Mariyanın yuxusu
Artıq əminəm, Fateh İstanbulun “sirlər xəzinəsidir”.
Bu səmti nə qədər gəzirsən gəz, nə qədər
araşdırırsan araşdır, yenə də səni təəccübləndirəcək,
çaşbaş qoyacaq bir şeylə
qarşılaşacaqsan. Ərazi elə bil rus
matryoşkasıdır, açdıqca içindən nəsə
çıxır. Bu günlərdə Fatehdə “Ayın
biri” adlı kilsə olduğunu öyrəndim. Adı diqqətimi
cəlb elədiyi üçün dərhal
araşdırdım. Əvvəlcə öyrəndiyim məlumatlara
inanmaq istəmədim. Guya, bu kilsədə dilənən diləklər
gerçək olurmuş. Düşündüm ki, yəqin,
batil inancın arxasınca qaçanlar vəziyyəti
şişirdiblər. Çünki bura elə
qarışıq toplumdur ki, “tüpürcəyim şəfadır,
aç ağzına tüpürüm” deyən molla olsa,
sıraya düzüləcək xeyli insan var. Belə ürəkbulandırıcı
hadisələri az izləmədik, haqqında az oxumadıq.
Sonra jurnalist Ayşə Armanın hekayəsini öyrəndim,
xanım iyirmi il əvvəl övlad sahibi olmaq
üçün bu kilsədə dilək diləyib. Daha sonra
bətnindəki körpəsi ilə kilsəni təkrar ziyarət
edib və oradan yazı yazıb. Kifayət qədər ciddi
imzası olan jurnalistin hazırladığı reportajdan sonra
kilsənin şöhrəti artıb, dildən-dilə,
qulaqdan-qulağa yayılan abidənin namı ta Avropa mətbuatına
qədər gedib çıxıb.
“Ayın birində” başıma gələnlər
İbadətgaha iki dəfə getdim. İlk gedişim
bir neçə gün öncə, ayın birində,
günorta saatlarında gerçəkləşdi. Kilsənin
qarşısında dayananda gördüyüm mənzərəyə
inanmaq istəmədim. Sonunun harada bitdiyini görə bilmədiyim
növbə ilə qarşılaşdım. Hətta
sıraya qoşulmaq üçün yarıya qədər
getdim, yox, sonun sonu görünmürdü! Naümid halda
qapıya yaxınlaşdım, çünki o növbəni
yarıb içəri girsən, səni parçalayacaq kimi
dayanan hövsələsiz, yorğun insanlar vardı. Sən
demə, bu insanlar irəli düşmək üçün səhər
saat 4-dən gəlibmişlər buraya. Təbii ki, bu qədər
çox insana polislər tərəfindən nəzarət
edilir. Əks təqdirdə nələr olar, təsəvvür
edirsiniz...
Kilsə saat 8-də açılır. Axşam 7-yə
qədər içəriyə daxil ola bilən bildi, bilməyənlər
şansını növəti ayın birində yoxlaya bilərlər.
Fateh polislərinə özümü təqdim elədiyim
üçün növbədən kənar kilsənin
qapısından içəri girməyimə imkan
yaratdılar. Hətta hər tərəfi özləri şəxsən
gəzdirdilər. Təbii ki, binadan içəri daxil olmaq
mümkünsüz idi. Bundan əlavə, səhər
saatlarından sıra gözləyən insanların növbəsinə
girmək haqsızlıq olardı, heç etik də
olmazdı. Hal belə olduğuna görə, həftə
içi kilsəyə yenidən getməli oldum. İçəridə
nələr olduğunu öyrənmək üçün...
Heç elə bil o günkü insan seli burada
olmamışdı. Cəmi səkkiz nəfər vardı, onun
üçü orada işləyənlərdi. Kilsə həftənin
ikinci və dördüncü günləri açıq olur.
Uzun keçmiş
Abidənin tarixi qədimdir. Nikos Atzemoğlu
İstanbuldakı ayazmalarla bağlı yazdığı
kitabda deyir ki, burada İmperator Anastasios dönəmində, yəni
408-ci ildə də kilsə mövcud imiş. Sonra necə
olursa, 1080-ci ildə sarnıc tikilir. Ancaq kilsə
dağıdıldıqdan sonramı tikilir, o, dəqiq deyil.
Aradan uzun illər keçdikdən sonra Fatih Sultan Mehmet
İstanbulu işğal edir, ibadətgahın müsəlman
imperatorluğu dönəmi ilə xaraba günləri
başlayır.
Yuxu
1750-ci ildə rum ailə çürümüş,
az qalsın ovulan bu binanı alır və tezliklə ev kimi
istifadə etmək üçün köçürlər.
Bir gecə ailənin qızı Mariyanın gördüyü
yuxu ilə evin taleyi dəyişir. Mariya yuxusunda Məryəm
ananı görür. Məryəm ana həmin yuxuda ona evin altında
ayazma, yəni müqəddəs su quyusu olduğunu söyləyir.
Qız oyandıqdan sonra gördüyü yuxunu ailəsinə
danışır. Ailə evin altında araşdırmalara
başlayırlar və altında həqiqətən də
ayazma olduğu ortaya çıxır.
Xristian dinində mənəvi dəyəri olan bu su
qaynağının tapılması ilə birlikdə ev 1755-ci
ildə istanbullu rumlara təslim edilir, xüsusi təmir və
restavrasiyanın ardınca kilsə kimi istifadəyə verilir.
Bitməyən rəvayətlər...
Kilsənin adının “Ayın biri” olmağı ildə
bir dəfə, yanvarın 1-də insanların yığılıb
ayin və dua etməsi ilə bağlıdı. Ancaq sonra necə
olubsa, bu ənənə hər ayın ilk gününə
keçir. Amma sadəcə bu günlərdə deyil, ikinci və
dördüncü günlərdə də
açıqdır.
Bura xalq arasında Vəfa kilsəsi olaraq da
tanınır. Adını da yerləşdiyi ərazidən
alır. Səmtlə bağlı xeyli rəvayətlər
var. Bəzi mənbələr, Bizans İmperatoru Konstantinin bu ərazidə
öldürüldüyünü yazır. Fateh Sultan Mehmet
İstanbul savaşı zamanı Konstantinlə
qarşı-qarşıya gəlir, Osmanlıya aid kölələrdən
biri tərəfindən öldürülür. Son nəfəsini
verərkən də onu öldürən şəxsə “Mə
fa yes” deyibmiş. Yunanca “məni yedin!” mənasına gəlir.
“Mə fa yes” də zamanla “Mə fa” və “Və fa”ya
çevrilir. Digər rəvayətdə isə Fatehin öz
dönəmində yaşamış şair və
musiqiçisi Şeyx Əbül Vəfanın şərəfinə
bu səmtə Vəfa adını verdiyini deyilir.
Enerji və niyyət
Hər ayın ilk günü burada tükənmiş,
yorğun, dilək diləmək üçün bir-birinə
hücuma hazır olan yüzlərlə insan olur. Kilsənin
içərisində diləyə uyğun ev, maşın,
uşaq, üzük, pul kimi simvollar satılır. Kimin nəyə
ehtiyacı varsa, ona uyğun simvol alır. Bunları kilsənin
xırda piştaxtasından əldə etmək
mümkündür. Eyni zamanda burada açarlar və
şamlar satılır, hər dilək üçün bir
açar alınır. Dilək dilənir, rahib həmin simvol
və açarlara dua oxuyur, sonra divarlarda şəkli olan
bütün əzizlərin önündə əldə
tutulan açarla dualar edilir. Kiçik şüşələrdə
Mariyanın yuxuda gördüyü ayazmadan qaba su doldurulur və
çöldəki xüsusi yerdə şam
yandırılır. Dilək gerçəkləşəndə
açar kilsəyə qaytarılır. Qayda budur;
dünyanın digər ucunda da olsan, o açar kilsəyə
təhvil verilməlidir. Eyni zamanda, həyata keçən diləklər
üçün kilsəyə gələnlərə
şokolad paylanır. Digər simvollardakı dilək də həyata
keçirsə, onlar da suya atılır. Hər şey enerji və
niyyətdir.
İstanbul talanı
Kilsə indiki görkəminə 1921-ci ildə
qovuşur. Ancaq başı bəladan qurtulmayan ibadətgah
“İstanbul talanı” adı ilə tarixə həkk olan 6-7
sentyabr 1955-ci il hadisələrində zərər görən
və yağmalanan abidələrdən biri olur. Dəhşətli
hadisə İstanbulda yaşayan Türkiyə yunanlarına
qarşı təşkil edilmiş kütləvi hücum idi.
Qladionun Səfərbərlik Təftiş Şurasının
Türkiyə qolu, Kontgerilla və bugünkü Milli Kəşfiyyat
Təşkilatının sələfi olan Milli Təhlükəsizlik
Xidməti tərəfindən
planlaşdırıldığı və dəstəkləndiyi
iddia edilir. Hadisənin baş verməsinə səbəb bir
gün əvvəl mətbuatda Atatürkün Saloniki şəhərində
doğulduğu evin bombalandığı ilə bağlı
yazılan yazı olur. Ardınca xəbərin yalan olduğu
bildirilir, ancaq ox yaydan çoxdan çıxmış olur.
İlk hücum 6 sentyabr axşam saatlarında
Şişlidəki dükanlarla başlanır. Daha sonra artan
kütlə Unkapanı, Samatiya, Yeddiqüllə və Bəyoğluna
doğru hərəkət edərək qeyri-müsəlmanların
birlikdə yaşadığı bir çox məhəllələrdə
öncə yunanların, daha sonra ermənilərin, yəhudilərin
və hətta səhvən bəzi türklərin
dükanlarına hücum edərək talan edirlər. Bu
hücumlara polis müdaxilə etmir. Sentyabrın 7-si səhərə
qədər davam edən hadisədə milyonlarla dollar dəyərində
mallar küçələrə səpələnib talan
edilir.
Kilsələr və qəbiristanlıqlar da öz
paylarını alır: kilsələrin içərisindəki
rəsmlər, xaçlar, ikonalar və digər müqəddəs
əşyalar məhv edilir. İstanbuldakı 73 yunan pravoslav
kilsəsinin hamısı yandırılır. 4214 ev, 1004
iş yeri, 73 kilsə, bir sinaqoq, iki monastır, 26 məktəb,
fabriklər, otel, bar kimi məkanlar da daxil olmaqla 5317 məkan məhv
edilir. Maddi zərərin, o günün pulu ilə 1 milyard lirə
olduğu deyilir.
Kilsənin həyətində oturub tarixin üz
qızardan hadisələrini araşdıranda insan
övladının nə qədər əzazil olduğunu bir
daha xatırlayırsan. Sonra nimdaş binaların, gecəqonduların
ortasındakı möhtəşəm abidəyə
qürurla baxıb “Halal olsun sənə, hər şeyə rəğmən,
ayaqda qaldığın üçün halal olsun” demək
keçir içindən. Bəlkə də deyirsən - onun
da sənə göz qırpdığını təsəvvür
edərək...
Türkan TURAN
525-ci qəzet .- 2024.- 8 noyabr(¹206).-S.21.