"Malıbəyli"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas
Sevil Əliyevadır. Onunla gənc rəssam Milena Nəbiyevanın
"Malıbəyli" əsərindən
danışmışıq.
Müasir incəsənətimizin tanınmış gənc
rəssamlarından olan Milena Nəbiyeva
1981-ci ildə Bakıda dünyaya göz açıb. Kiyev
Milli Memarlıq və İnşaat Universitetinin məzunu, Azərbaycan Rəssamlar
İttifaqının, UNESCO yanında Beynəlxalq Rəssamlar
Federasiyasının üzvüdür.
Özünəməxsus yanaşması ilə
seçilən Milena həm realist, həm də ornamentçi
rəssamdır.
- Milena Nəbiyeva yaradıcılığında
xalça. İstərdim söhbətimizə buradan
başlayaq.
- Rəssamın öz duyğularını kətan
üzərində əks etdirməyə başlaması qədim
türk motivlərinə yaranan maraqdan qaynaqlanır.
Naxışlarda sirli və
mistik anlam gizlənir. Onların mahiyyətini dərk etmək
isə çox çətindir. Hər ornamental detal, əslində,
mifik hekayədən bəhs edir. Saflıq, uğur, bərəkət,
xoşbəxtlik, sağlamlıq, sevgi, dostluq, vətənpərvərlik,
bəd nəzərdən qorunmaq kimi xalq inancları və rəmzlərinə
bağlı olan naxışlar Milena Nəbiyevanın
tablolarında öz əksini tapır.
"Malıbəyli" xalçaları
Qarabağ
Xalçaçılıq məktəbinin Şuşa
qrupuna aid olan xovlu xalça növüdür. Bu məşhur
xalça növü Malıbəyli kəndinin adından
götürülüb. Qarabağın
xalçaçılıq məktəbinin əsrlərə
söykənən tarixi var. Qədimliyi və gözəlliyi
ilə seçilən Qarabağ xalçaları Azərbaycan
dekorativ-tətbiqi sənətinin
nadir incilərindəndir. Qarabağ tipinin Şuşa qrupuna
aid edilən "Malibəyli" xalçaları orijinal bədii
xüsusiyyətə malikdir.
Milena Nəbiyeva da el sənəti nümunələri
olan xalçaları ağ kətana həkk etməklə
gözoxşayan ornamentləri dəqiqliklə işləyir.
Başdan-başa ilmələrdən ibarət tablolar yaratmaq
üçün səbir mütləqdir. Bunun öhdəsindən
gəlmək sevgi və böyük həvəs tələb edir. "Malıbəyli" əsəri
də zərif naxışların silsilə şəklində
düzülüşündən ibarətdir və
özünəxas fəlsəfəyə malikdir. Əsər
2023-cü ildə "Alovun ahəngi" adlanan fərdi sərgidə
nümayiş olunub.
- Əsərin kompozisiyası necədir?
- Tabloda Malıbəyli kənd əhalisinin
yarımçıq qalmış həyatı, fonda
görünən qızılı rənglərdə isə
xalqın zənginliyi və hər şeyin yenidən bərpa
olunacağı vurğulanır. Burada qarabağlıların
zəngin xalçaçılıq bacarıqları tərənnüm
edilir. Əsərdəki ecazkar naxışlar, sirlərlə
dolu elementlər və bu elementlərlə əks qütbdə
dayanan realizm qaynayıb-qarışır. Kompozisiya
baxımından əsərdə naxışlarla bərabər,
alovun ahəngi də vəhdət
təşkil edir.
- Bəs rəng həlli haqqında nə deyə bilərsiniz?
- Qarabağın zənginliyi, təbiəti, iqlimi, mədəniyyəti,
məişəti əsərin koloritində öz əksini
tapıb. Qarabağ xalçalarının forması uzunsov, rəng-boyaq
palitrası isə olduqca zəngindir. Burada əsas fon
qızılı rənglə, xalça naxışları
isə al qırmızı, palıdı, qızılı,
çəhrayı, sarı, qırmızı, tünd
qırmızı rənglərlə işlənib.
Qızılı rəng zənginlik rəmzi olaraq əsərdə
daha çox gözə çarpır. Mövzularında Azərbaycanın milli-mənəvi dəyərlərinə,
xalça, buta, nar kimi atributlara müraciət edən rəssamın
müxtəlif naxışlardan hörülmüş kompozisiyaları
sanki şəbəkəni
xatırladır.
Gənc rəssam "Buta",
"Naxışlı
narlar", "Düşüncə",
"Qarabağ
xalçası" və başqa əsərlərini zəngin
rəng çalarlarından, eləcə də
tamaşaçılarda dərin emosional reaksiya doğuran
naxışlardan istifadə etməklə yaradıb. Milena Nəbiyeva
el sənəti nümunələrimiz kətana həkk etməklə
göz oxşayan ornamentləri dəqiqliklə işləyir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəssam doğma Qarabağın tarixi abidələrini
"Xudafərin körpüsü", "Kəlbəcərdə
payız səhəri", "Qarabağ xalçaları" silsiləsindən
"Çələbi" xalçası,
"Xanlıq" xalçası kimi əsərlərdə
təsvir edib.
Bu rəsmdə isə müəllif Qarabağın
Malıbəyli kəndinin taleyini, müharibənin gətirdiyi
dağıntıları, insanların məcburi
köçkünlük həyatını təsvir edir.
Əsər Qarabağ müharibəsinin
təsirlərini və vətənpərvərlik hisslərini
dolğun ifadə etməklə həm hüzn, həm də
ümid doğurur.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 6 noyabr,¹(204).- S.12.