"Azad edilmiş ərazilərimizdəki mina təhdidləri
Böyük Qayıdışa əngəl törədir"
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada
əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib. Azərbaycan
Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata
görə, 5657.7 hektar ərazi minalardan təmizlənib. Minatəmizləmə
əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət həyata
keçirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan
dünyada mina problemindən ən çox zərər çəkən
ölkələrdəndir. Ermənistan məqsədli şəkildə
yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq
işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara
maksimum zərər yetirmək məqsədilə minalardan
istifadə edir: "Təkcə keçmiş təmas xətti
boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə
minalama işləri aparılıb. Məsələn, qəbiristanlıqlara,
evlərə gedən yolda minaların basdırılması
göstərir ki, məqsəd insanların öldürülməsidir".
H.Hacıyev qeyd edib ki, Ermənistan məqsədli
şəkildə mina terrorunu həyata keçirib: "Təqdim
olunan xəritələr isə effektiv deyil və real vəziyyəti
əks etdirmir. Ona görə də belə hallara görə
Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın
isə ərazilərin minalardan təmizlənməsi ilə
bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi
köçkünlərimizin layəqətli və təhlükəsiz
şəkildə işğaldan azad olunmuş ərazilərə
köçməsi istiqamətində işlər
aparılır".
Millət vəkili Sevinc Fətəliyeva bildirir ki, Azərbaycan
dünya miqyasında mina terrorundan ən çox əziyyət
çəkən ölkələrdən biridir. Ermənistan
30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə
1.5 milyondan çox mina yerləşdirib. Ölkəmizin ərazisinin
12 faizi minalarla və partlamamış sursartlarla çirklənib.
Bu, kənd təsərrüfatı üçün
yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu faktlar sübut edir
ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin
ayrılmaz tərkib hissəsidir. Müharibədən sonra
xeyli ərazilər minalardan təmizlənib: "Lakin
reallıq bundan ibarətdir ki, minatəmizləmə işi
uzun müddət tələb edən prosesdir. Bunun nəticəsidir
ki, müharibə artıq 4 ilə yaxındır bitsə də,
mina qurbanlarının sayı getdikcə artır. Bunun əsas
səbəbləri sırasında Ermənistanın Azərbaycan
ərazisində basdırdığı minaların dəqiq xəritələrini
təqdim etməməsi, keçmiş təmas xəttinin
arxasında yerləşən yollara, qəbiristanlıqlara,
mülki təyinatlı obyektlərə tələ xarakterli
minalar yerləşdirməsidir. Onu da qeyd etmək
lazımdır ki, 2020-ci ildən 2023-cü ilə qədər
ermənilər tərəfindən yeni minalanmış zonalar
yaradılıb, Azərbaycanın ərazisinə minalar
basdırılıb. Bunun məsuliyyəti Ermənistanın
üzərinə düşür".
Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin
qarşısında dayanan əsas vəzifələrdən
biri 30 illik erməni işğalı zamanı vəhşicəsinə
dağıdılmış yurd yerlərimizi bərpa etmək,
həmin şəhər və kəndlərə yenidən həyat
verməkdir. Lakin Ermənistanın törətdiyi cinayətlər
sırasında ərazilərimizin kütləvi minalanması
hələ də ən böyük təhdidlərdən biri
kimi qalması Böyük Qayıdış proqramına,
keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıtmasına əngəl törədir:
"Dövlət tərəfindən minaların təmizlənməsi
sahəsində böyük işlər görülür.
Minatəmizləmə ən müasir və qabaqcıl
texnologiyalardan istifadə edilməklə, əsasən də
daxili resurslar hesabına həyata keçirilir. Bu gün
işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı
bərpa edən və yenidən quran Azərbaycan mina
probleminin həllinə də böyük vəsaitlər sərf
etmək məcburiyyətindədir".
Millət vəkili Fatma Yıldırım bildirib ki,
Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər
sırasında ərazilərimizin kütləvi minalanması
hələ də ən böyük təhdidlərdən
biridir. Vətən müharibəsi başa çatdıqdan
sonra 380-dən çox vətəndaşımızın mina
terrorunun qurbanı olması bizi çox üzür: "Ermənistan
ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq
xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi
25 faizdir. Dövlət tərəfindən minatəmizləmə
sahəsində böyük işlər görülür. Bu
işlərlə məşğul olan şəxslər həqiqətən
də qəhrəman, fədakar və qorxmaz insanlardır.
Çünki onlar doğma Qarabağımızı və
Şərqi Zəngəzuru mina terrorundan təmizləmək
üçün öz canlarını təhlükəyə
atıblar. Müzakirə etdiyimiz qanun layihəsi minatəmizləmə
sahəsində görülən işlərin daha da təkmilləşməsinə,
bu işlərin sürətlənməsinə öz töhfəsini
verəcək".
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda
minatəmizləmə fəaliyyəti dünyada mövcud olan
ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə
həyata keçirilir: "Minatəmizləmə fəaliyyətimizin
mütləq hissəsi ölkəmizin daxili resursları
hesabına aparılır, xaricdən gələn dəstəyin
həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin
minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan
daha fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq
təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri,
insan haqlarının müdafiəsi ilə məşğul
olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina
terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar
əməllərini pisləməlidirlər. Bütün
silahların, o cümlədən, minaların tərkibindəki
toksidlər illərlə torpağı və suyu zəhərləyir.
Yəni mina problemi təkcə bu günümüz
üçün deyil, gələcəyimiz üçün də
təhdiddir".
ANAMA-nın İdarə Heyəti sədrinin birinci
müavini Bəhruz Məmmədov deyib ki, ilkin qiymətləndirmələrə
əsasən işğaldan azad edilmiş ərazilərdə
hazırda 1 milyon 167 min hektara yaxın təhlükəli sahə
var: "İşğaldan azad edilmiş ərazilərdə
elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina
olmadığını və çirklənmədiyini əminliklə
söyləsinlər. Bu günə qədər 166 min hektarda,
ümumi ərazilərin 14,2 faizində təmizləmə
aparılıb. Dörd il əldə olunan bu faiz göstəricisi
prosesin hələ çox davam edəcəyini deməyə əsas
verir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu
Nağıyev də Azərbaycanın dünyada mina problemindən
ən çox əziyyət çəkən ölkələrdən
biri olduğunu deyir. Ərazimizin təxminən 12 faizi Ermənistan
tərəfindən mina və partlamamış hərbi
sursatlarla çirkləndirilib: "Ermənistan minalardan təkcə
hərbi məqsədlər üçün deyil, mina terroru həyata
keçirmək üçün də geniş şəkildə
istifadə edib. 44 günlük Vətən müharibəsi
başa çatandan indiyədək əksəriyyəti
mülki şəxs olan vətəndaşlarımızın
minaların qurbanı olub".
Arzu Nağıyevin sözlərinə əsasən, təməli
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə qoyulan humanitar minatəmizləmə prosesi Azərbaycanın
dövlət siyasətinin əsas prioritetlərindən biridir
və 1998-ci ildə yaradılan Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA bu
istiqamətdə böyük işlər görüb.
Qeyd edək ki, bu günlərdə parlament tərəfindən
"Minatəmizləmə haqqında" qanun layihəsini
birinci oxunuşda təsdiqlənib. Qanun layihəsi 3 fəsil
14 maddədən ibarətdir. Birinci fəsildə istifadə
olunan əsas anlayışların mənaları, qanunun tətbiq
dairəsi müəyyən edilib. İkinci fəsildə mina əleyhinə
fəaliyyət sahəsində dövlət siyasətinin
istiqamətləri, minatəmizləmə fəaliyyətinin
subyektləri və bu fəaliyyətə dair tələblər,
təhlükəli ərazilərdə minatəmizləmə
fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə
fəaliyyətində keyfiyyətə nəzarət və s.
məsələlər öz əksini tapıb.
Üçüncü fəsildə isə yekun müddəalar
müəyyən olunub.
Qanun layihəsinə əsasən, qeyri-texniki və
texniki tədqiqat zamanı toplanılmış, həmçinin
dövlət orqanlarından, fiziki və ya hüquqi şəxslərdən
daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında
səlahiyyətli qurum təhlükəli ərazilərə
dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə
tutulan informasiya sisteminə daxil edir.Təhlükəli ərazidə
minatəmizləmə fəaliyyətinə başlanması
barədə icraçı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi quruma, dövlət sərhədinin
mühafizəsi aparılan təhlükəli ərazilərdə
minatəmizləmə fəaliyyəti həyata keçirilərkən
isə həmçinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi quruma 5 iş
günü əvvəlcədən sifarişli poçt
göndərişi vasitəsilə və ya elektron qaydada məlumat
verməli və bu ərazilərdə minatəmizləmə
fəaliyyəti həmin qurumla qarşılıqlı əlaqədə
həyata keçirilməlidir.
Qanun layihəsinə görə, aşkar edilmiş
partlayıcı sursatların zərərsizləşdirilməsi
və məhv edilməsi tələblərə və standart əməliyyat
prosedurlarına uyğun olaraq həyata keçirilir.
Partlayıcı sursatların zərərsizləşdirilməsi
və ya yerləşdiyi ərazidən
çıxarılması mümkün olmadıqda onlar həmin
ərazidə məhv edilir. Zərərsizləşdirilmiş
və yerləşdiyi ərazidən
çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik
qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə
ayrılmış yerlərdə məhv edilir.
Partlayıcı sursatların məhv edilməsi zamanı
partlayışla əlaqədar ərazi üzərində
hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin
təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qurum tələblərə
uyğun olaraq azı 3 iş günü əvvəlcədən
rəsmi qaydada məlumatlandırılmalıdır.
Arzu Nağıyev vurğulayıb ki, yeni qanun layihəsi
də minatəmizləmə prosesinə ciddi təkan verəcək.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 7 noyabr,№(205).- S.11.