“Vətəndaş A”

CƏFƏR CABBARLI ALMAZININ XXI ƏSR MÜBARİZƏSİ

 

Son illər Azərbaycanda serial sahəsində klassik ədəbi nümunələrin gənc rejissorlar tərəfindən ekranlaşdırılması kimi müsbət tendensiya müşahidə olunur. Bu seriallar günümüzün problemlərini özündə əks etdirir və mövzuya yenilikçi rakursdan yanaşılır. Diqqət çəkən belə ekran nümunələrindən biri də İctimai Televiziyada yayımlanan “Vətəndaş A”  serialıdır.

Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilmiş 12 bölümdən ibarət serialın ssenari müəllifi Asiman Ağa Rövşən, rejissoru Elvin Rüstəmzadədir.  Layihənin rəhbəri isə Sevinc Əliyevadır.

Artıq 7-ci bölümü yayımlanan  “Vətəndaş A” serialının ilk səhnəsi tamaşaçıya süjet haqqında müəyyən məlumatlar verir. Bakıdan təyinatla Avdalbəyli kənd məktəbində işləməyə gedən Almazın (Günəş Mehdizadə) elə kənd avtobusundaca sərnişinlərlə söhbətindən onda kənd və sakinləri haqqında ümumi təsəvvür yaranır.

Bir maraqlı məqamı da qeyd edək ki, serialın çəkilişlərinin aparıldığı kənddə təhsilin səviyyəsinin aşağı olması yaradıcı heyətə bu acı reallıqdan istifadə etmək imkanı verib.

Pyesin istər mövzusunun, istər ideyasının, istərsə də konfliktin mahiyyətinin günümüzdəki hadisələrlə üst-üstə düşməsi səbəbindən, ssenaridə də eyni mövzu və ideya saxlanılıb. Demək olar ki, pyesdə olduğu kimi, serialda da həmin dövrlər üçün aktual problemlərə eyni dərəcədə toxunulub.

Qadın azadlığı, təlim və tədrisin aşağı səviyyəsi, güc sahiblərinin hegemonluğu ucbatından bir çox kəndlinin mal-mülkünün əlindən alınması, dinin yanlış təbliği, xurafat kimi məsələlər serialda da mərkəzi xətlərdir. Eyni zamanda pyesdə olduğu kimi, serialda da vətəndaşlıq borcu, vətəndaş kimliyi, bu kimliyin cəmiyyətdə təşəkkül prosesi və təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici rolu vurğulanır.

Amma pyesdən fərqli olaraq serialda günümüzlə bağlı daha çox sosial mesaj ötürülüb. Əsas obrazlardan olan Fərqanənin (Zəhra Əlisoy) bayağı musiqilər dinləməsi, biologiya dərsində bəzi mövzuların “ayıb” sayıldığından tədris olunmaması və s. bu qəbildəndir.

Əsas süjet xəttini Almaz və Hacı Əhmədin (Qurban İsmayılov) mübarizəsi təşkil edir. Almaz inqilabın, ədalətin, yenilikçiliyin simvoludursa, Hacı Əhməd tamam əks mövqedə dayanır. O, vaxtilə kəndlilərin torpaqlarına əl qoysa da, din adı altında kənd arasında hörmət qazanıb. Almaz kəndə sadəcə, müəllim kimi gəlsə də, nəinki məktəblilərin, demək olar ki, bütün kəndlilərin intibahı uğrunda mübarizəyə başlayır. Hacı Əhməd Almaza inamını sarsıtmağa çalışsa da, o, səbirlə davranmağı seçərək, zamanın hər şeyi yoluna qoyacağına inanır. Hacı Əhmədin məktəbin həyətində obyekt açması, azyaşlı uşaqları təhsildən uzaqlaşdırması və torpaqlarını öz adına keçirməsi Almazın mübarizəsinə təkan verir. Cəfər Cabbarlının yaratdığı Almaz obrazı heç bir halda Hacı Əhmədin tələsinə düşmədiyi halda, serialdakı Almaz Hacının bəzəkli sözlərinə müəyyən qədər aldanır və onun xahişini yerinə yetirir. Lakin növbəti səhnələrdə Almaz yanıldığının fərqinə varır. Beləliklə, Hacı Əhməd-Almaz konflikti serialın başlıca toqquşma nöqtələrindəndir. 

Serialın, demək olar ki, hər səhnəsində qadına fərd, şəxsiyyət kimi yanaşılmadığını görürük. Almaz vəziyyətlə barışanlardan fərqli olaraq, stereotipləri qırmağa çalışır, problemləri həll etmək uğrunda mücadiləyə başlayır.

Serialda Almazın şəxsi həyatı müasir dövrlə sintez olunub. Ədəbi mətndəki Almazdan fərqli olaraq o, qardaşı ilə uşaq evində böyüyüb. Qardaşı İsveçrəyə köçsə də,  Almaz ölkəni tərk edə bilmir. Bir dəfə ailə həyatı quran Almazın evliliyi uzun çəkmir və boşanır. 

İlk bölümdə Almaz yolda bir çobanla qarşılaşır və çoban ona bu kəndə nahaq gəldiyini, heç nə əldə edə bilməyəcəyini deməsi  kənddəki dəyərləri, sakinlərin dünyagörüşünü ifadə edir və  gələcəkdə gərginləşəcək konfliktin giriş hissəsidir. Almazın ayağının daşa ilişərək yıxılması başına gələcək hadisələrin simvolikasıdır. Hadisələr inkişaf etdikcə, Almazın  hədə-qorxulara, hətta əxlaqsız adlandırılmasına baxmayaraq, yolundan dönməməsi artıq serialda əsas konflikti müəyyənləşdirir.

Kənddəki dini mühafizəkarlığı göstərmək məqsədilə belə bir səhnədən istifadə olunur: məktəbin yolunu axtaran Almaz molla və şəyirdi ilə rastlaşır. Molla dini inancına görə, başını aşağı salaraq qadının suallarına cavab verir və  şəyirdinə deyir ki, “kişini cəhənnəmə sürükləyən səbəblərin başında qadın dayanır”. 

Əsas xətlərdən biri yenicə toyu olmuş Səid (Elsevər Rəhimov) və sevgilisi Fərqanədir. Səidin onunla Bakıya qaçmaq planı baş tutmur və onlar qohum-qardaşın tənəsindən qorunmaq üçün Almazın qaldığı evə sığınırlar. Fərqanə və Səid köhnəliyə qarşı çıxan gənclərin təmsilçiləridir. Yaşlı nəsillə gənc nəsil arasındakı bu konflikti serialın əsas süjet xətlərindən biri hesab etmək olar.

İqbal və Vidadi obrazları yaşlı nəsilin adət-ənənələri ilə böyüsələr də, mühafizəkar adətlərin qurbanı kimi göstərilir. Çünki hər ikisi sevmədikləri qadınlarla evləndiriliblər.

Serialda obrazların ləhcəylə danışmağı müəyyən qədər təbiilik yaratsa da, bir qismində bu təbiilik müşahidə olunmur. Səid, Dadaş, Fərqanə kimi obrazların xarici görünüşü, geyim tərzləri, hətta nitqləri belə onların illərlə kənddə yaşaması fikrini təkzib edir. Bu isə serialda nisbətən süni ab-hava yaradıb. Həmçinin, Almazın evinin kəndin ən hündür yerində yerləşməsi sual yaradır: necə olur Fərqanə və Səid günlərlə Almazın evində qaldıqları halda, onları kimsə görmür.

Serialda operator (Vasif Vəlizadə) və rəssam (Vüqar Qurbanov) işini də xüsusi vurğulamaq lazımıdır. Serialın ilk bölümündən solğun çalarlardan istifadə bir növ kəndlilərin solğun həyatlarından xəbər verir. Sosial mesajlar üzərində qurulan serialda qadın qəhrəman təmkinli və sakit davranır.

Milli serialların əksəriyyətində qadınların aqressivliyi, qışqıraraq danışmaları, səs-küyü, absurd məsələlərdən dolayı yersiz dram yaratmaları bu serialda əksini tapmayıb. Yumordan lazımi yerdə istifadə əhvalata xüsusi çalar qatıb. Bəzi qüsurlarına baxmayaraq, serial Azərbaycan televiziyası, kinematoqrafiyası üçün uğurlu layihədir.

Qeyd edək ki, serialın bəstəkarı Vüqar Məmmədzadə, baş prodüseri Sevinc Əliyevadır. "SFN" film Prodakşının təsisçisi olan Sevinc Əliyeva buna qədər İTV-də nümayiş olunan "Simurq", "Simurq-2" kimi uğurlu serialların baş prodüseri olub.  

 

Ləman İLKİN

525-ci qəzet .- 2024.- 8 noyabr(¹206).-S.19.