Cinayət və cəza
(Əvvəli ötən çərşənbə
sayımızda)
Böyük italyan filosofu Çezare Bekkaria (XVIII əsr)
"Cinayət və cəza haqqında" kitab
yazmışdı. İlk dəfə olaraq "cəzanın
cinayətə uyğun olması" bir prinsip kimi irəli
sürülmüşdü. Cinayətin sərtliyini və
miqyasını cəza özündə ehtiva etməlidir. Bu
prinsip həm də digərlərini cinayət törətməkdən
yayındırır. O, öz elmi əsəri ilə
kriminologiyanı xeyli inkişaf etdirmişdi.
ABŞ prezidenti Con Kennedi hələ senator olarkən
yazdığı "Mərdliyin profilləri"
kitabını Bekkariadan geniş bir sitat gətirməklə
yekunlaşdırılır.
Çezare Bekkaria (1738-1794-cü illər)
yazmışdı: "Mən bir həyatı xilas etmək
aləti olmağı bacarsam, onun xeyir-duası və göz
yaşları, hətta bütün bəşəriyyətin
nifrəti müqabilində də, mənə kifayət dərəcədə
bir təsəlli olacaqdır".
Böyük filosofun xatirəsinə hörmət əlaməti
olaraq, demək olar ki, o, hüquq elmi və praktikası
qarşısında görkəmli xidmətlərinə
görə, bir nəfərin deyil, yüz minlərin taleyinə
pozitiv təsir göstərdiyinə görə təkcə təsəlli
tapmamalıdır, həm də qədirbilən bəşəriyyətin
həqiqi ehtiramını qazandığına görə
öz həyatından razı qalmalıdır. Bekkaria sadə
bir cümləsində özünün ədalətliliyini,
insanpərvərliyini geniş surətdə açıb
göstərir. Belə həyat kredosuna görə bəşəriyyət
ona nifrət deyil, yalnız hörmət və məhəbbət
bəsləyərdi.
Məşhur italyan kriminal psixiatrı Çezare
Lambrozo (XIX əsr) isə qeyd edirdi ki, savadlı adamlar daha az
cinayət törədirlər, savadlıların cinayəti, həm
də müqayisədə dəhşətli olmaqdan çox
uzaqdır.
Dustaqxanaların inkişaf etməsi
XVIII əsrə qədər dustaqxanalar əsasən
mühakimədən əvvəl ittiham olunanları saxlamaq
üçün istifadə edilirdi. İctimai qaydada, xalqın
gözü qarşısında tətbiq edilən cəzalar
yoxa çıxdıqdan sonra. dustaqxanaların
populyarlığı xeyli artdı. Həmin əsr ərzində
məhbəslər artıq məhkum edilmişlərlə
dolu idi.
Kişilər üçün olan dustaqxanalar qəddar
praktikaya malik olması ilə seçilirdi. Burada dustaqlar
bir-birindən ayrı saxlanılırdı, onların
bir-biriylə danışmasına da icazə verilmirdi.
Təəssüf ki, beləliklə, bəşəriyyət
formalaşdıqca, onun qüsuru timsalında
çıxış edən cinayətlər nəinki kəsildi,
azaldı, əksinə, hətta artmaqda davam etdi.
İbtidai insanlar da cinayət
törətməmiş ötüşmürdülər, bu,
çox vaxt mülkiyyət ələ keçirmək cəhdləri
ilə bağlı olurdu. Makiavelli mülkiyyətin insan
üçün necə böyük əhəmiyyət
daşıdığını göstərmək
üçün, özünün "Hökmdar" əsərində
yazırdı ki, mülkiyyətə vurulan xırda ziyan, ata qətlindən
də ağır təsir göstərdiyindən, ömür
boyu unudulmur. Mülkiyyətin toxunulmazlığı isə az
qala müqəddəslik qazanır. Ərəblərin
"ehram" ifadəsindən yaranan "haram"
sözü, bu münasibətin mütləq xarakter
daşıdığını, onu qəsb etmək cəhdinin
qanun və din tərəfindən hökmən cəzalandırılacağını
bildirir. Bunu başqa bir şəkildə ingilislərin
mülkiyyətin toxunulmazlığını necə
qoruduqlarında da görürük. Orada kiminsə mülkiyyəti
sayılan əraziyə, torpaq sahəsinə girildikdə, bu,
"tresspass" adlanmaqla, cinayət kimi qiymətləndirilir.
İnsan yarandığı vaxtdan mülkiyyət onun
yaşayışının mühüm hissəsi olmaqla, ona
sahib olmanın əsl qalxan müdafiəsinə arxalanır.
Dövlətlər də bu prinsipi öz qanunlarında təsbit
etməli oldular. İndi mülkiyyətin toxunulmaz
sayıldığı prinsip bütün hüquqi sənədlərdə
öz əksini tapmışdır. İbtidai icma
dövrünə gəldikdə, bu, daha çox
aclığın qarşısını alan ərzaqdan ibarət
idi, ona sahib olmaq üstündə tayfalar bir-biriylə
vuruşur, başqasına məxsus olanı qəsb etməyə
çalışırdı. Adətən, ərzaq
qıtlığı, aclıq baş verdikdə buna dözməyən
qəbilə üzvləri, ərzaq barədə nisbətən
kasadlıq hiss etməyən tayfalara basqın edib, həmin
dövrün ən qiymətli sərvəti olan qida maddələrini
ələ keçirməyə
çalışırdılar. Beləliklə, ibtidai
formadakı həmlələr və müharibələr
meydana gəlirdi. Aclıqdan xilasə
olmaq üçün qan axıtmaq, adamları
öldürmək meyli özünü qabarıq şəkildə
göstərirdi.
Aclığı və onun ağır nəticələrini
təkcə ibtidai insanların qisməti olduğunu güman
etmək heç də düzgün deyildir. Sonrakı
dövrlərdə də adamların ondan əziyyət
çəkməsi halları az olmamışdır. Bu bədbəxtlik
bəzən vəhşi yırtıcılara xas olan əməllərin
insanlar arasında baş verməsinə də səbəb
olmuşdu. Bibliyanın
"Hüzn" kitabında, yəhudilərin
Babilistana sürgün edildiyi vaxtlarda, aclıqdan ananın
öz körpəsini yediyi bildirilir.
Yaxud Fransa kralı II Filip Avqust 1204-cü ildə
Normandiyanın bir hissəsini döyüşlə ingilislərdən
azad edəndə, mühasirədən çox istifadə
etmişdi. Bu vaxt oradakı mülki əhali dəhşətli
aclıqla üzləşdiyindən, əlacsız qalıb,
kannibalizmə əl atmışdılar. Adamlar doğulan körpəni
yeyirdilər. Əllərinə toyuq düşdükdə,
onu lələkləri ilə, içalatı təmizlənməmiş
şəkildə dişlərinə çəkirdilər.
İkinci Dünya müharibəsi illərində blokadada olan
Leninqradda da aclıqdan insanlığa zidd hərəkətlərin
baş verməsi, nə qədər acı olsa da, heç də təəccübə
səbəb olmamalıdır. Ona görə də aclıq təkcə
ibtidai insanı pozğun yola cəlb etmirdi,
sivilizasiyalanmış adamlara da
mədənin tələbinin ödənilməməsi
problemi ilə yanaşı, onların şüuruna,
ağlına da özünün güclü neqativ təsirini
göstərirdi.
Sonralar ibtidai icma dövrü xeyli arxada qaldıqda,
şəhərlərin və şəhər-dövlətlərin
və iri dövlətlərin yaranması ilə, bilavasitə
özünə məxsus olan başqa bədbəxtlikləri
törətməsi ilə birlikdə, aclıqla daim qol-qola gəzən
müharibələrin intensivliyi, miqyası, ot kimi biçdiyi
qurbanların sayı, az qala, həndəsi ölçüdə
böyüdü. İbtidai insan sonralar baş verən bu
genişmiqyaslı bədbəxtliklərin və dəhşətlərin
şahidi olsaydı, min illər ötüb keçsə də.
inkişaf etmiş insan nəslinin ağılsız hərəkətlərinə
qəhqəhə çəkib, gülərdi.
İmperiyaların törətdiyi kütləvi qətllər
və qırğınlar ən ağır cinayətdir
Hərbi cəhətdən qüvvətli olanlar
qonşu xalqların ərazilərini işğal edib,
onların özlərini isə itaətlərinə
salırdılar. Bu yolla ilk imperiyalar meydana gəldi. Mesopotamiyada,
b.e.ə. XXIV-XXII əsrlərdə Akkad imperiyası, XIV-XI əsrlərdə
isə Assuriya imperiyası tarixi fakta çevrildi. Gələcəkdə
dörd min illik tarixə sahib olacaq Misir imperiyası meydana gəldi.
Afina, sonra isə Makedoniya ittifaq adı altında qonşu
dövlətlərə ağalıq etməklə, əslində,
bu birliyi imperiya kimi idarə edirdi. Bizim eradan əvvəl Qədim
Roma imperiyası böyük ərazilər işğal
etmişdi.
Böyük Karl VIII əsrin sonu, IX əsrin əvvəllərində
Roma imperiyasının ənənəsi əsasında Qərbi
Avropanı Qərb imperiyasında birləşdirmişdi. Ondan
əvvəl meydana gələn Ərəb xilafəti imperiya
kimi sürətlə böyüdü. Böyük Karl Xəlifə
Harun ər-Rəşidlə eyni vaxtda hökmranlıq etməklə,
onunla əlaqə saxlayırdı. Artıq VII əsrin
ortalarından Orta Şərqin və Afrikanın
şimalını işğal etmiş müsəlman ərəblər,
VIII əsrin əvvəlində İspaniyanı da Mavrlar vasitəsilə
tutmağa başlamışdılar. Bu, İslamın Avropa
qitəsinə ayaq açmasına səbəb olmuşdu, bu
işi Osmanlı imperiyası isə daha geniş miqyasda davam
etdirmişdi. Bir cəhəti də qeyd etmək
lazımdır ki, Ərəb xilafəti Asiyada və
Afrikanın şimalında tutduğu ərazilərdə,
Avropada isə Pireney yarımadasında o dövr
üçün mütərəqqi xarakter daşıyan yeni
İslam sivilizasiyasını yaymışdı.
XIII əsrdə o vaxtkı dünyanın üçdə
birindən çoxu Çingiz xan imperiyasının tərkibində
idi, onun ərazisi 33 milyon kv.km-ə bərabər idi.
Osmanlı dövləti başlanğıcda
kiçik olsa da, XIV əsrdən başlayaraq ətrafdakı
dövlətləri işğal etməklə, öz ərazisini
xeyli böyütmüşdü. 1453-cü ildə isə
Konstantinopolu tutmaqla, Bizans imperiyasının mövcudluğuna
son qoymuşdu.
Yeni tarix, ümumiyyətlə, həm də
böyük imperiyaların yaranması dövrü
olmuşdur. Osmanlı imperiyası üç qitədə ərazilərə
malik olmaqla böyüməyə başladı. Böyük
Britaniya və Fransa Şimali Amerikada böyük ərazilərə
sahib oldu, İspaniya Mərkəzi Amerikada və Braziliya istisna
olmaqla, həmçinin Cənubi Amerikada iri müstəmləkələrə
yiyələndi. Böyük Britaniya imperiyası XVIII əsrdə
Şimali Amerikadakı koloniyalarını itirsə də,
Ost-İndia kompaniyasının köməyi ilə Asiya qitəsinin
nəhəng dövləti olan Hindistana yiyələndi. Eyni
adlı subkontinent onun müstəmləkəsinə
çevrildi. XIX əsrdə artıq Böyük Britaniya
imperiyası Viktoriya epoxası dövründə
dünyanın dörddə birinə ağalıq edirdi. Vaxtilə
İspaniya imperiyası barədə deyilən "onun üzərində
günəş batmır" sözləri, indi Britaniya
imperiyasının fərqliliyini
xarakterizə edirdi.
Avstriya, sonra isə Avstriya-Macarıstan imperiyası
Avropadakı böyük əraziləri öz idarəçiliyində
birləşdirməklə yanaşı, İspaniya sarayı
vasitəsilə Vest-İndianın sərvətlərindən
böyük fayda götürürdü.
İmperiyalar haqqında geniş söhbət
açmaq, heç də əsassız deyildir. Əgər biz
fərdlərin, mütəşəkkil cinayət
qruplarının qanundan kənar fəaliyyətindən
danışırıqsa, onların müvafiq qaydada cəzalandırılmasını
da qeyd etməklə, onlara qarşı mübarizənin
uğurlu olduğundan da xəbər veririk. İmperiyalar isə
daha böyük cinayətlərə səbəb olur, kütləvi
qırğınlara müəlliflik edir. Ona görə də
onların cinayəti, cəmiyyətdə baş verən və
fərdlərin törətdiyi
cinayətlərlə müqayisədə
ölçüyə sığmazdır. İmperiyalar
müharibələr aparmaqla, qan çayı axıtmaqla
meydana gəlir, xoşbəxtlikdən, onların
varlığına yenə də müharibələr və
inqilablar son qoyur. Ona görə də imperiyaları tarixin ən
böyük cinayətkarı hesab etmək lazımdır.
Onlar işğal etdikləri əraziləri və xalqları
idarə etmək üçün insanlığa zidd olan
heç bir əməldən çəkinmirlər. İtaətində
saxladığı xalqların qırğınını təşkil
etməklə öyünürlər. Silah gücünə
idarə isə, qan axıtmaqdan başqa bir fəaliyyət
növünü tanımır.
Müasir insanlar imperiyaların tarixinə nifrət bəsləməklə,
onların lənətləyirlər ki, hələ müəyyən
sayda mövcud olsalar da, bir daha reinkarnasiya etməsinlər, gələcək
tarixə də öz iyrənc damğasını vurmaq
imkanına bir daha yiyələnməsinlər.
Xalqlar müstəmləkə zülmündən azad
olduqdan sonra, hansısa bir şəkildə imperiyanın yenidən
meydana gəlməsinə, təkrarlanmasına dözə bilməzlər.
Çünki onlar bu azadlığı əldə etmək
üçün çox əziyyət çəkmiş,
böyük qurbanlar vermişlər.
İmperiyaların tabeliyində olan ölkələrin
xalqları milli-azadlıq uğrunda mübarizə aparmaqla
yanaşı, imperiyaların onurğa sütununu yenə
müharibələr qırdı. Şimal Amerikadakı 13
koloniya 1770-ci illərdə Böyük Britaniya
ağalığına qarşı inqilab müharibəsinə
qalxıb, bu silahlı mübarizədə qalib gəlməklə
qədim Afinanın demokratiya təcrübəsinə əsaslanan
yeni Amerika Birləşmiş Ştatları dövlətini
yaratdılar. Bu, Afina şəhər dövlətindən və
Qədim Roma respublikasından sonra meydana gələn ilk
demokratik dövlət idi, onları bir-birindən iki min ilə
yaxın zaman məsafəsi ayırırdı.
XIX əsrin ikinci onilliyində Cənubi Amerika ölkələrinin
xalqları İspaniya ağalığından azad oldular.
Yunanıstanın 1830-cu ildə müstəqillik qazanması
ilə, Osmanlı imperiyasının eroziyası gücləndi,
ayrı-ayrı ölkələr onun ağalığından
çıxdıqca, imperiyanın süqutu
yaxınlaşırdı. Bu da Ox dövlətləri
ittifaqına daxil olan Osmanlı imperiyasının I Dünya
müharibəsindəki məğlubiyyəti nəticəsində
baş verdi və onun xarabalıqlarında çox sayda
müstəqil dövlətlər yarandığı kimi, 1923-cü
ildə doğulan yeni Türkiyə Respublikası isə ancaq
özünə məxsus olan ərazi ilə kifayətlənməli
oldu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 6 noyabr,¹(204).- S.14.