“Böyük Qayıdış üçün bütün zəruri imkanlar səfərbər edilib”

“BU PROSESİN HƏR MƏRHƏLƏSİ “QARABAĞ AZƏRBAYCANDIR!” HƏQİQƏTİNİN NÖVBƏTİ TƏSDİQİDİR”

 

Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən keçən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş quruculuq layihələri uğurla həyata keçirilib və bu nəhəng proses müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan dövlətinin prioritet istiqamət kimi yanaşması nəticəsində uzun illər öz doğma ev-eşiklərindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin Böyük Qayıdışını şərtləndirən bu işlər əzəli torpaqlarımızın yenidən dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Əsas hədəf isə məcburi köçkünlük həyatı ilə vidalaşanlar üçün ən müasir standartlara uyğun yaşayış şəraitinin yaradılması, onların qısa vaxtda təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Komitə tarixi zəfərimizdən sonrakı fəaliyyət istiqamətlərində keçmiş məcburi köçkünlərin qeydiyyatının və miqrasiyasının tənzimlənməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi ilə yanaşı, həm də onların öz doğma yurdlarına qayıdışının səmərəli təşkili, bərpa edilən, yenidən salınan şəhər və kəndlərimizə köçürülməsi, icma əsaslı reinteqrasiyaya cəlb olunması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi aparıcı yer tutur. 2023-cü ilin 19-20 sentyabrında 24 saatdan da az müddətdə davam etmiş lokal antiterror tədbirləri isə Qarabağın hər bir guşəsində dövlətimizin suverenliyinin tam təmin olunması ilə nəticələnib və bununla da qayıdış prosesinin coğrafiyasının genişləndirilməsinə şərait yaranıb. Genişmiqyaslı bir proses olan Böyük Qayıdış işğaldan azad edilmiş ərazilərin ümummilli iqtisadiyyata reinteqrasiyası ilə yanaşı, Prezidentin müvafiq sərəncamına əsasən, ölkəmiz qarşısında duran 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biri kimi qəbul edilib. Bu milli prioritetin təmin edilməsi məqsədilə və 2022-2026-cı illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uyğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. Beşillik müddəti əhatə edən həmin dövlət proqramı çərçivəsində 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub.

Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması prioritet istiqaməti üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra mühüm vəzifələr qoyulub. Belə ki, tədbirlər planına uyğun olaraq komitə 5 fəaliyyət növü üzrə əsas, 12 fəaliyyət növü üzrə isə əlavə icraçı qurum kimi müəyyənləşdirilib. Komitənin vəzifələri sırasına keçmiş məcburi köçkünlər arasında aparılan sosioloji sorğular əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, onların yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, həmçinin əhalinin yeni yaşayış şəraitinə adaptasiyası məqsədilə reinteqrasiya tədbirlərinin təşkilinin icrası daxildir. Bundan başqa, geri qayıdan əhaliyə dəstək üçün xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb.

Qeyd olunub ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında daimi məskunlaşdırılması zamanı nəzərə alınan prinsiplərə gəldikdə isə, Prezident tərəfindən verilən göstərişə əsasən, ilk növbədə, hər bir yaşayış məntəqəsi üzrə ağır şəraitdə yaşayan yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış ailələrin köçürülməsi diqqətdə saxlanılır. Köçürülməyə hazır olan yaşayış məntəqələri üzrə həmin yerin sakinləri arasında sorğular keçirilir, hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılır, onların qayıdışı ilə bağlı razılaşma protokolu imzalanır. Burada əsas məqsəd planlaşdırmanı daha səmərəli təşkil etməkdir.

Millət vəkili Hikmət Babaoğlu bildirir ki, ərazilərimiz azad edildikdən sonra həmin torpaqlarda çox nəhəng, möhtəşəm layihələrin davam etdirilməsi çox mühüm reallıqdır. Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, Böyük Qayıdış uğurla davam edir. Məqsəd, əlbəttə ki, az qala əsrin üçdə biri müddətində Ermənistanın işğalı altında qalan və Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin tam şəkildə qayıdışı və firavan yaşayışının təmin edilməsidir: “Böyük Qayıdış Azərbaycan xalqının 30 illik arzularının reallaşmasıdır. Bu proses göstərdi ki, Azərbaycan necə böyük işlərə qadirdir. Qısa müddətdə bütün dünyaya göstərdik ki, erməni işğalçıları tərəfindən dağıdılmış yurd-yuvalarımızı, kəndlərimizi, şəhərlərimizi necə yenidən qurmaq olar və necə böyük sevgi ilə o torpaqlara qayıtmaq olar.

O torpaqlarda doğulmayan, orada böyüməyən gənclərin necə böyük həvəslə, məhəbbətlə həmin kəndə və şəhərlərimizə qayıtmasının göstəricisidir. Şübhəsiz ki, bu proses davam edir və hələ uzun müddət də davam edəcəkdir. Ona görə də intensiv qayıdış artır çox yaxın görünür və önümüzdəki mərhələdə baş tutacaq. Bu proses bütövlükdə kompleks şəkildə həyata keçirilən bir siyasətdir. Azərbaycan respublikasının proqramı var. 2026-cı ilə qədər 26 min ailənin köçürülməsi nəzərdə tutulub. Növbəti mərhələdə qayıdışla bağlı daha intensiv formada işlərin şahidi olacağıq".

Millət vəkili deyir ki, işğaldan azad edilən ərazilərimizdə minaların təmizlənməsi sürətlə və ardıcıllıqla həyata keçirilir.

“İnfrastrukturun yaradılması, yəni yolların çəkilməsi, enerji təminatının və təsisatının, yaşayış üçün evlərin tikilməsi, inşaat işlərin həyata keçirilməsi, körpülərin salınması, hava-nəqliyyat kommunikasiyalarının yaradılması Böyük Qayıdışın əsaslarından biri idi. Bu gün demək olar ki, artıq yol, nəqliyyat, kommunikasiya infrastrukturunun yaradılması prosesi başa çatdırılır”.

Siyasi təhlilçi Sona Əliyeva bildirib ki, tarixi ədalətin bərpası, keçmiş məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı hələ 2017-ci ildən başlayıb: “O zaman işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə onlarla ailə köçürülmüşdü. Sonra 44 günlük savaş baş verdi və Azərbaycan öz ərazilərini yağı tapdağından azad etdi. Cəmi bir il sonra 30 illik həsrətin son nöqtəsi kimi məcburi köçkünlərin öz ata yurdlarına böyük qayıdışı başladı. Həmin proses bu gün də davam edir. Özü də proses olduqca sürətli şəkildə aparılır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi prosesdir. Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri sürətlə gedir. Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün zəruri imkanlar səfərbər edilib.

Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi prosesi həyata keçirilir. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək. Böyük Qayıdış sürətli inkişafımızın açarı deməkdir. Böyük Qayıdışın hər mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin növbəti təsdiqinə çevrilir. Son vaxtlar keçmiş məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə geri dönüşü barədə tez-tez mətbuatda xəbərlərə rast gəlirik. Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə də proses sürətlə davam etməkdədir".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2024.- 8 noyabr,¹(206).- S.23.