Cəsur komandir

 

Vətənin hər qarış torpağını canından əziz bilən, onun uğrunda şəhidlik zirvəsinə ucalan minlərlə qəhrəman oğullardan biri də Həsənağa Şakir oğlu Abdullazadədir. 9 mart 1993-cü ildə Lənkəran şəhərində andan olan bu igidimiz 27 yaşında tarix yazıb şəhidlik zirvəsinə ucaldı. Adı milyonların qəlbində yaşamaqla, özündən artıq sevdiyi Vətən səmasının parlaq günəşinə  çevrildi. Gələn nəsillərə yadigar qoyduğu bir də 3-cü dərəcəli  "Rəşadət" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları oldu.

Həsənağa Abdullazadə uşaqlıqdan hərbçi olmaq arzusuna düşür. Səkkizinci sinifdən sonra Cəmşid Naxçivanski adına Hərbi Liseyinə daxil olur. Burada nizam-intizamı, oxuyub-öyrənmək həvəsi Həsənağanı hamıya sevdirir. 2010-cu ildə liseyi başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. 2013-cü ildə kursant Həsənağa Abdullazadə "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi" yubiley medalı ilə təltif olunur.

H.Abdullazadə 2014-cü ilin iyul ayında Ali Hərbi məktəbi yüksək səviyyədə başa vurub leytenant  rütbəsini alır. Daha sonra bir il oxuduğu Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit kursunu da fərqlənmə ilə bitirir.

Həsənağa Abdullazadə Gədəbəyin ən ucqar bölgəsi olan "Qoca Dağ"a yollanır, ön xətdə motoatıcı  taqım komandiri vəzifəsində hərbi xidmətə başlayır. Bir il sonra, 2017-ci ildə bölük komandiri təyin edilir, ona baş leytenant rütbəsi verilir, "Azərbaycan Ordusunu 100 illiyi" yubiley medalı ilə təltif olunur,  Fəxri fərmanlara layiq görülür.

Həsənağa Abdullazadə Vətən müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun qərargah rəisi vəzifəsinə göndərilir. Hansı vəzifədə olmasına baxmayaraq,  onun qəlbi Vətən, torpaq sevgisi ilə döyünür, bütün tapşırıqları  vaxtında və yüksək keyfiyyətlə yerinə yetirir. Həm də xoş ünsiyyəti, yüksək mədəniyyəti, işıqlı təfəkkürü onu zabitlərin, əsgərlərin sevimlisinə çevirir...

Cəsur komandir baş leytenant H.Abbdulazadənin intizarla gözlədiyi İkinci Qarabağ müharibəsində şərəfli döyüş yolu Murovdan, Kəlbəcərdən, Ağdərədən keçir. Döyüş meydanında ona qol-qanad verən, qələbəyə doğru aparan doğma Azərbaycanına halal sevgisi, yağı düşmənə sonsuz nifrəti olur. O, həmişə cəsarətlə döyüşlərin önündə gedir. Düşmənə qan udduran igid komandir Murov yüksəkliyi uğrunda gedən savaşda ayağından yaralansa da, döyüşdən qalmır, Kəlbəcər uğrunda gedən döyüşdə düşmənə qarşı son damla qanına qədər vuruşub şəhidlik zirvəsinə ucalır. Beləcə, Vətən sevgisindən yoğrulmuş həyatı səhidlik zirvəsində vətənləşir.

Ruhu şad olsun!..

 

Zəfər ORUCOĞLU

525-ci qəzet.- 2024.- 7 noyabr,№(205).- S.14.