Təbiətə bağlı ömür

 

Yaxşı yadımdadır, Gəncə Dövlət Aqrar Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-ekoloq Bəxtiyar Hüseynovun "Azərbaycan təbiəti", "Dünən, bu gün, sabah", "Qarabağın təbiəti və  ekologiyası" kitablarının təqdimetmə mərasimi keçirilirdi. İstər müəllimlərdən, istərsə  də tələbələrdən çıxış edənlər çox idi. Hamının yekdil fikri bu idi ki, hər iki kitabda  müəllif dünyada Azərbaycan təbiətinin  bənzərsizliyi, zəngin flora və faunaya malik olduğunu diqqətə çatdırmaqla bərabər, həm də təbiətimizin ekoloji tarazlığının pozulmasına gətirib çıxaran yaralarını da təfərrüatları ilə ortaya qoyub. Universitetin rektoru, akademik İbrahim Cəfərovun yazıçının ünvanına söylədiyi fikirləri indiki kimi xatırlayıram. O dedi: "Akademik Həsən Əliyevdən sonra Azərbaycan təbiətşünaslığında nədənsə bir boşluq yaranmışdı. Doğrusu, təbiətimizin gələcəyi üçün  narahatlıq keçirirdim. Axı, Həsən Əliyev  təbiətşünaslıq elminə sanballı töhfə verməklə kifayətlənmirdi, eyni zamanda, ekosistemin pozulmasına qarşı barışmaz mövqedə durur, həyəcan təbili çalırdı. Sevinirəm ki, bu gün böyük alimin yolunu davam etdirən var. Bu, bir çox elmi-publisistik kitabların müəllifi Bəxtiyar Hüseynovdur".

Akademik İbrahim Cəfərovun sözlərində böyük həqiqət vardı. Bəxtiyar  üçün Vətən təbiətdən, təbiət isə Vətəndən başlayır. Təbiət sevgisi, yanğısı bəlkə də ona Azərbaycan təbiətinin patriarxı sayılan akademik Həsən Əliyevin  müəllifi olduğu və dönə-dönə oxuduğu, mütaliə etdiyi kitablarından gəlir. Bəlkə  də ana südüylə, ana laylası ilə ürəyinə  axıb, qanına keçib. Əgər belə olmasaydı,  Bəxtiyar "Təbiət layla çalır" adlı yazdığı bir şeirdə ana təbiətin də layla çaldığına və bu laylayın quşların cəh-cəhi, ağacların pıçıltısı, şəlalələrinə kövrək səsi, küləyin uğultusu, çayların və bulaqların  şırıltısı... ilə bizə çatmasına poetik don  geydirməzdi. Əgər belə olmasaydı, təbiət hər gün onu öz dostu kimi ecazkar qoynuna çağırmazdı.

Bəxtiyar özü də ecazkar təbiətə malik Sinovlu kəndində dünyaya göz açıb. Lənkəranın ucqar yaşayış məskəni olan bu kənd özünü dağlara söykəyib, həm də böyük ziyalı potensialına malikdir. Bəxtiyarın dediyinə görə, atası Baloğlan kişi ailəsində hər dəfə bir övlad həyata göz açanda həyətlərində bir ağac əkərmiş. Bəxtiyarın öz bəxtinə isə çox sevdiyi dəmirağacı düşüb. Sonradan həyətində meyvə ağacları ilə bərabər, dünyanın heç yerində təsadüf olunmayan, dünya ekoloqlarının diqqətini cəlb edən, yalnız Lənkəranı özünə məskən seçən dəmirağaclarının sayını artırıb...

...Onda Bəxtiyar hələ orta məktəbdə  oxuyurdu. O, bir gün Məktublar şöbəsinin  müdiri işlədiyim "Leninçi" (indiki "Lənkəran") qəzeti redaksiyasına gəldi. "Tənqidi bir məktub gətirmişəm, - dedi - Yollarımız bərbad vəziyyətdədir. Hətta məktəbə gedə bilmirik. Yolların ətrafındakı  ağacları da kəsib odun kimi satırlar". Həmin məktubu "Abadlıq yoldan başlanır" adı ilə qəzetin növbəti nömrəsində dərc etdik. Sonralar tənqiddən nəticə çıxarmaq, kənd yolunu abadlaşdırmaq əvəzinə haqlı tənqidə görə məktəblinin gözümıxdıya salındığını, təzyiqlərə məruz  qaldığını gördük. Təbii ki, redaksiya onun müdafiəsinə qalxdı və problem öz  həllini tapdı...

Demək istəyirəm ki, hələ uşaq ikən  təbiət sevgisi Bəxtiyarın qanına, sümüyünə işləyib. Təbii ki, zaman gözləmir. Quş  qanadlı illər sürətlə ötüb keçdi. Ana təbiətə bağlılıq onun bütün varlığına hakim kəsildi. Daha təbiətin sadəcə seyrçisi, vurğunu deyil, ixtisaslı, peşəkar ekoloqa çevrildi. Artıq 20 ildən çoxdur ki, həm təbiətin yaralarına məlhəm qoyur, həm də onu təbliğ edir. Müntəzəm olaraq teleekranlarda çıxışları səslənir, respublika mətbuat səhifələrində publisistik  məqalələri dərc olunur.

Bəxtiyar eyni zamanda Azərbaycan  Təbiətşünaslığına töhfə kimi bir çox fundamental kitabların müəllifidir. "Heydər Əliyev və Azərbaycan təbiəti", "Azərbaycan təbiəti: Dünən bu gün və sabah", "Təbiətin qızıl tacı", "Qarabağın təbiəti  və ekologiyası", "İnsan təbiətlə nəfəs  alanda..." və  s. elmi-publisistik kitablarını buna misal göstərmək olar.

Yuxarıda qeyd etdik ki, Bəxtiyar Hüseynov təkcə öz işini ekoloji maarifləndirmə və təbliğatla məhdudlaşdırmır. O, həm də ekologiyanın, doğma təbiətin döyüşən əsgəridir. Axı, məlum olduğu kimi  Cənub təbiəti öz füsunkarlığı, bənzərsizliyi ilə həmişə diqqəti cəlb edib. Təsadüfi deyil ki, bir tərəfi əsrlərin şahidi  qocaman Talış dağları, digər tərəfi Mavi Xəzərlə əhatələnən bu təbiət məşhur  ekoloq-alimlərin, tədqiqatçıların, səyyahların və böyük turist axınının ünvanına  çevrilib. Elə buna görə də ixtisaslı ekoloqun qənaətinə görə, ecazkar təbiətimizi mühafizə etmək və gələcək nəslə çatdırmaq təkcə ekoloqların deyil, bütün sakinlərin ümdə vəzifəsi olmalıdır. Axı, təbiət bizə həyat, sağlamlıq bəxş edəndə, səxavət göstərəndə, heç də ayrı-seçkiliyə yol vermir. Hamını bir gözdə tutur. Elə buna görə də onun qorunub gələcək nəslə çatdırılmasında hər kəsin öz payı olmalıdır.

Bəxtiyar Hüseynov həm elmi-publisistik, həm də bədii yaradıcılıqla paralel  məşğul olur. Dəfələrlə Lənkəranda, Gəncədə, Astarada və respublikanın digər  rayonlarında yazıçı-ekoloqla görüşlər keçirilib, "Heydər Əliyev və Azərbaycan  təbiəti", "Təbiətin qızıl tacı", "Hirkandan dünyaya uzanan yollar", "İnsan təbiətlə  nıfəs  alanda..." və s. kitablarının təqdimetmə mərasimləri keçirilib...

Yazıçı-ekoloq nədən yazırsa yazsın, ekologiyanın ön plana çəkir. Başqa sözlə desək, təbiət sevgisi qırmızı xətt kimi onun yaradıcılığından keçir. B.Hüseyovun yenicə işıq üzü görmüş "Yaşıl  dünya naminə" kitabı da adından göründüyü kimi, ekoloji mövzuda qələmə alınıb. Başqa kitablarından fərqli cəhəti budur ki, oxucuların mühakiməsinə verilən yeni kitabı möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamına əsasən həyata vəsiqə olan 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində  Bakıda keçiriləcək COP-29 Beynəlxalq  sammitinə hazırlıqla əlaqədar ölkəmizdə  görülmüş işlərə, qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycanın ekoloji təcrübəsinə həsr olunub.

Bəxtiyar Hüseynovun sayca 14-cü kitabı olan "Yaşıl dünya naminə"nin Lənkəranda baş tutan təqdimetmə mərasimi  rayonun həyatında daha çox yadda qalan hadisəyə çevrildi. Millət vəkillərinin, tanınmış alim-ekoloqların, rayon rəsmilərinin və ziyalıların iştirak etdiyi bu tədbirdə müəllifin zamanın nəbzini tutan  publisistik yaradıcılığı, kitabın mövzu aktuallığı, gənc nəslin ekoloji maariflənməsinə yeni töhfə ilə bağlı dəyərli fikirlər səsləndi.

Milli Məclisinin Səhiyyə Komitəsinin  sədr müavini Rəşad Mahmudov "Yaşıl  dünya naminə" kitabı təbiətşünaslıq elminə töhfə olmaqla bərabər, həm də  ekoloji maariflənmə baxımından növbəti yaradıcılıq uğuru olduğunu bildirdi: "Hesab edirəm ki, müəllif bu kitabla cənab  Prezidentin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ilə əlaqədar imzaladığı sərəncamına vaxtında verdiyi mənəvi dəstəkdir. Eyni zamanda kitabda "Yaşıl dünya naminə həmrəylik  ili"ndə Bakının ev sahibliyi edəcəyi COP-29 Beynəlxalq sammitinə hazırlıqla əlaqədar həyata keçirilən kompleks tədbirlər və görülən işlər də yer alıb. Müəllif həmçinin bəşəriyyətə çağırış edərək dünyada ekoloji tarazlığın pozulmasından doğan fəsadlarla bağlı haqlı narahatlığını bildirir və yaşıl dünya naminə bütün səylərin birləşdirilməsini həmişəkindən daha vacib sayır. Təbii ki, bütün bunlar həyati faktlarla diqqətə çatdırılır".

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli qeyd etdi ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtiyar Hüseynov ixtisasca ekoloq olmaqla bərabər, həm də tanınmış yazıçıdır: "Onunla istər Lənkəranda, istərsə də rayon xaricində keçirilən əksər görüşlərdə və kitablarının təqdimetmə mərasimlərində iştirak etmiş, bir ekoloq, yazıçı kimi ünvanına deyilən xoş sözlərin şahidi olmuşam. Bu gün isə yazıçı-ekoloqun "Yaşıl dünya naminə" yeni kitabının təqdimat mərasimində iştirak edirəm. Müəllif yaradıcılıq ənənəsinə sadiq qalaraq bu kitabında da ekoloji mövzuya müraciət edib. Yalnız fərq bundadır ki, "Yaşıl dünya naminə" təkcə ölkəmizin deyil, narahat dünyamızın ekoloji problemlərinə həsr olunub, hansı ki, qarşıda Bakının ev sahibliyi edəcəyi COP-29 Beynəlxalq sammitində dünya xalqları bu problemlərin həlli üçün bir araya gələcəklər. Müəllif eyni zamanda göstərir ki, təbiətə münasibətdə ölkəmizin xüsusi təcrübəsi  var. Təbiətə davamlı diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsidir, başqa sözlə desək, onun mühafizəsi ümumxalq işinə çevrilib".

Qeyd edək ki, Bəxtiyar Hüseynovun poetik yaradıcılığında təbiət mövzusu mühüm yer tutur. Bu mövzuda yazdığı şeirlər "Dəniz ömrü yaşayıram", "Təbiət laylay çalır" kitablarında toplanıb.

Bütün ömrünü təbiət qoynunda keçirən, hələ uşaqlıqdan onun ana laylasını dinləyən, yaşa dolduqca təbiət sevgisi ilə yaşayan və nəhayət ixtisaslı ekoloq kimi ətraf mühitin mühafizəsində nəinki fəallıq göstərən, həm də publisistikasında, kitablarında, teleekranlarda, tədbirlərdə onu təbliğ edən, əhalinin ekoloji maariflənməsinə böyük önəm verən Bəxtiyar Hüseynov gözləməzdi ki, bu tezlikdə yaşın altmış beşi qapısını döyəcək və deyəcək ki, gəlmişəm, gənclik eşqi ilə işləyib yaşasan da, məni qəbul elə, əgər təbiət sənə sağlam həyat bəxş edirsə, mən də yaşına, yaradıcılığına müdriklik gətirmişəm...

Bəli, yazıçı-ekoloq 65-in zirvəsindən geri boylananda heç də narahatlıq keçirmir. Çünki yaşanan illərin hər biri isə ona ucalıq gətirib...

 

Xudaverdi CAVAD

"Respublika həyatı" qəzetinin baş redaktoru

525-ci qəzet.- 2024.- 7 noyabr,¹(205).- S.13.