Dilçilikdə yeni addım  

 

 

Oktyabrın 29-da Mirzə Fətəli Axundov adına Milli kitabxanada Kamal Abdulla və Rafiq Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı və geniş müzakirəsi keçirilib. Tədbirdə Xalq yazıçısı, fövqəladə və səlahiyyətli səfir Elmira Axundova da çıxış edib. Elmira xanımın həmin çıxış əsasında hazırladığı yazını oxuculara təqdim edirik.

Kamal Abdulla və Rafiq Əliyevin birgə yazıb 2022-2023-cü illərdə çap etdirdikləri "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" monoqrafiyası kifayət qədər geniş əks-səda doğurdu. Ölkəmizdəki üç nəşrindən sonra monoqrafiya türk və alman dillərinə tərcümə edilib Türkiyə və Almaniyada işıq üzü gördü, hal-hazırda isə ingilis nəşri üzərində iş gedir. Ayrı-ayrılıqda humanitar və dəqiq elimlər sahəsində çalışan iki görkəmli alimin birlikdə ortaya qoyduğu tədqiqat əsəri yeni perspektivlər açdı və müəlliflər bu il oxuculara "Qeyri-səlis məntiq və dil-nitq" monoqrafiyasını təqdim etdilər.

Dil və nitqin qeyri-səlislik müstəvisində araşdırılması, təbii ki, "Kitabi-Dədə Qorqud"un həmin aspekdən tədqiqata cəlb edilməsi ilə qırılmaz surətdə bağlıdır və hər iki monoqrafiyada irəli sürülən fikirləri doğru-düzgün anlamaq üçün dünyaca məşhur Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin ümumi mahiyyətini nəzərə almaq lazım gəlir. Məlumdur ki, həmin nəzəriyyə Aristotelin formal məntiq nəzəriyyəsindən əsaslı şəkildə fərqlənir. Lütfi Zadənin Azərbaycanda ardıcıllarından olan Rafiq Əliyev formal məntiq barədə yazır: "Aristotel binar məntiqi yaratdı və sonralar bu məntiq Avropaya yayıldı, xristianlığa da daxil oldu. Bu gün, zənnimizcə, bəşəriyyətin çox böyük əksəriyyəti bu məntiqlə düşünür. Aristotel deyirdi ki, dünya əksliklər üzərində qurulub... Aristotelə görə, isti-soyuq... var, onlar arasında keçid yoxdur". Aristotelin irəli sürdüyü binar, başqa sözlə, formal məntiqdə əsas məsələ əks qütblər arasında sərhədləri dəqiq  müəyyənləşdirməkdən, məsələn, mütləq isti və mütləq soyuq vahidlərini üzə çıxarmaqdan ibarət idi. Lütfi Zadənin qeyri-səlis məntiqində isə mütləq isti və mütləq soyuq anlayışları yoxdur; isti və soyuğun saysız-hesabsız dərəcələri var və həmin dərəcələrin əmələ gətirdiyi çoxluqların sərhədləri qeyri-müəyyəndir. Aristoteldən fərqli olaraq Lütfi Zadə əks qütblər arasında üçüncü, dördüncü, beşinci... həqiqətin axtarılmasını vacib sayır.

Kamal Abdullanın bir dilçi, ədəbiyyatçı, yazıçı və ictimai xadim kimi qeyri-səlis məntiqə maraq göstərməsinin başlıca səbəbi həmişə yeniliyə can atması, yeni söz deməyə çalışması və buna yüksək səviyyədə nail olmasıdır. Kamal Abdullanı həmişə birincilər, "pionerlər" sırasında görürük. Məlumdur ki, "pioner" termini 19-cu əsrdə yaranıb və Amerika yazıçısı Fenimor Kuper eyni adlı romanı ilə məşhurlaşıb. Demək istədiyim odur ki, qabaqda getmək Kamal Abdullanı fərqləndirən əsas cəhətlərdəndir. Bu cəhət Kamal Abdullanın həm elmi, həm bədii yaradıcılığında, həm də təşkilatçılığında özünü qabarıq şəkildə göstərir. Dahi liderimiz Heydər Əliyevin xeyir-duası ilə Bakı Slavyan Universitetinin ilk rektoru kimi fəaliyyət göstərərkən Kamal Abdulla unikal işlər gördü. Qısa müddətdən sonra bu universitetdə rus dili ilə yanaşı, Ukrayna, polyak, bolqar, çex, yunan və başqa dillər tədris olunmağa başladı, mərkəzlər açıldı, ABŞ, Brazilya, eləcə də Avropanın ayrı-ayrı ölkələri ilə elmi-mədəni əlaqələr yarandı. Məhz Kamal Abdullanın təşəbbüsü ilə Rusiya, Ukrayna və Avropanın bir çox ölkələrində ali məktəblərdə Azərbaycançılıq şöbələri açıldı, həmin şöbələr nəzdində Azərbaycan dili üzrə mütəxəssislər yetişdi. Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru və görkəmli alim kimi "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı böyük bir layihə həyata keçirtdi. Almaniya ilə elmi-mədəni əlaqələr zəminində reallaşan o möhtəşəm layihədə "Kitabi-Dədə Qorqud"un "Nibelunqlar haqqında nəğmə" ilə müqayisəli araşdırılması əsas istiqamət kimi götürüldü və mühüm elmi nəticələr əldə edildi. Qeyd edim ki, Kamal Abdulla Bakı Slavyan Universitetində gördüyü mühüm işləri bu gün Azərbaycan Dillər Universitetində daha yüksək səviyyədə davam və inkişaf etdirir.

Kamal Abdullanın yenilikçiliyindən, atdığı addımların ölkədə ilk addımlar olmasından danışarkən onun multikulturalizm sahəsindəki təşəbbüslərini xatırlamamaq qeyri-mümkündür. Yadımdadır, 10-15 il bundan qabaq Kamal Abdulla bizi multikulturalizmlə bağlı konfranslara çağıranda bəziləri bu məsələyə skepsiscəsinə yanaşırdılar, multikulturalizm kursunun, xüsusən onun Azərbaycan modelinin geniş vüsət alacağına o qədər də inanmırdılar. Amma Kamal Abdulla böyük inam və əzmlə, Ulu öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən multikulturalizm kursunun elmi araşdırılması və təbliğ edilməsi sahəsində tarixi xidmətlər göstərdi. Əvvəl "Multikulturalizmə giriş" sonra isə "Azərbaycan multikulturalizmi" dərslikləri yarandı. Dərsliklər müxtəlif dillərə (o cümlədən ingilis dilinə) tərcümə olundu. Hal-hazırda bir çox xarici ölkələrin universitetlərində həmin dərsliklər əsasında Azərbaycan multikulturalizmi xüsusi fənn kimi tədris olunur.

2014-cü ildə Kamal Abdulla Azərbaycan Respublikasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə ilk Dövlət müşaviri təyin edildi və həmin il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı, Kamal Abdulla həmin mərkəzdə Himayəçilər Şurasının sədri seçildi. Bu, çox ədalətli qərar idi. Çünki Kamal Abdullanın bir yenilikçi insan kimi multikulturalizm sahəsində xidmətləri əvəzsiz idi.

Kamal Abdullanın novatorluğundan danışarkən, əlbəttə, onun yazıçılığını xüsusi qeyd etmək lazım gəlir. O, nəsrdə, şeirdə, dramaturgiyada yeni yollar axtarır, yeni cığırlar açır, ədəbi janrları köhnə standartlardan uzaqlaşdırıb yeniləşdirir. Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı məhz köhnə standartlardan uzaq olan bir əsərdir. Bu əsərin adını xüsusi olaraq çəkməyim həm də onunla bağlıdır ki, əsər "Kitabi-Dədə Qorqud" eposunun alt qatda gizlənmiş motivləri əsasında, postmodernist bir üslubda yazılıb. "Kitabi-Dədə Qorqud" eposuna həm bu romanda, həmçinin eposa həsr olunmuş monoqrafiyalarında fərqli baxış bucağından yanaşma Kamal Abdullanı sövq-təbii Lütfi Zadə nəzəriyyəsinə gətirib çıxarıb və görkəmli riyaziyyatçımız Rafiq Əliyevlə elmi əməkdaşlıq məhz bu cür başlayıb. Bu əməkdaşlığın ilk bəhrəsi olan  "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" monoqrafiyasında müəlliflər yeri düşdükcə dil məsələlərinə də toxunmalı olublar. Həmin monoqrafiyada müəlliflər yazırlar:  "Kitabi-Dədə Qorqud" dastanının dilində qeyri-səlis məntiq prinsiplərinin ifadəçisi olan bəzi konkret dil vahidlərinin işlənməsi, təbii ki, bizi onları ayrıca təhlil etməyə sövq edir. Biz Dastanın ("Kitabi-Dədə Qorqud"un - E.A.) dərinliklərinə bu işarələr (onlara qeyri-səlisliyin tikinti materialı da deyə bilərik) vasitəsilə enməyə çalışırıq. Dastanın gizli qatlarının bu şəkildə açılması onun məxəzini bədii təfəkkürün oyanmasının ilkin dövrlərinə aparır. Qədimlik, özü də tarixdən əvvəlki mifoloji tarixin qədimliyi əyani şəkildə gözümüz önündə canlanır". Müəlliflər dil materialını dörd əsas istiqamətdə araşdırırlar: 1) qeyri-səlis çoxluğu gücləndirən ifadələr (çox, həddən artıq ...); 2) qeyri-səlis çoxluğu yumşaldan ifadələr (bir qədər, bir növ ...); 3) ehtimal bildirən ifadələr (ehtimal ki, mümkün deyil ki ...); 4) qeyri-müəyyən miqdar bildirən ifadələr (ən çox, nadir hallarda ...). Müasir Azərbaycan dilindən götürülmüş bütün bu kimi ifadələr "Kitabi-Dədə Qorqud"un dilindəki qeyri-səlisliyi müəyyənləşdirmək üçün bir açar rolunu oynayır və müəlliflər eposdakı qeyri-müəyyən əvəzlikləri, sayları və zərfləri Lütfi Zadə nəzəriyyəsi baxımından təhlilə cəlb edirlər.

İlk rüşeymlərini "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" monoqrafiyasında gördüyümüz yanaşma "Qeyri-səlis məntiq və dil-nitq" kitabında əsas araşdırma mövzusuna çevrilir. Araşdırma dilin ən qədim çağlarındakı arxaik elementləri ciddi şəkildə nəzərə almaq və həmin elementlərin müasir dilə doğru inkişaf istiqamətlərini izləmək prinsipi əsasında aparılır. Bu cür araşdırma nəticəsində belə bir elmi qənaət ortaya çıxır ki, dil tarixi inkişaf prosesində səlislikdən qeyri-səlisliyə doğru tədrici dəyişmə yolu keçir. Qeyri-səlislik əvvəlcə ayrı-ayrı sözlərdə özünü göstərir, sonra həmin sözlər başqa sözlərlə semantik əlaqəyə girir və qeyri-səlislik mətn səviyyəsində özünü büruzə verməyə başlayır. Kamal Abdulla və Rafiq Əliyevin ciddi elmi yenilik olan bu qənaəti nitqə yeni gözlə baxmaq imkanı yaradır və mətnin paradoksal ab-havasına, aurasına dalırsan. Mətn daxilində "müəmmalı" sözlər - məna arxasında məna gizlədən sözlər dolaşır, əvəzliklər qeyri-müəyyənlik toru qurur, Füzuli-Tütçev prinsipi ("aldanma ki, şair sözü, əlbəttə, yalandır" həqiqəti) hökm sürür. Və aydın olur ki, sən demə, biz hamımız qeyri-səlis deyim tərzinin əhatəsində yaşayırmışıq. Məsələn, bu cür:

 

- Necəsən?

- Bir təhər. O qədər də yaxşı deyiləm.

- Haçan bizə gələcəksən?

- Bir-iki həftəyə gələrəm.

- Bəlkə daha tez gələsən.

- Baxım görüm. Bəlkə bir az tez gəldim.

 

Gündəlik həyatımız üçün səciyyəvi olan bu dialoqda hal-əhvalın dərəcəsini bildirən "bir təhər", "yaxşı" ifadələri; zamanın ölçüsünü bildirən "bir-iki", "bəlkə", "bir az" ifadələri məna çoxluqlarından, nitqin qeyri-səlisliyindən xəbər verir.

Müəlliflər kitabda qeyri-səlislik və liderlik məsələsi arasında çox maraqlı paralellər aparırlar. Həmin paralellərlə tanış olduqda Konstitusiya Məhkəməsinin üzvü İsa Nəcəfovun Ulu öndərlə bağlı sözlərini xatırladım: "Heydər Əliyev gələcəyi görməyi bacarırdı. Yadımdadır, 1998-ci ildə böyük bir müşavirə keçirilirdi. Prezident həmin müşavirədə çıxış edərkən bir qədər mövzudan uzaqlaşdı. O vaxt Heydər Əliyev bizə dedi: "Beş ildən sonra Azərbaycanın necə xoşbəxt, necə zəngin olacağını təsəvvür etmirsiniz. Bir neçə ildən sonra Azərbaycanı xoşbəxt gələcək gözləyir". Bu sözləri deyəndə onun gözlərində o qədər sevinc, nur gördüm ki, mat qaldım - görəsən, o nə görür ki, biz onu görə bilmirik? İndi başa düşürəm ki, o, bizim bu günümüzü nəzərdə tuturmuş. O vaxt biz bunu təsəvvür edə bilmirdik, çünki ulu Tanrı bizə bu cür qabiliyyət bəxş etməyib. Heydər Əliyev isə həqiqətən Allahın seçilmiş bəndəsi idi".

Kamal Abdulla və Rafiq Əliyev tarixi şəxsiyyətin qeyri-səlis düşüncə tərzi ilə bağlılığından bəhs etməklə və bu bağlılığın incə nöqtələrini diqqət mərkəzinə çəkməklə bizdə lider haqqında təsəvvürü daha da dolğunlaşdırırlar. Müəlliflər yazırlar: "Dünyaca məşhur siyasi, ictimai, elmi liderlərin həyat yoluna, yaradıcılığına diqqətlə nəzər saldıqda görmək olur ki, liderlik bu şəxslərin məhz öz xalqları, dövlətləri üçün edəcəklərinə sarsılmaz inamdan, əyilməz iradədən, güclü mənəviyyatdan, daxili zəngin potensialdan yaranır. Bu isə onların qeyri-səlis məntiqlə düşünüb düşüncələrini səlis məntiqlə həyata keçirmələrilə xarakterizə olunur. Qeyri-səlis məntiqlə düşünmələri onların normal insan məntiqindən kənarda, həyatın gedişi zamanı dərində baş verənləri görmələri, duymaları ilə bağlıdır... Liderlər keçilməz dağlar kimi qarşıda duran problemlərə qeyri-səlis gözlə baxa bilirlər. Onlar Uzağa yalnız baxmırlar, onlar Uzağı (müəyyən etdikləri məqsədi) həm də görürlər". Bu fikirlər iki baxımdan xüsusi maraq doğurur: a) qeyri-səlis məntiq dil, ədəbiyyat məsələləri ilə yanaşı, ən mürəkkəb ictimai-siyasi məsələləri də dərindən başa düşməyə kömək edir; b) qeyri-səlis məntiq ən mürəkkəb ictimai-siyasi məsələlər barədə səlis məntiqlə mühakimə yürütmək imkanlarını genişləndirir.

Ulu öndər sağ olsaydı, Kamal Abdulla və Rafiq Əliyevin qeyri-səlis məntiqin humanitar elmlərə tətbiq edilməsi ilə bağlı tədqiqatlarını çox bəyənərdi. Çünki belə tədqiqatlar eyni zamanda böyük alim Lütfi Zadəyə və onun elmi işinə hörmət və ehtiramın bir təzahürüdür. Daha dərindən öyrənilib müxtəlif sahələrə tətbiq olunduqca bu irs bizi də dünyada tanıdır.

Eşitdiyimə görə, Kamal Abdulla və Rafiq Əliyev orta məktəb şagirdləri üçün ayrıca "Qeyri-səlis məntiq" dərsliyi hazırlamaq fikrindədirlər. Beləliklə, üç kitab - yazılacaq dərslik, "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və dil-nitq" monoqrafiyaları bir yerdə mühüm elmi istiqamətin əsasını qoyur. Yaxşı olar ki, Kamal müəllim və Rafiq müəllim bu sahədə gənc kadrlar yetişdirsinlər, onların başladıqları iş gənc alimlər tərəfindən bir az da irəli aparılsın.

Sözümün sonunda həm Kamal müəllimə, həm də Rafiq müəllimə yeni yaradıcılıq uğurları arzulayıram!

 

Elmira AXUNDOVA

Xalq yazıçısı

525-ci qəzet .- 2024.- 8 noyabr(№206).-S.18;19.