Dünya və dağlar
Könlüm pərvaz edər hərdən dağlara,
Xəyalım zirvədən-zirvəyə qalxır.
Qonar qartal kimi qayalıqlara,
Dağların gözüylə dünyaya baxır.
Nahaq başlamadım sözü dağlardan,
Dağlar bu dünyanın gerçək
üzüdür.
Min bir xəbəri var ötən çağlardan,
Dağlar dünyamızın sirli sözüdür.
Saysızdır dünyada silsilə dağlar,
Dağlara söykənib yaşayır dünya.
Çox ağır olsa da, o başı qarlar,
Yükünü həvəslə daşıyır
dünya.
"Şübhə var insanın yaranmasına",
Sübutu ən qədim mağaralardır.
Bu gün insanlığın qorunmasına
Yenə ana zəmin o sərt dağlardır.
Çoxdur Vətənimdə uca dağlarım,
Şahdağım, Kəpəzim, Savalanım var.
Sərin yaylaqlarım, buz bulaqlarım
Onlarda məlhəmim, can dərmanım var.
Gözəldir yaşamaq dağlar qoynunda,
Təmizdir havası, safdır suları.
Məğrur bir duruş var uca boyunda,
Oyadır insanda pak duyğuları.
Fərqi yox - quruda, ya da sularda,
Yerin hər yanında var o dayaqlar.
Heç zaman qoymazlar insanı darda,
Bəşərin ümidi, dayağı dağlar.
Yəqin ki, o dağlar var olmasaydı,
Bu qədər yaşamaz, sönərdi dünya.
Uca zirvələrdə qar olmasaydı,
Cansız səhralığa dönərdi dünya.
Gəzmək istəyirəm bütün
dünyanı...
Dünyanı dolaşmaq keçir könlümdən,
Bilmirəm, çatarmı buna imkanım.
İllər baş götürüb gedir
ömrümdən,
Daralır durmadan vaxtım-zamanım.
Gəzmək istəyirəm bütün
dünyanı,
Qitələr boyunca, ölkəbəölkə.
Keçmək istəyirəm neçə
ümmanı,
Könlüm rahatlanıb sevinə, bəlkə.
Qədimdən qədimdir Yunan ölkəsi,
Möhtəşəm Afina, onun dağları.
Çoxdur o diyarın gözəl bölgəsi,
"Olimp çələngi"dir zeytun
bağları.
Misir - möcüzəli, sirli bir dünya,
Açmayıb sirrini Piramidalar.
O yerlər mənimçin şirin bir röya,
Necə ucaldılıb o daş odalar?
Hindistan məşhurdur məbədləriylə,
Yurdudur qənirsiz gözəllərində.
Kaş tanış olaydım dağ kəndləriylə,
Gəzəydim o geniş düzənlərində.
Həm imkan sarıdan, həm baxt sarıdan
Nəsibim olaydı "Çin səddi"n
aşmaq.
Görəydim, çətinmi uca barıdan
Adlayıb o yurdu gəzib-dolaşmaq?
Dünyanı dolaşmaq keçir könüldən,
Gəzəm yaxınında, uzaqlarında.
Keçəm Afrikanın isti çölündən,
Üşüyəm Arktika buzlaqlarında.
Qorxağın
Həyat yollarında büdrəyib çaşar,
İçində boğular sözü
qorxağın.
Özündən güclüyə məhiyyə
qoşar,
Daim qıpıq olar gözü qorxağın.
Dostuna kəc baxar, düşmənə gülər,
Yadları özünə "dost-yaxın" bilər,
Əyilib namərdin çəkməsin silər,
Bir zərrə utanmaz üzü qorxağın.
İgidlik, cəsarət ondan uzaqdır,
Alçaq təpələr də gözündə
dağdır,
Qorxu gecə-gündüz ona qonaqdır
Əsər bərk ayaqda dizi qorxağın.
Dar gündə irəli atılan deyil,
Barıtsız güllədir, açılan deyil.
Qalxıb düşmənindən öc alan deyil,
Dəyməz bir igidə yüzü qorxağın.
Tapılmaz ruhunda əzm, dəyanət,
Qorxaqlıq üzündən edər xəyanət.
Dünyadan qorxuyla gedər, nəhayət,
Silinər hər yerdən izi qorxağın.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet.- 2024.- 7 noyabr,№(205).- S.15.