HAQSIZLIĞA DÖZMƏK DƏRSİ
Evinin divarından nəfis bir xalça asılmışdı.
O xalçanı xalçanın Habili olan nadir bir sənətkar
toxumuşdu. "Toxumuşdu" sözü əslində bu
məqamda heç yerinə də düşmür.
Çünki o, həmin xalçanın çeşnisinin də
müəllifi idi, üstündəki şəklin rəssamı
da özü idi və ilmə-ilmə əvvəldən-sonacan
toxuyan da özü idi. Əlbəttə, köməkçiləri
vardı, verərdi, onlar bu ustadın özündən də
tez toxuyardılar, o da bu xalçaya sərf etdiyi gücü
başqa işlərə yönəldərdi. Onsuz da işlər
bolluğundan başını qaşımağa macalı
yoxdu. Lakin istəmişdi ki, özü toxusun. Çünki əks
təqdirdə dostuna hədiyyə etmək istədiyi bu əsər
heç vəchlə ürəyindən olmayacaqdı.
O xalça adı Azərbaycanın sənət və
elm tarixinə (bu ifadə nə qədər
yıpranmış olsa da, təkrarlayım) qızıl hərflərlə
yazılası Lətif Kərimovun əsəridir. Ona görə
Lətif Kərimovu sənət və elm tariximizin nadirlərindən
hesab edirəm ki, o, bir tərəfdən mahir
xalçaçı idi, yaratdığı naxışlar qədər
toxuculuğu da bənzərsiz idi, digər tərəfdən
də, Azərbaycanda xalça elminin əsasını qoyan
müstəsna bir şəxsiyyət idi.
Lətif Kərimov dostu Habil Əliyevin
çalğısına elə məftun idi ki, xalça
toxuyanda da, əyləşib bir yazısını
başlayanda da otağında Habilin kamanı ahəstəcə
səslənərdi. Deyərdi ki, Bəxtiyarın işi
asandır, qələmi götürür, Habil haqqında
ürəyindən keçəni tökür kağıza,
toxtayır. Mənsə sakitləşmək, Habilin sənətinə
məhəbbətimi axıracan göstərə bilmək
üçün gərək neçə min ilmə vuram.
Və minlərlə ilmə vuraraq bir "Habil
xalçası" doğurmuşdu ki, bu da onun şeiri idi. Bəxtiyar
müəllim də o xalçanı görəndə Habil
müəllimə yarızarafat-yarıciddi etiraf etmişdi ki,
Lətif məndən yaxşı yazıb. Məhz şair həssaslığı
və sərrastlığı ilə duymuşdu ki, bu əsərə
"toxudu" demək olmaz, elə bu da şeir yazmaq kimi bir
könül işidir.
Hər əsəri muzeylər bəzəməli olan Lətif
Kərimovun bu xalçası yalnız bir evdə
görünməkçün toxunmuşdu. Hazır olunca
özü bu sovqatını Habilin evinə gətirmişdi.
Ancaq ürəyinin dərinliklərində hər halda, yəqin
ki, əmin idi - gün gələcək, bu xalça bu mənzildən
çıxacaq, hökmən hansısa muzeydə insanlarla
görüşəcək.
Lətif ustad sanki yarışa girişərək Bəxtiyarı
da o xalçaya gətirmişdi. Özünü yox,
sözünü! Şairin Habil haqdakı şeirindən bir bəndi
də bu xalçada toxumuşdu. Ən insaflı qiyməti də
elə ikisi də gözəl olan bu şeirlə xalçaya
baxandan sonra Bəxtiyar Vahabzadə özü vermişdi.
Əlbəttə, o qiymətvermədə təvazökarlıq
da var, ancaq həqiqət izi də olmamış deyil.
Habil, ay insafsız, ürəyimizi
Yandırıb-yaxırsan, qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi,
Bu haqqı kim verib, kim verib sənə?
Bəxtiyar bu sualı verəndə o sualın
cavabını özü çox yaxşı bilirdi. Agah idi,
bu haqqı Habilə Allah verib. Pərvərdigar bu ixtiyarı
ona verib ki, insanların ürəyini yandıraraq o ürəklərin
dərinindəki adamı oyatsın.
Elə böyük Rəsul Rza da ümumən
kamançaçılığı insanda insan oyatmaq kimi mənalandırırdı.
Həmin o məşhur xalçanın böyründə
Habil müəllimlə oturmuşduq, söhbət edirdik,
maqnitofon lentindən eşidilən həmin səs indi mənə
bunların lap təzəlikcə baş veridiyini söyləsə
də, sərt reallıq silkələyib oyadır. Daha nə
Habil qayıdacaq, nə bir də həminki gün. Heç illər
öncənin yadigarı bu lentə də etibar yoxdur. Barı
bunları indi, vaxtkən yazılaşdırmaq lazımdır
ki, it-bata düşməsin.
Bu günlərdə Habilin kürəkəni, Ustada
qayınatadan daha çox elə doğma atası kimi ehtiram bəsləyən,
xatirəsini yaşatmaq üçün hər zəhmətə
qatlaşmağa hazır olan İlhamdan soruşdum ki, indi Habil
müəllimgildə qalan varmı?
Nə qədər ki Şərqiyyə xanım
sağ idi, uşaqlar hər gün, günaşırı ora
baş çəkirdilər, sanki elə Habil də diri kimi
idi. Adamlar gedəndən sonra evlər də yetim qalır.
İlham elə gözlədiyimi dedi. Hərənin
öz ev-eşiyi, qayğıları, hərdən sadəcə
evə hər şeyin qaydasında olub-olmadığına əminlik
üçün baş çəkirlər.
O xalça da, Habilin kamançaları da, boş qalan
otaqlar da bir vaxtlar buranı nəfəsi ilə dolduranlardan
ötrü qəribsəyir.
Bunları yazıram, o otaqlar keçir xəyalımdan,
ürəyim sıyrılır...
...O gün Habil müəllimlə söhbətimi bir
qadın haqqındakı düşüncələrdən
başlamışdım.
Əvvəlimizdə də, axırımızda da bir
qadın həmişə var.
Aralıqda olanlar ayrı söhbətdir.
Həyat elə qurulub ki, daha zəif, köməyə
daha çox ehtiyac duyduğumuz uşaqlıq
çağlarında da, get-gedə taqətsizləşərək
ixtiyarlaşanda da qadına möhtacıq - kiçikkən
anamıza, xəzana doğru yaxınlaşdıqca
ömür-gün yoldaşımıza.
Habilin birinci mələyi anası Nisəxanım
olmuşdu, sonuncusu Şərqiyyə xanım.
Bu sözümü Habil müəllimin öz
sağlığında, filarmoniya səhnəsindən, hər
ikisinin orada olduğu axşamda bir neçə yüz
insanın qarşısında açıqca demiş
olduğumdan, arxayınam ki, arxasınca danışmaq
sayılmaz və Sənətkarın da ruhu məndən inciməz.
O vaxt söyləmişdim ki, Habil kimi əri olmaq fəxrdirsə,
xoşbəxtlikdirsə də, Şərqiyyə xanım kimi
zövcəsi olmaq da ikiqat bəxtiyarlıqdır.
Çünki varlığı yalnız gözəl musiqi ifa
edib yeri düşəndə də zarafatlaşmaqdan ibarət
olmayan, həm də yetərincə diliacı, səbirsiz, tez
özündən çıxan, deyingən Habilə bir
ömür boyu dözmək hər qadının işi deyil.
Demişdim ki, Şərqiyyə xanım qəhrəman
qadındır, səbirlilik mücəssəməsidir.
Çünki həmişə güzəştə getməyi
bacarıb, odun üstünə su səpməyə hazır
olub, bununla da onillər boyu həm Habilini qoruyub, həm də
ailəni.
Habilsə dəyişməmişdi.
Cavanlığında necə olmuşdusa, o cür də
qalmışdı. Mən ki ev adamı idim, bəlkə yad
adam olsaydı, bir az özünü
yığışdırardı. Bir də görürdün
adi bir söz üstündə başladı Şərqiyyə
xanımla deyişməyə. Şərqiyyə xanım
adamını tanıyırdı, bilirdi ki, tutalım,
televiziyada hansısa verilişdə hansısa xoşagəlməz
epizod görüb, naqolay söz eşidib, əsəbiləşib,
indi Habil hirsini kiminsə üstünə tökməlidir,
odur ki, Habilin əsib-coşmasına bənd olmurdu,
keçirdi öz boş yerinə - mətbəxdə
qurdalanırdı. Handan-hana qayıdıb gəlirdi, hiss
edirdim ki, Habil müəllim peşmandır, fürsət
axtarır ki, nə şəkildəsə Şərqiyyəsinin
ürəyini alsın.
Beləcə bütöv ömrü
yaşamışdılar və son ucda artıq Şərqiyyə
xanım onunçün həm ana idi, həm bacı idi, həm
sirdaş, dərddaş, həm də ömür-gün
yoldaşı.
O gün Habil müəllimlə söhbəti
anasından səbəbsiz yerə başlamamışdım.
Çünki elə anası Nisəxanım da vaxtilə ona həm
ana, həm ata, həm bacı, həm könül həmdəmi
olmuşdu.
Necə deyib, o cürə yazıram. Anasından bəhs
edir, sevgi ilə danışır, ancaq bal verən arı
sancmayınca dincəlmədiyi kimi, Habil də
yüngülvari olsa da iynələməsə, dediyini sanki
özünə halal edə bilmir: "Anam özü deyirdi
ki, bircə dənə əri olub, o da mənim atam. Amma mən
onu dəqiq bilmirəm. Çünki ataların sözü
var ki, "gördüyünə inan". Mən
özümdən əvvəlki vaxtları nə təhər
görə bilərdim? Rafael müəllim, mənə çətin
suallar vermə, sən Allah. Açılar tökülər mən
kiməm, rüsvay olaram".
Baxın ki, çoxdan dünyadan
köçmüş anasının xatirəsiylə indi belə
zarafatlaşan Habil onunla sağlığında necə
şuxluqlar edirmiş. Çünki Habildəki
zarafatcıllıq damarı elə anasından gəlirdi, Habil
belə olanda gör o rəhmətlik necə
itisözlüymüş və bir-biri ilə atmacalaşanda
yan-yörədəkilər necə uğunub gedirlərmiş.
Ciddiləşib davam edir: "Nə bilim, vallah.
Anamı bütün Ağdaş rayonunda hamı tərifləyir.
Bütün arvad, uşaq, kişi hamısı ona hörmətlə
Nisəxanım xala, Nisəxanım bacı deyib.
Ağdaşda onu ağbirçək kimi qəbul ediblər. O,
hansı qapıya gedirmişsə, orda bir sözü iki
olmazmış. O qədər xətirli-hörmətli,
ağıllı arvad olub".
Bu cür şirin-şirin gəlib axırda
sözünə bir çimdik istiot qatmasa, o, Habil olmazdı
ki!
"Amma elə ağıllı arvadın oğlu gəlib
olub musiqiçi. Yeganə qüsuru bu idi".
Habil Əliyevin çalğısı, ifa
ustalığı haqqında sırf musiqişünaslıq
yanaşmaları ilə müəyyən əsərlər
yazılıb, yəqin ki, gələcəkdə də bu
ecazkar irsi təhlil edərək peşəkarcasına
araşdırmalar aparacaqlar. Lakin musiqi elminin nəzəri əsaslarına
cikinə-bikinə qədər vaqif olan ən qabil tədqiqatçı
da heç vaxt Habilin kamançasındakı, Əhsənin
tarındakı, Həsrətin, Ələfsərin
balabanında-zurnasındakı yanğının əsl
gizlincini sona qədər aça, bu ifalardakı şifrlənmiş
narın qüssənin sirrini axıracan anlaya bilməyəcəklər.
Çünki həmin çalğıların canına
hopmuş xəfif kədər o
çalğıçıların ömründən gəlir,
bu səslər əslində onların ömür boyu
yaşadıqlarının sızıltılı əks-sədalarıdır.
Habil hansı ömrü yaşayıbsa,
çalğısı da odur.
Uşaqlığı bir uşaqlıq olmadı. Onun
öz söhbətlərindən əvvəl bunu
uşaqlıq illəri 1941-1945-ci illər müharibəsi
dövrünə təsadüf etmiş anamın,
dayımın xatirələrindən bilirəm. Aclıq, qəhətlik,
ətrafda dərd-qəm, ah-nalə, ağlaşma, göz
yaşı.
Bunlar ömründən keçirsə və sonra
musiqiçi olursansa, o ağlaşmaların
hıçqırtıları da, o ahların ürək
qarsan istisi də, o göz yaşlarının yandıran
duzluluğu da sənin duyğularına və ömrünə
hopur.
"Bizim dövrümüz çox pis idi. Mən
gözümü açdım, alman müharibəsi
başladı. Uşaq idik, camaata qoşulub çox gözəl
aclıq keçirmişik. Amma dözməyənlər
çox oldu. Çox şükür Allaha, biz
dözümlü imişik, dözdük o aclıqlara.
Acından qırılan o qədər ailələr oldu ki.
Amma bizim ailə, Allaha çox şükür olsun ki, elə
mənim anamın ağıllılığından, tədbirliliyindən
o imtahandan salamat qurtardıq. Evdə pula gedən nə
vardısa xırıd elədi, ta yorğan-döşəyin
üzünə qədər çıxartdı satdı ki,
uşaqlar ölməsin. Ona da qalan var-dövlət biz olduq.
Allaha çox şükür olsun ki, sonra da bizim yaxşı
günlərimizi görüb rəhmətə getdi.
Gördü ki, yaxşı yaşayırıq, artıq
evimiz-eşiyimiz, adımız-sanımız, şöhrətimiz
var. Bunları görəndən sonra getdi, arxayın
getdi".
Habil ustaddan anasının onun
çalğılarını radiodan-televiziyadan
eşidib-eşitmədiyini, dinləyəndə necə
qarşıladığını, necə sevindiyini, nə təhər
qürrələndiyini xəbər alıram. Elə bil ki, bu
sualı eşitmir, vermədiyim ayrı bir sualı
cavablandırır və bu mənə çox ləzzət
edir, çünki o cavabda Habil sənətinin hansı
köklərdən qida almasının sirri gizlənib. Deyir ki,
hərdən Ağdaşa yolum düşəndə
qonşuluğumuzda Nəcabət arvad vardı, onunla
rastlaşardım, oxşayıb-əzizləyərdi məni,
qonşu qadınların yanında deyərdi ki, Habilə mən
qurban olum, nə təhər ağlayıram, elə də
çalır".
Habili həyat uşaqkən kişi eləmişdi, əlinə
pul erkən gəlmişdi, ancaq onu müvazinətindən
çıxara bilməmişdi. Evin balaca kişisi olmaq məsuliyyətini
layiqincə daşımağı bacarmışdı.
"Anam məndən razı idi. Daha doğrusu, lap
çox razı qaldı. Çünki beş manat,
üç manat hər nə pul qazanardımsa,
hamısını gətirib ona verərdim. Sonra ondan icazə
alardım ki, mənə 30 manat lazımdır, 50 manat
lazımdır. Fağır deyərdi ki, ay bala, öz pulundur
da, götür apar. Deyərdim, yox, sən ver. Biz bu cür
ana-balalıq eləmişik. Onunçün məni çox
istəyərdi".
Elə bilirsiniz Habilin anasından, uşaqlıq illərində
başına gələnlərdən, qonşularından
bunları yaza-yaza niyyətim sizi onun həyat yolunun təfərrüatlarından
agah etməkdir? Yox, mən Habilin adının birləşdiyi
"Segah"dan yazıram, o "Habil Segah"ının
içərilərini açıram.
"Bir gün oturdum ki, xatirələrimi yazım.
Əslində mənim yazmaqda heç vaxt əlim olmayıb.
Allahın adicə məktubunu yazmağa ərinərdim. Anam
da həmişə məktub yazmamağımın
üstündə məndən küsərdi. Ancaq
başladım xatirələri yazmağa, elə bil Allah
Özü mənə güc verirdi. Yazırdım, arada dirənirdim,
qələm getmirdi, götürürdüm kamançanı,
bir az çalırdım, sanki kamança özü
danışıb yadıma çox əhvalatları
salırdı. Mənim içimdə çox hadisələr
var. Musiqi də içəridən gəlir. Həmin o əhvalatların
altından çıxıb gəlir. Ona görə mənim
çalmağımda lirika çoxdur".
Dava illərinin insanları sınağa çəkdiyi,
ələkdən keçirdiyi, çətin güzəranın
naqislikləri, daxildə gizlənmiş xıltları üzə
çıxardığı ağır əyyamlarda şahidi
olduğu bu nisgilli hekayəti Habil sonra "Şur"damı
əritmişdi, "Bayatı-Şiraz"damı, ya "Şüştər"də,
bəlkə "Çahargah"da. Amma ola da bilsin ki, zərrə-zərrə
elə çalmış olduqlarının hamısında.
"Sovet hökuməti ilə Finlandiya müharibə
edirdi. O illər mənim yadıma gəlir. Bakıda mənim
bir qohumum yaşayırdı, daha dəqiqi, yeznəmin
bacısı - Turac xala. Onun bir qonşusu olub,
atanın-ananın bir dənə oğlu, göndəriblər
əsgərliyə. Finlandiya davası qurtardı, ardınca
Almaniya ilə müharibə başladı. Bu cavan yeddi il əsgərlikdə
olur. Özü də, görünür, mənim kimi tənbəl
imiş, məktub yazmırmış, ata-ananın da
gözü yollarda qalıbmış. Axırda əllərini
üzüblər ki, yəqin, uşaq həlak olub ki, bundan bir
xəbər olmadı, bu iki müharibədən sağ
çıxa bilməz. Xülasə, müharibələr sona
çatır, sovet hökuməti o vaxt əsgərlərə
göstəriş verirmiş ki, Almaniyada,
aldığımız şəhərlərdə evlərdə
paltar-filan nə varsa hamısını yığın
göndərin arxa cəbhəyə,
ananıza-bacınıza. Çünki burda da vəziyyət
çox ağır idi. Bu minvalla həmən oğlan da,
atanın-ananın bircə balası, sən demə,
sağmış və o da həmin göstərişdən
sonra başlayır əlinə keçəndən
yığmağa ki, qayıdanda gətirdiyi sovqatlarla valideynlərini
sevindirsin. Dediyim kimi, bu hadisəni mənə Turac xala
danışmışdı. Bir gün gəldim gördüm
bunun gözləri yaşlıdır. Soruşdum ki, Turac xala,
nədir, gözlərin qızarıb, elə bil
ağlamısan sən. Dedi ki, hə, ağlamışam və
başladı bu əhvalatı nağıl eləməyə.
Dedi ki, bəs bizim qonşunun yeganə oğlu 7 il fin və
alman müharibəsini keçəndən sonra qənimət
götürdüyü pal-paltar, qiymətli şeylərdən
yığdığı beş çamadanla qayıdıb gəlir.
Küçədən evlərinə dönən
darvazanın ağzında Ruslan kişi adlı bir pivəçinin
köşkü vardı. Oğlan dayanır burda, Allahına
şükür edir ki, nəhayət, gəlib
çıxdım ev-eşiyimə. Ruslan kişidən bir
parç pivə istəyir. Kişi buna zəndlə baxır,
soruşur ki, bəs sən filankəsin oğlu deyilsən? Təsdiq
edir ki, bəli, düz tapıbsınız. Bu cavan minaya
düşübmüş, üz-gözü zədələnibmiş,
tanınmaz haldaymış. Kişi qayıdır ki, çox dəyişmisən,
səni heç tanımazdım, elə bu tərəfə
dönməyindən şübhələnib soruşdum ki, bəlkə
bizim qonşunun oğlu olmuş olasan. Qoy mən
yüyürüm gedim ata-ananı muştuluqlayım. Oğlan
onu saxlayır ki, yox, deməyin, çoxdandır məndən
xəbər yoxdu, qəfildən deyərsən, sevincdən
ürəkləri dayanar. Özüm üsulluca deyərəm.
Uzun sözün qısası, özü gedir,
qapılarını döyür, atası açır
qapını, tanımır bunu. Deyir ki, əmi, mən yoldan
ötənəm, icazə verərsizmi qatar vaxtına qədər
sizdə qalım, bir az dincəlim, bərk yorğunam,
çamadanlarımda yaxşı şeylər var, mən də
yaxşılığınızın əvəzində sizə
hədiyyə verərəm. Kişi deyir ki, gəl, oğul, gəl.
Bu keçir içəri, çamadanlarını da qoyur bir
tərəfə. Dəhlizdə çarpayı varmış,
kişi buna bir adyal da verir ki, olanımız budur, varın verən
utanmaz, bürün, yat. Oğlan da yol yorğunu, elə
başını qoyan kimi dərin yuxuya gedir. Kişi
arvadını çağırır ki, gəl bu
çamadanlara bax, gör bunun içində nələr var?
Gəl bunun başına bir dənə balta vuraq, qaranlıq
düşəndə hambal İmranı da
çağırım, axşam aparıb meyitini dənizə
tullayaq. Kişi, kim kimədir! Ancaq bu çamadanlarda əməlli-başlı
var-dövlət var, bizi bir müddət yağ-bal içində
yaşadar, yoxsa ki, it zülmü çəkirik. Arvad dirəşir
ki, mən bacarmaram. Kişi israr edir ki, burda nə var axı.
Xorhaxorla yatır, dünyadan xəbəri yoxdur, baltanı da təzəcə
itilətdirmişəm, ülgüc kimidir, vuran kimi yerində
qalacaq. Yenə qadın nəm-nüm eləyir ki, vallah, mən
qorxuram, bacarmaram, özün elə. Kişi deyir ki,
yaxşı, mən gedim bir-iki qab pivə içim, ürəklənim,
gəlim özüm işə əncam çəkim. Kişi
gedir pivəni içməyə, Ruslan kişi, həmin pivəsatan
deyir ki, qonşu, gözün aydın, oğlun gəldi əsgərlikdən.
Deyir, sən nə danışırsan? Deyir, bəs bilmirsən,
gələn əsgər sənin oğlundur. Kişi
çığıra-çığıra
yüyürür evə. Qapını açır girir
içəri, baxır görür ki, arvad əlində
qanlı balta dayanıb, oğlanın başı da yerdə.
Artıq ana vurub başını kəsib oğlunun.
Turac xala danışırdı ki, bunlar heç biri,
nə ata, nə ana söz deyə bilmirdilər,
onlarınkı ağlamaq da deyildi, ulayırdılar, o qədər
çığırmışdılar ki, səsləri də
batmışdı, tutqun, boğuq səslə bircə
"ayy-oyy" bağıra bilirdilər.
Ayaq üstə, diri-diri ölmüşdülər".
...Allah adil Allahdır, insaflı Allahdır. Bir yandan
alanda, bir yandan verir. Habil erkən yetim qalmışdı. Həbs
olunmuş atasını ölüm ayağında olanda
buraxmışdılar ki, həm başqalarını da
yoluxdurmasın, həm də türmədə ölən məhbus
sayını artırmaqdansa, gedib evdə keçinsin. Türmədə
vur-tut 9 ay yatıbmış, ancaq elə dustaqlığı
başlayan kimi "qulaq" damğası vurulmuş
zavallı Mustafa ağır xəstəliyə düçar
olubmuş. Habilin 5-6 yaşında olduğu dövrdən
yadında qalan ata surəti onda mehrdən, doğmalıqdan
daha artıq vahimə, qorxu yaratmışdı.
Danışırdı ki, həbsxanadan elə vəziyyətdə
gəlmişdi ki, bilmirdin ölüdür, ya diridir. Heyi kəsilmişdi,
bir dəri, bir sümük qalmışdı.
Ancaq Pərvərdigar bir ayrı səmtdən
heç gözlənilmədən elə qapı
açmışdı ki, bu, artıq taleyin üzə
gülməsi idi. O qapı açılmışdı ki, bu
cılız uşaq sabahın Böyük Habili olsun.
Ağdaşda musiqi məktəbi açılır və
Habilin atasının dayısı oğlu Bilal Muradovu həmin
məktəbə direktor təyin edirlər. Ancaq Habil
üçün bəxt qapısının
açılması nə Ağdaşda musiqi məktəbinin
fəaliyyətə başlaması idi, nə də yaxın
qohumlarının orada müdir olması. Bu yoxsul ailəni
çalıb-oxumaq yox, doyunca yeyib-içə bilmək
düşündürürdü və balaca Habil də
gücü çatan bir işin qulpundan yapışmalı
idi ki, ailənin dolanışığına az-çox
kömək edə bilsin.
Ağdaşda musiqi məktəbi
yaradılmağına yaradılmışdı, ancaq
buranı işlətmək, yaxşı dərs verə bilməkçün
mütəxəssislər də lazım idi. Odur ki, Əhməd
Ağdamskini həm təcrübəli müğənni, həm
yaxşı tarzən kimi yollamışdılar ki,
Ağdaş musiqi məktəbini ayağa qaldırsın. Bu vəzifəni
layiqincə yerinə yetirməkçün Əhməd bəyin
digər imkanı da bu idi ki, Bakıda dağ kimi doğmaca
xalası oğulları vardı - Üzeyir bəylə
Zülfüqar bəy. Həqiqətən, sonrakı illərdə
Ağdaş musiqi məktəbinin təminatına onlar
bacardıqları köməkləri əsirgəmədilər
və bunun da bəhrəsini yalnız Ağdaş deyil, həmin
musiqi məktəbində ətraf rayonlardan gəlib təhsil
alan çoxları gördülər.
Əhməd Ağdamski Ağdaşa ailəsi ilə gəlmişdi
və hələ ki sığınası bir bucağı
yoxdu. Adının yanındakı "Ağdamski" təxəllüsü
sonra ailəsinin soyadına çevrilsə də, Əhməd
bəyin həyatı elə Ağdaşla bağlı oldu və
əslində ömrün təzə mərhələsini
başlayandan sonra ona Ağdaşski nisbəsi daha artıq
yaraşardı. Uşaqları orda böyüdülər,
orda ev-eşik sahibi oldu, o, Ağdaşı,
aşdaşlılar onu sevdilər.
Ancaq hələ buralarda oturuşacağı, el-obayla
qaynayıb-qarışacağı günlər uzaqda idi,
Ağdaşa yenicə gəlmişdi, heç kirayənişin
qalıb haqq ödəməyə pulu da yoxdu.
Musiqi məktəbinin direktoru Bilalın ərki qohum-əqrəbadan
başqa kimə çatası idi ki?! Bilirdi ki, Nisəxanımgilin
bir boş otaqları var. Əhməd bəyi
köçlü-külfətli gətirir ora.
Az müddətdə Əhməd bəy yerli camaatla
isinişir və Habil müəllim xatırlayırdı ki,
yerli musiqiçilər hər gün Əhməd bəyə
baş çəkməyə gələr, ondan məsləhətlər
alar, çalıb-oxuyardılar. Elə bunları görə-görə
də Habildə musiqiyə maraq oyanır.
"Heç yadımdan çıxmaz. 6 yaşım
var idi. Hey ağlayıb anama yalvarırdım ki, mən də
tar çalmaq istəyirəm. Bunu görən Əhməd
müəllim anamdan nə üçün
ağladığımı soruşur. Səbəbini öyrəndikdə
isə deyir ki, hələ kiçikdir, qoy bir il keçsin,
baxarıq. Yenə də kirimədiyimi görən anam məni
səhər məktəbə aparır. Bilalla Əhməd
müəllim məsləhətləşərək məni
yoxlamağa başlayırlar. Baxırlar ki, hansı səsi
göstərirlərsə, səsimlə həmin səsi təmiz
tuturam. Bu minvalla məktəbə kamança üzrə qəbul
olunuram".
Habili tar yox, kamança sinfinə ona görə
götürmüşdülər ki, arıq, sısqa
uşaqdı, sinəsində tar saxlamağa gücü
çatmayacaqdı. Əhməd bəy öz oğlu
Telmanı da lap kiçikkən elə həmin səbəbdən
kamança sinfinə yönəltmişdi.
O illəri xatırlayan Habil müəllim söyləyirdi
ki, musiqi məktəbi şagirdlərini rayon tədbirlərindəki
konsertlərdə də çıxış etməyə
aparırdılar. Çıxırdım səhnəyə, kətildə
oturanda ayağım yerə çatmırdı.
Bunu deyirdi, sanki dünəndən dalınca ona
doğru əsən hüznlü xatirələrdən xilas
olmaqçün dərhal salırdı zarafata: "Amma indi
stulda oturanda nəinki ayaqlarım yerə çatır, hətta
bir az da artıq qalır".
"Mənsuriyyə"ni çoxları oxuyub. Biz
biləni, son əsr yarıma yaxın vaxtda Məşədi
İsidən, Hacı Hüsüdən, Cabbardan, Məşədi
Məmməddən, Şəkili Ələsgərdən
üzü Alim Qasımova və indinin lap gənc xanəndələrinəcən
"Mənsuriyyə"yə istedadla can-qan verənlər
yüzlərlə olub. Amma Yaqub Məmmədovun oxuduğu,
Habilin tək kamança ilə müşayiət etdiyi bir
"Mənsuriyyə" də var ki, hamını valeh edib və
hətta "Bundan yaxşısını oxuyan olmayıb"
deyənlər də tapılıb.
Həmin lent yazısı isə nə xüsusi
hazırlıqdan, gərgin məşqlərdən sonra
yaranmışdı, nə də ovqatın xüsusilə duru
vaxtında.
Bunu mənə Yaqub da danışmışdı,
Habil də. Heç o "Mənsuriyyə" fondda
saxlanmaqçün da yox, elə sadəcə bir dəfə
verilişdə səslənməkçün bir təsadüf
nəticəsində lentə alınıbmış. Sovet əyyamlarında
teleradioda tərkibində tanınmış bəstəkarları,
şairləri, ifaçıları birləşdirən bədii
şura vardı. Radionun səsyazma evində ayrı-ayrı
musiqi parçaları yazılır, sonra həmin bədii
şurada təsdiqləndikdən sonra fonda
düşürdü. Hansı musiqi nömrəsinin hansı
təyinatla yazıldığı da irəlicədən
müəyyənləşdirilirdi. Elə ifalar olurdu ki,
radioda çox dəfə səsləndirilməkdən
ötrü yazılırdı və adətən bir nüsxə
olurdu. Dönə-dönə efirə verilib zədələnəndən,
artıq istifadəyə verilməyə uyğun gəlməyəndə
o lentlər fonda salınmış olsalar da, silinirdi. Lakin
"qızıl fond"a daxil edilməsi nəzərdə
tutulan lentlər də vardı. Bunlar yazılan kimi surəti
çıxarılırdı. Fonotekada lentin əsli həmişəlik
saxlanılır, ondan çıxarılan surətsə efirə
verilirdi. Efirdəki lent köhnəlib sıradan
çıxmaq halına yetişincə yenə orijinaldan
növbəti surəti çıxarırdılar. Bir də
vardı xüsusi məktubla, ayrı-ayrı redaksiyaların
xahişi ilə hansısa verilişlərdə bir dəfə
efirə verilməkçün yazılan musiqi əsərləri.
Bunların heç bədii şuradan keçirilməsinə
də lüzum yoxdu. Bir dəfə səslənirdi, sonra
pozulub gedirdi.
O gün Yaqub Məmmədovla Habil Əliyev Azərbaycan
Radiosunun indiki Əbdülkərim Əlizadə küçəsində
yerləşən Səsyazma Evində (o zamanlar bura Fioletov
küçəsi idi, köhnə musiqiçilər əski
yaddaşla elə indi də həmin Səsyazma Evini
keçmişdəki ünvanla adlandırırlar)
rastlaşmasaydılar, Habilin də kamançası yanında
olmasaydı, heç bu inci də yaranmazdı. Özləri də
yorğun-arğınmışlar, sanki vəziyyət də
yazılış ehtimalını sıfra endirirmiş. Kim
görüb ki, haçansa "Mənsuriyyə"
tarsız, bircə kamança ilə oxuna?! Ancaq cəhd edirlər,
məşqsiz-filansız, Yaqub haqdakı verilişdə bircə
dəfə səslənib sonra pozulması üçün
çalıb-oxuyurlar, yox yerdən bir sənət gövhəri
yaranır, onu pozmağa heç kəsin əli gəlmir, əksinə,
rəsmiləşdirərək salırlar "Qızıl
fond"a.
Sanki sırf gözlənilməzliklərin
üst-üstə düşməsindən yaranmış bu
"Mənsuriyyə"yə sadəcə uğurlu təsadüflərin
bəhrəsi deməkdən başqa çarə qalmır.
Amma yüz minlər və milyonlarla insanı heyran
etmiş və edən, hələ gələcəkdə də
saysız musiqi, muğam aşiqini ovsunlayacaq heç bir
gözəl əsər, şəxsən mənim qənaətimcə,
Tanrının iradəsi olmasa yaranmaz.
Bizə üzdən təsadüf kimi görünənləri
ortaya çıxarmaqçün Xudavənd-i Aləm illərcə,
bəzən onillərcə, hətta yeri düşəndə
yüzillərcə tədarüklər görür.
Elə Habil Əliyevlə Yaqub Məmmədovun
doğurduğu o möcüzəni hamınınkı etməkçün
İlahi onillər qabaqdan iş qururmuş və zəncirin
obiri başından xəbərdar olanda barmağını dişləyirsən
ki, Göydəki Kişi hər şeyi əvvəlcədən
dəqiqliyi ilə nə sayaq
ölçüb-biçibmiş.
1941-ci il, müharibə başlanır. Bəla hər
tərəfdən gəlir. Bir yandan yeniyetmə Habilin xəstə
atası canını tapşırır, obiri yandan
böyük qardaşı cəbhəyə yollanır, bu biri
tərəfdən də anası və özündən
kiçik dörd bacı-qardaşının
ağırlığı çökür onun hələ
belə ağır yükü daşımağa əsla
hazır olmayan çiyinlərinə. Hələ ki
çörək ağacı kimi baxacağı tək
ümid yeri kamança idi. Kamança ilə də təkbaşına
nə qazana bilərdi ki.
Bir dəfə anası onu kolxoz bazarına soğan
almağa göndəribmiş. Muğam oxuyan bir gəncin yeməkxana
tərəfdən gələn səsi onu özünə tərəf
çəkir. Yaxınlaşır, başlayır
hayıl-mayıllıqla qulaq asmağa. Tarda bir ağsaqqal
çalırdı, xanəndə isə onun özü
yaşda imiş. Habil az sonra öyrənəcək ki,
tarçalan Gülablı Həmiddir, oxuyansa Yaqub Məmmədov.
Yeməkxananın müdirinin gözü gendən Habili tutunca
onu çağırır ki, yaxşı gəlmisən,
bunların kamançaçalanı yoxdur, get
kamançanı gətir, qoşul bunlara.
Habil müəllim o günlərin hekayətini mənə
söyləyəndə həmin hadisələrdən 70 ildən
də çox keçirdi: "O gün Yaqubla tanış
olduq. Həmid kişini yola saldıq, Yaqubla gəldik bizim evə.
Mənim çalğıma qulaq asandan sonra Yaqub qayıtdı
ki, bizə heç tarçalan lazım deyil, mən oxuyaram, sən
çalarsan, elə bazardakı o yeməkxanada
çalıb-oxuyub pul qazanarıq. Ancaq mən orda
çalmağa utanırdım, bunu Yaquba da dedim. Qərara
aldıq ki, gedək Göyçaya. Bir az orda
çalıb-oxuyandan sonra ordan da baş aldıq Basqala.
Basqalın mərkəzində yekə bir çinar
ağacı vardı, altında da yeməkxana. Oranın
müdiri dedi ki, hər gün burda çalıb oxuyun, mən
də sizə hər gün adama bir piti verərəm.
Razılaşdıq. Hər gün orda mən
çalardım, Yaqub oxuyardı, o qədər adam
yığışardı ki, oturmağa yer olmazdı".
Sonra İsmayıllıya getdik, ordan da dikəldik Kürdəmir
sarıya. Konsert məkanımız hər yerdə yeməkxanalardı.
Çalıb-oxuyurduq, yeməkxana sahiblərinə sərfəli
idi ki, müştəriləri artırdı, bizimçün
münasib idi ki, havayı yeməyimizi verirlər, üstəlik
də, yeməkxanaya gələnlər cibimizə üçdən-beşdən
qoyurdu. Əslində çox adamın cibində heç zad
yox idi. Ancaq tək-tək də olsa, pul verənlər
tapılırdı, bu da bizə bəs edirdi. Ailəmizə
çörəkpulu aparırdıq, bizdən böyükləri
də, kiçikləri də dolandırırdıq".
Nə qədər ki müharibə gedirdi,
toy-düyünlər yoxdu, elə gözlərini dikdikləri
yer yeməkxanalar idi. Ancaq dava bitincə, oğullar əsgərlikdən
evlərinə qayıtmağa başladıqca gah o həyətdə,
gah bu məhəllədə şadlıq məclisləri
qurulurdu, artıq Yaqubla Habil də ad
çıxarmışdılar, deyib-gülüb şənlənmək
istəyənlərin yadına birinci onları dəvət etmək
düşürdü. Onları da qaraçı
uşaqları zənn edirdilər. Habil də, Yaqub da özləri
mənə bunu da söyləyiblər ki, qulağımız
eşidə-eşidə bizi qaraçı balaları kimi qələmə
verirdilər, canımızın dərdindən səsimizi
çıxarmırdıq ki, açıb-ağardarıq,
bizdən inciyərlər, dəvət də eləməzlər.
Ətraf rayonlardakı bu qastrollarından sonra
Ağdaşa qayıtmağı qət edirlər: "Anam
bizi həyəcanla, təşviş içərisində
qarşıladı ki, a bala, hardasınız?
Qulağımız dəng olub. Hər gün sizin
ardınızca gəlirlər, toya dəvət eləyirlər".
Əslində fikirləri bu imiş ki, Ağdaşa gələndən
sonra Yaqub bir neçə gün qalıb Qarabağa getsin,
Habil də, əvvəlki kimi, həm teatrda, həm musiqi məktəbində
işləsin. Ancaq "Sizi toylardan ötrü
axtarırlar" xəbərindən sonra ayrılmayaraq hələ
bir müddət də bahəm çalışmağa qərar
verirlər.
Bu minvalla Yaqubla Habil daha 3 il yoldaşlıq edirlər
və həmin müddətdə də Yaqub Habilgildə
yaşayır.
İndi gördünüzmü bədahətən
yarandığını düşündüyünüz
"Mənsuriyyə"ni araya-ərsəyə gətirməkçün
hazırlıqlar haçan başlayıbmış, necə
gedirmiş?!
...Habildə daimi bir etirazçılıq,
barışmazlıq vardı. O qədər ki, hətta hərdən-hərdən
özünə qarşı da qalxırdı, öz içərisinə
də sığmırdı. Yəqin, bu xasiyyətin sahibi
olmasaydı, çərçivələri qıraraq
özünün belə möhtəşəm və təkrarsız
sənət dünyasını da qura bilməzdi.
Ancaq bütün etirazçlığına, bir
çox hallarda hətta kəskin tənqidi
baxışlarına rəğmən, o, hesab edirdi ki, dedikləri
azdır, haqsızlığa qarşı daha uca səslə
danışmalı, əyər-əskiklərə
qarşı daha sərt olmalıdır. Ürəyi istəyən
kimi olmadığı üçün bəzən
özünə kinayə də edirdi.
Uşaqlıq illərinin, qardaşı Qabillə eyni
vaxtda Ağdaşda musiqi məktəbinə getdiyi günlərin
əhvalatını yada salırdı. Qabil tar sinfinə
gedirmiş, Habil kamança. Bir gün müəllim onlara
tapşırır ki, Ağdaşın kitab mağazasında
not dəftərləri, not əsərləri var, onlardan
alsınlar, növbəti dərslərdə lazım olacaq.
Atalarına deyirlər, o da alıb gətirir. Bir neçə
gün sonra işdən yorğun gələn ata
uşaqlarını çağırır ki, o gün mənə
kitablar aldırmışdınız, gətirin görək nə
öyrənibsiniz, necə çalırsınız. Əvvəl
Habil başlayır, birbarmaq-birbarmaq çətinliklə
çalır. Sonra Qabil tarı götürür, not
kitabını qoyur qarşısına, başlayır kitaba, səhifələrdəki
not yazılarına baxa-baxa sürətlə çalmağa:
"Atam başıma bir qapaz vurub dedi ki, fərsizin birisən,
görürsən qardaşın necə çalır, sən
niyə çalışmırsan, sən də elə
çalmağı öyrən! Deyə bilmədim ki,
qardaşım kitaba baxsa da, ağzına gələni
çalırdı. Qardaşımı satmayacaqdım ki! Məcbur
qalıb susdum, atamın mənə haqsız yerə cəza
verməsinə dözüb səsimi çıxarmadım.
Ancaq bir şey yaxşı oldu ki, heç olmazsa bunun sayəsində
haqsızlığa dözməyi öyrəndim".
Bu, Habilin daha bir kinayəsi idi.
Uşaqlığından barışmaz, dözməz, qəliblərə
sığmaz olmuşdu, sonacan da belə qaldı. Hərçənd
hər dəfə ondan "Necəsiniz?" soruşduğumda
"Hələ ki dözürəm" deyirdi, amma bu
cavabın özü artıq elə dözməmək demək
idi.
O, yolunun lap əvvəlindən elə azmanları
görmüş, elə ustadların tərbiyəsini
almışdı ki, yalnız saf, yüksək sənəti qəbul
edirdi və ülgülərdən hər növ sapmalara
qarşı güzəştsiz idi.
Habil haqq olduğuna inandığı
sözünü həmişə dedi. Səhnədən də,
efirdən də, dost-tanış arasında da. Buna görə
başının ağrıdığı da oldu, əziyyət
çəkdiyi də. Bu xasiyyətinə görə ondan
inciyənlər də tapıldı, küsənlər də,
ona yağı kimi baxanlar da. Ancaq neyləməli ki, başqa
cür ola bilmirdi. Başqa cür olsaydı, o, Habil də
olmazdı, bu cürə çala da bilməzdi.
26 oktyabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 6 noyabr,№(204).- S.10-11;12.