyirxah insan idi, dəyərli
vətəndaş idi, gözəl qonşu idi, hamının
dostu idi.
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 6 noyabr,№(204).- S.15.